23 Dekabr 2024

Bazar ertəsi, 14:03

«HAMININ SAĞ-SALAMAT OLMASININ ÖZÜ BƏXTƏVƏRLİKDİR!»

Xalq artisti Yevgeniya NEVMERJİTSKAYA xoşbəxtliyin düsturunu «R+»la bölüşüb

Müəllif:

01.07.2018

O, artıq 55 ildir ki, teatra xidmət edir! Bu Evə birinci kursda oxuyan qız kimi gəlib və həmişəlik burda qalıb. İndi xarici görkəmcə həmin incəbelli, uzunayaqlı qıza bənzəməsə də, ürəyi yenə əvvəlkidir - Azərbaycanın xalq artisti Yevgeniya Stepanovna Nevmerjitskaya hələ də dostlarını sevən, etibarlı, coşqun bir gəncdir. Əvvəllər həm də güləyən idi, lakin sağalmaz yaralar vuran zaman onun xarici görkəminə çətin sezilən kədər möhürü vurub. Yalnız ən yaxınları onun gözlərindəki əbədi kədərin yuva qurmasının səbəbini bilir.

Taleyi gətirməyib və zaman keçdikcə nə vaxtsa böyük olmuş ailədən ona yalnız nəvəsi və əri qalıb. Nəvəsi Moskvada yaşayır, əri isə onunla birlikdə Rus Dram Teatrında çalışır. Deyirlər, belə nikahların ömrü uzun olmur, çünki ikisindən biri daha az uğur qazanır və onda daha az uğur qazanan ikinci birinciyə özü qazana bilmədiyi uğur və populyarlığı bağışlaya bilmir.

Nevmerjitskaya və Mirzəhəsənov arasında hər şey fərqlidir: harmonik, lirik, romantikdir. Onlar bir-birlərini o qədər tamamlayırlar ki, aralarında nə peşə prioritetləri, nə də peşə qısqanclıqları heç zaman yaranmır. Əksinə! Eyni tamaşada birgə iş (beləsi çox olur!) onların həyatını daha maraqlı və dolğun edir. Onun gülümsər sifətinə və kədərli gözlərinə baxaraq maraqlandıq: çiyinlərində 55 illik səhnə fəaliyyəti yükünü daşımış aktrisa özünü fövqəlgüclü ustad, yaxud səhnəarxası avtoritet sayırmı? O isə gülümsəyərək cavab verdi:

- Hələ də şagird sayıram …

- Demək olar ki, yüzlərlə fərqli qadın obrazı yaratdıqdan sonra?

- Bəli! Canlı bir insanın xarakterini yaratmaq - sanki yenidən gəzməyi öyrənmək kimidir. Hər bir yeni rol özünü şagird kimi hiss etməyə məcbur edir. Ən yaxşı halda tələbə kimi!

- O zaman məktəbdə və institutda ən çox sevdiyiniz fənlər hansılar idi?

- Məktəbdə ədəbiyyatı və tarixi digər fənlərdən çox sevirdim. İnstitutda isə aktyorluq sənətini və rəqsləri.

O, gəncliyində olduğu kimi, oxumağı çox sevir. Daim oxuyur və çox şey oxuyur. Bədii ədəbiyyatda yeni yazarların işlərini izləyir. O cümlədən yerli ədəbiyyatı da izləyir. "Ədəbi Azərbaycan" jurnalının daimi abunəçisidir.

- Məndə son zamanlar güclü təəssürat oyadanlardan biri Hidayət Orucovun uşaqlıq və məktəb illəri haqqında xatirələri, bir də Coan Rollinqin «Qu quşunun çağırışı» kriminal romanı olub.

Amma bu gün aktrisa 50 il əvvəl olduğu kimi hər nə oxusa da, hansı müəllif onu heyrətə gətirsə də, mütləq sevimli əsərinə qaytarır. Bu, Ekzüperinin "Kiçik şahzadə"sidir.

- Mən səbəbini bilmirəm, lakin məhz bu qəhrəman bütün şüurlu həyatımda mənim üzərimdə söz sahibidir. Əgər ruhumda ağırlıq varsa, Ekzüperini oxuyuram. O, həm sakitləşdirməyi, həm də sevindirməyi bacarır. Onunla mənə çox rahatdır. Dialoqumuz çox illərdir ki, kəsilmir. Bu hekayəni mən teatr səhnəsinə qoymaq istərdim.

- Rejissorluq etmək istəyirsiniz?

-Yox. Heç zaman. Ekzüperini qoymaq istəyirəm. Məhz "Kiçik şahzadə"ni. Yalnız onu. Çünki müəlliflə birlikdə uşaqlara söyləyəcəyim bir şeylər var. Qəhrəmanla kiçik izləyicilərin arasında dialoq bu gün olduqca vacibdir. Uşaqlarımız üçün mənəvi idealları qorumalıyıq. Bu gün onlar üçün əlimizdən gələni edə bilməyimiz çox yaxşıdır.

Yevgeniya Stepanovna - altmışıncılar nəslindəndir. Buna görə də inanır ki, həyatı daha yaxşıya dəyişdirmək mümkündür. Həm də bu həyatda qeyri-mümkün heç bir şey yoxdur. Əsas odur ki, arzuya, özünüzə və dostlarınıza inanasınız. Bu gün onlar əvvəlki kimi çox deyillər: - "başqaları yoxdur, onlar isə uzaqdadırlar", qeyd dəftəri də yetərincə nazilib. Amma olanlarla münasibətlər isə zamanın sınağından keçib. Nevmerjitskaya heç də hər kəsi öz münasibətlərinin dairəsinə daxil olmağa imkan vermir. Bu dairədə yalnız həmkarları deyil, həm də digər peşələrdən insanlar var.

- Sizə yaxın olmaq üçün "seçim" meyarları hansılardır?

- Mən xəsis və axmaq insanları sevmirəm.

O, hiyləgərlik etmir. Səxavətli və qonaqpərvərdir, (bu peşənin insanlar üçün çox qəribə olsa da!) lovğa deyil, aktrisa Nevmerjitskaya nə vaxsa valideynləri və sovet məktəbinin tərbiyə etdiyi kimi yaşayır. Buna görə də "insan insanın dostu, yoldaşı və qardaşıdır", «hamı bir nəfər üçün, bir nəfər hamı üçün» prinsipləri onun üçün boş sözlər yox, həyat kredosudur. O, teatra gələndən dərhal sonra özünü istedadlı və parlaq aktrisa kimi tanıdıb. Onun birinci rolu "Terezanın ad günü" tamaşasında 18 yaşlı Alfa olub, dərhal onu perspektivli və maraqlı aktrisa, qeyri-adi insan kimi tanıdıb. O, qocaman aktyorların - Falkoviçin, Gincburqun, Şiryenin, Yudinin, Aduşevin, Antropovun, Babiçevin nüfuzları qarşısında titrəyərək özünə söz verirmiş ki, mütləq onların səviyyəsinə nail olacaq! Onun kumirləri o zaman hələ nisbətən gənc və enerjili olublar, teatra maarifləndirici ton veriblər. Buna görə də "moda" daim oxumaq, kinoteatrlara və sərgilərə gedərək peşəkarlığı təkmilləşdirmək, sonra gördüklərini və oxuduqlarını müzakirə və təhlil etmək olub. Bu modaya uyğun gəlməyənlərə "yaşlılar" istehza ilə yuxarıdan aşağı baxıblar. Bu isə istənilən sözlə səsləndirilən tənqiddən daha pis imiş. Teatrın "yaşlıları"nın getdikcə yüksək səviyyəyə qaldırdığı intellektuallıq və peşəkarlq həddinə uyğun gəlmək lazım idi. Bu yalnız peşə bilikləri ilə məhdudlaşmırdı, səhnəarxası münasibətləri də əhatə edirdi. Aktrisa Nevmerjitskayanın konkret örnəkləri çoxdur, lakin o, birini xatırlayır.

- Veroçkanı oynadığım "Sonuncular" tamaşası gedirdi. Qrimçi gecikirdi və mən, əlbəttə ki, həyəcan keçirirdim. Nəhayət, gəldikdə, mən onun üstünə bağırdım, axı, onun günahı üzündən mən çıxışa gecikə bilərdim ki, bu, yolverilməz idi! O anda Pyotr Borisoviç Yudin mənim qrim otağımın yanından keçirdi və bütün bunları eşitmişdi. Amma o, həmin gün mənə heç nə demədi. İki həftə keçdi, yəqin ki. O, məşqə gəldi və mənim qrim otağıma girdi. Deyə bilərəm ki, o dövrün insanları son dərəcə nəzakətli idilər! Mənim qrim otağıma girərək başından şlyapasını çıxararaq dedi: "Salam, pani Nevmerjitskaya!" Sonra isə çox yumşaq şəkildə Qrimçi ilə olanları mənə xatırlatdı və dedi: "Qızım, bütün həyatınız boyu yadınızda saxlayın ki, iz aktrisasınız! Bu səbəbdən, kariyer nərdivanında sizdən bir neçə pillə aşağıda duran olan şəxslərə qarşı səsinizi yüksəltməməlisiniz. Başqasının qüruruna hörmət etməklə, öz qürurunuzu qorumuş olarsınız!"

Bu sözləri bütün həyatım boyu yadımda saxladım. Sonra onun evində qonaq olmaq imkanım yarandı. Məsələn, Yeni ili onun evində qarşıladıq. Mən onun məişətdə necə olduğunu gördüm, gözəl yeməklər bişirməyi bacarırdı. Məsələn, «masaduan»ı. Nə üçün belə adlandırırdı, mən bilmirəm, amma bu, müxtəlf rəngli jelelərdən ibarət idi. Ya da məsələn, monastırsayağı balıq...

- Sovet ənənəsinə görə araq da olurdumu?

O, güldü və qəflətən bir dəqiqəlik susdu, kənar adamların yeri olmayan xatirələrə daldı. Sonra şüuraltından öz keçmişinin rəsmlərini canlandırdı və dedi:

- Əlbəttə, var idi. Həm araq, həm də şampan. Hər növ qəlyanaltılar olurdu. Pyotr Borisoviç mənə öyrədirdi ki, arağı düzgün içmək lazımdır: bir qurtum alın, mayeni dilin üzərində saxlayın və dərhal dilin üzərinə dondurma qoyun! Söyləməyə gərək yoxdur: o, hətta bu işdə də qurman idi! Həmin nəslin insanları boş-boşuna vurnuxmurdular. Biçimli və zövqlü bir şəkildə yaşayırdılar, hər kiçik şeydən həzz almağı bacarırdılar. Mənə elə gəlir ki, onlar bizdən daha önəmli və bizdən daha əsaslı idilər. Hər şeydə.

- Bəlkə, siz keçmişinizi ideallaşdırırsınız?

- Mən belə düşünmürəm. Sadəcə, bu insanlar üçün kədərlənirəm.

- Zamanda hərəkət etmək imkanınız olsa idi, hansı əsrdə yaşamaq istərdiniz?

- Öz əsrimdə. Məni tamamilə qane edir. Burada, öz ölkəmdə doğuldum, böyüdüm və peşəkar olaraq yetişdim. Mən doğulduğum ölkəni, erkən uşaqlığımın keçdiyi yeri və öz ailəmlə xoşbəxtliyi duyduğum məkanı, birlikdə böyüdüyüm və yaşadığım insanları sevirəm. Mənim kiçik vətənim Xızı rayonunun Altıağac kəndidir - ora kiçik İsveçrədir! Gözəlliyinə və unikallığına görə ən məşhur dünya səviyyəli istirahət mərkəzlərindən geri qalmır. Altıağac qlamur kurortlardakı kimi süni şəkildə yaradılmış gözəllik deyil, təbiətin yaratdığı həqiqi gözəllikdir. Allahın yaratdığı da deyə bilərsiz, necə istərsiz!

- Şəhərdə gəzinti üçün sevdiyiniz yerlər varmı?

- Əlbəttə! Şəhər dəyişir. Çox sayda rahat meydanlar, parklar və ictimai bağlar var. Biz həyat yoldaşımla teatrın yaxınlığındakı bağda çay süfrəsi arxasında oturmağı sevirik, Bakı bulvarı boyunca həvəslə gəzişirik.

- Bəs, yaxşı, hansı vaxta qısa bir müddətə getmək istəyirsiniz?

- Mənim uşaqlığıma! Onda hamı hələ sağ idi və mən - şəksiz xoşbəxt idim! Anam və atam yanımda idi, bayramlarda səhər oyananda və həmişə stulun başında yeni bir don tapırdım, yanında isə yeni ayaqqabılar olardı...

- Bu, keçmişə və ya indiyə nostalgiyadır?

- Uşaqlıq duyğuları üçün! Uşaqlıqda bir möcüzə gözlədiyin zaman, o, həmişə baş verir. Bunun üçün heç bir "ehtimal olunan şərt" lazım gəlmir. Biz nə qədər ki, uşaq olaraq qalırıq, belə bir möcüzə mümkündür.

- Onda ehtimal olunan şəraitdə oyunu davam etdirək: tutaq ki, teatrın sahibisiniz. Teatrınız necə olacaqdı?

- Əlbəttə ki, canlı! Bunu təəssürat teatr məktəbinin nümayəndəsi kimi deyirəm. Bu gün yalnız canlı teatr tamaşaçıları teatr sənətinə cəlb edə bilər. Lakin bu, tamamilə subyektiv bir baxışdır.

- Siz necə düşünürsüz, teatr tam dövlət subsidiyasında olmalıdır?

- Məncə, olmalıdır. Teatr incəsənətdir. O ticari qurum olmamalıdır və ola bilməz. Dramatik incəsənət, satın alınması və satılması mümkün olan maddi dəyərlər istehsal etmir. O, əlinizlə toxuna bilməyəcəyiniz, ancaq ürəyinizlə hiss edə biləcəyiniz və ağlınızla başa düşə biləcəyiniz şeylər yaradır. Lakin bu qeyri-maddi dəyər hər hansı bir maddi dəyərdən daha önəmlidir. Çünki biz artistlər qastrollara və festivallara gedərkən Azərbaycan mədəniyyətinin təbliğatçısına, mədəni dostluq niyyətinin elçisinə çevrilirik. İncəsənət ticari olmamalıdır və ola da bilməz. Əks halda, o, bir incəsənət olmaqdan çıxar və kütləvi mədəniyyətə çevrilər.

Bu modadakı kimidir: kuturyedən geyimlər - seçilmişlər üçün yüksək stildir, pret-a-porte, yəni hazır geyimlə - kütləvi istifadə üçündür. Ancaq modada seçilmişlər üçün kiçik bir dəqiqləşmə var: "bank hesabının olması." Yəni bu üslub hamı üçün əlçatar deyil. Amma teatrda belə bir dəqiqləşmə yoxdur. Teatr hamı üçün incəsənətdir, özünü canlı hiss edən, sevgi, ağrı, inciklik, sevinc, məyusluq keçirən hər bir kəs üçündür… Bir sözlə, bizim ümummilli lider Heydər Əliyevin çox gözəl təsvir etdiyi bütün hissləri keçirənlər üçündür. O, bizim teatrın heç bir premyerasını buraxmırdı və istənilən tamaşanı parlaq şəkildə təhlil edə bilirdi, inanırdı ki, Rus Dram Teatrı milli teatr mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.

Prezidentimiz cənab İlham Əliyev də eyni mövqedədir. Əsaslı təmirdən sonra onun teatrın açılış gününə gəlməsini və kollektivimiz qarşısında çıxışını biz indiyə kimi xatırlayırıq. Bu, 26 may 2008-ci il tarixdə olub. Onda prezidentimiz demişdi: "Rus Dram Teatrı olub, var və olacaq". Bu sözlər üçün ona çox minnətdaram! Mən fürsətdən istifadə edib may ayında məni layiq gördüyü "Xalq artisti" adına, bu böyük şərəfə görə ona minnətdarlığımı bildirmək istəyirəm.

- Sizin peşənizdə əsas nədir?

- Yalan danışmamaq.

- Bu gün necə rol almaq istərdiniz: lirik-dramatik, xarakterik, yoxsa dramatik?

- İndi mən məsələyə daha müdrik yanaşıram. İndi, həqiqətən, məndən ötrü bu rolun hansı üsluba aid olacağının və necə bir rol - baş, mərkəzi və ya yardımçı rol olacağının elə bir fərqi yoxdur. Mən indi elə bir professional dövrdəyəm ki, mətnin kəmiyyəti yox, keyfiyyəti məndən ötrü vacibdir. Həm də tamaşanın özü vacibdir, yeri gəlmişkən.

- Arzularınız nə ilə bağlıdır?

- Doğmalarımdan yalnız nəvəm və yoldaşım dünyada qalıb. Arzum budur, nə qədər ki, sağam həyat yoldaşım yanımda olsun. O, mənim həm dostum, həm qardaşım, həm atam, həm ərim və həm də həmkarımdır.

- Deyirlər ki, qadınlar mütləq eqoistdirlər və özləri üçün hər zaman qeyri-real bir şey istəyirlər. Siz, Azərbaycanın xalq artisti Yevgeniya Nevmerjitskaya, özünüz üçün nə istəyirsiniz?

- Mənim kurs yoldaşım və dostum Roma İzrailovu (Moskvada avtomobil qəzasında həlak olub) "Brilyant əl" filminin epizodlarında görmək olar ...

- Hansı epizodda?

 - Bu, "Nərgiz" kafesindəki səhnədir. Roma dovşanlar haqqında mahnı ifa edilərkən stol arxasında oturan iki dənizçidən biridir. O, həmişə mənim soyadımı dəyişdirərək, mənə «Ne v meru jitskaya» deyirdi, mənasını da mənim həyata inanılmaz sevgim ilə izah edirdi. Düşünürəm ki, hamımız həyatı sevirik. Əlbəttə, hər bir cür, lakin sevirik. Xüsusilə də, bizə əziz olanlar, onlar olmadan özümüzü təsəvvür edə bilmədiklərimiz yanımızda olanda. Özüm üçün sadəcə bir şey istəyirəm: bütün dostlarım və qohumlarım sağ və salamat olsunlar! Onların mümkün qədər uzun müddət yaşamalarını istəyirəm. İndən belə insanları itirmək istəmirəm!

Qoy, Allah, bütün bizim aktyorlara, o cümlədən mənə də çox diqqətli olan direktoru Ədalət Hacıyevi, mənim ömrümü və professional həyatımı uzadan, səhnədə yaşamaq imkanı yaradan baş rejissorumuz Aleksandr Şarovskini qorusun! Arzum budur ki, prezidentimiz həmişə sağlam və xoşbəxt olsun, həmişə bizi və bizim ölkəni saxlamaq üçün gücə sahib olsun. Mən bütün həmkarlarımın sağlam və xoşbəxt olmasını istəyirəm, heç kimin sevdiklərini itirməsini istəmirəm. Mən istəyirəm ki, belə istedadlı və belə rəngarəng olan bizim gənc aktyorlar heç zaman öz peşələrinə görə məyus olmasınlar və onda xoşbəxtlik tapsınlar. Öz teatrıma çiçəklənmə və uzun ömür istəyirəm. İstəyirəm ki...

- Bağışlayın, bağışlayın! Bütün bunları siz yalnız özünüz üçün istəyirsiniz?

- Bəli. Mənim eqoizmim məhz belə görünür. Bütün bunları yalnız özüm üçün istəyirəm. Və mənə elə gəlir ki, arzularım yetərincə gerçəkdir.

- Təəssüf ki, Yevgeniya Stepanovna, sizin teatrda Göz yaşı divarı yoxdur. Yoxsa sizin bu cür bütün istək qeydlərinizi ora qoymaq olardı. Hər gün üçün bir istək şəklində. Hesab edirəm ki, sizin daha uzun ad siyahınız var...

- Yox elə də böyük deyil. «Region+» jurnalının redaktoruna, bütün redaksiya heyətinə və istisnasız bütün işçilərinə mən sülh, sağlamlıq, yaxşılıq, rifah, çiçəklənmə və xoşbəxtlik arzulayıram. Onlar və onların doğmalarına. İnsan sevdikləri sağ olanda xoşbəxt olur...



MƏSLƏHƏT GÖR:

467