23 Dekabr 2024

Bazar ertəsi, 11:28

TURİST ÜÇÜN KLONDAYK

Özbəkistana çatar-çatmaz, Şəhrizadın 1001 gecədə belə, danışıb bitirə bilməyəcəyi nağıllar aləminə düşəcəksiniz

Müəllif:

01.11.2018

Səmimi qarşılama, zəngin mədəniyyət, qədim memarlıq… Bu, Özbəkistanla tanışlıq zamanı sizdə yarana biləcək ilk təəssüratdır. Ölkə ilə tanış olduqca insanda o qədər hisslər yaranır ki, onları bir məqaləyə yerləşdirmək mümkün deyil. Bu ölkəyə çatar-çatmaz, Şəhrizadın 1001 gecədə belə, danışıb bitirə bilməyəcəyi nağıllar aləminə düşəcəksiniz.

 

«İpək viza» ilə İpək Yoluna

Ondan başlayaq ki, Özbəkistanda turizm sektoru strateji sahə elan olunub. Ölkə başçısı Şavkat Mirziyayev hökumətin qarşısına kifayət qədər iddialı vəzifə qoyub – 2020-ci ildə Özbəkistana gələn turistlərin sayı illik 5 milyonu ötməlidir. Bu istiqamətdə görülən işlər artıq ilkin nəticəsini verməkdədir - bu ilin 9 ayı ərzində Özbəkistana 3,9 milyon turist baş çəkib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə ən azı 2 dəfə çoxdur.

Bu yaxınlarda istifadəyə verilmiş elektron viza sistemi də aktiv fəaliyyətdədir. Hələlik onu 51 ölkənin vətəndaşları əldə edə bilir. Lakin Özbəkistan hökuməti ilin sonunadək sistemin bütün dünyanı əhatə edəcəyini bildirir. Xoşbəxtlikdən, bunun üçün «velosiped ixtira etməyə» ehtiyac yoxdur - dost dövlət olan Azərbaycanda belə sistem çoxdan mövcuddur. Söhbət «ASAN Visa» sistemindən gedir. «Azərbaycanda turizmin inkişafı istmiqamətində böyük işlər görülüb. Bu, bizə yaxşı təcrübə mübadiləsi imkanı verir», - deyə Özbəkistan baş nazirinin müavini Əziz Abduhakimov 24-cü beynəlxalq «İpək Yolunda turizm» yarmarkasının açılışında jurnalistlərə bildirib.

O, əmindir ki, Azərbaycanla Özbəkistan nəinki iki ölkə arasında turizm əlaqələrini inkişaf etdirə, həm də turistlərin Azərbaycan, Özbəkistan, Qazaxıstan və İpək Yolu üzərindəki digər ölkələri ziyarət etmələri üçün birgə layihələr həyata keçirə bilər. Söhbət «Modern Silk Road Tour» («Müasir İpək Yolu üzrə tur») birgə turizm məhsulundan gedir. Özbəkistanla Qazaxıstan arasında artıq bu istiqamətdə danışıqlar aparılır. Layihənin işə salınması üçün Şengen vizasının Asiya nümunəsinin (Silk Viza) yaradılması planlaşdırılır. «İpək Yolu» zonasına qoşulmağa Qırğızıstan da maraq göstərir. Daşkənddə ümid edirlər ki, sistemə Böyük İpək Yolunun ayrılmaz parçası olan Azərbaycan da qoşulacaq.

 

Turizm bölgəsi və investorlar üçün cənnət

Bir sözlə, Özbəkistan hökuməti ölkədə turizm infrastrukturunun inkişafı işinə son dərəcə ciddi yanaşır. Hökumətdə hesab edirlər ki, bunun üçün sadəcə zəngin tarix, mədəniyyət, gözəl şəhərlər, dadlı, koloritli mətbəx və ənənəvi qonaqpərvərlik kifayət deyil. Beynəlxalq turizm sənayesinin «ərköyün»ləşdirdiyi müasir qonaqların cəlb olunması üçün ona uyğun qiymətə keyfiyyətli xidmət də göstərilməlidir.

Özbəkistanda qiymətlər çox münasibdir. Xidmət səviyyəsi də kifayət qədər yüksək sayıla bilər. Lakin onun miqyası mövcud potensiala uyğun deyil. Məhz bu üzdən hökumət 2025-ci ilədək Turizmin inkişafı konsepsiyasını qəbul etməyə hazırlaşır. Sənədə bütün istiqamətlər üzrə «yol xəritələri» daxildir. «İndiyədək turizm sahəsi başlı-başına qalmışdısa, indi dövlət üzərinə onu inkişaf etdirmək missiyası götürüb. Bütün regionlarda hökumətin qarşıya qoyduğu vəzifələri yerinə yetirməli olan iri strukturlar yaradılıb», - deyə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Abdulaziz Akkulov «R+» jurnalına açıqlamasında bildirib.

Bununla yanaşı, bu istiqamətdə əsas hədəflərdən biri də sektoru istər investorlar, istərsə də sıravi vətəndaşlar üçün cəlbedici hala gətirməkdir. Bu məqsədlə hökumət 22 növ güzəşt və imtiyaz təklif edir. Məsələn, mehmanxana və ya digər turizm obyektlərinin tikintisi zamanı investorlar 5 il müddətinə bütün növ vergilərdən azad olunur. Hotellərin lisenziyalaşdırılması tələbi də ləğv olunub. Sadəcə, keyfiyyət və təhlükəsizlik standartlarına əməl olunması məqsədilə icbari sertifikatlaşdırma sistemi qalmaqdadır. Amma burada da ciddi sadələşdirmə aparılıb. Bundan başqa, hostellərin açılışı proseduru da asanlaşdırılıb. Ümumiyyətlə, Özbəkistanda mehmanxana fondunun böyüdülməsi problemi kifayət qədər ciddidir. Bu gün ölkədə cəmi 40 min yerlik 20 min nömrə var.

Turizm operatorları üçün də imtiyazlar nəzərdə tutulub. Əgər onlar əvvəllər lisenziya almaq üçün 3 ay gözləyirdilərsə, indi bu prosedur 10 gün çəkir.

Abdulaziz Akkulov deyir ki, bu gün onların əsas hədəflərindən biri turizm infrastrukturunun inkişafıdır. «Hər gün ən müxtəlif kanallar vasitəsilə turistlərin qiymətləndirməsi toplanır, təhlil edilir. Məhz ona əsasən, ilk növbədə, Çində olduğu kimi, «tualet inqilabı»nın təşkili planlaşdırılır», - deyə o, qeyd edib.

Nəqliyyat problemləri də diqqətdən kənarda qalmayıb. Turizm sinfinə aid avtomobillərin, daha dəqiq desək, mikroavtobus və avtobusların ölkəyə gətirilməsi zamanı gömrük rüsumu ödənilmir.

 

Müqəddəs məkanların köməyi

Özbəkistan hökumətinin daxili turizmlə bağlı ümidləri böyükdür. Onun inkişaf etdirilməsi üçün ölkə daxilində səyahətə çıxan vətəndaşlar gəlir vergisindən azad olunur. Daxili turizm üçün istehlak kreditləri də ayrılıb. Onun ödənişində də gəlir vergisi tutulmur. Nəticə isə ortadadır. Əgər ötən il Özbəkistanda 10,6 milyon yerli turist səyahətə çıxmışdısa, bu il onların sayının 14 milyona çatacağı gözlənilir. Bu, əsasən yerli ziyarətlərə üz tutan zəvvarlardır. Ölkədə bütün ilboyu turizm infrastrukturu məhz onların sayəsində «məşğul» olur. «Ümrə plyus» adlı layihə çərçivəsində buraya Səudiyyə Ərəbistanından da zəvvarların cəlbi nəzərdə tutulur.

Yeri gəlmişkən, 2018-ci ildən Özbəkistan vətəndaşlarını zəvvar turizminə cəlb etməyi düşündüyü 7 ölkə ilə 30 günlük vizasız rejim tətbiq edir: Cənubi Koreya, Sinqapur, Türkiyə, İsrail, Malayziya, Honkonq və Yaponiya. Söhbət yalnız islama aid müqəddəs məkanların yox, həm də buddist abidələrinin, xristian və yəhudi mədəniyyətinə aid məkanların ziyarətindən gedir.

Bundan başqa, Səmərqənddə 12 hektarlıq ərazidə «Səmərqənd Siti» adlı şəhərciyin salınması planlaşdırılır. Daha bir belə şəhərcik Buxarada peyda olacaq. «Qədim Buxara» adlanacaq şəhərciyin 10 hektarlıq ərazidə salınması nəzərdə tutulub.

Obrazlı şəkildə ifadə etsək, insanların özlərini Əmir Teymurun imperiyası və ya Buxara əmirliyində hiss edə bilməsi üçün bir «zaman maşını» yaradılır. Lakin Özbəkistanda həmin dövrlərin ruhunu elə bu gün də hiss etmək mümkündür.

 

Turist polisi

Səmərqəndə, Buxaraya, Xivəyə, Şəhrisabza səyahət zamanı insan özünü sözün əsl mənasında tarixi və mədəniyyət abidələri xəzinəsində hiss edir. Burada diqqətini tamamilə Şərqə məxsus gözəlliklərə cəmləməklə, bir anda azmaq da mümkündür. Amma qrupunuzdan ayrı düşsəniz, özünüzü pis hiss etsəniz və ya nəsə itirsəniz, qorxmayın. Problemin həllində turist polisinin gülərüzlü əməkdaşları sizə kömək edəcək. Daxili İşlər Nazirliyinin Turizm sahəsində təhlükəsizliyin təmini idarəsi ötən ilin dekabrından fəaliyyətdədir. Onun bütün əməkdaşları xarici dil bilir və ilkin tibbi yardım göstərməyi bacarır. «Biz bütün turist obyektlərində işləyir, turistlərin qarşılaşdıqları problemləri çözməsinə yardım edirik. Elə olur ki, turist pasportunu, telefonunu itirir, çantasını, yükünü haradasa unudur. Onların tapılmasına, həmçinin turistin olduğu məkanda oriyentiri itirməməsinə kömək edirik», - deyə «İpək Yolunda turizm» sərgisində turist polisinin əməkdaşı «R+»a bildirib.

Yeri gəlmişkən, Amerikanın Gallup International institutunun versiyasına görə, Özbəkistan 2018-ci ildə dünyanın ən təhlükəsiz 5 ölkəsi sırasında yer alır. Bir sözlə, qayğıları unudun və səyahətin kefini çıxarın.

 

«Mastava», «Samsa» və özbək plovu

«Özbəkistana səfər edəsən, özbək plovunu dadmayasan?» Yəqin ki, tamamilə haqlı olaraq, bu sualı verəcəksiniz. Özbəkistan, həqiqətən də, qurmanlar üçün bir cənnətdir. Ölkə «National Geographic Traveller Awards 2018»in ən populyar turizm istiqamətləri reytinqində «Qastronomiya turizmi» nominasiyasında birinci olub. Sonrakı yeri İtaliya, üçüncü pilləni isə Azərbaycan tutur.

Özbəkistan mətbəxi son dərəcə orijinaldır. O, özündə türk mənşəli bu xalqın əsrlərdən gələn mədəniyyətini əks etdirir. Özbək plovunun, «Mastava»nın, «Samsa»nın, «Laqman»ın adını çəkmək kifayətdir ki, insanda onları dadmaq istəyi yaransın. Amma seçim etməyə tələsməyin. Burada hər bir yeməyin öz spesifik xüsusiyyətləri var. Onlardan hansınısa ilboyu, hansınısa mövsümə görə yeyirlər. Özbəkistan mətbəxində xörəyin hazırlanması və süfrəyə verilməsi kökü qədim dövrlərə gedib çıxan ayinlərlə müşayiət olunur.

Özbəkistan mətbəxinin əsas atributu, əlbəttə ki, plovdur. Daşkənd plovu, Buxara plovu, Səmərqənd plovu, Fərqanə plovu, bayram plovu, yay plovu, qış plovu – onun 100-dən artıq növü var. Lakin plovun dadından həzz almazdan əvvəl sizi mütləq «Samsa» piroqunu və ya yağlı qoyun qabırğası ilə hazırlanmış «Mastava» şorbasına qonaq edəcəklər. Əgər çox yeyən deyilsinizsə, təmkinli olun. «Mastava» o qədər doyumludur ki, ondan sonra plova yer qalmaya bilər. Xoşbəxtlikdən süfrəyə ənənəvi özbək piyalələrinə süzülmüş yaşıl çay da verirlər. O, orqanizmin bu dadlı «yük»ü həzm etməsinə köməkdir.

 

«Məhəllə», «Çayxana» və Şərq bazarı

Yeri gəlmişkən, çay haqda. Yəqin ki, «Yallı» özbək qrupunun məşhur mahnısı hər kəsin yadındadır: «Na Vostoke, na Vostoke - çto za jiznğ bez çayxanı». İnanın ki, Daşkənddə Azərbaycandakı çayxanalara rast gələ bilməzsiniz. Orada çayxana dedikdə, birmənalı olaraq, nəinki susuzluğu aradan qaldırmağa, həm də dadlı plov yeməyə imkan verən kiçik kafelər nəzərdə tutulur.

Hər bir özbək «məhəllə»sinin öz çayxanası var. O ərazidə yaşayan insanlar istirahət etmək, söhbətləşmək üçün bu çayxanalara toplaşır. Ənənəvi olaraq, özbəklər peşələrindən asılı olaraq, bir məhəllədə cəmləşib. Demək, çayxanalarda da onların maraqlarına uyğun söhbətlər gedir. Bundan başqa, çayxanalara toplaşan insanlar toy mərasimlərinə hazırlıq, məhəllənin və ayrı-ayrı ailələrin problemlərindən də danışırlar.

Özbəkistanda ta qədim dövrlərdən «Xaşar» adlı bir adət də var. Bu, məhəllə sakinlərinin toplaşaraq birlikdə problemləri həll etdiyi iməcilikdir. Qayğıkeş özbəklər nəinki bir-birinin, həm də qonaqların köməyinə məmnuniyyətlə gəlir.

Özbək xalqının məişətində bazar xüsusi yer tutur. Bazara getmək böyük bir mərasimdir. Oradan hər şey almaq mümkündür – ərzaqdan tutmuş, geyimə, müxtəlif ev əşyalarına və suvenirlərədək. Daşkəndin «Oloy» və «Çorsu» bazarları xarici turistlərin sevimli məkanlarındandır. Oraya mütləq baş çəkmək lazımdır. Bu bazarlarda koloritli suvenirlərlə, saxsı qablarla, ipək məmulatlarla yanaşı, dünyaca məşhur, dadlı özbək quru meyvələri, ətirli ədviyyat da ala bilərsiniz. Bir sözlə, özbək bazarlarına getməyə dəyər.

 

İstər qışda, istər yayda birbaşa uçuşlar

Əgər Özbəkistana getmək arzusundasınızsa və indiyədək bu istəyinizi həyata keçirə bilməmisinizsə, təəssüflənməyin. Yaxın gələcəkdə Şərqin bu mirvarisinə asanlıqla baş çəkə, onun gözəlliyindən zövq ala biləcəksiniz. Özbəkistan hökuməti bütün istiqamətlərdə mütəmadi aviareyslərin açılması üzərində çalışır. «Hazırda Dünya Bankı ilə birlikdə Özbəkistan aviaşirkətlərinin təhlili aparılır. Təhlilin nəticələrindən asılı olaraq, aviadaşımalar siyasətimizə tamamilə yenidən baxmağı düşünürük. Bu zaman yeni istiqamətlərin açılması, reyslərin sayının artırılması gündəmdədir. «Xarici aviaşirkətlər üçün açıq səma» proqramının hazırlanması haqda da düşünürük», - deyə A.Akkulov bildirib.

Dünyadakı turizmin inkişafı tendensiyasından çıxış edərək, turistlərin ölkəyə cəlbində prioritet Özbəkistana yolçuluğun 6 saatdan az olduğu ölkələrə veriləcək. Daşkəndin marketinq siyasəti və reklam kampaniyası da əsasən onlara yönəlib. Bu mənada MDB ölkələrinə xüsusi diqqət göstəriləcək.

Bu məsələdə yeganə əngəl, daha dəqiqi çatışmazlıq milli aviasiya şirkətində təyyarələrin az olmasıdır. «Özbəkistan Hava Yolları» təbii inhisarçı olaraq, ölkənin bütün aviasiya infrastrukturunu təmin etmək məcburiyyətindədir. Bu isə təbii ki, şirkətin xidmətlərinin qiymətində də özünü göstərir. Amma hökumət bu işin dünyanın aviasiya nəhənglərinə həvalə olunmasını da istəmir. «Qarşımızda çox çətin vəzifə durur: bir tərəfdən milli aviaşirkətin qorunub saxlanması, digər yandan hava məkanımızın müxtəlif aviaşirkətlərin üzünə açılması. Bu işdə qızıl orta axtarışındayıq», - deyə Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini bildirib.

Dövlət stimullaşdırıcı tədbir kimi, uçuşlara görə xərclərin bir hissəsini öz üzərinə götürməyi düşünür. Yəni milli aviaşirkətin subsidiyalaşdırılması gündəlikdədir. Bu haqda qərar ilin sonunadək qəbul olunmalıdır.

Qeyd edək ki, bu ilin avqustundan Özbəkistan azərbaycanlı səyyahlar üçün də yaxın ölkəyə çevrilib. Özbəkistanın aviasiya şirkətilə yanaşı, «Azərbaycan Hava Yolları» da Daşkəndə birbaşa reys açıb. Bakıdan Daşkəndə və geri uçuş cəmi 2,5 saatınızı alacaq.

Xoş istirahətlər!



MƏSLƏHƏT GÖR:

434