23 Noyabr 2024

Şənbə, 21:45

İTALYANSAYAĞI «NİKAH»

Yaxud «5 ulduz» TAP qaz kəməri layihəsinin gerçəkləşdirilməsinə necə mane olmaq istəyir

Müəllif:

15.07.2018

İyun düz sonunda, yəni 30-da "Şahdəniz" konsorsiumu bu layihədən «Mərhələ 2» üzrə çıxarılan Azərbaycan qazının bu ayın əvvəlində istismara verilmiş Transanadolu qaz kəməri (TANAP) ilə kommersiya nəqlinə başladı. «BP-Azerbaijan»ın məlumatına görə, «Mərhələ 2» üzrə qaz hasilatının zirvə həcmi ildə 16 milyard kubmetr təşkil edəcək. Yəni «Mərhələ-1» də nəzərə alındıqda bu müqavilə sahəsindən ümumi qaz hasilatı ildə 26 milyard kubmetr olacaq və gündə 120 min barel kondensat çıxarılacaq. "Şahdəniz" layihəsinin səhmdarları bildirirlər ki, Türkiyə bazarına əlavə qaz həcmlərinin ixracı üçün minimum tapşırıqlar çox uğurla və vaxtında başa çatdırılıb. Hazırda kiçik bir məsələ - Azərbaycan qazının Avropa bazarına çatdırılmasını nəzərdə tutulan vaxtda başlamaq qalıb. 

 

Mübahisə «ulduzları» 

"Şahdəniz" yatağından Azərbaycan qazının «Mərhələ 2» üzrə Avropaya ixracının başlanğıcı 2020-ci ilə elan edilib, lakin tarix ilin əvvəlindən ilin ikinci yarısına qədər dəyişir. Avropaya Xəzər regionundan "mavi yanacaq" nəqlin, məlum olduğu kimi, Transadriatik Boru Kəməri (TAP) təmin etməlidir və o, Cənub Qaz Dəhlizinin sonuncu bəndi hesab olunur. Qaz kəmərinin ümumi uzunluğu 878 km olacaq, bunun 550 km-i Yunanıstan şimal hissəsindən keçəcək, 215 km Albaniya ərazisinə, 105 km-i Adriatik dənizinə və 8 km-i İtaliya ərazisinə düşəcək. 

"Hazırda TAP qaz kəmərinin tikintisi üzrə işlər 75% yerinə yetirilib. Qaz kəmərinin yunan hissəsinin tikintisi 2018-ci ilin noyabr ayında başa çatacaq. 2019-cu ilin ortalarına bütün mühəndis və test işləri sona çatacaq, qaz kəməri 2020-ci ildə ticarət əməliyyatları üçün hazır olacaq", - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunda "Şərq tərəfdaşlığı" proqramı iştirakçılarının XİN rəhbərlərinin Minskdə keçirilən qeyri-rəsmi iclasında bildirib. 

Lakin hər şey belə sadə deyil... Əgər Yunanıstan və Albaniyada qaz kəmərinin tikintisi ilə bağlı indiyə kimi hər hansı bir problem və ya gecikmə baş verməyibsə, İtaliyada ekoloji və indi isə siyasi problemlər vaxtaşırı bu layihənin həyata keçirilməsində maneələr yaratmaqdadır. 

Hətta İtaliyada kəmərin fiziki tikinti başlamazdan əvvəl TAP qaz kəməri çəkilməsi üzündən zeytun ağacların kəsilməsi problemi şişirdilmiş şəkildə güclü təbliğ edilirdi. Apuliya bölgəsinin hakimiyyət orqanları hətta nadir və qiymətli zeytun növlərini qorumaq üçün məhkəmə yolu ilə tikintini dayandırmağa çalışırdılar. Lakin ölkənin ondakı hökuməti məsələni fors-major olmadan həll edə bildi və İtaliya Konstitusiya Məhkəməsi bu regionda tikintiyə icazə verdi, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanda qoyuldu. İndi, demək olar ki, aradan iki il keçəndən sonra 2018-ci il aprel ayının sonunda İtaliyanın siyasi "5 ulduz hərəkatı"nın üç üzvü - senator Daniela Donno və konqresmenlər Leonardo Donno və Dieqo de Loresis prokurorluğu müraciət edərək, İtaliyanın Adriatik sahillərinin cənubunda qaz kəmərinin tikintisi ilə məşğul olan «TAP AG» şirkətindən şikayət ediblər. 

"5 ulduz" nümayəndələrinin iddiasına görə, tikinti zonasının üç metrlik hasar ilə əhatələndirilməsi landşaftın saxlanılması üzrə İtalyan qanununu pozur. Bundan əlavə, qaz kəmərinin tikintisi üçün 448 zeytun ağacının yeri müvəqqəti olaraq dəyişdirilib ki, bu, sənədlərdə qeyd edildiyi kimi, yanvar və fevral aylarında deyil, aprel ayında edilib. 

 

Siyasi çalar 

İtaliyada may ayında baş verən siyasi böhran, nəticədə, kabinetin tərkibində dəyişikliklərə səbəb oldu ki, bu da TAP layihəsinin gerçəkləşdirilməsinə öz təsirini göstərdi. Yeni qurulmuş koalisiya hökumətinin tərkibinə "5 ulduz hərəkatı"nın nümayəndələri və "Şimal Liqası" partiyasının nümayəndələri daxil olublar ki, onlar qaz kəməri layihəsini yenidən baxmaq niyyətlərini açıqlayıblar. Belə ki, "5 ulduz hərəkatı"nı təmsil edən İtaliya ekologiya naziri Serco Kosta 8 iyun 2018-ci il tarixdə bildirib ki, İtaliya üçün bu layihə hazırda " tamamilə mənasızdır". 

"İtaliya enerji siyasətini və qaza ehtiyacını nəzərə alaraq, digər iki nisbətən böyük layihədə kimi, TAP layihəsində də iştirakına yenidən baxacaq", - deyə Kosta bildirib və əlavə edib ki, bu məsələ artıq gündəmə salınıb və prioritet ardıcıllıqla baxılacaq. Yeri gəlmişkən, bu "əhəmiyyətli hadisə" məhz TANAP-ın işə salınması (12 iyun 2018-ci il) ərəfəsində baş verdi, təbii ki, layihənin iştirakçısı olan ölkələr, eləcə də onların tərəfdaşları arasında mənfi reaksiyaya səbəb oldu. 

Təəssüf ki, Kosta TAP-la bağlı mövqeyində tək deyil. Qaz kəmərinə qarşı boru kəmərinin keçəcəyi italyan əyalətlərinin qubernatorları da çıxış edir. Belə ki, bu günlərdə sözügedən Apulia əyalətinin qubernatoru qaz kəmərinin marşrutuna yenidən baxmağı tələb etmişdi. İtaliyanın cənub bölgəsinin "5 ulduz Hərəkatı"ndan olan naziri Barbara Lezzi bildirib ki, TAP lazımsız ekoloji risklər yaradır və İtaliyaya lazım deyil. 

Əslində, TAP yalnız Cənubi Avropa ölkələrinin qazla təchizi üçün nəzərdə tutulmayıb. Gələcəkdə bu qaz kəmərinin tutumu iki qat artırılacaq və ildə 20 milyard kubmetrə qaldırılacaq. Bu, həm Avropaya ötürülən qaz həcmlərinin artması, həm də qitə yeni interkonnektorların tikintisi ilə təchizatın coğrafiyasının genişləndirilməsi deməkdir. Bu baxımdan, yeni hakimiyyətin layihə ilə bağlı belə qəti mövqe tutması ən azından qəribə görünür. 

Avropa bazarında Rusiya qazının inhisarçı mövqeyi, belə görünür ki, İtaliyanı Avropanın qalan hissəsi ilə müqayisədə daha az narahat edir və çox güman ki, onlar "Qazprom"a və onun "Türk axını" kəmərinin ikinci qolu ilə qaz nəqlinə dəstək verirlər. Yeri gəlmişkən, Rusiya şirkəti ilə İtaliyanın «Eni S.p.a» şirkəti arasında Türkiyə, Yunanıstan və İtaliya ərazisindən qaz nəqli üzrə cənub marşrutunun təşkili barədə razılıq əldə olunub («Poseidon» layihəsi - red). Memorandum hələ 2017-ci ilin mart ayına imzalanıb və onda deyilir ki, sənəd "tərəflərin Rusiyadan Avropa ölkələrinə, xüsusilə İtaliyaya cənub dəhlizi ilə qaz nəqlinin inkişafında əməkdaşlığın perspektivlərində, həmçinin Rusiya qazının respublikaya nəqli üzrə müqavilələrin modernləşməsində maraqlı olduğunu əks etdirir".

  

Ümumavropa dəstəyi 

Kostanın çıxışı ilə bağlı Bakı dərhal cavab olaraq dərhal bildirdi ki, TAP - İtaliya daxili işi deyil, Avropa miqyaslı layihədir və Avropa Komissiyasını İtaliya hökumətinə təsir etməyə çağırdı. 

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə öz növbəsində TAP-ın ərazisindən keçdiyi ölkələrə, həmçinin investisiyaların cəlb edilməsi baxımından layihənin yerli icmalara açıq faydalarından, yeni iş yerlərinin açılmasından, istehlakçılar üçün enerjidaşıyıcıların qiymətinin azalmasından və daha az karbon qazı tullantısı yaradan iqtisadiyyata keçiddən bəhs etdi. 

«Mən əminəm ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin (İtaliya, Albaniya və Yunanıstanın) daimi dəstəyi sayəsində davam edəcək ki, 2020-ci ilə qədər Avropa Birliyini Xəzər regionunun qazı ilə təchizat etmək mümkün olsun», - deyə M.Şefçoviç bildirib. 

İtalyan nazirinin bəyanatı Cənub Qaz Dəhlizi layihəsini fəal şəkildə dəstəkləyən ABŞ Dövlət Departamentinin diqqətindən yayınmadı. Birləşmiş Ştatlar, məlum olduğu kimi, ilk başdan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və Rusiya qazından asılılığının azaldılmasına yönəlmiş Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə hər cür kömək edir. 

ABŞ Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkir bildirib ki, ABŞ TAP boru kəmərinin tikintisinə qarşı çıxan İtaliya siyasi dairələri ilə danışıqlar aparır. "Biz bu layihəni İtaliya da daxil olmaqla bütün Avropanın enerji təhlükəsizliyi məsələsində müstəsna əhəmiyyət kəsb etdiyinə onları inandırmaq niyyətindəyik. Biz əminik ki, bu layihəni, onun bütün iştirakçıları, o cümlədən onun vacibliyi ilə dolayı əlaqəsi olan ölkələr də dəstəklənməlidir", - S.Oudkir bildirib. 

Böyük Britaniya və Şimali İrlandiya Baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi baronessa Emma Nikolson TAP boru kəmərinin tikintisinin opponentlərinə müraciət edərək "onları ölkləri üçün necə gələcək görmək istədiklərinə qərar verməyə" çağırıb. 

"TAP-ın tikintisinə gəldikdə isə, onun tikintisində İtaliyada baş verən proseslərdən ötrü müəyyən gecikmələr ola bilər, lakin bundan artıq heç nə edə bilməzlər",- deyə o vurğulayıb. 

 

Yeni perspektivlər 

Görünür, Avropa Birliyi və ABŞ tərəfindən təzyiqlər öz təsirini göstərdi, çünki İtaliya xarici işlər nazirinin müavini Qulelmo Pikki artıq öz ölkəsinin Transadriatik boru kəmərinin tikintisi maraqlı olduğu barədə açıqlama verib: "TAP İtaliya və Avropanın əhəmiyyətli infrastrukturunun bir hissəsidir. Biz təbii ki, onu ətraf mühit üçün mümkün olan nəticələri nəzərə alaraq işə salmaq istəyirik", - deyə nazir bildirib. 

Dəyişən əhval və TAP boru kəmərinin yarada biləcəyi ekoloji problemlər barədə İtaliyada mütəmadi qaldırılan səs-küyün fonunda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihənin maliyyələşdirilməsi üçün 500 mln. $ ayırması xoş sürpriz oldu. Yeri gəlmişkən, AYİB layihələrin qiymətləndirilməsi zamanı ətraf mühit məsələlərində olduqca sərt mövqesi ilə tanınır. Və bankın direktorlar şurası 4 iyul 2018-ci il tarixdə 500 mln. $ kredit verilməsi qərarını təsdiq etdi.

Kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün. Kredit üzrə benefisiar kimi «Trans Adriatic Pipeline AG» şirkət çıxış edir ki, onun səhmdarları SOCAR (20%), BP (20%), «Snam» (20%), «Fluxys» (19%), «Enagas» (16%) və «Axpo»dur (5%). 

Yeri gəlmişkən, 2018-ci ilin may ayının sonuna Trans-Anadolu boru kəməri layihəsində 4,5 milyard avroya bərabər ümumi dəyərinin 3 milyard avrosu və ya tələb olunan vəsaitin 67% xərclənib. Amerika Birləşmiş Ştatları, Avropa Birliyinin siyasi dəstək verdiyi, eləcə də dünyanın ən böyük maliyyə institutlarının maliyyə dəstəyi təmin etdiyi bu layihənin həyata keçiriləcəyinə hər hansı bir şübhə ola bilərmi? Cavab aydındır. 

Əlbəttə ki, ilk mərhələdə TAP qaz təchizatı həcmi kiçik olacaq və ildə 10 milyard kubmetr olacaq ki, bu, Avropa bazarında Rusiya qazı ilə rəqabət edə bilməz. Lakin gələcəkdə boru kəmərinin gücünün iki dəfə artması Avropa qaz bazarının balansını əhəmiyyətli dərəcədə dəyişə bilər, çünki Azərbaycanla birlikdə layihəyə Xəzər regionundan layihəyə yeni "mavi yanacaq" istehsalçıları cəlb edilə bilər.

Yeri gəlmişkən, Qazaxıstanda 2018-ci ilin avqust ayında keçiriləcək V Xəzər sammitində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın liderlərinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalanması gözlənilir. Konvensiyanın tərəflər tərəfindən razılaşdırılmış mətnində Xəzər dənizinin altı ilə sualtı kabellərin və boru kəmərləri çəkilməsinə icazə verilir. Uzun zamandır gözlənilən bu imzalanma baş verərsə, bu, Trans-Xəzər qaz kəmərinin həyata keçirilməsi üçün əlverişli imkan yaradır və Xəzərin şərq sahilinin qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yolunu açır.



MƏSLƏHƏT GÖR:

408