23 Noyabr 2024

Şənbə, 22:16

KƏNARDAN BAXIŞ

Dünya İqtisadi Forumu «Qlobal rəqabət qabiliyyəti hesabatı – 2018»də bir sıra indekslər üzrə qiymətləndirməni yeniləyib

Müəllif:

01.11.2018

Dünya İqtisadi Forumunun (DİF) "Qlobal rəqabətlilik hesabatı - 2018" reytinqində, Azərbaycan dünya üzrə sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qəbul edilib.

DİF-in məlumatına əsasən, Azərbaycanda Gini indeksi (ölkənin cəmiyyətinin təbəqələşmə səviyyəsinin statistik ölçüsü) 16,6% təşkil edir. Qeyd edək ki, bu indeksə görə mütləq bərabərlik 0%, mütləq bərabərlik isə 100%-lə ölçülür. Eyni zamanda ölkə rəqabət qabiliyyəti indeksinə görə 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

Yeri gəlmişkən, 70-ci yerdə olan Ermənistanda Gini indeksi 32,5% təşkil edir ki, bu da ölkədə sosial bərabərsizliyin olduğunu göstərir. MDB üzrə bu rəqəm Rusiyada daha yüksəkdir - 37,7%, bu ölkə rəqabətlilik indeksinə görə 43-cü yerdədir.

Dünya üzrə rəqabətlilik lideri isə ABŞ iqtisadiyyatıdır (1-ci yer), lakin bu ölkədə sosial bərabərlik ən aşağı səviyyədədir – əmsal 41,5%-dir.

 

Yeni metodologiya

«Qlobal rəqabət qabiliyyətliliyi hesabatı – 2018» qlobal trendləri nəzərə alınmaqla hazırlanmış yeni metodologiya əsasında işlənib. Dəyişikliklər o qədər ciddidir ki, DİF bunu yeni "4.0" nəsil metodologiya adlandırıb.

Yeni metodologiyada yalnız 12 kateqoriyadan ibarət olan çərçivə praktik olaraq köhnə variantda qalıb. Bunlar institutların keyfiyyəti, infrastrukturun vəziyyəti, müasir texnologiyaların səviyyəsi, makroiqtisadi sabitlik, sağlamlıq, bacarıqlar, istehlak bazarı, əmək bazarı, maliyyə sistemi, daxili bazarın həcmi, biznesin inkişaf dinamikası və innovasiya qabiliyyətidir. Bununla yanaşı, hesabat indikatorları əhəmiyyətli dəyişikliklərə məruz qalıb: keçmiş araşdırmaların 114 indikatorundan 84-ü çıxarılıb ki, bu da ümumi indikatorların 74%-i deməkdir.

68 yeni indikator əlavə edilib və beləliklə, 98 mövcud indikatorun 70%-i ilk dəfə istifadə edilib.

Dünya İqtisadi Forumu tərəfindən dünya iqtisadi üzrə hər il keçirilən tədqiqata əsasən, Dördüncü sənaye inqilabı rəqabət qabiliyyəti anlayışını kökündən dəyişir.

Tədqiqatçıların fikrincə, qloballaşma prosesi yavaşlayır, rəqəmsal transformasiya və Dördüncü sənaye inqilab iqtisadi artımın yeni aparıcısına çevrilir. Eyni zamanda qeyd edilir ki, dünyanın əksər ölkələri üçün innovasiya qabiliyyəti iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricisinin ən zəif komponentidir (140 ölkə üçün median səviyyə 100-də 36 bənd təşkil edir, ölkələrin 75%-ində isə median səviyyə 50 bənddən aşağıdır).

Dünya ölkələrinin çoxunda zəif tərəflərə institutların keyfiyyəti də daxildir (median səviyyə 53-dür).

Reytinq tərtibçilərinin fikrincə, liderlərlə digər ölkələrin əksəriyyəti arasında (o cümlədən sözügedən istiqamətlər də daxil olmaqla) önəmli fərq bərabərsizlik üçün şərait yaradır. «Mən innovasiya dəyişikliklərini anlayan və anlamayan ölkələr arasında yeni bir qlobal uçurum görürəm»,- deyə DİF qurucusu və prezidenti Klaus Şvab bildirib.

DİF-in qiymətləndirməsinə görə, iqtisadiyyatların rəqabət qabiliyyətini artırmaq niyyətində olan ölkələr, xüsusən də xarici və daxili şok amillərə qarşı dayanıqlılığı təmin etməli, iqtisadi proseslərin bütün səviyyələrdə iştirakçılarının hamısının innovasiya tətbiqlərindən faydalanacağı bir innovasiya ekosistemini yaratmalıdırlar.

 

İrəliləmə və problemlər

Azərbaycan aşağıdakı indekslər üzrə reytinq cədvəlinin yuxarı pillələrində yer alıb: " biznesin dinamikliyi" (31-ci yer), "əmək bazarı" (40), "məhsul bazarı" (37), "infrastruktur" (46), "bacarıqlar" ( 54), "ictimai institutlar " (58), "bazarın ölçüsü" (65), "İKT potensialı" (69).

Şişirtmədən demək olar ki, ölkələrin rəqabət qabiliyyətinin qiymətləndirilməsi üçün əsas kateqoriya " biznesin dinamikliyi" göstəricisidir və bu göstəriciyə görə, Azərbaycan iqtisadiyyatı bir sıra indikatorlar üzrə dünyada lider mövqe tutur. Belə ki, ölkə biznesin başlanılması və müflislik üçün normativ baza sub-indikatorlarının hər biri üzrə 17-ci mövqedə, sahibkarlıq riski nisbəti üzrə 21-ci mövqedədir. DİF ekspertləri tərəfindən Azərbaycanda sıçrayış ideyalarını həyata keçirən şirkətlərin mövcudluğunun qiymətləndirilməsini ayrıca qeyd etmək lazımdır - 25-ci mövqe verilib.  

DİB ekspertlərinin diqqətindən Azərbaycan hökumətinin ölkə infrastrukturunun inkişafına böyük investisiyalar qoyulması üzrə addımları yan keçməyib. Tədqiqat aparılan dövrdə bir sıra beynəlxalq regional nəqliyyat layihələri - ilk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatdırılıb. Ümumi infrastruktur reytinqində Azərbaycan 46-cı mövqedədir, eyni zamanda bu göstəricinin indikatorları üzrə nəticələr daha da maraqlıdır: "ölkənin elektrikləşdirilməsi" - 1-ci mövqe; "Hava nəqliyyatında xidmətin keyfiyyəti" - 12-ci mövqe; "Dəmir yolu nəqliyyatının səmərəliliyi" - 17-ci mövqe; "Dəniz limanlarının səmərəliliyi" - 29-cu mövqe; "Ölkə yollarının keyfiyyəti" - 34-cü mövqe.

Ölkədə infrastrukturun sürətli inkişafı işgüzar dairələrin biznesin genişləndirilməsi, buraxılan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması üzrə istifadə edə biləcəyi etibarlı bazisdir.

Bundan əlavə, əhalinin rəqəmsal bacarıqları (15-ci mövqe), habelə ölkə ərazisinin internetə çıxış imkanının təmin edilməsi ilə əhalinin 78,2%-i internet istifadəçisi olması (36-cı mövqe) nəzərə alındıqda Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün gözəçarpan ilkin şərtlər ortaya çıxır.  

Əlbəttə ki, çatışmazlıqlar da var və bu, ədalətli şəkildə DİF ekspertləri tərəfindən göstərilib. Belə ki, forumun ekspertləri də Azərbaycanın maliyyə sektorunda problemlərin olduğunu göstərən beynəlxalq maliyyə institutlarından və qurumlarından fərqlənmədilər. Buna görə, Azərbaycan "maliyyə sistemləri" kateqoriyası üzrə 96-cı mövqedə, "bazar kapitallaşmasının ÜDM-də payı" göstəricisi üzrə 119-cu, "sığorta mükafatlarının ÜDM-də payı" göstəricisi üzrə 119-cu və "vaxtı keçmiş kreditlər" göstəricisi üzrə 118-ci mövqedə qərarlaşıb. Ancaq hökumətin bu sahələrdə islahatları davam etdiyini unutmamalıyıq və bu sahələrdə vəziyyət həmişə nəzarət altında saxlanılır.

Hər halda, DİF-in bu tədqiqatının Azərbaycan üçün dəyəri, ilk növbədə, milli iqtisadiyyatdakı nailiyyətlərin və problemlərin kənardan xarici ekspertlər tərəfindən necə qiymətləndirdiyini görməklə bağlıdır. Məhz əsaslandırılmış iradlar reytinqdə hələ də "axsayan" sahələrdə islahatların sürətlə həyata keçirilməsinə kömək edəcək.



MƏSLƏHƏT GÖR:

379