Müəllif: Nadir XOSROVOĞLU
UEFA Millətlər Liqasının qrup mərhələsi Azərbaycan yığmasının uğursuzluğuyla başa çatdı. Ölkənin futbol ictimaiyyəti 2020-ci il Avropa Çempionatının finalında oynamaq baxımından bu turnirə böyük ümidlər bağlasa da, gözləntilər özünü doğrultmadı. Avropa Futbol Qurumunun futbolu nisbətən zəif inkişaf edən ölkələr üçün yaratdığı yarışda Qurban Qurbanovun komandası Farer adaları, Malta və Kosovonun yer aldığı qrupda ikinci olmaqla pley-off şanslarını itirdi. Beləliklə, Azərbaycan futbolçuları AVRO-2020-nin Bakıda keçiriləcək matçlarına yalnız azarkeş kimi qatıla biləcəklər.
Buraxılışımız çapa hazırlanarkən fiaskonun səbəbləri ətrafında emosional mübahisələr səngisə də, müzakirələr hələ də davam edirdi. Bəziləri səbəbi oyunçularda, digərləri baş məşqçidə, bir başqaları isə AFFA-da axtarır. Hərənin öz fikri və öz əsaslandırması var.
Bəlkə də, Kosovoya 0:4 hesablı məğlubiyyət olmasaydı və milli son matçda mübarizə aparıb uduzsaydı, nəticə bu qədər ajiotaj doğurmayacaqdı. Lakin Priştinada qeydə alınan nəticə azarkeşlərə sözün əsl mənasında şok yaşatdı.
"Meydan sahibləri ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi, bunu etiraf etmək lazımdır. Bu, psixoloji cəhətdən də belə idi. Bizə qalib gəlmək lazım idi. Meydana da bu istəklə çıxmışdıq. Erkən qol planlarımızı pozdu. Yorğunluq da ola bilər, psixoloji təzyiq də. Ancaq ilk növbədə, rəqibin ustalıq səviyyəsini göstərərdim. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq", - deyə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov bizimlə söhbətində bildirib.
Lakin millimizin Farer adaları, Malta və Kosovo kimi zəif rəqiblərin yer aldığı qrupda pley-offa vəsiqə qazana bilməməsinin səbəbləri yalnız bunlardırmı?
Məşqçi amili
Milli komanda səfərdə Kosovo kimi komandaya uduzursa, sözsüz ki, baş məşqçi günahsız deyil. Futbolçularımız nə qədər zəif olsa belə, Maltanı iki oyunda məğlub etməliydi, ilk turda Kosovo ilə evdə həddən artıq ehtiyatlı oynamamalıydı. Lakin nəzərə alsaq ki, Qurban Qurbanovun millidə çalışdığı heç bir il deyil, kökündən “baltalamaq” da doğru olmazdı. Əlbəttə, baş məşqçinin “Qarabağ” komandasının sükanı arxasında Azərbaycan fubolu üçün yetərincə böyük uğurlar əldə etməsi bizim gözləntilərimizə də təsirsiz ötüşməmişdi. Ancaq onu da unutmaq olmaz ki, milllidən fərqli olaraq, “Qarabağ” əsasən legionerlərdən formalaşdırılıb. “Qarabağ”ın baş məşqçisi Qurbanovla yığmanın baş məşqçisi Qurbanovu eyniləşdirməyə imkan verməyən bir sıra digər faktorlar da var. İstənilən halda AFFA baş məşqçi ilə 6 illik müqavilə bağlayıb və onun etimadı doğruldub-doğrultmayacağını indidən demək tezdir.
Vəziyyət ümidsiz deyil?
Çoxları deyə bilərlər ki, Azərbaycan yığmasının indiki heyətilə hətta dünyanın adlı-sanlı məşqçiləri də uğura imza ata bilməz. Əlbəttə, Azərbaycan futbolçuları ustalığına görə avropalılardan geri qalır. Onlar legioner həyatı yaşamaq istəmir, lazımi qədər peşəkar deyil, öz üzərlərində işləmir, “isti evimdə oturum, pulumu qazanım” düşüncəsiylə yaşayırlar. Nəticədə, nə xarici klublar onlara maraq göstərir, nə də menecerlərin bu futbolçuları kiməsə təklif etmək üçün əlində əsası olur. Odur ki, Qurbanov da işini buna görə qurmalıdır. Bundan artığı yoxdur və bu gedişlə yaxın gələcəkdə olmayacaq. Legioner limitinin ləğv olunmasının, maaşların azaldılmasının yığmanın güclənməsinə ciddi mənada təsir edəcəyi bir o qədər də inandırıcı görünmür.
Lakin onu da xatırlamaq yerinə düşərdi ki, Robert Prosineçkinin rəhbərliyi dövründə Azərbaycan milli komandası 2018-ci il Dünya Çempionatının seçmə mərhələsində dörd oyundan sonra ikinci yeri tutmuşdu. Sonradan nəticə pisləşsə də, bütövlükdə yığmanın çıxışı vəziyyətin o qədər də ümidsiz olmadığından xəbər verirdi.
Kasıbın olanından?
Yığmanın son uğursuzluğuna görə AFFA-nın da məsuliyyəti az deyil. Azərbaycanda idmana göstərilən diqqətin fonunda Millətlər Liqasında pley-offa vəsiqə qazana bilmiriksə, bu ciddi siqnal olmalıdır. Problemlər ciddi araşdırılmalı, ölkə çempionatında rəqabətin aşağı olması, uşaq futbolunda və klubların aşağı yaş qruplarında vəziyyətin acınacaqlı olması etiraf olunmalıdır.
Ölkə klubları bütün diqqətini xarici bazara yönəldib və qısa zamanda uğur qazanmağı hədəfləyib. Klublar legionerlərlə güclənərək tez bir zamanda avrokuboklara vəsiqə qazanmağa çalışır. Amma aşağı yaş qrupları, klubların uşaq məktəblərinin fəaliyyətsizliyi unudulub.
Son 5 ildə milli çempionatda yeni ada rast gəlinməyibsə, deməli, ölkə futbolunda rəqabət yoxdur. Milli komanda oynamaq üçün vur-tut 20-25 futbolçu var. Onlar arasında da seçim yoxdur. Adi bir misal çəkək: Rəşad Sadıqov əsas komandayla vidalaşandan sonra müdafiədə onun yerini dolduracaq inamlı futbolçu tapmaqda çətinlik çəkirik. Qapıçımız Kamran Ağayev zədələnən kimi millinin böyük problemlərlə üzləşdiyini söyləyirik.
Rəqabətin və seçimin olmadığı bir mühitdə millinin heyətində yeniliklərin edilməsindən danışmaq mümkün görünmür. Üstəlik, buna vaxt da yoxdur.
2019-cu ilin martında Avropa Çempionatının seçmə mərhələsi başlayır. Üç ayda ciddi dəyişikliklər etməklə uğur qazanmaq mümkünsüzdür. Düzdür, AÇ-də bizim ilk iki pillədən birini tutub final mərhələsinə adlamağımız real deyil. Lakin ən azı yuxarı pillələrdən birini tutsaq, komandada özünəinam yaranacaq.
MƏSLƏHƏT GÖR: