23 Noyabr 2024

Şənbə, 21:16

«KOSMOS»dan MÜDAXİLƏ

Azərbaycanda torpaq sahələrinin çatışmazlığı onların səmərəli istifadəsi üzərində nəzarəti gücləndirməyə məcbur edir

Müəllif:

15.10.2018

Torpaq qiymətli bir iqtisadi resurs və daşınmaz əmlakın bazis komponenti olmaqla yanaşı, həm də yetərincə bahalı, xüsusi növ qiymətli əmtəə hesab olunur. Azərbaycanda bu əmtəəyə tələbat böyükdür. Torpaq fondunun həcmi dəyişməz qaldığı halda, yeni sahələrə ehtiyac ilbəil artır.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, bu ilin əvvəlində ölkənin torpaq fondu 8,7 milyon hektar olub ki, bunun 56,91 faizi dövlət mülkiyyətindədir, 23,42 faizi bələdiyyələrə məxsusdur, 19,67 faiz isə xüsusi təyinatlı torpaqlardır.

 

Günün günortaçağı

Nəzərə alsaq ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın əhalisi 39 faiz artıb və ümumi fonda aid 1,2 milyon hektar torpaq hələ də işğal altındadır, təbii ki, hökumətin qarşısında torpaqdan səmərəli istifadəyə nəzarətin gücləndirilməsi məsələsi durur.

Qeyd edək ki, Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür və ən böyük pay (58,54%) kənd təsərrüfatı təyinatlı torpaqlara məxsusdur. Daha sonra meşə fondu gəlir (8,23%), torpağın yalnız 5%-i yaşayış məntəqələrinin, xüsusi mühafizə olunan ərazilərin və s.-in payıına düşür.

Torpaqların təyinat üzrə dəqiq fərqləndirilməsinə baxmayaraq, kəskin torpaq çatışmazlığı çoxsaylı qanun pozuntularına, sahələrin obyekt və ya bütöv yaşayış massivlərinin tikintisi üçün ələ keçirilməsinə gətirib çıxarıb. Əhalinin sürətli artımı və maddi vəziyyətinin yaxşılaşması

mənzillərə tələbatı artırıb. Tələb isə təklif yaradır və nəzarətin zəif olduğu yerlərdə tikinti sektorunda özbaşınalıqlar baş verir. Nəticədə, təkcə kənd təsərrüfatına yararlı ərazilərdə deyil, həm də bəzən qarajlar, zəbt edilən uşaq meydançaları və həyətlərdə yeni hündür binalar peyda olurlar.

Amma bu, hələ hamısı deyil. Abşeronun sahilyanı zonasına bu cür «işğalçılar» tərəfindən böyük zərər vurulmasından çox yazılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına görə, qurumun əməkdaşları tərəfindən Xəzər dənizinin mühafizə zolağı (20-50 m enində zona) boyunca aparılan monitorinq nəticəsində Cinayət Məcəlləsinin 188-ci «Torpağa mülkiyyət hüququnun pozulması» maddəsinin təsirinə düşən 76 fakt aşkarlanaraq, Daxili İşlər Nazirliyinə göndərilib. Qeyd edək ki, Cinayət Məcəlləsində 20-50 metrlik qoruyucu mühafizə zolağında yeraltı işlər aparmış şəxslərlə bağlı 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bundan əlavə, elə həmin dövlət komitəsinin əməkdaşları ölkədə əsasən kənd təsərrüfatı fəaliyyətinə yararlı torpaqlarda yaradılan 529 vətəgə aşkar ediblər. Nəticədə, 147 süni göl qurudulub və 100 hektar torpaq dövriyyəyə qaytarılıb. Amma qalan 382 su tutarında da mənzərə ürəkaçan deyil, onlardan yalnız 33-ü təbii göldür, 349-u isə sadəcə balıq yetişdirmək üçün yaradılıb. Özü də, bunların 298-i kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaqlarda, 37-si və 14-ü isə müvafiq olaraq su və meşə fondu torpaqlarında yaradılıb.

Monitorinq zamanı 188 hal üzrə inzibati protokol tərtib edilib, 85 min manat cərimə kəsilib. Həm də özbaşına ələ keçirilən torpaqlarda yaradılmış 25 süni göl üzrə sənədlər hüquq mühafizə orqanlarına verilib. 45 süni sututarın balıq yetişdirmə üzrə fəaliyyəti araşdırılır.

Daş və qum karxanalarının fəaliyyətinin monitorinqi zamanı da torpaqların ələ keçirilməsi faktları qeydə alınıb. Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar 250 obyektin fəaliyyətini dayandırmalı olublar. Həmçinin 127 daş və qum karxanasının işindəki qanun pozuntuları ilə əlaqədar protokol tərtib edilib, 46 karxanada isə torpaq sahəsinin özbaşına ələ keçirilməsi ilə əlaqədar sənədlər hüquq mühafizə orqanlarına göndərilib, daha 42 obyektin işi isə araşdırılır.

Torpaq ələ keçirməsi və onun təyinatdan kənar istifadəsi kifayət qədər geniş yayılıb və bütün ölkə miqyasında müşahidə olunur.

 

Kosmik nəzarət

Zaman göstərdi ki, problemin aradan qaldırılması elə də asan deyil və görünür, sadəcə monitorinqlər burada kifayət deyil. Mütəxəssislər, necə deyərlər, "kosmosdan" dan müdaxiləyə – uçot və torpaqdan təyinat üzrə istifadəyə nəzarətin elektron formata keçirilməsinə və bu məsələyə peyk rabitəsinin cəlb edilməsinə ümid edirlər.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyi ilə ƏMDK arasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarının birgə istifadəsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu elektron sistemin təqdimatı zamanı qeyd edilib ki, onlayn sistem ölkənin 57 şəhər və rayonunu, təxminən, 6,5 milyon hektar ərazini əhatə edir. Hazırda kadastr işləri 4,6 milyon hektarı əhatə edir və 24 rayonda başa çatdırılıb. Ölçmələr 2 min yaşayış məntəqəsində, kənd və şəhərlərdə aparılıb. Görülən işlərə uyğun olaraq artıq 2,8 milyon sahibin torpaq sahəsi qeydiyyatdan keçib.

Yeri gəlmişkən, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında torpağın keyfiyyəti də əks olunacaq ki, bu da torpaq sahələrinin qiyməti barədə düşünməyə imkan verəcək. Ümumiyyətlə, kadastr üzərində işlərin 2020-ci ildə tamamlanması gözlənilir.

ƏMDK sədri Kərəm Həsənov bildirib ki, torpaq sahələrində ekoloji dəyişikliklər barədə operativ məlumatlar əldə etmək üçün aşağı orbitli «Avropa-2» peykinin resurslarında istifadə olunacaq, gələcəkdə bu cür işlərin «Azərkosmos» ASC vasitəsi ilə həyata keçirilməsi planlaşdırılır. Hər həftə əldə edilən məlumatlar sel, eroziya və s. nəticəsində torpaqda baş verən dəyişikliklər barədə monitorinq aparmağa imkan verəcək. K.Həsənovun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların elmi idarə olunması aqrar sektorun dəstəklənməsi mexanizminin formalaşdırılmasına və torpaqdan qeyri-qanuni istifadə faktlarının aradan qaldırılmasına kömək edir.

"İnformasiya sistemi kənd təsərrüfatının sektorları üçün, xüsusilə də aqrar sektor üçün nəzərdə tutulub. Amma ümumiyyətlə, o, milli informasiya fəzası sisteminə daxildir. Biz gələcəkdə də bu sahədə infrastrukturla məşğul olan bütün dövlət qurumları ilə əməkdaşlıq etməyi planlaşdırırıq. Onların sırasında «Azərsu», «Azərenerji», «Azəriqaz» və digərləri var. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulan sistem yalnız kəmiyyət göstəricilərini deyil, həm də keyfiyyət göstəricilərini də əks etdirəcək", - deyə Həsənov bildirib.

Kənd təsərrüfatı naziri İnam Kərimov isə öz növbəsində qeyd edib ki, bu sistem hər bir fermerə torpaq sahəsinin istifadə məqsədinin müəyyənləşdirilməsində seçim etməyə imkan verəcək. "Elektron kənd təsərrüfatı sisteminin əsas elementlərindən biri subsidiyaların verilməsidir ki, bu sistemin üstünlükləri burada da istifadə olunacaq".

Bir sözlə, aydın və hərtərəfli nəzarət Ermənistanın ələ keçirdiyi münbit torpaqların Azərbaycanın torpaq fonduna qaytarılmasına qədər ölkədə yaranmış torpaq çatışmazlığını müəyyən qədər sabitləşdirməyə imkan verəcək.



MƏSLƏHƏT GÖR:

409