24 Noyabr 2024

Bazar, 01:07

İXRACI TƏŞVİQ EDƏRKƏN

Azərbaycan Prezidenti: «Sahibkarlar bir qədər passivdirlər. Sanki xarici bazarlara çıxmağa maraqlı deyillər»

Müəllif:

15.07.2018

Cari ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 35 faiz artıb. Bu zaman ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar olub. «Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  

O, qeyd edib ki, hökumət bundan sonra da qeyri-neft sektorunda ixrac yönümlü istehsalın inkişafını təşviq edəcək. İndiyə kimi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib. Bu il də daha 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Sahibkarlara, həmçinin metodiki tövsiyələr, məsləhətlər verilir. Bununla belə, sahibkarların yetərincə səy göstərilməsi müşahidə edilmir. «Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil, maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb», - deyə İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, «Made in Azerbaijan» brendi altında məhsulların təşviqi üçün dövlət tərəfindən, demək olar ki, bütün praktiki addımlar atılır, o cümlədən

ixrac missiyaları təşkil edilir, Azərbaycanın xaricdəki səfirlikləri yanında ticarət nümayəndəlikləri yaradılır, bir sıra ölkələrdə ticarət evləri açılıb, ixracatçı şirkətlərə iri beynəlxalq sərgilərdə iştirak etmək üçün yardım edilir, ixracatçıların sifarişi əsasında xarici ölkələrin bazarları öyrənilir.

Dövlət Prezidentin dediyi kimi, xarici ölkələrdə yerli məhsulların yayılmasına kömək etmək üçün xaricdə onlarla yeni Azərbaycan ticarət evi açmaq niyyətindədir. İxracatın Azərbaycan hökuməti tərəfindən dəstəklənməsi ölkəyə əlavə xarici valyuta daxil olması ilə yanaşı, yeni iş yerlərinin açılmasında da yardımçı olur. Yalnız SKMF hesabına həyata keçirilən layihələr çərçivəsində ölkədə 163 min iş yeri açılıb. Lakin xarici bazarlarda Azərbaycan məhsulları üçün yer tapmaq hətta dövlətin irimiqyaslı dəstəyi olsa belə asan deyil. Dünya ticarətində elə böyük rəqabət var ki, son zamanlarda "ədalətli oyun" qaydaları getdikcə daha çox pozulur.

Bazarın aparıcı oyunçuları arasında ticarət müharibəsinin qızışması fonunda bir çox ölkələr yüksək idxal rüsumları təyin etməklə yanaşı, öz ixracatçılarını dəstəkləmək üçün milli valyutalarını da zəiflədidir.

Amma Azərbaycanda milli valyutanın daha da zəifləməsi həm də ona görə yolverilməzdir ki, bu, inflyasiya yeni dalğasına səbəb ola bilər. Üstəlik manatın məzənnəsinin aşağı salınması üçün heç bir obyektiv şərt yoxdur.

Eyni zamanda manatın ABŞ dollarına və avroya qarşı mövcud məzənnəsi, eləcə də, dövlətin təşviq tədbirləri Azərbaycan ixracatçılarına xarici bazarlarda rəqabət qiymətlərini saxlamağa imkan yaradır.  

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərin təşviqi mexanizmi, Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli, 401 saylı Fərmanı ilə işə düşüb. Bu fərmana əsasən, bir sıra malların ixracatçılarına ixrac olunan malın gömrük dəyərinin azı 3%-i dövlət büdcəsindən ödənilir. Tətbiq olunan əmsallar da nəzərə alınarsa, ixracın təşviqinin miqdarı 6%-ə qədər çata bilər. 25 iyun 2018-ci ildən isə təşviq mexanizminin şamil olunduğu malların çeşidi genişlənib.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin sözlərinə görə, təkcə 2018-ci ilin yanvar-iyun aylarında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nomenklatur üzrə təşviq olunan qeyri-neft məhsullarının ixracatı $29,5 milyona çatıb. Müqayisə üçün, bütün 2017-ci ilin nəticələrinə görə, bu kateqoriyadan olan ixracın həcmi 30 milyon dollar təşkil edib.

Cari ayın əvvəlinə kimi qeyri-neft məhsullarının ixracatçılarına dövlət tərəfindən 5,3 milyon manat ödənilib. Sərmayələrin bu təşviq mexanizminə olan maraq artmaqdadır ki, bunu son illərin statistikasında izləmək mümkündür. Belə ki, əgər 2016-cı ildə dövlət tərəfindən ixracatçılara verilən həvəsləndirici ödənişlər 250 min manatı keçməyibsə, 2017-ci ildə bu məbləğ 10 dəfədən çox artaraq 2,9 mln. manata çatıb. Artıq 2018-ci ilin birinci yarısında isə ixracatçılara 2,2 milyon manat ödənilib. Beləliklə, qeyri-neft məhsullarının ixracının artımı və malların çeşidinin artımı hesabına ixracın təşviqi çərçivəsində dövlət büdcəsindən ödənişlərin həcmi ötən illə müqayisədə 2018-ci ildə iki dəfə artacaq. Ümumiyyətlə, cari ilin dövlət büdcəsində qeyri-neft məhsullarının ixracatçılarına təşviq ödənilməsi üçün 10 milyon manat ayrılıb.

Azərbaycan İxracatçılar Klubunun 2018-ci il iyulun 2-də keçirilmiş iclasında sahibkarların ixracın təşviqinin əhatə etdiyi məhsul çeşidinin daha da genişləndirməsi məsələsini qaldırıblar. AZPROMO başçısının sözlərinə görə, bu siyahıya daha da artırmaq üçün potensiala malik məhsullar daxil edilir. Bu kontekstdə Yusif Abdullayev bu nomenklaturun daha da genişləndirilməsi imkanını istisna etmir.

Gördüyümüz kimi, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər eyni anda bir neçə məsələni həll edir. Birincisi, yerli ixracatçıların dəstəyi milli iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirir. İkincisi, ixracın təşviqi yerli istehsalın genişləndirilməsinə, yeni emal imkanlarının yaradılmasına, tərəvəz və meyvə sahələrinin artmasına kömək edir.

Üçüncüsü, bu regionlarda yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin paytaxtdan bölgələrə qayıtmasını stimullaşdırır.

Ən əsası isə, qeyri-neft ixracının dövlət tərəfindən təşviqi mexanizmi xarici valyuta daxilolmaları şəklində makroiqtisadi sabitliyə müsbət təsir göstərir ki, bu, milli valyutanın məzənnəsinin azalmasının qarşısını alır.



MƏSLƏHƏT GÖR:

431