Müəllif: Nurlanə QULİYEVA
«Fərqli bax», yaxud «Yenidən bax» - Azərbaycanın bu yeni turizm şüarı səyahətsevərləri «Odlar diyarı»na bir dəfə gəlməklə kifayətlənməməyə, hər yeni səfərdə burada maraqlı istirahət üçün yeni imkanlar tapmağa çağırır.
Dövlətçiliyinin 100 illiyini qeyd edən ölkə vizual və vermal atributlara malikdir – gerb, bayraq, himn. Bu yaxınlarda isə onlara daha bir rəmz əlavə olunub. Bu, ölkənin turizm potensialının təbliğinə hesablanmış brend, yaxud loqotipdir.
Bu və ya digər dövlət özünü necə təqdim edəcəksə, turistin şüurunda da o cür obraz qalacaq.
Azərbaycanın turizm brendi olub. Lakin son illər ölkənin turizm potensialının ciddi şəkildə böyüməsi və onun inkişaf etdirilməsi imkanları yeni, daha müasir rəmzin yaradılmasına zərurət yaradıb. Beləliklə, oktyabrda ilk milli turizm sammiti çərçivəsində yeni brend təqdim olunub.
Take another look
Azərbaycanın yeni milli turizm brendini Turizm Bürosunun marketinq-meneceri Fidan Əliyeva təqdim edib. Onun sözlərinə görə, brend yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə hazırlanıb. Onun hazırlanmasında dünyaca məşhur «Landor Associates» şirkəti bilavasitə iştirak edib. O, uzun illərdir bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiyaların, dünya miqyaslı tədbirlərin brendini yaradır. Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimetmə mərasimi noyabrda Londonda keçiririləcək Dünya Turizm Sərgisində (London WTM) baş tutacaq.
Brendin məhz belə dizaynda müəyyənləşdirilməsinin səbəbindən danışan F.Əliyevanın sözlərinə görə, bunun üçün müxtəlif sahələrə aid 100-dən çox mütəxəssis arasında araşdırma-sorğu aparılıb və brendin hazırlanması prosesi 5 ay çəkib. Yeni loqotip özündə Azərbaycan sözünün ilk hərfini, təbiəti və incəsənəti birləşdirir. Orada Qız qalası və Heydər Əliyev Mərkəzi, Qarabağ atı və milli ornament, İsmayıllı meşəsindən bir cığır və Bakının daş döşənmiş küçəsi uğurla bir araya gətirilib. Yeni brend Azərbaycanın bütün turizm obyektlərində yer alacaq. O, suvenir kimi də hazırlanacaq və nəşrlərdə çap olunacaq.
Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevin fikrincə, Azərbaycanın brendə, ticarət markasına ehtiyacı var idi. İndi ölkə yaxın illər ərzində turizm məhsulları və xidmətlərini kompleks şəkildə bu brend altında təqdim edəcək. Məlum olduğu kimi, turizm iqtisadiyyatın inkişafında prioritet, dövlət əhəmiyyətli sənaye sahəsi elan olunub.
Yeni brend ekspertlər tərəfindən birmənalı qarşılanmasa da, ümumilikdə, turizm sənayesinin təmsilçiləri konsepsiyanın kifayət qədər maraqlı olduğu qənaətindədirlər. Şüara gəlincə, köhnə «Odlar diyarı» («Land of fare») şüarı azərbaycanlılar üçün ənənəvi şüar olsa da, əcnəbi turistlər üçün müəyyən təhlükə ilə də assosiasiya olunurdu. Bu üzdən, onda sanki bir mənfi çalar var idi. Yeni şüar ölkənin turizm sənayesini maksimum inkişaf etdirmək səylərini göstərir – görünür ki, məqsəd turistlərin ölkəyə təkrar-təkrar gəlməsinə nail olmaqdır.
5 ildə turistlərin sayı 2 dəfə artıb
Sammit çərçivəsində bu sahənin 2023-cü ilədək inkişafını nəzərdə tutan iddialı strategiya da təqdim olunub. Onun son hədəfi qeyd olunan dövrdə ölkəyə turist axınının 2 dəfə artmasına nail olmaqdır. Təqdimatı Azərbaycanın Turizm Bürosunun icraçı direktoru Florian Senqsşmit təqdim edib. Onun sözlərinə görə, strategiya 9 istiqaməti əhatə edir: turizm siyasətinin qurulması, bu sahənin tədqiqi, innovativ texnologiyaların tətbiqi, hüquqi çərçivələrin və vergilərin müəyyənləşdirilməsi, infrastrukturun inkişafı və s.
Proqramda yaxın illərdə Azərbaycana turistlərin cəlb olunacağı 18 prioritet bazar da göstərilir: Fars körfəzi ölkələri, Çin, Yaponiya, Koreya, Qərbi Avropa ölkələri, İsrail, həmçinin qonşu dövlətlər. «Yaxın vaxtlarda Gürcüstanda, Hindistanda, Səudiyyə Ərəbistanı və Rusiyada Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq. Regionlarda turizm infrastrukturunun köklü şəkildə yenidən qurulması planlaşdırılır – sanitar qovşaqlarından tutmuş, yollara, istirahət məkanlarına, hotellərə və sairədək. Ölkənin ən populyar regionlarında, məsələn, Şəkidə, Qubada, Qusarda isə turizm mərkəzləri yaradılacaq», - deyə F.Senqsşmit bildirib.
Bir tərəfdən turistlərin istirahətini daha maraqlı və zəngin etmək, digər yandan onlara Azərbaycanın qədim tarixi, məişətilə tam tanış olmaq imkanı yaratmaq üçün ölkənin qoruqlarında bir sıra tədbirlərin təşkili də planlaşdırılır. Məsələn, «Yanardağ» qoruğunda sərgi mərkəzi yaradılacaq. Basqal kəndində icrasına start verilmiş layihə bütün dünyaya milli baş geyimi olan kələğayının hazırlandığı bu nadir tarixi məkan haqda məlumat verəcək. Bu, DTA-ya verilmiş 7 fəaliyyət istiqamətindən yalnız ikisidir. Ümumilikdə yeni idarəçilik modelinin qurulması nəzərdə tutulub ki, yekun hədəf dövlət tərəfindən maliyyələşmədən təsərrüfathesablı sistemə keçiddir.
Bundan başqa, strategiyada turizm sənayesinin müxtəlif istiqamətlərinin, məsələn, qastronomik, müalicə, ekoloji və s. turizm sahələrinin intensiv inkişafını da nəzərdə tutur. Məsələn, ölkənin cənubunda çıxan müalicəvi bulaq suları sayəsində artıq orada müasir Sağlamlıq Mərkəzi yaradılıb. Özündə hotel, müalicə mərkəzi və müxtəlif bulaq vannalarını birləşdirən kompleksin bu yaxınlarda keçirilmiş açılış mərasimində ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Müalicəvi turizm baxımından çox populyar olan Naxçıvan və Naftalanda da müasir infrastruktura malik turizm mərkəzləri var.
Əsas problemlər
F.Senqsşmit deyir ki, hədəf Azərbaycanın dünyanın ən populyar ölkələrindən birinə çevrilməsidir.
DTA-nın rəhbəri Fuad Nağıyev isə əmindir ki, planın tam icra olunacağı təqdirdə, yaxın 10 ildə bu sahə ÜDM-in 10%-ni verə bilər. «Biz sağlam rəqabət mühitinin yaranmasına kömək edəcəyik. Bu, prosesə cəlb olunmuş bütün strukturların faydalı iş əmsalını artıracaq, optimal qiymətlərin formalaşmasına yol açacaq, xidmət səviyyəsini yüksəldəcək. İctimai təşəbbüsləri də dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət, ictimaiyyətin köməyi bazar üçün çox vacibdir», - deyə o, qeyd edib.
Ölkənin turizm sektorunun əsas problemi isə artmaqda olan turist axınının yerləşdirilməsilə bağlıdır. Xüsusilə məqbul qiymətə «ekonom-klass» sahəsində çatışmazlıq var. Bundan başqa, bir sıra qəlyanaltılarda xidmət səviyyəsi çox aşağıdır, ixtisaslaşmış kadrlar yoxdur.
Ədalət naminə qeyd etmək lazımdır ki, bu gün bu istiqamətdə də, demək olar ki, bütün strukturlarda iş aparılır. Məsələn, DTA müxtəlif kateqoriyalara aid hotellərin, hostellərin və s. tikintisini təşviq etmək üçün tədbirlər görür. Hotelləri, mehmanxana tipli obyektləri birləşdirəcək ayrıca assosiasiyanın yaradılması da gündəmdədir. Bundan başqa, Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına (HOTREC-Hospitality Europe) üzv olmağı planlaşdırır. Uzun illərdir bu sahədə dünya standartlarını məhz bu təşkilat müəyyənləşdirir.
F.Nağıyevin sözlərinə görə, artıq Azərbaycan Gidlər Assosiasiyasının fəaliyyəti də böyük əhəmiyyət daşımağa başlayır. «Bu, çox vacibdir. Çünki birincisi, bu sahədə kadr çatışmazlığı var, ikincisi, bir sıra hallarda turistlərə Azərbaycan haqda qeyri-peşəkar, hətta dəqiqləşdirilməmiş, yalan məlumatlar verilir», - deyə o, bildirib.
Kadr potensialına gəlincə, bu gün mövcud olan ixtisaslaşmış təhsil ocaqları bu tələbatın yalnız bir hissəsini ödəyə bilir. Bu istiqamətdə də ciddi islahatlar nəzərdə tutulur.
Ən önəmlisi odur ki, problemlər dövlət səviyyəsində araşdırılır, etiraf olunur. Demək, onların aradan qaldırılacağına ümid də çoxdur.
MƏSLƏHƏT GÖR: