5 Dekabr 2025

Cümə, 16:09

CİSM, RUH VƏ DİL

Bakı müxtəlif ölkələrin teatr mütəxəssislərinin işlərini öyrənir

Müəllif:

01.12.2018

Fiziki, immersiv teatrlara olan maraq bu gün böyükdür. Amma Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda çağdaş teatr bu sahələri çoxdan mənimsəsə də, onların azərbaycanlı həmkarları hələ də bu istiqamətin astanasındadırlar. Bizdə demək olar ki, heç kim fiziki teatrla məşğul olmur… Tərlan Rəsulovdan başqa. Ən azından o, YARAT! Müasir İncəsənət Mərkəzində və Xalça Muzeyində immersiv tamaşalar qoymaq cəhdləri göstərir.

"İmmersiv" termini ingilis dilindən tərcümədə "mövcudluq effektini təmin edən" deməkdir. Bu termindən istifadə etmək ilk dəfə 2011-ci ildə Nyu-Yorkda indi çox məşhur olan «Sleepno more» tamaşasının qoyuluşu zamanı Britaniyanın «Punch drunk» şirkətinin əməkdaşlarının ağlına gəlib.

Maska geyinmiş tamaşaçılar "MakKittrik hotelində" (əslində isə dekorasiya edilmiş boş anbarda) gəzişərək hardasa Şekspirin «Makbet» əsərini və 1930-cu illərin nuar janrlı filmlərini xatırladan tamaşanı seyr ediblər. Bu termin 1940-1950-ci illərdə çəkilmiş Hollivudun kriminal dramlarına da aid edilib. Bu filmlərdə İkinci Dünya müharibəsi və «soyuq müharibə»nin ilk illərində Amerika cəmiyyətinə xas olan pessimizm, inamsızlıq, məyusluq və vecsizlik atmosferi əks olunurdu.

Səhnədə "iştirak" hissi, doğrudan da, həm tamaşaçıların, həm də tənqidçilərin ürəyincə olub. Buna görə də, premyeradan çox il keçsə də «Sleepno more»yə bilet tapmaq indi də çətindir. Bu gün immersivlik o cümlədən MDB məkanınada teatr-tamaşaçı ünsiyyətinin ən populyar formasına çevrilərək, virtual reallığı və kompüter oyunlarını arxa planda qoyub. Axı, pərdəarxası şəhər macəraları və teatr "əfsanələri" çox populyar olur. Son nəticədə kino da immersiv ola bilər. İmmersiv teatr həm rejissura, həm də şəhər istirahəti baxımından populyarlaşıb. Teatrın özəlliyi ondadır ki, aktyor istənilən vaxt izləyicini tamaşaya cəlb edə bilər. Xoşbəxtlikdən hazırda Bakı teatr sahəsində qarşılıqlı əlaqələrə açıqdır və bu sahədə təcrübəli mütəxəssislər ölkəmizə gələrək öz təcrübələrini bölüşürlər. Özü də bu, yalnız immersiv teatr sahəsi ilə məhdudlaşmır. Bu sıraya interaktiv teatr, eşitmə problemləri olan uşaqlar üçün teatr, etnik teatr, psixoloji teatr, fiziki teatr və s. teatrlar da daxildir.

 

İmmersiya ilə Bakıda

Çağdaş teatrın immersiv yönü barədə İsraildən olan gənc bir rejissorla söhbətləşdik. Leon Moroz aktyorluq bacarığı üzrə fərdi proqram müəllifi olan Sofiya Moskoviçin tələbəsidir. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qrupunda aktyorlar və rejissorlar üçün master-klass keçib. Bakıya ilk dəfədir ki, gəlib. Şəhəri elə hava limanındaca sevə bilib. Belə hallar olur: təyyarədən çıxan kimi şəhərin sənə necə qucaq açdığını hiss edirsən. Leon da belə bir hiss keçirib. Ona görə, dan yeri söküləndə Azərbaycan torpağına ayaq basarkən yuxudan oyanan şəhərin gözəllik atmosferini ləzzətlə seyr edib və bura – peşəkar maraqlar atmosferinə mütləq bir daha qayıdacaq.

- İmmersiv teatr bu gün də populyardır?

- Mən immersiv teatrın yenicə populyarlaşdığını deyə bilmərəm. İzləyicinin iştirakı konsepsiyası kimi o, uzun müddətdir ki, mövcuddur. Biz ona, sadəcə, daha müasir üsullar və formalar əlavə etdik. Çünki müasir teatr öz gələcək yolunu axtarmaq halındadır, amma hər yeni şey güclü unudulmuş köhnədir, immersiv teatr yeni bir növ mövqesində olduğuna görə maraq doğurur.

- İmmersiv teatrın gələcəyi olduğunu düşünürsünüzmü?

- Yalnız teatrın mümkün formalarından biri kimi. Əsas növün şaxələrindən biri kimi.

 

Fiziki teatr

Bu növ tez-tez bizə yenilik kimi təqdim olunur, əslində isə öz kökləri ilə sovet teatrının yeni yarandığı uzaq keçmişinə gedir. Əgər ötən əsrin 80-ci illərindən danışılarsa, yəqin ki, Vyaçeslav Poluninin «Litsedei» teatrını, həmçinin sovet rus aktyoru, rejissoru, xoreoqraf və musiqiçi Anton Adasinskinin «Derevo» teatrını xatırlamaq yerinə düşər. XXI əsrdə, çex teatrı «Farma v Ceskyni» ortaya çıxdı və çox məşhur oldu (2001-ci ildə yaradılıb). Bu janrın xarakterik xüsusiyyəti hərəkətin mətn üzərində mütləq üstünlüyüdür (mətnin tamamilə olmaması da istisna olunmur); dramaturq mətnindən asılı olmayaraq hərəkətin bədən dilinin və hərəkətli mimikanın köməyi ilə təqdim edilməsi fiziki teatrı pantomimə yaxınlaşdırır. Fiziki teatr ilə bağlı Moskvada «Fiziki teatr laboratoriyası»nın rejissoru və bədii rəhbəri Lidiya Kopina ilə danışmışıq.

- Necə düşünürsünüz, sözlə işləyən dram teatrı aktyorları üçün fiziki master-klassa ehtiyac varmı?

- Lazımdır! Pantomima ilə başlayan böyük ustalar, məsələn, Parisdə fiziki teatr məktəbi «İnternasional»ı təsis edən fransız aktyoru Jak Lekok hesab edirdi ki, aktyor teatrından asılı olmayaraq mütləq bədən məşqi ilə məşğul olmalıdır. Mən bu fikri bölüşürəm. Avropalı rejissorların, aktyorların və hətta səhnə quruluşçularının artıq bir nəsli bu işləmə sistemi üzrə yetişdirilir. Aktyorun fiziki məşqi bütün yetkin həyatı boyu peşə hazırlığının xidmətində olmalıdır. Onun yaradıcılıq fəaliyyətinin hansı teatr növünə - dramatik, musiqili, kukla, pantomima və ya balet teatrına aid olması elə də vacib deyil. İstənilən aktyora bədənini hiss etmək vacibdir. Bədən də ruhu kimi, aktyorun aləti sayılır.

- Başqa sözlə, bədən məşqi hər bir aktyora qəhrəmanın obrazını yaratmaq üçün minimal vasitələrlə maksimum nəticə əldə etməkdə yardımçı ola bilər?

- Bunu belə də demək olar, ancaq kiçik bir düzəlişə ehtiyac var: fiziki təlim deyil, psixo-fiziki təlim lazımdır, məşqdə vurğu məhz psixika – fizika əlaqəsinə yönəldilir. Hər ikisinin inkişaf balansına. Onların qarşılıqlı əlaqəsinə.

- Fiziki teatrın psixoloji teatra dəxli varmı?

- Bu, psixoloji teatrın tərkib hissələrindən biridir. Mənim məşğul olduğum işlər də psixologiya teatrına aiddir. Həm də rolun insani ruhunun axtarışına dəxli var. Bizim bütün hisslərimiz, düşüncələrimiz, duyğularımız həm fizikadır, həm də psixika. Səhnədə ən mühüm məsələ insandır - ruhunun bütün təzahürləri ilə birlikdə. Həmişə belə olub. Həm uzaq keçmişdə belə olub, indiki gün də belədir və gələcəkdə də belə olacaq. Əksər mütəxəssislər səhnədə aktyor-insanın önəmindən danışırlar.

- Yeri gəlmişkən, Bakı haqqında təəssüratlarınız necədir və burada keçirilən teatr konfransını necə qiymətləndirirsiz?

- Gözəl! Belə konfranslar çox lazımlı və vacibdir. Onlar müxtəlif xalqların teatr işinin bütün problemlərini "görməyə", fikir və təcrübə mübadiləsinə, paylaşım üzrə praktiki əməkdaşlıq qurmağa, o cümlədən master-klass mübadiləsi etməyə imkan yaradır. Peşə məsələləri üzrə daha ətraflı ünsiyyət üçün müəyyən vaxt azlığı yaşandı. Mən burada teatrın psixofiziki problemləri ilə məşğul olan insanlarla tanış oldum. Biz əlaqə qurduq, amma təəssüf ki, ciddi bir dialoq üçün kifayət qədər vaxt yox idi. Şəhərə gəldikdə isə, o, məni qeyri-adi gözəlliyi ilə sarsıtdı. Gəldiyim gün günəşli və isti idi. Gözəl, günəşli, isti Bakıda gəzdim. O, Parisin mərkəzi hissəsini, bir az Barselonanı, İçərişəhər də Kolumbiyada yerləşən kolonial Kartaxenanı xatırladır, eyni zamanda özünəməxsus və təkrarsız olaraq qalır. Mən şəhərin gözəlliyinə, insanlarına heyran qalmışam; şadam ki, konfrans yeni peşəkar və dostluq əlaqələrinin yaradılmasına imkan verdi.

 

İnteraktiv teatr

Monika Neçpalova Slovakiyadan gəlmiş gənc rejissor və aktrisadır. O və onun həmkarları interaktiv tamaşa sahəsində praktiki tədqiqatlar üzrə ciddi işləyirlər. Onların kiçik teatrı yalnız öz ölkələrində tamaşa göstərməklə qalmır, qonşu ölkələrə də gedirlər. Təcrübələrə slovak dili bilməyən uşaqlar da cəlb edilir. Təcrübənin kökündə bu dayanır: (istənilən insan kimi!) aktyorun jestinin, mimikasının, hərəkətlərinin, psixi və fiziki vəziyyətinin ifadəliliyi insanların ünsiyyəti zamanı verbal səviyyədə dilin funksiyalarını əvəz edə bilər. Yəni sözlərdən istifadə etmədən.

- XXI əsrdə interaktiv teatrın önəmi nədədir?

- Bu cür teatr təkcə uşaqların fəallığını inkişaf etdirməklə qalmır, o cümlədən onların düşünmə fəallığını da inkişaf etdirir. Amma belə bir qarşılıqlı teatr ünsiyyəti forması həm də miqrasiya prosesləri nəticəsində milli azlığa çevrilmiş və yaşadığı ölkənin dilinə yad dildə danışan uşaqların sosial və psixoloji uyğunlaşması ilə bağlı problemlərin həllində iştirak edir.

- Belə ciddi proqram nəticə verirmi?

- Mütləq verir! Çünki uşağa yad mühitə daha tez uyğunlaşmaqda kömək edir, öyrədir ki, insanlar istədikləri zaman bir-birlərini anlaya bilərlər. Əsas odur ki, xoş niyyətləri olsun.

- Amma belə bir teatrda aktyorların peşəkar marağı nədir?

- O! Çox böyükdür. Bu, ustalıq üçün daimi təlimdir, çünki hər zaman onlayn-improvizasiya və təcrübə halında olmalıdırlar. Bu, daima peşəkar formanı saxlamağa imkan verir.

- Nə təcrübəsi?

- Səhnə improvizasiyası ilə. Axı, tamaşanın düşünülmüş süjetinə həmişə uşaqların davranışı və bizə, aktyorlara, onlara təqdim etdiyimiz tamaşaya reaksiyaları ilə bağlı gözlənilməz hallar müdaxilə edir.

- Necə düşünürsünüz, interaktiv teatrın gələcəyi var?

- Düşünürəm ki, hə. Həm də düşünürəm ki, bu günü və sabahın teatrı fərqli olacaq. İnsanların fərqli olması kimi. Teatr insanlar üçündür. İnsanlar da həmişə özlərinə lazım olanı yaradırlar.

 

Eşitmə problemləri olan insanlar üçün teatr

Emili Kamarinopulo (Yunanıstan) - "Balaca tülkücüklər" adlı uşaq simvol teatrının yaradıcısıdır, teatrın tamaşaları 7 aylıqdan 3 yaşa qədər olan körpələr üçün nəzərdə tutulub. Teatr forma, məzmun və mahiyyətcə unikaldır. Tamaşalar həm uşaqlar, həm də valideynlər üçün, həm də bu fiziki qüsuru olmayanlar üçün nəzərdə tutulub. Burada onlar kiçik yaş kateqoriyalı uşaqları ilə "işləyirlər" (əslində oynayırlar yazmaq istəyirsən!).

- Emili, nə vaxtsa sovet dövründə bizdə də eşitmə və danışma problemi olan insanlar üçün nəzərdə tutulmuş mimika və jest teatrı olub. Amma belə yaş kateqoriyası üçün teatr heç vaxt olmayıb. Körpə uşaqlarla işləmək çətindir?

- Yox. Elə də çətin deyil. Maraqlıdır. Mənim ürəyim uşaqlara olan məhəbbətlə doludur. Onlar biz insanların malik olduğu ən yaxşı varlıqlardır.

- Belə bir yaş auditoriyası ilə ünsiyyət yaratmaq üçün hansı üsullardan istifadə edirsiniz?

- Simvollar teatrında biz jest dilindən və kiçik uşaqların erkən yaşlardan hərəkəti və ya mənalı təsviri tutuşdurmaq, başqasının halına acıma yolu ilə anlamaq, istəklərini ifadə etmək üçün improvizasiya etmək və hər kəslə bütün mümkün yollarla ünsiyyət qurmaq qabiliyyətindən istifadə edirik.

- Bu, uşaqlara nə verir?

- Duyğularını praktiki ifadə etmək bacarığı, şüurlu hərəkət etmək vərdişləri əldə etmək, məkan qavrayışını inkişaf etdirmək, ünsiyyət və mürəkkəb konsepsiyaları qəbul etmək bacarığı verir.

 

Psixoloji teatr

Alisa İvanova - rejissordur, Sankt-Peterburq Dövlət Səhnə İncəsənət İnstitutunun aktyorluq sənəti üzrə müəllimidir (Veniamin Filştinskinin emalatxanası), "Demidov etüdləri" master-klass proqramının müəllifidir. Proqram Avropa, Asiya və ABŞ-da teatr məktəbləri tərəfindən tələb olunur. Teatr dünyası üçün rus teatr rejissoru və müəllimin Nikolay Demidovun yaradıcılıq tədqiqatları araşdırılmamış bir sahə olaraq qalıb (məşhur toxuculuq fabrikantı Vasili Demidovun oğlu, həmçinin Konstantin Stanislavskinin assistent və opponent olub). Əvvəllər arxivlərdə gizlədilmiş olan bu material indi teatra qaytarılır, Stanislavski onlara rəsmi elmi araşdırma statusu vermək istəməyib.

- Nikolay Demidovun etüdləri dram teatrının aktyorlarına nə verir?

- Bu, yalnız dram teatrın aktyorları ilə məhdudlaşmır – bu, aktyora xarici dünyaya deyil, özünə güvənməyə kömək edir. Öz içindəki dünyanı dinləməyə və ona qulaq asmağa kömək edir. Mənim proqramımın məqsədi onları (aktyorları) ətraf mühitdən çıxarıb özlərinə qərq etməkdir. Öz "mən"lərinə qaytarmaqdır. Yalnız təhlükəsiz mühitdə, sevildiyiniz və özünüzü başqalarına güvəndiyiniz yerlərdə yüksək yaradıcılıq mümkündür.

- Rusiya Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə siz Bakıda Rus Dram Teatrı aktyorları, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri üçün master-klass keçmisiniz. Nəticələrdən razısınızmı?

- Yetərincə çox razıyam! Üç günlük məşğələ ərzində biz, adətən, bir həftəyə görülən işləri görə bildik. Mən sizin bütün aktyorların gözəl olduğunu gördüm. Onların hamısı çox fərqlidir və hamısı çox dərindir. Onların hər biri yüksək mənəvi və energetik potensiala malikdir. Onlarla işləmək lazımdır. Ancaq bu metodun daha dərin tədqiqi üçün, təəssüf ki, vaxt çatmadı. Təəssüf ki, aktyorlarınız üçün əlavə dərslər keçmək alınmadı. Əfsus ki, Demidov və onun etüd sistemi ilə bağlı məruzə ilə çıxış etmək alınmadı. Amma xoşbəxtəm ki, Bakıda oldum. Peşə işləri ilə səyahət çox maraqlı və çox vacibdir. O cümlədən, teatr təcrübələri ilə səyahət. Əlbəttə, həmkarlarla tanışlıq və teatr məsələləri barədə ünsiyyət də vacibdir. Həm də bütün bunlar gözəl Bakı şəhərinin fonunda baş verir! Təəssüf ki, hər şeyi edə bilmədik. Ona görə də, fikri sonra qədər çatdıra bilməmə hissi yaranıb.

Şəhər, insanlar - hər şey gözəldir. Biz bütün bunlara aşiq olduq. Biz ovsunlandıq. Bu ovsunun mümkün qədər uzun davam etməsini istədik. Vidalaşan zaman biz ümid etdik ki, Bakı ilə yenidən görüşəcəyik.



MƏSLƏHƏT GÖR:

445