23 Noyabr 2024

Şənbə, 22:19

DÖZÜM VƏ ZƏHMƏT

Yeni Məşğulluq Strategiyası Azərbaycanın əmək bazarında əsas problemlərin həllini nəzərdə tutur

Müəllif:

15.11.2018

«2019-30-cu illərdə Azərbaycanda Məşğulluq Strategiyası»nın tətbiqi çərçivəsində qarşıya 2030-cu ilədək işsizliyi 4%-ə endirmək və əmək məhsuldarlığını 2 dəfə artırmaq məqsədi qoyulub.

Bu cür proqram sənədi artıq Azərbaycanda bir dəfə qəbul olunub və on illik müddəti əhatə edib. Bu strategiya 2007-2010-cu illər və 2011-2015-ci illər üçün olmaqla

dövlət proqramları çərçivəsində iki mərhələdə həyata keçirilib. Əvvəlki strategiyanın nəticələrini müsbət qiymətləndirmək olar, xüsusilə də bu illər ərzində ölkədə işsizlik səviyyəsinin 7,3% -dən 5%-ə, yoxsulluq səviyyəsi 29,3%-dən 4,9%-ə enməsinə, əhalinin 5,2 dəfə gəlirlərinin artmasına, nominal əməkhaqqının 3,8 dəfə artımına nail olunub.

 

Məqsəd əmək məhsuldarlığının artmasıdır

İşsizliyin azaldılması üzrə əldə olunan uğurlar xüsusilə ona görə diqqəti çəkir ki, 2006-2017-ci illərdə əhali, orta hesabla, 1,3 dəfə artıb və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Buləliklə, 1 yanvar 2018-ci ilə əhalinin sayı 9,9 milyon nəfərə çatıb.

İşsizliyin azaldılması 14 il ərzində 1,96 milyon yeni iş yeri açılmasına imkan verib ki, bunun da 73,3%-i daimidir. Qeyd etmək lazımdır ki, yeni iş yerləri əsasən (70%) regionlarda yaradılıb, bunun da çox hissəsi aqrar sektorun payına düşüb.

Son illərdə Azərbaycanda dayanıqlı ÜDM artımı nəticəsində əmək məhsuldarlığı 2006-cı ildəki 2,35 manat/saat (odövrkü məzənnə üzrə 2,6 dollar/saat) göstəricisindən 7,59 manat / saat (cari məzənnə ilə 4,4 dollar/saat) göstəricisinə qalxıb. Yeni Məşğulluq Strategiyasının tətbiqi ilə 2030-cu ilədək əmək məhsuldarlığı daha 2 dəfə artırılacağı və müvafiq olaraq 8,8 $/saat təşkil edəcəyi gözlənilir.

Ancaq bunun üçün, iqtisadi fəaliyyət növlərinin strukturu əhəmiyyətli dərəcədə dəyişdirilməlidir. Belə ki, əgər 2016-cı ilin sonuna görə, hasilat sənayesində əmək məhsuldarlığı 257,7 man/saat (161,4 dollar) təşkil etmişdisə, bu, tikinti sektorunda 9,4 man/saat (5,8 dollar), emal sənayesində 6,3 man/saat (3.9$), kənd təsərrüfatında isə yalnız 1.03 manat/saat (0,6 dollar) olub.

Ancaq kənd təsərrüfatı sektorunda istehsalın təşkili heç də həmişə aşağı əmək məhsuldarlığı demək deyil. Söhbət fermerlər tərəfindən kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı intensiv metodlardan istifadənin və innovativ xidmətlərin tətbiqinin aşağı səviyyəsindən, həmçinin əksər hallarda sahədə ixtisaslı mütəxəssislərin olmamasından gedir. Digər tərəfdən bu sahədə uçot sisteminin təkmilləşdirilməsi də tələb olunur.

Təbii ki, bütün bunlar Azərbaycanda əmək məhsuldarlığının ümumi göstəricisinə mənfi təsir göstərir. «Market Watch» analitik nəşrinin araşdırmasına görə, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) nəzərə alındıqda, ölkə bu kateqoriyada 2017-ci ilin yekunlarına görə Rusiyadan (5,6 dollar / saat) geri qalır, ABŞ-dan (33,7 $/saat) və Lüksemburqdan (67,8 $/saat) xüsusilə geri qalır.

Bu sahədə vəziyyəti düzəltmək üçün kənd təsərrüfatı sektorunda əlavə dəyərin artırılmasına nail olmaq lazımdır. Yəni yalnız pambıq istehsal etmək və onu xammal kimi ixrac etmək deyil, həm Azərbaycanın və region ölkələrinin müasir və yüksək keyfiyyətli məhsullara tələbatın ödənilməsi üçün hazır geyim istehsalını qurmaq lazımdır. İnnovasiya layihələrinə üstünlük vermək, start-apları inkişaf etdirmək, ölkənin qeyri-neft sektoru məhsullarını ixracı etmək üçün elektron ticarətin imkanlarından istifadə etmək də gərəkdir.

Əmək məhsuldarlığını artırmağın zəruriliyi həm də ona görə vacibdir ki, 2030-cu ildən ölkə üçün yeni bir meyil - əhalinin yaşlanması müşahidə ediləcək. BMT-nin orta ssenarisinə əsasən, 2030-cu ilə qədər əhalinin sayı 10,7 milyona çatacaq. Eyni zamanda Məşğulluq Strategiyasında nəzərdə tutulan proqnozlara görə, ölkədə pensiyaçıların sayı 2030-cu ildə 2015-ci ilə (841 min) nisbətən iki dəfə artacaq. Yəni 2015-ci ildə pensiyaçı sayı ümumi əhali sayının 8,8%-ni təşkil etdiyi halda, 2030-cu ildə bu göstərici 15,7%-ə çatacaq. Demək olar ki, ölkənin hər altıncı vətəndaşı əmək fəaliyyətini başa vurmuş olacaq.

Ölkə əhalisinin yaşlanması probleminin nə qədər təhlükəli olduğunu Yaponiyanın nümunəsində görmək olar, orada məhz ahıl yaşlılıq əmək məhsuldarlığının azalmasına səbəb olub. Bununla bağlı, iş vaxtı normasından maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır, bu norma 2018-ci ildə Azərbaycanda 1929 saat (Rusiyada 1970) olub. Bu məsələ yalnız işçilərin ixtisas səviyyəsini artırmaqla, həmçinin milli iqtisadiyyatda yeni sahələrin inkişafı üçün onların yeni peşələrə yiyələnməsi ilə həll edilə bilər.

 

İşsizlik azaldılmalıdır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvar ayının 1-nə olan vəziyyətə ölkədə işsizlərin sayı 38,5 min nəfər təşkil edir ki, onlardan 7 min nəfəri, orta hesabla, 291,2 manat təşkil edən müavinət alır. 2018-ci il yanvarın 1-dən isə "İşsizlikdən sığorta haqqında" qanun qüvvəyə minib ki, qanun həm işəgötürənlər tərəfindən ödənişləri, həm də işləyən vətəndaşların əməkhaqqının 1 faizini qanun əsasında yaradılmış fonda köçürülməsini nəzərdə tutur. Qəbul edilən sxemə görə, aylıq ödənişlər işəgötürən tərəfindən ödənilən əməkhaqqı fondunun 0,5%-i qədər, habelə işə götürülən işçinin əməkhaqqının 0,5%-i məbləğində ödənilir.

Hal-hazırda işsizlik sığortası bu və ya digər şəkildə 72 ölkədə tətbiq olunur. Azərbaycanda işsizlik sığortası sisteminin qarşısına iki əsas vəzifə qoyulub: birincisi, işsizlərin maliyyə müdafiəsini təmin etməlidir, ikincisi isə onları müxtəlif təlim kursları vasitəsilə əmək bazarına qaytarmalıdır.

Bazar şəraitində iqtisadiyyatın strukturunu dəyişdirmək üçün aşağı işsizlik göstəricisi vacib amildir, bu prosesdə işçilər aşağı əməkhaqlı səmərəsiz istehsalatı tərk edərək yeni yaradılmış istehsal sahələrində yüksək maaşlı iş yerlərinə keçirlər.

Bu baxımdan, əmək bazarının inkişafı üzrə müxtəlif proqramlara ayrılan vəsaitlərin artırılması vacibdir. Məşğulluq strategiyasına görə, bu vəsaitlərin ölkə ÜDM-dəki payı 2017-ci ildəki 0,01% göstəricisindən 2030-cu ildə 0,1%-ə çatdırılmalıdır.

Bu istiqamətdə gerçəkləşdirilən tədbirlər sırasına regional peşə təlim mərkəzlərinin sayının artırmasını də aid etmək olar, onların sayının 2030-cu ildə 10-a çatdırılması düşünülür, 2017-ci ildə isə bu göstərici 3 olub. Həmçinin peşə təhsilinə cəlb olunan şəxslərin əhatə dairəsini 2017-ci ildəki 3%-dən 2030-cu ildə 20%-ə qədər artırmaq planlaşdırılır. Nəticədə, iş yeri seçməkdə çətinlik çəkən 15-24 yaşlı gənclərin sayı kəskin şəkildə azalacaq.

Ümumiyyətlə, Dövlət Məşğulluq Xidmətinin rolu artırılmalıdır, qurum 2030-cu ildə vətəndaşların 70%-ni işlə təmin etməlidir, 2017-ci ildə isə bu göstərici 40%-ə bərabərdir. Deməli, Məşğulluq Strategiyasında nəzərdə tutulmuş tədbirlər son nəticədə Azərbaycan vətəndaşlarının konstitusiya hüquqlarından biri - işləmək hüququnu gerçəkləşdirməli, habelə işləyənlərin təqaüdə çıxdıqdan sonra maliyyə vəsaiti ilə təmin etməlidir.


MƏSLƏHƏT GÖR:

324