Müəllif: Xəzər AXUNDOV
Son iki ildə Azərbaycanın tikinti sektorunda yenidən canlanma müşahidə edilir. Bu meyillər mənzil tikintisi seqmentində daha aydın müşahidə olunur və sahə sənaye sektorunun ümumi inkişaf tempini xeyli geridə qoyur.
Azərbaycanın tikinti materiallarının xarici valyuta ilə ifadədə rəqabət qabiliyyətinin artması yerli istehsalçıların xarici bazarlara daha fəal girməsinə imkan yaradır.
Mənzil tikintisində artım
Əgər 2016-cı ildə istismara verilən mənzil sahəsinin həcmi əvvəlki ilə nisbətən, təxminən, 30% azalmışdısa, sonrakı iki il ərzində mənzil tikintisi seqmentində yenidən artım meyilləri müşahidə olunmağa başladı. Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin yekunlarına görə, mənzil tikintisi üçün 891 milyon manat sərmayə yatırılıb və 1,7 milyon kvadratmetr yaşayış sahəsi istismara verilib. 2018-ci ilin yanvar-avqust aylarında bu müsbət meyil artıb: sərmayələr 670,6 milyon manat olub ki, bu, 2017-ci ilin eyni dövrünə nisbətən 26,6 faiz çoxdur.
Faktlar xüsusilə ölkənin tikinti sektorunda hələ də tam həll edilməmiş problemlərin fonunda hər şeyi açıq göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında tikinti sektorunda işlərin həcmi 15,9% azalıb və hazırda bu sektorun Azərbaycan ÜDM-nin strukturunda payı 6,3% (3,6 mlrd. manat) təşkil edir. Bu vəziyyət qismən əsaslı tikinti və infrastruktur tikintisi ilə bağlı hökumətin konservativ siyasəti, habelə bu gün həyata keçirilən bir sıra yol, kommunal, sosial və digər layihələr üzrə xərclərin optimallaşdırılması ilə bağlıdır.
Lakin dövlətin rolunun azalması mənzil tikintisinin inkişaf templərinə təsir göstərməyib. Nəticədə, ötən il ərzində əsaslı kapitala qoyulan vəsaitlərin ümumi sərmayə qoyuluşunda payı 5,3%-dən 7,5%-ə qədər artıb. Uyğun olaraq, bu, cari ildə 11,6 faiz və ya 130 min kvadratmetr artım təmin edib, 8 ay ərzində Azərbaycanda 1,247 milyon kvadratmetr mənzil istifadəyə verilib.
"Azərbaycanın tikinti sektoru son bir neçə ildəki durğunluqdan sonra tədricən bərpa olunur. Bu ilin sonuna qədər Bakının daşınmaz əmlak bazarında qiymətlər 6% arta bilər və bu, bazarda əsasən kommersiya sahələrinin, torpaqların, fərdi evlərin və bağ evlərinin qiymətlərinin artması ilə əlaqədardır", - deyə ekspert Nüsrət İbrahimov ehtimal edir. Onun sözlərinə görə, müşahidə edilən qiymət dinamikası həm də mənzil tikintisi sektorunda baş verən dəyişiklikləri əks etdirir.
Bütünlükdə, bir sıra amillər bu seqmentin inkişafı üçün katalizator rolunu oynayıb. Məsələn, keçən il Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi bərpa olundu. Beləliklə, 2018-ci ilin üç rübü ərzində 183,2 milyon manat həcmində ipoteka kreditləri verilib ki, bu ötən ilin uyğun dövrünün göstəricisindən 40% çoxdur. Bu il dövlət büdcəsində sosial ipoteka kreditləşməsini təmin etmək üçün 250 mln. manat nəzərdə tutulub ki, bu, 2017-ci ildəkindən 100 mln. manat çoxdur.
Sərt dövlət nəzarəti
Mənzil tikintisi sahəsində canlanma önəmli ölçüdə dövlətin dəstəyi ilə, paytaxt məhəllələrinin genişmiqyaslı yenidənqurma və plandəyişmə işlərində, köhnə evlərin sökülməsində və yeni mənzillərin tikintisində iştirak edən tikinti şirkətlərinə köhnə dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə görünür ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək, lakin şəhərsalma və yeni yaşayış komplekslərinin layihələndirilməsi qaydalarının pozulması ilə bağlı bir sıra mənfi məqamları aspektləri aradan qaldırmaq üçün daha ciddi dövlət nəzarəti təmin ediləcək.
"Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı bildirib ki, paytaxtda bəzən memarlıq baxımından çox eybəcər olan binalar tikilir, yeni binaların hündürlüyünün tikinti üçün seçilən yerə uyğunluğu nəzərə alınmır, bir sıra binalar yaşayış məhəllələrində tikilir, ağaclar kəsilir və ümumi memarlıq landşaftı eybəcərləşdirilir.
İlham Əliyev xəbərdarlıq edib ki, qanunsuz tikililərin inşasına son qoymaq üçün çox ciddi tədbirlər görüləcək və qanunsuz tikinti üçün şərait yaradan dövlət məmurları ciddi şəkildə cəzalandırılacaq.
Bu problemləri həll etmək üçün bu ilin sentyabr ayında ölkə prezidenti "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan heç bir binanın tikinitsinə icazə verilmir.
Bununla bağlı, bu gün paytaxtda bir sıra çoxmərtəbəli binaların bünövrə qoyma prosesi dayandırılıb, onların layihələri yenilənmiş keyfiyyət tələblərinə və şəhər tikinti estetikasına uyğun gəlmir. Çoxmərtəbəli binaların tikintisində əsas meyarlardan biri tikinti üçün ayrılmış ərazinin ölçüsüdür - bu ərazinin 40 sotdan aşağı olmaması vacibdir, avtomobillərin saxlanması üçün yer ayrılmalıdır, yaşıllıqlar əkilməlidir və s.
Ekspertlərin fikrincə, bu sahədə tələblərin sərtləşdirilməsi tikinti həcmlərinin azaldılmasına əhəmiyyətli təsir göstərməyəcək və yalnız kifayət qədər məsuliyyətli olmayan oyunçuların bazardan çıxarılmasına kömək edəcək.
Tikinti materialları ixracı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun sözlərinə görə, çağdaş inkişaf öhdəlikləri yeni texnologiyalar və şəhərsalma işlərinin müasirləşdirilməsini tələb edir, tikinti sektoru isə iqtisadiyyatın digər sahələrinin təkmilləşdirilməsi üçün əlaqələndirici həlqədir.
Bu sahələrdən biri tikinti materiallarının istehsal sektorudur ki, bu trendin inkişafı ilə oktyabr ayının son ongünlüyündə keçirilmiş 24-cü «BakuBuild Azerbaijan 2018» beynəlxalq sərgisində yaxından tanış olmaq mümkündr.
Regionun ən böyük tikinti forumunda 22 ölkədən 300-dən çox şirkət iştirak edib, o cümlədən sərgidə Azərbaycan şirkətləri də iştirak edib, onların payı iştirakçıların ümumi sayının, təxminən, 40%-ni təşkil edib.
Sərginin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycanın gələcəyi sənaye ilə bağlıdır. "Azərbaycanda investisiyaların təşviqi mexanizmi tətbiq edilir və 20 tikinti şirkəti ondan tikinti materiallarının istehsalı üçün yararlanıb. Hazırda ölkədə sement, bentonit və digər tikinti məhsulları istehsalı təşkil edilib, onların məhsulları «Made in Azərbaijan» markası altında «BakuBuild» sərgisində təqdim edilib", - deyə Səfərov vurğulayıb.
Hazırda ölkədə istehsal edilən tikinti materiallarının ümumi həcminin, təxminən, 77%-i özəl biznesin payına düşür. Son on il ərzində bu seqmentdə 2,5 dəfə artım olub, sektora cəlb olunmuş şirkətlərin sayı isə 12 dəfə artıb.
Əlamətdardır ki, Azərbaycanda tikinti materialları istehsalı artıq dalbadal ikinci ildir ki, davamlı artım dinamikasını nümayiş etdirir, bu da bütünlüklə tikinti sektorunun inkişaf tempini nəzərəçarpacaq dərəcədə geridə qoyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin üç rübü ərzində Azərbaycanda tikinti materiallarının istehsal həcmi 448,5 milyon manat təşkil edib ki, bu da keçən ilin uyğun göstəricisindən 32,2 faiz çoxdur. Xüsusilə, ən çox artım aşağıdakı sahələr arasında qeydə alınıb: sement istehsalı - 2,6 milyon ton olub (artım 21,7 faiz təşkil edib), asfalt istehsalı 220 min ton olub (artım 88,7 faiz olub), tikinti kərpici istehsalı 224,7 min kubmetr olub ( artım 6,8% təşkil edib).
Eləcə də emal edilmiş mərmər, traverten, alibaster və onlardan hazırlanan məmulatların istehsalında, təxminən, 44% artım var. Plastik borular, elektrik kabelləri, boya və lak məhsulları, bəzi bəzək materialları və s. istehsalında da müsbət dinamika müşahidə olunur.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda tikinti materiallarının istehsalının həcmi hətta iqtisadiyyat üçün ən çətin dövr olan - 2015-17-ci illərdə azalmayıb, onda illik artım templəri 6-7%-dən yuxarı olub. Özü də, manatın devalvasiyası bütün idxal tikinti materiallarının qiymətinin ikiqat artımına gətirib çıxardı. Amma yerli tikinti materialları üçün qiymətlərinin artım templəri müqayisə edilməycək dərəcədə aşağıdır və bir sıra məhsullar üzrə isə qiymət parametri tamamilə dəyişməz qalıb. Belə vəziyyət daxili bazarda sifarişlərin dayanıqlı artımına həvəsləndirir və uyğun olaraq yerli məhsulların istehsalı artmağa başlayır. Digər tərəfdən manatın konvertasiyası zamanı yaranan qiymət fərqi Azərbaycanın tikinti materiallarının xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir və onların ixracını stimullaşdırır.
Bir sözlə, mənzil tikintisi seqmentində artıq ikinci ildir ki, müşahidə olunan canlanma və dövlət – özəl sektor tərəfdaşlığı çərçivəsində tikinti layihələrinin həyata keçirilməsi yerli tikinti sənayesi məhsullarına daimi tələbatı təmin edir, sahədə modernləşdirməyə və istehsal həcmini artırmağa kömək edir.
MƏSLƏHƏT GÖR: