Müəllif: Oleq KUZNETSOV, Moskva
1932-ci ildə Bolqarıstan erməniləri o dövrdə Sofiyada yaşayan Qaregin Njdeni «Daşnaksutyun» partiyasının XII qurultayına öz rəsmi nümayəndəsi seçmişdilər. Bu, Njdedə radikal sağçı, millətçi «tseqakron» nəzəriyyəsini yaratmaq həvəsi oyatmışdı. Njde hesab edirdi ki, bu, daşnak partiyasınının ideoloji baxımdan yenidən formalaşdırılması üçün lazımdır.
Njde fikirlərini xülasə halına salaraq ictimaiyyətə yayılması üçün daşnak partiyasının Bolqarıstan komitəsinin daha bir rəhbəri Ayk Asatryanla (ad və soyadı rus dilində Xayk Assaturyan kimi də yazılır) birlikdə bir çox məqalə yazaraq çap etdirmişdi. Məqalələrdə onların ermənilər üçün uydurduqları yeni ideoloji konsepsiyadan bəhs olunurdu. Sonradan bu ideologiya bir neçə dəfə dəyişib və İkinci Dünya müharibəsinin əvvəlinə son formasına qovuşub.
Təhlükəsizlik Xidməti (TX) və abverin etnik erməni olan keçmiş agenti Pyotr Kamsarakan SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşlarına verdiyi ifadələrdən birində «tseqakron» sözünü rus dilinə «irqçilik», eyniadlı təşkilatın adını isə «İrqçilər» kimi tərcümə edib. Yəni erməni təbliğatçılarının son zamanlar ortaya atdıqları «rodovera» neologizmi əslində, «tseqakron» sözünü daha xoşagələn formada ifadə olunması üçün düşünülüb. Xatırladaq ki, SSRİ-nin daxili işlər naziri general-polkovnik S.N.Kruqlovun İ.A.Stalinin və SSRİ-nin digər ali rəhbərlərinin adına yazdığı 18 oktyabr 1948-ci il tarixli arayışda bildirilir ki, Njde Kamsarakanın ifadələrilə tanış olduqda onunla tam razı olduğunu bildirib. Başqa sözlə, o, erməni irqçiliyi ideologiyasının yaradıcısı olduğunu etiraf edib.
Bununla yanaşı, «tseqakron» nəzəriyyəsini irqçilik kimi ifadə edən yalnız Njde ilə Kamsarakan olmayıb. 2007-ci ildə İrəvanda polkovnik V.M.Ovsepyanın «Qaregin Njde və TDK: kəşfiyyatçının xatirələri» adlı memuarı dərc olunub. 1952-1953-cü illərdə kapitan Ovsepyan Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində (xarici kəşfiyyat) baş əməliyyat müvəkkili vəzifəsini daşıyıb və Njde ilə operativ iş aparıb.
O, Ermənistanın Dövlət Təhlükəsizliyi Orqanlarının Veteranlar Şurasının sədri kimi (bu üzdən Ovsepyanın ölkənin xüsusi xidmət orqanlarının arxivinə giriş imkanı var) yazdığı xatirələrdə Ermənistan SSR DTN-in Njde ilə bağlı 11411 saylı istintaq işinə dair bir sıra sənədləri, həmçinin vaxtilə Njdenin «Daşnaksutyun» partiyasından silahdaşı olmuş Ovanes Devecyanın dindirilmə protokolunu dərc edib. Hazırda həmin sənədlər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxivində (8882 saylı arxiv işi) saxlanılır.
Devecyan 1923-1933-cü illərdə Sofiyada yaşayıb, daşnakların Bolqarıstandakı komitəsinin üzvü olub, Njde ilə birlikdə bu millətçi partiyanın 1932-ci ildə Parisdə keçirilmiş XII qurultayına üzv seçilib. Daha sonra o, Rumıniyaya köçüb, İkinci Dünya müharibəsi illərində nasist kəşfiyyatına işləyib, Sovet İttifaqının hərbi əks-kəşfiyyatı tərəfindən həbs olunaraq barəsində operativ istintaqın aparılması üçün İrəvana göndərilib, hətta həbsxanada Njde ilə eyni kamerada saxlanılıb.
O.Devecyan 1947-ci il avqustun 28-dəki dindirilmə zamanı deyib: «Əgər «tseqakron» sözünün mənasını aydınlaşdırmaq istəyirsinizsə, bu, irq qarşısında baş əymək, onun təmizliyinin qorunub saxlanması deməkdir. Bu, nasizmə, hitlerizmə bərabər bir şeydir. Beləliklə, Njde yaratdığı «Tseqakron»la, əslində, ermənilər arasında faşizmi təbliğ edirdi».
Göründüyü kimi, XX əsrin ortalarında erməni millətindən olan təhsilli, savadlı, bir neçə dil bilən şəxslər (Kamsarakan, Devecyan və Njde ən azı 3-4 xarici dildə sərbəst danışıblar) «tseqakron» sözünü mifik «rodover» kimi deyil, məhz «irqçilik», yaxud «nasizm» kimi tərcümə ediblər. Üstəlik, onlar «tseqakron»un ermənilərin irqi və ya milli üstünlüyünü nəzərdə tutan ideologiya olduğunu biliblər.
Uzun müddət Bolqarıstandakı erməni diasporunun lideri olmuş Njde öz nəzəriyyəsinin təbliği məqsədilə Sofiyada «Xrovk» adlı millətçi jurnalı da buraxıb. Daha sonra o, daha az maliyyə tələb edən «Razmiq» qəzetinin nəşrinə başlayıb. Qəzetin redaktoru Njde ilə eyni düşüncəyə malik silahdaşı Ayk Asatryan olub. Njdenin «tseqakron» nəzəriyyəsilə bağlı ilk məqaləsi 1932-ci ildə məhz bu jurnalda çap olunub. «Tseqakron qələbənin rəhnidir» adlı məqalə ariyalı-erməninin təsvirinə həsr olunmuşdu. Beləliklə, Njdenin fəal publisit və naşir fəaliyyəti nəticəsində Bolqarıstan faktiki olaraq, müasir erməni millətçiliyinin ən mənfur formada ortaya qoyulduğu ölkəyə çevrilib.
Bu məqalənin məhz həmin dövrdə ortaya çıxması sadəcə, vəziyyətdən, şəraitdən irəli gələn məsələ deyildi. Bu, Njdenin alman nasizminin füreri Adolf Hitlerə bənzəmək yolunda apardığı işin qanunauyğun nəticəsi idi. Həmin il iyulun 7-də keçirilmiş parlament seçkisində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSAFP) inamlı qələbə qazanmış, Almaniya reyxstaqında çoxluğu ələ keçirmiş, Hitler isə aprelin 10-da təşkil olunmuş reyxprezident seçkisində seçicilərin üçdə birinin dəstəyini alaraq 2-ci olmuşdu. Bu, onu reyxkansler postuna əsas namizədə çevirmişdi. Odur ki, Almaniyada və qonşu dövlətlərdə, həmçinin Böyük Britaniya və ABŞ-ın mühafizəkar dairələrində nasizmin populyarlaşdığını görən Njde hiss edirdi ki, onun erməni diasporu üçün yaratdığı yeni ideologiya Avropa ölkələrində bu qədər məşhurluq qazanmış nasizm ideologiyasına bənzəməlidir. Njde məhz bu məqsədlə nasizmin bir sıra müddəalarını öz ideologiyası üçün əsas seçmişdi.
Njde «tseqakron» nəzəriyyəsində erməniləri «emosiya və şüur baxımından» 3 yerə bölür: tsexamard, joxovurd və takank. Tsexamard Njdenin bölgüsündə erməni millətinin ən yaxşı hissəsidir. Onların hədəfi ermənilərin Ermənistanda mövcudluğunun əbədiləşdirilməsidir. Bu insanlar özündə erməni xalqının ideologiyasını daşıyır, onu gələcək nəsillərə ötürür, vətən uğrunda məhz onlar şüurlu şəkildə döyüşür və özünü qurban verir.
Yenə də Njdenin təsəvvüründə joxovurd ermənilərin tərəddüd içərisində olan, vahid qərara gələ bilməyən hissəsidir. Kütlə effektinin təsirinə məruz qalmış bu insanlar gündəlik həyatını yaşayır. Halbuki tsexamardlar əbədi ideallarla, hədəflərlə, keçmişin xatirələrilə, həmçinin gələcəyə böyük inamla və nəhayət, bunun uğrunda gündəlik mübarizə aparmaqla tanınırlar.
Takanka gəlincə, onlar dönük, xarici düşmənlərin bir hissəsi olan daxili düşmənlərdir. Njde hesab edirdi ki, takank ermənilərin vüqarı yoxdur. Onlarda xudbinliyin ifrat dərəcəsinə, merkantilliyə rast gəlinir. Bu insanlar özlərində millət və dövlət qarşısında hər hansı öhdəlik görməsələr də, daim özləri üçün nəsə tələb edirlər. Njde hesab edirdi ki, tkanakın, ümumiyyətlə, milli mənsubiyyəti yoxdur. Onların erməni dilində danışması sadəcə, valideynlərinin onlara ünsiyyət vasitəsi kimi, bu dili öyrətməsinin (başqa dili öyrənənədək) nəticəsidir. Bundan başqa, tkanak Ermənistanı vətən saymır, diaspora kimi yaşamağa üstünlük verir, onlar üçün ən ali dəyər maddi rifahdır. Müvafiq olaraq, Njdenin fikrincə, passionari-tsexamardlar joxovurdları arxasınca aparmalı, səfeh-takankları isə erməni milləti sıralarından qovmalı idi.
Erməni etnosu nümayəndələri arasında bu cür «bölgü» erməni diasporunun milli və vətənpərvərlik ruhunun yüksəldilməsinə deyil, onun həyatının siyasiləşdirilməsinə yönəlmişdi. Ermənilər arasında qan qohumluğu, etnodini əlaqələr ənənəvi olaraq, güclüdür. Bu üzdən diaspora kimi yaşayan ermənilərin əksəriyyəti üçün yaşadıqları ölkənin ictimaiyyəti arasında deyil, öz icması daxilindəki statusu daha vacib və əhəmiyyətli olur. Njde də özünün «tseqakron» nəzəriyyəsini yaradan zaman məhz bu hissə hesablanmış addımlar atırdı: özünü tsexamard və ya erməni milləti ideyalarının daşıyıcısı sayan bu şəxs digər «adi» ermənilərdən, yaxud joxovurdlardan istər emosional-mənəvi, istərsə də maddi baxımdan ona tabe olmalarını tələb edir, nüfuzunu qəbul etməyənlərə isə takank damğası yapışdıraraq, onları xalqı, milli ideyaları satanlar adlandırırdı. Bu gün əksər qeyri-ənənəvi kilsələrdə, totalitar təriqətlərdə belə idarəçilik üsulundan istifadə olunur və o, elmi ədəbiyyatda incəliklərinə qədər yazılıb. Lakin 1930-cu illərdə bundan çox az adam xəbərdar idi. Odur ki, Njde ya bunu zəngin empirizm sayəsində intuitiv hiss edirmiş, ya da kənardan götürərək, sadəcə, erməni etnosunun şüuruna uyğunlaşdırırmış. O dövrün tarixi reallıqlarında Njdenin plagiatla məşğul olmaq üçün mənbə seçmək imkanı isə geniş olmayıb – ya Benito Mussolininin italyan faşizmi, ya da Adolf Hitlerin alman nasizmi.
Beləliklə, Njde xüsusi əziyyət çəkmədən alman nasizmindən 7 mənəvi dominant və ya kult konsepsiyasını özünün «tseqakron» nəzəriyyəsinə tətbiq edib. Njdenin təqdim etdiyi ideologiyanın nəzəri əsasını NSAFP-nin 1 aprel 1920-ci ildə qəbul etdiyi «25 maddə proqramı» («25 Punkte-Programm N.S.D.A.P.») təşkil edirdi. Qeyd edək ki, bu proqram 1926-cı ildə alman nasizminin «sarsılmaz» prinsipləri elan olunmuşdu.
Vətən kultu erməni millətinin təbii olaraq formalaşdığı, öz dövlətini və sivilizasiyasını qurduğu, orijinal mədəniyyətini yaratdığı torpaqlara sadiqlik və sitayiş tələb edirdi. Analoji tələblərə NSAFP-nin proqramının 10 və 20-ci maddələrində də rast gəlinirdi: «Almaniyanın hər bir vətəndaşının ilk borcu zehni və ya fiziki işlə məşğul olmaqdır. Heç bir vətəndaşın fəaliyyəti ümumilikdə ictimaiyyətin maraqlarına zidd olmamalıdır. Əksinə, bu fəaliyyət cəmiyyətin tərkibində olmalıdır və ümumi faydaya hesablanmalıdır»; «Bütün təhsil ocaqlarının proqramları praktiki həyatın tələblərinə uyğunlaşdırılmalıdır. Məktəb uşağın şüuruna lap əvvəldən məqsədli şəkildə dövlətçilik ideyalarını yeritməlidir».
Qan kultu ermənilərə başqa etnosların nümayəndələrilə nikaha girməyi qadağan edirdi. Amma erməni qadınlar başqa millətə mənsub kişilərdən uşaq dünyaya gətirə bilərdi. Sadəcə, bu halda uşağa «tseqakron» təliminə uyğun tərbiyə verilməli idi. Njde hesab edirdi ki, Ermənistan vətəndaşlığını yalnız ölkə qarşısında öhdəliklərini yerinə yetirmiş və ya yetirən etnik ermənilər daşıya bilər. Beləliklə, onun elan etdiyi qan kultu NSAFP-nin partiya proqramının 4 və 6-cı maddələrilə eyni idi: «Alimaniya vətəndaşlığını dini mənsubiyyətindən asılı olmayaraq, yalnız alman xalqından olan, damarlarında alman qanı axan şəxslər daşıya bilər»; «Qanunvericiliyin formalaşdırılması ilə, dövlət idarəçiliyilə yalnız vətəndaşlığı olan şəxslər məşğul olmalıdır».
Dil kultu ermənilərin üzərinə bir-birlərilə yalnız erməni dilində danışmaq öhdəliyi qoyur, dialektlərin nivelirlənməsini tələb edirdi. Nəticədə, ədəbi erməni dili formalaşmalı idi. Almanların ədəbi dili – Şiller və Höte dili – Almaniyada hələ XIX əsrin ortalarında formalaşmışdı və nasistlər üçün bu məsələ aktual deyildi. Bununla yanaşı, NSAFP-nin proqramının 23-cü maddəsi «alman mətbuatı»nın hökmranlığını zəruri edirdi. Sənəddə deyilirdi ki, «alman dilində nəşr olunan Almaniya qəzetlərinin naşirləri, redaktorları və əməkdaşları yerli vətəndaşlar (yəni etnik almanlar) olmalıdır». «Qeyri-alman qəzetlərisə çap olunmaq üçün dövlətdən xüsusi icazə almalı», üstəlik, «qeyri-alman dilində nəşr olunmalıdır».
Erməni xalqı uğrunda həlak olmuşlar kultu dünyasını dəyişmiş tsexamardları erməni-qriqoryan inancı kanonuna əsasən, Erməni apostol kilsəsinin (EAK) müqəddəsləri elan edirdi. İctimaiyyətdən onlara sitayiş edilməsi tələb olunurdu. EAK xüsusi kilsə bayramı olan Vardanankı məhz bunun üçün təsis edib. O, fevralın ortalarında, Pasxaya 8 həftə qalmış cümə axşamı günü qeyd olunur. Həmin gün Avarayr döyüşündə həlak olmuş şəxslərin də xatirəsi anılır. Halbuki bu hadisə 451-ci il mayın 26-da və ya iyunun 2-də baş verib. Həmin gün Ermənistanın düşmənləri tərəfindən öldürülmüş bütün insanlar EAK-ın müqəddəs şəhidləri kimi anılır. Bu isə qan kultu ilə üst-üstə gələrək, ictimaiyyət üçün onun əhəmiyyətini artırır.
Əcdad kultu erməni xalqının keçmiş və gələcək nəsilləri arasında mənəvi bağın qırılmasını qatı cinayət sayırdı. O, tsexamardlarla joxovurdlardan milli tarixin rəsmi versiyasının öyrənilməsini tələb edirdi – o, klassik tarix elminin qaydalarına uyğun gəlməsə belə. Bu kult ermənilərin mentalitetində guya patriarx Noyun və ya Nuh Peyğəmbərin nəvəsi olan, «ermənilərin əcdadı» sayılan Ayk Naapetin kultunun kök atmasına səbəb olub. Bu da, öz növbəsində, ermənilərin hazırda mövcud olan bütün xalqlar arasında birinci olduğu ideyasının yaranmasına yol açıb.
Güc kultu ermənilərdən fəal fiziki inkişafı və daimi məşqi tələb edirdi. Belə ki, Njdenin nəzəriyyəsinə görə, həyat ruhən, həmçinin düşüncə və bədən baxımından güclülərə yol açır və sonda ədalətli olan deyil, güclü olan qalib gəlir. Bu kult NSAFP-nin proqramının 21-ci maddəsilə tam üst-üstə düşürdü. Njdenin nəzəriyyəsinin bu aspekti sayəsində 1930-cu illərdə ermənilər arasında neobütpərəstlik inkişaf etməyə başlamışdı. Bununla da, qədim erməni Allahı Vaaqn onlar üçün sitayiş obyektinə çevrilmişdi. Bu, nasistlər arasında yayılmış Votan (Wotan) qədim alman allahı ilə bağlı kulta çox yaxın idi. Sonuncu öz növbəsində, Hitler Almaniyasında eseslərin himayəçisi sayılırdı.
Nasist təbliğatı bu ideologiyanı avstriyalı filoloq və filosof Qvido fon Listdən götürmüşdü. Hitler siyasi karyerasının başlanğıcında məhz onun ideyalarının təsiri altında fəaliyyət göstərib. O, neobütpərəstlərin votanizmini qədim alman dininin «ən aşağı sinfə» hesablanmış və miflər, nağıllar şəklində yayılan forması sayırdı.
Liderlik kultu tsexamardların ali rəhbər və ya fürer – «sparapet»ə qeyd-şərtsiz pərəstişini və itaətini tələb edirdi. Onun hakimiyyətisə erməni xalqının maraqları ilə bağlı şəxsi baxışlarına əsaslanırdı. Njde bütün ermənilərin sparapeti kimi, təbii ki, özünü görürdü. Nasist Almaniyasında bu təcrübə 1934-cü il avqustun 9-da tətbiq olunmuşdu. O zaman Hitler iki ali vəzifəni özündə birləşdirmişdi – reyxprezident və reyxkansler. Bu, «fürer-prinsip» adlanır və «Bir xalq, bir imperiya, bir fürer» («Ein Volk, Ein Reich, Ein Führer») şüarı ilə ifadə olunurdu.
MƏSLƏHƏT GÖR: