Müəllif: Nadir SƏNANOĞLU
Futbol ictimaiyyətinin diqqəti Rusiyada keçirilən dünya çempionatına yönəldiyi bir vaxtda İsveçrənin Nyon şəhərində Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) püşkatması keçirilib.
Avrokubokların formatında böyük islahatlar aparan UEFA ilk təsnifat mərhələlərinin püşkünü fərqli şəkildə gerçəkləşdirdi. ÇL-in və AL-in püşkatmasının həmişəkindən fərqli eyni gündə olmaması da bundan qaynaqlanır.
Çempionlar Liqası: “Qarabağ” “Olimpiya”nı fəth etməlidir
Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı ardıcıl 5-ci dəfə təmsil edəcək “Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu “səpələnmişlər” səbətində yer alan “Qarabağ”ın beş potensial rəqibi var idi. Söhbət “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Gürcüstan) komandalarından gedir. Püşk Ağdam klubunun bəxtinə “Olimpiya”nı çıxardı. Sözsüz ki, Sloveniya çempionu sıradan rəqib deyil. Hətta ikinci təsnifat mərhələsindəki potensial rəqiblər “Olimpiya”dan daha zəifdir.
Qeyd edək ki, Çempionlar Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i və 17-18-nə təsadüf edəcək. “Qarabağ” sloveniyalılara qarşı ilk oyununu iyulun 10-u səfərdə, cavab görüşünü isə iyulun 18-i evdə keçirəcək.
Qeyd etdiyimiz kimi, AL-in püşkatması iki hissəyə bölünmüşdü. Bu, ikinci dərəcəli qitə turnirinin ikinci təsnifat mərhələsinin Çempionlar yolu ilə bağlıdır. Burda Çempionlar Liqasının ilk mərhələlərində uduzanlar mübarizə aparacaq. Məlum olduğu kimi, ÇL-də ilk təsnifat mərhələsində mübarizəni dayandıran kollektivlər Avroliqada oynamaq məcburiyyətində qalır. İlkin mərhələdə məğlub olan üç komanda, həmçinin birinci təsnifat mərhələsinin 15 uğursuzu burda qüvvəsini sınayacaq. Onlar ümumilikdə 9 cüt təşkil edəcək.
Ağdam təmsilçisi ÇL-də mübarizəni dayandırsa, Avropa Liqasında Çempionlar yolu çərçivəsində ikinci mərhələdən mübarizəyə qoşulacaq ki, burdakı mümkün rəqib daha çətindir. Belə ki, Qurban Qurbanovun komandasını AL-də Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya) cütünün qalibi gözləyəcək.
Statistikaya əsasən Azərbaycan klublarının avrokuboklardakı yolları altı dəfə sloveniyalılarla kəsişib. İndiyədək yalnız Avropa Liqası (əvvəllər UEFA kuboku) çərçivəsində görüşən iki ölkənin komandaları ilk dəfə çempionlar səviyyəsində münasibətlərini aydınlaşdıracaq.Bu, həm “Qarabağ”, həm də “Olimpiya” üçün Azərbaycan-Sloveniya duellərində ilk sınaq olacaq. Düzdür, Lyublyana “Olimpiya”sı ilə bir dəfə qarşılaşmışıq. 2001/02 mövsümündə eyni şəhərin elə eyniadlı komandası “Şəfa”nı məğlub edib. O zaman “Şəfa”da oynayan Elxan Həsənov, Elçin Rəhmanov və Zaur Tağızadə hazırda “Qarabağ”da çalışırlar. İndiki “Olimpiya” isə sıfırdan yaradılmış tam fərqli komandadır. Ozamankı Sloveniya futbolunun nəhəngi maliyyə problemləri üzündən fəaliyyətini dayandırıb. Əvəzində eyniadlı başqa komanda yaradılıb.
İki ölkə təmsilçilərinin qarşılaşdığı altı seçmə mərhələyə gəlincə, dörd dəfə Sloveniya, iki dəfə Azərbaycan klubları mərhələni adlayan tərəf olub. Altı mərhələ duel çərçivəsindəki 12 matçda yeddi dəfə sloveniyalılar, üç dəfə bizimkilər qalib gəlibsə, iki heç-heçə qeydə alınıb. Top fərqi balkanlıların xeyrinədir – 17:8.
Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Region Plus”a açıqlamasında “Olimpiya”nı güclü rəqib adlandırıb: “Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi çıxacağıq. Artıq rəqibi analiz etməyə başlamışıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Etiraf etmək lazımdır ki, bizə ən çətin və gözlənilməz rəqib düşdü”.
Avropa Liqası: rəqiblər gücümüzə uyğundur
Nyonda həmçinin Avropa Liqasının əsas yolunda birinci təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanı bu turnirdə təmsil edəcək üç klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub.
Premyer-liqanın gümüş mükafatçısı “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaqdı. Təmsilçimizin bəxtinə "Proqres" düşdü. "Qəbələ" bu rəqiblə ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcək. Çempionatı üçüncü pillədə başa vuran “Neftçi”yə gəlincə, püşkə saatlar qalmış potensial rəqiblərin sayı beşə enmişdi: “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan), “Union” (Lüksemburq). Paytaxt təmsilçisinin bəxtinə "Uypeşt" çıxdı. İlk oyun Bakıda, cavab görüşü səfərdə olacaq. Ölkə kubokunun qalibi “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaqdı ki, təmsilçimiz sonunculara rəqib oldu. "Keşlə" bu rəqiblə ilk oyununu səfərdə keçirəcək.
“Qəbələ”, “Neftçi” və “Keşlə” startı itkisiz başa vuracağı halda, burda qarşılaşacaqları potensial rəqiblər də müəyyənləşib. “Neftçi”nin işi möcüzəyə qalıb. Roberto Bordinin komandası macarları keçsə belə, “Sevilya” ilə qarşılaşacaq. “Qəbələ”nin də işi çətindir. Bölgə təmsilçisini ikinci mərhələdə "Honved" (Macarıstan) – “Rabotniçki" (Makedoniya) cütünün qalibi ilə duel gözləyir. Yalnız “Keşlə”nin ikinci mərhələdə də nisbətən bəxtinin gətirdiyini deyə bilərik. Yuri Maksimovun komandası "Baltsan"ı adlayacağı halda "Milsami" (Moldova) - "Slovan" (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.
“Müasir futbolda artıq zəif komanda anlayışı yoxdur”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Paytaxt təmsilçisi püşkatmanın nəticəsinə görə, Avropa Liqasının birinci təsnifat mərhələsində Malta klubu “Baltsan”a rəqib olub. Ukraynalı mütəxəssis açıqlamasında maltalılarla duelə ciddi yanaşacaqlarını söyləyib: “Baltsan” Avropa Liqasına vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Onları yaxşı təhlil etməli və oyunlara ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir”.
“Neftçi”nin çalışdırıcısı Roberto Bordin də ehtiyatlı danışıb, italiyalı mütəxəssis komandasının ciddi rəqiblə qarşılaşacağını söyləyib: “Uypeşt” güclü komandadır. Xüsusilə fiziki baxımından. Bizim qarşımızda böyük hədəflər var. Oyuna qədər fiziki baxımdan lazımi gücü toplamağa çalışacağıq. “Neftçi” oyuna tam hazır olacaq”.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb: “Proqres” ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. Lüksemburq təmsilçisi kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırkı durumda şanslar bərabərdir. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdır. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə, komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.
Məşqçilərin ehtiyatlı danışmağına baxmayaraq, ilk rəqiblərin dişimizə görə olduğunu düşünürük. Doğrudur, “Qarabağ” və “Qəbələ” ilk mərhələdən güclü komandayla qarşılaşacaq. Amma bu heç bir halda məğlubiyyət üçün bəhanə olmamalıdır. Klublarımız ilk mərhələni keçməyə borcludurlar.
MƏSLƏHƏT GÖR: