23 Dekabr 2024

Bazar ertəsi, 18:16

YENİ ÇEMPİON

Karate üzrə builki dünya çempionatında Azərbaycanın aktivinə yeganə qızıl medalı İrina Zaretska yazıb

Müəllif:

15.11.2018

İspaniyanın Madrid şəhərində karate üzrə dünya çempionatına yekun vurulub. 139 ölkənin təmsil olunduğu mötəbər yarışda millimizin qazancı 2 medal olub.

Azərbaycan yığmasının heyətində ən böyük nəticəni xanım idmançımız qazanıb. Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) dünya çempionatının qalibi olub. Bir-birinin ardınca Feryal Abdeləzizə (Misir), Dildor Annadurdiyevaya (Özbəkistan), Elena Quiriçiyə (İsveçrə), Miroslava Kopunovaya (Slovakiya) və həmyerlisi Qalina Melnikə (Ukrayna) qalib gələn ukraynalı legionerin finalda rəqibi Viktoriya İsaeva (Rusiya) olub. Finalı yüksək səviyyədə keçirən Zaretskaya karyerasında ilk dəfə mundialın qızıl medalına layiq görülüb.

Azərbaycana dünya çempionu kimi qayıdan İrina Zaretskaya karyerasında ən böyük uğur haqqında bunları deyib: “Mundial ərəfəsində qızıl medal arzulayırdım. Amma çətin olacağını bilirdim. Ciddi hazırlaşsaq da çempion olacağıma əmin deyildim. Karate üzrə dünya çempionatında güclü rəqabət var. Ona görə fəxri kürsüdə yer almaq artıq böyük nəticədir. Final ərəfəsində artıq yalnız qələbə haqqında düşünürdüm. Həlledici görüşdə uduzsaydım özümü bağışlamazdım. Bu qələbədə məşqçi heyətinin böyük payı var. Rəqibləri düzgün təhlil etməklə bütün görüşləri qalib kimi başa vurduq”.

Azərbaycan millisinin lideri, dünyanın ən güclü karateçilərindən sayılan Rafael Ağayev bu dəfə üçüncü yerlə kifayətlənib. Beşqat dünya çempionu və iki dəfə mundialın finalçısı olmuş dünya şöhrətli karateçimiz karyerasında ilk dəfə bu nüfuzlu yarışın bürünc medalına sahib oldu. Qvatemala, Argentina, Macarıstan və Çili idmançılarına qalib gələn Rafael Ağayev 24-cü dünya çempionatının yarımfinalında İtaliya təmsilçisinə uduzub. Yarımfinalda əzəli rəqibi Luici Busaya bir xal fərqi ilə məğlub olan karateçimizin bütün döyüşləri böyük rəğbətlə izlənib və alqışlarla müşayiət olunub. Bürünc medal uğrunda görüşdə Rafael özbəkistanlı Dastonbek Atabolayevi məğlub etməklə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

“R+”a açıqlamasında Rafael Ağayev çıxışı haqqında bunları deyib: “Madridə çempionluq üçün gəlmişdim. Altıncı dəfə himnimizi mundialda səsləndirmək arzum idi. Təəssüf, alınmadı. İdmançı uduzursa, ilk növbədə, səhvi özündə axtarmalıdır. Deməli, daha yaxşı hazırlaşmalıyam. Əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Oyunlarda karate üzrə yarışlar ilk dəfə keçirildiyindən çox çətin təqvim hazırlanıb. Ona görə məşqlərdə səylə çalışmaq vacibdir”.  

Dünya çempionatına gəlincə, o qeyd edib ki, komanda yarışlarında da bürünc medal qazanmaq şanslarımız olub. Sadəcə yığmanın bəxti gətirməyib. “Azərbaycan karateçiləri dünyanın ən güclüləri sırasındadır. Ona görə hər yarışda bizə qarşı xüsusi hazırlaşırlar. Bununla belə, növbəti turnirlərdə uğurlu çıxış edəcəyimizə inamım böyükdür”, - deyə R. Ağayev vurğulayıb.

Beləliklə, komanda yarışlarında Azərbaycan millisi medalsız qalıb. İspaniya, Belarus, Misir yığmalarına qalib gələn Şahin Xudaverdiyevin yetirmələri yarımfinalda Türkiyəyə uduzub. Bürünc medal uğrunda görüşdə isə karateçilərimiz mundialın favoritlərindən sayılan Yaponiya millisiylə bacarmayıb.

Eyni zamanda mundial proqramına daxil edilən Para-karate üzrə dünya çempionatında Azərbaycan milli komandasının çıxışı uğurlu alınıb. Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib. O, həlledici görüşdə Yasuşi Obadan (Yaponiya) 0.9 xal geri qalıb. Həlledici görüşdə 43.7 xal toplayan idmançımız çempionatı gümüş medalla başa vurub.

Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirində çıxış edib. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb.



MƏSLƏHƏT GÖR:

349