23 Noyabr 2024

Şənbə, 21:59

ŞƏRQİN YENİ ULDUZU

«STAR» neftayırma zavodu Avropada və Yaxın Şərqdə bu tipli ən böyük layihədir

Müəllif:

01.11.2018

Azərbaycanın xaricdəki ən iri investisiya layihəsi - nəhəng STAR neft emalı zavodu (NEZ) yeddiillik tikinti işlərindən sonra bu il oktyabrın 19-da İzmirdə işə başlayıb.  

SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) tərəfindən tikilmiş zavod təkcə Avropanın, Şimali Afrikanın və Yaxın Şərqin bu tipli ən böyük müəssisəsi olmaqla qalmadı, həm də iki qardaş dövlət arasında siyasi və iqtisadi əlaqələrin möhkəmliyini bir daha sübut etdi. Onilliklər ərzində sınaqdan keçmiş Azərbaycan və Türkiyə iqtisadi birliyi bu cür irimiqyaslı hər yeni layihə ilə bu ölkələri dünyanı sarsıdan istənilən ticarət müharibəsinə və böhrana qarşı durmağı bacaran güclü regional qüvvəyə çevirir.

 

Daha bir dostluq rəmzi  

STAR neft emalı zavodunun istismara açılma tarixi yetərincə rəmzidir. Son aylarda Türkiyə iqtisadiyyatı ciddi maliyyə böhranı ilə üzləşib, milli valyuta yanvar ayından bu yana 40% dəyərini itirib, inflyasiya isə son 15 il üzrə ən yüksək göstəriciyə çatıb.  

Ölkənin Statistika İnstitutundan verilən son məlumatlara görə, sentyabr ayında inflyasiya illik ifadədə 24,5% təşkil edib. Türkiyə hökuməti iqtisadiyyatdakı vəziyyətin normallaşdırıldığını bəyan etsə də, böhranın fəsadları açıq görünür və onu aradan qaldırmaq üçün təsirli mexanizmlərə ehtiyac var. Məhz bu çətin dövrdə SOCAR-ın "ulduzu" olan nəhəng bir layihənin istismara başlaması sərmayəçilərin Türkiyəyə etibarının artmasına çox böyük töhfə oldu. Türkiyə hökumətinin bu layihəyə hərtərəfli dəstəyi STAR neft emalı zavodunun Türkiyənin ilk xüsusi sənaye zonası elan edilməsində özünü göstərir.  

Qeyd edək ki, STAR neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Tikintinin baş podratçısı «Tecnicas Reunidas SA», «Saipem SpA», «GS Engineering & Construction Corp və «Itochu» şirkətlər alyansı olub. Neft emalı zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edir. Müəssisədə "Azeri Light", "Kerkuk" və "Urals" kimi neft sortlarının emalı planlaşdırılır. Zavod ildə 4,8 milyon tona yaxın kükürdü həddindən aşağı olan dizel yanacağı, 1,6 milyon ton liqroin, 1,6 milyon ton aviasiya yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 milyon ton riformat və 160 min ton kükürd istehsal edəcək.  

Zavod istismara Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təntənəli mərasimlə başlayıb.  

İki ölkə lideri STAR neft emalı zavodunu uğurlu əməkdaşlığın, dostluğun və birliyin yeni rəmzi adlandırıblar. Bununla yanaşı, neft və neft məhsullarının netto idxalçısı olan Türkiyənin öz neft emalı güclərinin olması müəyyən səviyyədə idxaldan asılılığı azaldacaq və əlavə valyuta gəlirləri hesabına ölkə iqtisadiyyatının inkişafını təmin edəcək.

Layihənin iqtisadi əhəmiyyəti barədə danışan Türkiyə prezidenti qeyd edib ki, Avropanın, Yaxın Şərq və Şimali Afrika bölgələrinin ən böyük neft müəssisələrindən biri olan STAR neft emalı zavodu Türkiyəyə neft məhsulları idxalından ildə 1,5 milyard dollara qənaət etməyə və xarici neft məhsulları idxalından asılılığı azaltmağa imkan verəcək. Müəssisədə 1,100 nəfər işləyəcək ki, bununla da, zavod Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük fayda verməsi ilə yanaşı, "Ege bölgəsinin əhalisinin rifahını yüksəldəcək".

"Bu müəssisə energetika sahəsində əməkdaşlığı gücləndirmək üzrə bizim uzunmüddətli işlərimizə mühüm və konkret misallardan biridir. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmə imkanlarını gücləndirir ", - deyə türk lider vurğulayıb.

Prezident İlham Əliyevin çıxışından isə aydın olur ki, neft emalı zavodunun yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib, növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək. Təkcə «STAR» neft emalı zavodunun və SOCAR-ın nəzarətində olan «Petkim» neft-kimya kompleksinin yerləşdiyi Əliağa yarımadasına Azərbaycan tərəfindən qoyulan sərmayə 10 milyard dollara yaxındır.

Yeri gəlmişkən, bu, heç də Azərbaycanla Türkiyənin uğurlu əməkdaşlığının tək nümunəsi deyil. Ondan öncə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin, TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması üzrə layihələr gerçəkləşdirilib.  

«Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək», - deyə Azərbaycan lideri vurğulayıb.

 

Sərmayələrin məbləği - 19,5 mlrd. dollar

«SOCAR Turkiye Enerji»nin (SOCAR-ın Türkiyə bölməsinin) proqnozlarına görə, STAR neft emalı zavodunun illik dövriyyəsi neft qiymətindən asılı olaraq, 6-8 milyard dollar arasında dəyişəcək. Müəssisə tam gücü ilə işə 2019-cu ilin yanvarından başlayacaq. Bu layihəyə yatırılan vəsaitlərin geri qaytarılma müddəti 9-10 il olacaq.

Neft emalı zavodunun xammal təchizatçılarından biri Rusiyanın "Rosneft" şirkəti olacaq. 2018-ci il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində SOCAR və «Rosneft» arasında neft təchizatı haqqında saziş imzalanıb. Şirkət 2018-ci ilin dekabrından başlayaraq, bir il ərzində zavoda 1 milyon ton neft göndərməyi öhdəlik olaraq götürüb.

SOCAR gözləyir ki, STAR neft emalı zavodunun işləməsi «Petkim» neft-kimya kompleksinin xammalla (liqroinlə) təmin etməyə imkan yaradacaq və bu məhsulun idxalını dayandıracaq ki, bu da Azərbaycanın Dövlət Neft Şirkətinə hər il 500 milyon dollar gəlir gətirəcək.

SOCAR-ın Türkiyədə biznesi genişləndirmək üzrə gələcək planları STAR neft emalı zavodunun uğurlu fəaliyyəti ilə bağlıdır. Bu məsələdə söhbət şirkətin Türkiyənin pərakəndə neft məhsulları satışı bazarına girməsindən gedir.

"Türkiyədə bir yanacaq şirkəti əldə etməyi planlaşdırırıq. 2019-cu ildə STAR neft emalı zavodu tam gücü ilə fəaliyyətə başlayacaq. Buna görə düşünürəm ki, 2020-ci ildə biz bu məsələ ilə yaxından məşğul olacaq və onu həll edəcəyik. Satışda yanacaq şirkətləri var, amma bizim üçün 150-200 yanacaqdoldurma məntəqəsi olan şirkətlər kiçik sayılır, biz daha böyük şəbəkə almağı planlaşdırırıq ", - «SOCAR Turkey Enerji» şirkətinin prezidenti Zaur Qəhrəmanov bildirib.

Yeri gəlmişkən, SOCAR 2016-cı ildə Türkiyədə özünə yanacaqdoldurma məntəqələri şəbəkəsi almağa cəhd göstərmişdi. Konkret olaraq, SOCAR Avstriyanın «OMV AG» şirkətinə məxsus olan «OMV Petrol Ofisi A.S.» yanacaq satışı şirkətini almağa iddialı idi. Amma sonda dəyəri 1,368 milyard avroya bərabər olan alqı-satqı əməliyyatında alıcı qismində "Vitol Investment Partnership Ltd" çıxış etdi.

Hazırda SOCAR «Petkim Petrokimya Holding»in səhmlərinin nəzarət zərfinə (51%) sahibdir, STAR neft emalı zavodunun tikintisini gerçəkləşdirib , 400 mln. dollar dəyəri və illik emal gücü 1,5 mln. konteyner olan «Petlim» konteyner terminalının, 51 MVt gücü və 55 mln. avro dəyəri olan külək elektrik stansiyasının sahibidir. Şirkət həmçinin bu ölkənin daxili bazarı üçün təbii qaz tədarük edir.

Z.Qəhrəmanovun sözlərinə görə, şirkət 2018-ci ildən 2020-ci ilə qədər Türkiyədə 3 milyard dollarlıq yeni layihələrə sərmayə yatırmaq niyyətindədir.

"Məlum olduğu kimi, SOCAR-ın Türkiyə iqtisadiyyatına ümumi sərmayələri 19,5 milyard dollar həcmində planlaşdırılır ki, onlardan 14,2 milyard dolları artıq yatırılıb. Bu ölkədə həyata keçirilən layihələrin yekunlaşması ilə şirkətin bu ölkədə yatırdığı ümumi məbləğ 16,5 milyard dollar təşkil edəcək. 2018-2020-ci illər ərzində ümumi məbləği 3 milyard dollar olan yeni layihələrə sərmayə qoyulacaq", - deyə «SOCAR Turkey Energy» şirkətinin rəhbəri bildirib.

 

Yeni layihələr  

Beləliklə, STAR neft emalı zavodundan sonra növbədə Əliağa yarımadasında ikinci neft-kimya kompleksinin, yəni ikinci «Petkim»in tikintisi gəlir. 2019-cu ilin yazında - təxminən mart-aprel aylarında şirkətin bu layihənin həyata keçirilməsi ilə bağlı son investisiya qərarı qəbul etməsi gözlənilir. Kompleksin tikintisi eyni ilin ortalarında başlayacaq və 2022-ci ilin sonunda başa çatacaq. Yeni kompleksin işə salınması 2023-cü ilə planlaşdırılır.

"Türkiyə neft-kimya sənayesi üçün çox yaxşı bir bazardır və biz yeni investisiya layihələri üzərində işləyirik. Dövlət bizə güclü dəstək verir. Türkiyə iqtisadiyyatının əsas problemi cari hesab kəsiridir. SOCAR-ın layihələri, o cümlədən STAR neft emalı zavodu və TANAP, həmçinin yeni neft-kimya kompleksi cari hesab kəsirinin azalmasına kömək edəcək", - deyə «SOCAR Turkey Energy» şirkətinin rəhbəri hesab edir.

Müəssisənin gücü ildə 1 milyon ton PTA (tereftal turşusu) və polipropilen olacaq. Layihənin həyata keçirilməsi ilkin olaraq 1,6-2,2 milyard dollar səviyyəsində qiymətləndirilir. Maliyyələşdirmə mənbələri kimi «SOCAR Turkiye Enerji»nin "Petkim" kompleksinin gəlirləri hesabına formalaşan daxili ehtiyatlarından, eləcə də xarici fondlardan istifadə edilə bilər.

Layihə çərçivəsində artıq mühəndislik işləri başa çatdırılıb və yaxın bir neçə ay ərzində podratçıların tender yolu ilə seçimi prosesi başlayacaq. Həmçinin layihə çərçivəsində BP və «Axens» şirkətləri ilə lisenziyaların alınması ilə bağlı danışıqlar aparılıb və hətta zəruri olanlar əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, hazırda «Petkim Petrokimya Holding» Türkiyənin neft-kimya məhsullarının daxili tələbatının yalnız 20%-ni əhatə edir. Yeni kompleksin tikintisi bu rəqəmi 40-45%-ə çatdıracaq.

Kompleksin tikintisi planlarına paralel olaraq, SOCAR bəyan edib ki, Türkiyədə «EWE A.G.» şirkətinin qaz paylayıcı aktivlərini əldə etmək niyyəti var. Dünya mətbuatının məlumatlarına görə, «EWE A.G.» şirkəti «Bursagaz AS» və «Kayserigaz AS» qaz paylayıcı şəbəkələrindəki payının 80%-ni satmağı qərara alıb. Aktivlərin dəyəri 200-250 milyon dollar səviyyəsində qiymətləndirilir. Bu aktivlərin alınması üçün mümkün potensial iddiaçılar arasında SOCAR-ın da adı çəkilir, bu əqddə onun əsas rəqibi «Kolin» hesab olunur.  

"Şirkətin Türkiyədəki investisiya zənciri neft-kimya, neft emalı və təbii qaz sektorları ilə təmsil olunur. Bu zənciri tamamlamaq məqsədilə Almaniyanın «EWE A.G.» şirkətinin Türkiyədəki qazı paylayıcı aktivlərini satın almaq üçün təkliflərimizi təqdim etdik. Biz bu əqddə uğura şansımız olduğuna inanırıq", - deyə Z. Qəhrəmanov açıqlayıb.

Onun sözlərinə görə, «EWE A.G.» Türkiyədə ildə 1 milyard kubmetrlik qaz paylayıcı əməliyyatlar həyata keçirir və «SOCAR Turkey Energy» ilə müqavilə bağlandıqdan sonra bu rəqəmi artırmağa ümid edir.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə həyata keçirdiyi bütün layihələr miqyası, investisiya və iş həcmi ilə heyrətləndirir. Amma ən mühüm məsələ, əlbəttə ki, son nəticədir. O isə göz qabağındadır - Azərbaycandan Türkiyəyə neft və qaz ixracatı, yük və elektrik tranziti nizamlı şəkildə qurulub. Bütün bunlar göstərir ki, SOCAR-ın gələcək layihələrini də "yaşıl işıq" gözləyir, çünki neft müəssisələrinin yaradılması yalnız iqtisadiyyata yüksək gəlirlər bəxş etməklə qalmır, həm də yeni iş yerlərinin açılmasına və ciddi sosial problemlərin həllinə imkan verir.



MƏSLƏHƏT GÖR:

349