23 Noyabr 2024

Şənbə, 20:54

İLK ONLUQDA

Azərbaycan Dünya Bankının reytinqində görünməmiş sıçrayış edib

Müəllif:

15.11.2018

Azərbaycan Dünya Bankının "Doing Business 2019" hesabatında biznesin gerçəkləşdirilməsi şəraitinin yaxşılaşdırılması üçün aparılan islahatların sayına görə rekordçu elan edilib. Bu, bir daha təsdiqləyib ki, son bir neçə il ərzində neftin qiymətinin düşməsi, bununla bağlı ölkə iqtisadiyyatda baş verən çətinliklər əslində müsbət rol oynayıb və qeyri-neft sektorunun daha intensiv inkişafına təkan verib. Bununla bağlı, geniş islahat proqramı həyata keçirilib və neft sektoruna alternativ istehsalın inkişaf etdirilməsi üçün sahibkarlığa əlverişli mühit yaradılıb. Ən nüfuzlu reytinq hesabatlarından birində bu cür önəmli sıçrayış islahatlar proqramını davam etdirməyə stimul verməklə yanaşı, xarici sərmayəçilərlə danışıqlarda da daha bir mühüm arqument olacaq.

 

Rekord ballar

"Avropa və Mərkəzi Asiya regionu iqtisadiyyatları yerli kiçik və orta müəssisələr üçün biznesin aparılmasını sadələşdirmək üçün islahatları fəallaşdırıblar», - deyə Dünya Bankının 31 oktyabrda dərc olunmuş hesabatında bildirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) hazırladığı yeni "Doing Business 2019: Təlim və islahatlar" hesabatında bildirilir ki, regionun demək olar ki, 23 ölkəsində yeni iş yerlərinin yaradılmasına və fərdi sahibkarlığın inkişafının stimullaşdırılmasına yönəlmiş islahatlar həyata keçirilib.

Belə ki, ümumi hesablamada region ölkələri 54 islahat həyata keçirib, dünya miqyasında isə islahatların sayı 314 olub. Aşağı və orta gəlirli ölkələrdə 170-dən çox islahat aparılıb. Ümumiyyətlə, 2004-cü ildən bu yana dünyada 3519 islahat aparılıb. "Biz şadıq ki, «Doing Business» hesabatı 1116 biznes islahatının başlamasına səbəb olub. Bu il, Sub-Saxara Afrikası, eləcə də Avropa və Mərkəzi Asiya ölkələri əsas islahatçı bölgələrə çevrilib, hər birində uyğun olaraq 107 və 54 islahat aparılıb",- deyə DB-nin eksperti Hülya Ülkü azərbaycanlı jurnalistlərə bildirib.  

Beləliklə, Azərbaycan yeni hesabatında öz mövqelərini rekord 32 pillə yaxşılaşdıraraq, 190 ölkə arasında 25-ci yeri tutub. Daha öncəki "Doing Business 2018: İş yerlərinin yaradılması üzrə islahatlar" reytinq kateqoriyasında Azərbaycan 190 ölkə arasında 57-ci yeri tutmuşdu.  

«Doing Business» saytında dərc edilən hesabata görə, ötən il ərzində Azərbaycanda rekord sayda - 8 islahat aparılıb. Onlar tikinti icazələrinin alınmasına, mülkiyyət hüquqlarının qeydiyyatına, elektrik təchizatı sisteminə qoşulmağa, kreditlərin alınmasına, vergitutmaya, minoritar səhmdarların qorunmasına, beynəlxalq ticarətə aid olub.

Bununla bağlı, Azərbaycan ilk 10 islahatçı ölkənin sırasına daxil olub. Ümumiyyətlə, Azərbaycan və Türkiyə il ərzində öz mövqelərini yaxşılaşdırmaq üzrə regionda ilk yerləri tutublar. Konkret Azərbaycana gəldikdə isə, Dünya Bankının ekspertinin sözlərinə görə, belə önəmli nailiyyətlər Azərbaycan hökumətinin 2006-cı ildən bu yana həyata keçirdiyi və yalnız 2011-12-ci illərdə bir qədər zəifləmiş ardıcıl islahatlar siyasətinin nəticəsidir. "Azərbaycan reytinqin 10 bəndindən səkkizində yüksəlib. İstisna yalnız sərhəd ticarət prosedurlarının sadələşdirilməsi və müqavilələrin icrası ilə bağlı iki indikator olub", - deyə Azərbaycan üzrə hesabata məsul olan H.Ülkü bildirib.

Onun sözlərinə görə, son 10 il ərzində (son hesabata qədər) Azərbaycan tərəfindən toplanan ən az bal 60, ən yüksək isə 5 göstərici üzrə 80 bal olub. Üç indikator üzrə isə Azərbaycan dünya üzrə ən yaxşı artım göstəricilərinə nail olub - elektrik şəbəkəsinə qoşulma (69 baldan 77,3 baladək artım), tikintiyə icazələrin verilməsi (60,5-dən 73-dək artım) və kreditlərin alınması (40-dan 80-dək artım). Rekord bal sayı – biznesə başlamaq (96,1), vergilərin ödənilməsi (85,4) və əmlakın qeydiyyatı (84.6) bəndləri üzrə qeydə alınıb.  

10 indikatorun 3-ü üzrə Azərbaycan ilk iyirmiliyə daxil olub. Xüsusilə, minoritar (səhmlərin qeyri-nəzarət zərfinə malik) səhmdarlarının hüquqlarının qorunması bəndi üzrə ölkə maksimum xal qazanıb ki, bu, korporativ şəffaflıq sahəsində ən yaxşı nəticə hesab olunur. Eyni zamanda ekspertlər mühüm korporativ qərarlar qəbulunda səhmdarların rolunun artmasını bu bənd üzrə ən vacib məsələ sayırlar.

Daha bir məqam isə tikinti icazələridir: hesabatın əhatə etdiyi dövrdə Azərbaycan bu istiqamətdə "bir pəncərə" sistemi yaratmağa müvəffəq olub (icazə indi yalnız Bakı icra hakimiyyəti tərəfindən verilir). Eyni iş elektrik şəbəkəsinə bağlanmaq sahəsində, eləcə də bu sahəyə sərmayə qoyuluşu sahəsində də görülüb. DB-in ekspertləri vergi ödəmə sisteminin elektron rejimə keçirilməsində və fiskal hesabatların təqdim olunmasında, eləcə də gömrük sahəsində xidmətlərin çoxunda önəmli irəliləyişlər olduğunu qeyd ediblər. "Bundan əlavə, Azərbaycan "yaşıl dəhliz"in istifadəsinə başlayıb ki, bu, sərhəd ticarətinin həyata keçirilməsini sadələşdirib və onunla bağlı xərcləri azaldıb",- deyə H.Ülkü qeyd edib.

Bundan əlavə, hesabatda işçilərin ixtisarı və onlara düşən kompensasiyaların ödənilməsi prosedurları sahəsində irəliləyiş olduğu göstərilir.

 

Gələcək üçün potensial

Qeyd etmək lazımdır ki, Dünya Bankı tərəfindən hər il hazırlanan "Doing Business" hesabatı dünya üzrə ən önəmli və etibarlı reytinq göstəricisi hesab olunur. «Doing Business» qrupu, ölkələrdə aparılan islahatları hökumət və biznes nümayəndələrindən, eləcə də tanınmış konsaltinq şirkətlərindən alınan cavablara əsasən qiymətləndirir. Aparılan islahatların yoxlanması üçün ölkələrə xüsusi ekspert missiyaları göndərilir, islahatların gerçək praktikada tətbiq edilməsi yerində müvafiq meyarlara uyğun olaraq araşdırılır. Nəticədə, hər bir ölkənin xüsusi qiymətləndirmə balı hesablanır - həm ümumi bal, həm də 10 indikator üzrə ayrıca hesablanır və mövqelər müəyyən edilir.

Nəticədə, bu hesabatı xarici sərmayəçilər üçün "masaüstü kitab" saymaq olar ki, onlar bu reytinq vasitəsi ilə ölkənin işgüzar mühitini ətraflı qiymətləndirə və müəyyən bir layihədə iştirak edib-etməməyə qərar verə bilərlər. Buna görə, son hesabatda Azərbaycanın belə önəmli uğurlar qazanması iqtisadiyyata, xüsusilə qeyri-neft sektoruna yeni xarici sərmayəçilərin cəlb edilməsi baxımından çox vacibdir ki, nəticədə, bu, biznes mühitini daha da canlandırmağa, yeni iş yerləri yaratmağa, ÜDM-in artımına və s.-ə imkan yaradar.  

Bundan əlavə, "Doing Business" beynəlxalq təşkilatların digər hesabatları («Qlobal konkretlik hesabatı, «Qlobal innovasiya indeksi», «İqtisadi azadlıq indeksi», «Qlobal imkan indeksi» və s.) üçün əsas rolunu oynayır.

"Bu, çox böyük uğurdur, dövlət başçısının rəhbərliyi altında aparılmış kompleks islahatlar nəticəsində qazanmış növbəti nailiyyətlərdən biridir", - deyə Prezident Administrasiyasının məsul vəzifəli əməkdaşı Vüsal Şıxəliyev bildirib.

BMK-nın Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimovanın sözlərinə görə, biz indi Azərbaycanda inkişafın və iqtisadi islahatlar sahəsində davam edən uzun yolun önəmli nöqtəsindəyik.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə, əldə edilmiş nəticələr Azərbaycan üçün tarixi rekorddur və bizi, həqiqətən, MDB məkanında ən sürətlə irəliləyən ölkə hesab etmək olar. «Əgər Azərbaycan sonuncu «Doing Business» hesabatında 32 pillə irəliləyibsə, Qazaxıstan 8, Rusiya 4, Belarus 1, Qırğızıstan 7, Ukrayna 5, Özbekistan isə 2, Tacikistan isə 3 pillə qalxıb", - deyə V.Qasımlı qeyd edib.

Lakin əldə edilən rekord heç də dayanmağın mümkün olması demək deyil. Sonrakı hesabatlarda da nəticənin yaxşılaşdırılması üçün yetərincə potensial var. "Azərbaycan gələcəkdə "Doing Business" reytinqində öz göstəricilərini daha da artıra bilər. Bu, ölkənin daha aşağı mövqelərdə olduğu sahələrdə islahatlar aparmaqla əldə edilə bilər", - deyə H. Ülkü vurğulayıb.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan "tikinti icazələrinin verilməsi", "müqavilələrin icrası" kimi indikatorlar, şirkətlərin iflası ilə bağlı prosedurlar üzrə zəif mövqe tutur. "Bu sahələrdə əlavə islahatlar Azərbaycana reytinqdə öz mövqelərini daha da yaxşılaşdırmağa imkan verəcək", - deyə ekspert əlavə edib.

Azərbaycan "Doing Business"də öz mövqelərini yaxşılaşdırmaq templərini qoruya bilsə, ölkə etibarlı investisiya tərəfdaşı kimi imicini gücləndirəcək və iqtisadiyyatın neftdən asılılığının azaldılması üzrə tədbirlər öz müsbət nəticələrini daha tez verəcək.



MƏSLƏHƏT GÖR:

368