Müəllif: Aynur VƏLİYEVA
İnsanabənzər robot Sofiyanın Bakıya səfəri, yerli və xarici auditoriyanın diqqətini cəlb etməklə, bəlkə də, oktyabrın ən yaddaqalan hadisələrindən biri oldu.
Nəticədə, Azərbaycan bir neçə gündür dünya mediasının xəbər lentində yer aldı və dünyaya onun mədəniyyətini, inkişaf səviyyəsini göstərmək üçün bu fürsətdən lazımınca yararlana bildi.
Azərbaycanda Sofiya ilə ilk söhbət edən adam şəxsən Prezident İlham Əliyev oldu. Dünya şöhrətli robot İmişli şəhərində "ASAN həyat" kompleksinin açılışında dövlətimizin başçısını Azərbaycan dilində salamladı və bu, təsadüfi deyil – «ASAN xidmət» dünyada Azərbaycan nou-hausu kimi tanınır. Burada həm də məlum oldu ki, ilk dəfə olaraq Sofiya Azərbaycanda elektron vizanı ASAN sistemi vasitəsilə alıb.
Robot Sofiya, yerli startap «Keepface DMCC» və «FA International Trade Events» şirkəti tərəfindən başlanan «Global Influencer Day» ilk qlobal konqresinin əsas markası və spikeri oldu. «Global Influencer Day» Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq İnnovasiya Həftəsi çərçivəsində keçirildi. Tədbirdə qlobal marketinqdə aparıcı trendlərə çevrilmiş təsir strategiyaları, rəqəmsal marketinqdə yeni istiqamətlər müzakirə olunub. «Global Influencer Day»in spikerləri arasında tanınmış brendlərin təmsilçiləri, media nümayəndələri, marketinq və PR sahəsində çalışan mütəxəssislər, eləcə də digər tanınmış biznes adamları yer alıb.
Mətbuatda və sosial şəbəkələrdə robot Sofiyanın bu tədbirdə iştirak edəcəyi bu ilin yayından etibarən elan edilmişdi. Buna görə də texnologiya dünyası ilə nə cürsə təmasda olanların və olmayanların hamısı səbirsizliklə dünyanın ən populyar robotunun yerli publika üçün nümayişini gözləyirdi.
Konfransda çıxış edən robot-ginoid tamaşaçıların qarşısına məşhur Azərbaycan moda dizayneri Fəxriyyə Xələfova tərəfindən məhz onun üçün tikilmiş milli Azərbaycan geyimlərində çıxdı. F. Xələfovanın bir müsahibəsində qeyd etdiyinə görə, ölçü götürən və geyimi sınaqdan çıxaran zaman Sofiya nazlanıb və bir neçə dəfə təkrarlayıb: "Bu gün mənim çox gözəl paltarım var".
Yaşıl rəngli kostyum ənənəvi parçadan – üzərində Şərq basmaları və bürüncü-qızılı rəngli buta naxışları olan taftadan tikilib. Geyim dəstində ipək Şəki kəlağayısı da vardı və o, Sofiyanın "qadın" zərifliyini xüsusi vurğulayırdı. Yaradıcıları ilk dəfə idi ki, robot Sofiya kostyumunda ipəkdən istifadə etməyə icazə verirdilər. Daha əvvəl buna icazə verilmirdi, çünki ipək bir sıra xüsusiyyətlərinə görə robotun dalğa qatına mənfi təsir göstərə bilərdi.
"Salam, Bakı. Birinci «Qlobal Influencer Day» qlobal konqresində iştirak etmək üçün məni Azərbaycana dəvət etdiyiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, bu, ictimai rəy liderlərini bir araya gətirmək və təsir agentlərinin marketinq gələcəyini müzakirə etmək üçün böyük təşəbbüsdür. Hesab edirəm ki, təsir agentləri cəmiyyətin fikrini formalaşdırır və sosial şəbəkələrin sürətli inkişafı nəzərə alınarsa, bu, hər gün getdikcə daha böyük önəm kəsb edir", - deyə robot Sofiya bildirib.
Sofiya zarafat da etdi - təəssüflə qeyd etdi ki, dadlı Azərbaycan mətbəxi barədə eşidib, amma təəssüf ki, dadına baxa bilməyəcək. Konfransda çıxış edərkən o söz verib ki, növbəti səfərinə kimi Azərbaycan dilini öyrənəcək.
"Mən, həqiqətən, gələn il bu tədbirdə iştirak etmək istəyirəm, onda mən daha mükəmməl süni zəka texnologiyası ilə təchiz ediləcəm. Mənim «Hanson Robotics»dən olan yaradıcılarım məni hər kəsin sevəcəyi ən ağıllı robota çevirmək üçün mənim intellektim üzərində işləyirlər",- deyə o əlavə edib.
Robot Sofiya həmçinin hesab edir ki, dağıdıcı məqsədlər üçün robotların yaradılması robotlarla deyil, insanlarla əlaqəli bir problemdir, çünki robotları insan yaradır və idarə edir, dağıdıcı texnologiyalarla insan maraqlanır və onları həyata keçirmək istəyir.
"Süni intellekt texnologiyaları insanların yaşayış və düşüncə tərzini dəyişəcək. Dünya innovatorları artıq müxtəlif sahələrdə süni interaktiv intellekt texnologiyalarının tətbiqi üzərində işləyirlər. Marketinq sənayesi marketinq məlumatlarının özəlliyi hesabına inkişafın ən perspektivli sahələrindən biridir. Onların böyük həcmi və kəmiyyət varlığı hər hansı digər sahəyə nisbətən daha mürəkkəb texnologiyaların tətbiq edilməsini tələb edir", - deyə robot Sofiya bildirib.
Sofiyanın bu açıqlamalarını Dünya İqtisadi Forumunun (WEF) "İş yerlərinin gələcəyi-2018" mövzusunda hesabatı da təsdiqləyir. Hesabata əsasən, 2025-ci ildə robotlar bu gün insanlar tərəfindən həyata keçirilən mövcud işlərin 71%-ni yerinə yetirəcək. Bununla belə, texnoloji dizayn və proqramlaşdırma, eləcə də xüsusi insan bacarıqları - yaradıcılıq, tənqidi düşüncə və inandırıcılıq kimi bacarıqlara böyük tələbat olacaq. Bütün bunlar göstərir ki, robotlar, bütün imkanlarına baxmayaraq, istənilən halda insanlar tərəfindən idarə olunacaq və yalnız onlarla birlikdə effektiv fəaliyyət göstərə biləcəklər.
Robotun fikrincə, tolerant mədəniyyətə malik olan ölkələr son innovasiya meyillərinin tətbiqi və onların qlobal məhsula çevrilməsi üçün böyük potensiala malikdirlər.
"Azərbaycan regional innovasiya mərkəzinə çevrilmək üçün böyük potensiala malik gənc ölkədir, ölkə yerləşdiyi yerə görə müxtəlif texnologiya bazarlarını Asiyadan Avropaya və ya əksinə birləşdirə bilər. Bunu etmək üçün sizin innovasiya ekosistemi yaratmağınız və əsas maraqlı tərəflər arasında qarşılıqlı əlaqəni gücləndirməyiniz lazımdır. Bunlar novatorlar, sahibkarlar, mühəndislər, investorlar və hökumətdir ",- deyə o bildirib.
Sofiya 19 aprel 2015-ci il tarixdə Honq-Konqun «Hanson Robotics» şirkəti tərəfindən aktivləşdirilib. O, aktrisa Odri Hepbernə bənzər şəkildə modelləşdirilib. Onun yaradıcısı Devid Hensonun sözlərinə görə, Sofiya süni intellektə malikdir, vizual məlumatı işləmə funksiyaları və üzləri tanıma texnologiyası ilə təchiz olunub. Robot söhbətləri təhlil edir və yeni məlumatlara əsaslanaraq gələcək cavabları yaxşılaşdırır. Henson robotu qocalar evlərində yaxşı köməkçi olması, yaxud böyük tədbirlərdə və ya parklarda insanlara kömək etməsi üçün layihələndirib.
Robotun yaradıcısı ümid edir ki, ən sonda Sofiya digər insanlar ilə tam qarşılıqlı davranmağı bacaracaq və sosial vərdişləri mənimsəyəcək. 2017-ci ildə Riyadda ona Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib və beləliklə, Sofiya nə vaxtsa vətəndaşlığı olmuş ilk robot kimi tarixə düşüb. 2018-ci ilin yanvar ayında bildirilib ki, Sofiya artıq 62 duyğu ifadə edə bilir, həmçinin ayaqları öz sərəncamına alıb və indi müstəqil şəkildə addımlaya bilir.
MƏSLƏHƏT GÖR: