23 Noyabr 2024

Şənbə, 21:40

KREDİT ƏSARƏTİNİN SONU?

Afina ilə Avropa İttifaqı Yunanıstanın borc bataqlığından çıxdığını elan edib

Müəllif:

01.09.2018

Avropa İttifaqı (Aİ) ilə Afina Yunanıstanın borc böhranından qurtulmasına dair proqramın uğurla başa çatdığını bəyan ediblər. Ölkənin baş naziri Aleksis Sipras bu münasibətlə parlamentin iclasına 3 il əvvəl dövlət borcu problemini həll edəcəkləri təqdirdə taxacağını vəd etdiyi qalstukda gəlib.

Parlamentarilər qarşısında çıxış edən hökumət başçısı deyib: «Biz səhifəni çevirir və yeni mərhələyə başlayırıq. Çətinliklər yerini sosial ədalətə, qeyri-müəyyənliksə demokratiyaya, sabitliyə və inama verir».

Onun fikirlərini Aİ-nin valyuta məsələləri üzrə komissarı Pyer Moskovisi də təkrarlayıb. Komissar istər Yunanıstan, istərsə də bütünlükdə avrozona üçün «tarixi anın yetişdiyini» bildirib. O, Yunanıstana yardım proqramının başa çatmasını Avropa Valyuta İttifaqı üçün «rəmzi hadisə» kimi qiymətləndirib: «Bu, ümumi valyutamızın ekzistensional böhranının rəmzi sonudur». Bəs bu, həqiqətən, belədirmi?

 

Müxtəlif «xəstə»lər

2001-ci ildə Yunanıstan geridə qalmış, əsasən aqrar sahəyə əsaslanan, rəqabət qabiliyyəti zəif iqtisadiyyatına rəğmən, sırf siyasi səbəblərdən Avropa Valyuta İttifaqına qəbul olunmuş, lakin çox qısa vaxtda bu tələsik qərarın yanlış olduğu üzə çıxmışdı.

2008-2009-cu illərin qlobal maliyyə böhranı Avropadan da yan keçməmişdi. Qitənin güclü iqtisadiyyata malik dövlətləri dözə bilsə də, İrlandiya, Portuqaliya, Yunanıstan və sonuncunun günahı ucbatından Kipr kimi dövlətləri kənar yardımın olmayacağı təqdirdə, iflas gözləyirdi. Bu cür miqyaslı problemlə ilk dəfə üzləşmiş Aİ institusional baxımdan onun həllinə tam hazır deyildi. Bu üzdən də, atılan addımlar heç də hər zaman doğru olmurdu. Üstəlik, Avropanın maliyyə və siyasi mərkəzlərinin əsaslandığı informasiyalar da əksər hallarda korrekt olmurdu. Bu, xüsusilə sonradan iqtisadi göstəricilərini təhrif etməyə çalışdığı üzə çıxmış Yunanıstana aiddir.

Ölkələrin hər birinə maliyyə durumunun yaxşılaşdırılması üçün hazırlanmış proqramlar kredit şərti kimi, dövlət qulluqçularının ciddi şəkildə ixtisarını, əməkhaqlarının, sosial xərclərin azaldılmasını, vergilərin kəskin şəkildə artırılmasını nəzərdə tuturdu…

Yunanıstan istisna olmaqla, bütün «xəstə»lər nisbətən tez özünə gəlib. Təcili maliyyə dəstəyi hesabına onlar 2-4 ilə nəinki «ayağa qalxıb», hətta Avropada ən yaxşı iqtisadi nəticələr göstərməyə başlayıb. Məsələn, hazırda İrlandiyada vəziyyət məhz belədir.

Yunanıstana gəlincə, onun vəziyyəti daha çətin idi. Beynəlxalq böhranın təsiri kimi obyektiv səbəblə yanaşı, bu ölkədə ciddi daxili problemlər də var idi. Məsələn, ÜDM-in artımı ilə bağlı proqnozlar həddindən artıq şişirdilmiş, büdcənin gəlirlər hissəsinin yerinə yetirilməsi planına əməl olunmamış, nəhayət, rəsmi statistik məlumatlar bilərəkdən təhrif olunmuşdu. 2010-cu ilin əvvəlində yardım üçün Aİ-yə müraciət edən Georgios Papandreu hökuməti bir əvvəl büdcə kəsirinin iddia olunduğu kimi 6% deyil, 15,7% təşkil etdiyini etiraf etməli olmuşdu.

Beləliklə, 2010-cu ildən Yunanıstan iqtisadiyyatının dirçəldilməsi üçün 3 proqram hazırlanmışdı - 2010-2012, 2012-2015 və 2015-2018-ci illər üçün. Bu dövrdə avrozona üzvləri, BVF və avrozonanın sabitləşdirici fondları (EFSF və ESM) Afinaya aşağı faizlə, təxminən, 400 milyard avro kredit ayırıb. Onun 107 milyardı 2012-ci ildə ölkənin növbəti defoltdan xilasına yardım edib.

 

Vədlər və reallıqlar

Yunanıstan Aİ-yə yardım üçün müraciət edən zaman iqtisadiyyatı 15% azalmış, işsizlik 25%-ə qalxmış (sonradan 27,6%-ə çatdı), dövlət borcu 300 milyard avronu ötərək (artım sonradan da davam etdi) ÜDM-in, təxminən, 170%-nə çatmışdı. Əgər ölkənin öz milli valyutası olsaydı (draxma), büdcə kəsirini emissiya hesabına azaltmaq olardı. Valyuta avrodursa, bir çıxış yolu qalır - xarici yardım.

Lakin kredit başqadır, maliyyə yardımı başqa. Sonuncu cavab olaraq büdcə kəsirinin azaldılması ilə bağlı sərt tədbirlərin qəbulunu tələb edir. Hər bir yeni proqram sosial xərclərin, mədəniyyət, səhiyyə kimi sahələrə məsrəflərin bir qədər də azaldılması, mövcud vergilərin artırılması, üstəlik, yeni vergilərin tətbiqi və s. deməkdir.

Xalq arasında populyar olmayan bu addımlar ölkədə kütləvi etirazlara, sonda isə siyasi böhrana yol açıb. Nəticədə, 2010-cu ildən Yunanıstanda 4 hökumət dəyişib, 2015-ci ilin yanvarında isə xalq etirazı dalğası Aleksis Saprisin başçılıq etdiyi radikal solçular koalisiyasını (SİRİZA) hakimiyyətə gətirib. O, əhaliyə bundan sonra pensiya və digər sosial müavinətlərin azaldılmayacağını, ümumiyyətlə, Aİ-nin sərt tələblərilə razılaşmayacağını deyirdi.

O an ikinci yardım proqramı başa çatmışdı və üçüncü proqramın icrasına hazırlıq gedirdi. Lakin yeni hökumət danışıqları dayandırmış və hətta sələfinin bəzi qərarlarını ləğv etmişdi. Sipras haqlı olaraq düşünürdü ki, Aİ-nin özü Yunanıstanda defolta imkan verməməkdə maraqlıdır. Odur ki, Brüssel tələblərini yumşaltmaq məcburiyyətində qalacaq. Danışıqlar prosesində mövqeyini gücləndirmək, xalqın dəstəyini nümayiş etdirmək üçün baş nazir iyulda referendum da elan etmişdi. İndi yunanlar kreditorların tələblərinə «hə», yaxud «yox» deməli idi. Üstəlik, onun özü dövlət televiziyası ilə xalqı tələblərə «yox» deməyə çağırırdı. Nəticədə, səs verənlərin 61%-i Siprası dəstəkləmişdi.

Lakin cəmi 1 həftə sonra Yunanıstan hökuməti Aİ-nin əvvəlkilərdən daha sərt tələblərinə qol çəkdi. Çünki əks təqdirdə ölkəni defolt gözləyirdi. Doğrudur, Afina bazar qiymətlərilə borc tapa bilərdi. Lakin vəziyyət elə idi ki, borc illik, ən azı, 40% ilə veriləcəkdi. Bu isə təbii ki, Avropanın sabitləşdirmə mexanizminin (2013-cü ildə yaradılmış ESM) 1%-i ilə müqayisə oluna bilməzdi. Beləliklə, yeni hökumət seçicilərə verilmiş vədləri pozmaq, Aİ ilə imzalanmış 450 müxtəlif islahatlara başlamağa məcbur idi.

 

Profisit qorunmalıdır

O vaxtdan 3 il keçib və ölkə iqtisadiyyatında, həqiqətən də, bir sıra müsbət dəyişikliklər baş verib - işsizlik 25%-dən 20%-ə düşüb, iqtisadiyyatda inkişaf başlayıb və büdcə profisiti qeydə alınıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozuna görə, 2018-ci ildə Yunanıstan iqtisadiyyatı 2, 2019-cu ildə isə 2,3% inkişaf edəcək.

Dövlət borcu ilə bağlı vəziyyət isə hələ tam düzəlməyib. Avropa Komissiyasında hesab edirlər ki, bu il o, ÜDM-in 177,8, gələn il isə 170,3%-i qədər olacaq. Daha bir statistika sözün əsl mənasında qorxuncdur - böhran illərində ölkədə 240 min şirkət bağlanıb və 1 milyon insan işsiz qalıb.

Bu arada avropalı kreditorlar Yunanıstana güzəştə gedərək, borcun ödənmə müddətini uzadıb - 10 il və daha artıq. Lakin bununla yanaşı, Afina qarşısına sərt tələb də qoyulub. İndi Yunanıstan hökuməti illik büdcə profisitini ən azı 2-3% səviyyəsində qoruyub saxlamalıdır və bu… 2060-cı ilədək belə davam etməlidir. Demək, dövlət büdcəsi yardım proqramının başa çatmasından sonra da hökumətin gözlədiyi qədər çevik olmayacaq.

Beləliklə, sərt iqtisadi tədbirlər nəinki aradan qaldırılmır, əksinə, daha da artır. Məsələn, onsuz da 40% azaldılmış pensiyalar 2019-cu ildə daha 18% azalacaq. Müəyyənləşdirilmiş pensiya yaşı (67 yaş) isə hər kəsə şamil olunmalıdır (hələlik müəyyən istisnalar var). Digər sosial xərclər də azaldılacaq. Halbuki böhran illərində onları onsuz da 70% azaldıblar.

ESM ekspertləri hər 3 aydan bir öhdəliklərə nə dərəcədə əməl edildiyini müəyyənləşdirmək üçün Afinaya yollanacaq. Hər şey qaydasında olarsa, Yunanıstan kreditlərin qaytarılması və digər ehtiyacların ödənməsi üçün 15+24 milyard avroluq yardıma ümid edə biləcək.

Beləliklə, görünən odur ki, Aİ-nin Yunanıstana himayəçiliyi sadəcə, formal olaraq bitir. Yardım proqramı isə davam edir. Belə olan təqdirdə, yardım proqramlarının başa çatdığını bəyan etmək nəyə gərəkdir? Deyəsən, onda hər iki tərəf maraqlıdır.

 

İmic uğrunda mübarizə

2019-cu il Yunanıstanda seçki ilidir. SİRİZA koalisiyası seçkidə qalib gəlmək üçün xalqa ölkənin kredit əsarətindən qurtulmasında böyük rol oynadığını nümayiş etdirməlidir. Aİ-nin bəyanatı isə faktiki olaraq, Aleksis Sipras hökumətinin bu «xidmət»inin etirafıdır. SİRİZA-nın seçki proqramı da eyni hədəfə hesablanıb. Orada minimum əməkhaqqının artırılacağı, vergilərin azaldılacağı və bir sıra məhdudiyyətlərin aradan qaldırılacağı bildirilir. Lakin büdcənin xərclər hissəsinin ixtisarına dair öhdəliyin götürüldüyü bir vaxtda bu vədlərin yerinə yetiriləcəyi inandırıcı görünmür.

Aİ liderlərinin mövqeyi də anlaşılandır. Sanki Yunanıstanın dərhal avrozonadan kənarlaşdırılması və bu qədər əziyyət çəkilməməsi daha asan olardı. Hər halda, Yunanıstanın ÜDM-i ümumilikdə Aİ-nin ÜDM-nin heç 2%-i eləmir. Bu halda Aİ 1 trilyon dollar itirərdi.

Lakin məsələnin bir də imic tərəfi var. Bu ssenarinin gerçəkləşməsi Aİ-nin imicinə son dərəcə ciddi zərbə olardı. Əgər Aİ zəif üzvlərindən belə asanlıqla qurtulursa, beynəlxalq investorlar, məsələn, Portuqaliya, Slovakiya və ya Baltikyanı ölkələrə investisiya qoyaraq, riskə gedərmi? Bu halda Avropanın inkişaf etmiş ölkələrində disbalans yalnız artar, sonda valyuta ittifaqı tamamilə dağılardı.

Avroya keçmiş dövlətin büdcə problemlərinin obyektiv reallıq olduğunu anlayan Aİ liderləri daim fəaliyyət göstərən, defolt təhlükəsilə üzləşəcək ölkələrə aşağı faiz dərəcəsilə operativ şəkildə borc verə biləcək fondun yaradılmasına qərar veriblər. Hələlik fondun büdcəsi 705 milyard avrodur. Orada ən böyük pay sahibi 27% və ya 190 milyardla Almaniyadır. Fransanın payı 16%, İtaliya ilə İspaniyanınkı isə bir qədər azdır. Gələcəkdə fondun büdcəsinin 1, hətta 2 trilyon avro olması nəzərdə tutulur.

Fond praktik addımlar atmaq bacarığı ilə yanaşı, imic baxımından da əhəmiyyətlidir. Məhz belə bir zəmanətin olması avrozona ölkələrinin beynəlxalq maliyyə bazarlarında güzəştli maliyyəyə bel bağlamasına imkan verir.

SİRİZA liderlərinə dəstəyin verilməsi də əsassız deyil. Son 3 ildə Aİ bu hökumətlə kifayət qədər uğurlu əməkdaşlıq edib və danışıqlarda yeni iştirakçıların peyda olması heç də işin xeyrinə deyil.

Beləliklə, Yunanıstan hələ iqtisadi sabitlikdən çox uzaqdır və qarşıda yeni sapmalar da mümkündür. Lakin işlənmiş əlaqələr, Yunanıstan hökumətilə Aİ arasındakı anlaşma gələcək uğura ümid yaradır. Odur ki, Aleksis Siprasın «sabitlik və inam», Pyer Moskovisininsə «ekzistensional böhran» haqda dediklərinə inanmaq olar.



MƏSLƏHƏT GÖR:

365