23 Dekabr 2024

Bazar ertəsi, 10:25

REAL HİPERREALLIQ

Heydər Əliyev Mərkəzində dünyada ən populyar təsviri incəsənət növü üzrə sərgi keçirilir

Müəllif:

15.12.2018

"Hiperrealist reallıq. Canlıdan ayırd etmək mümkün deyil". Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində bu ad altında Avstraliya, Kanada, Makedoniya, Fransa, ABŞ və dünyanın digər ölkələrinin rəssamlarının heykəltəraşlıq əsərlərinin ekspozisiyası açılıb. Hiperrealizm - rəsmdə və heykəltəraşlıqda müşahidə edilən bədii cərəyandır, gerçəkliyin fotoqrafik təsvirinə əsaslanır.

Sözün mənşəyinin tarixindən. "Hiperrealizm" sözü 1973-cü ildə yaranıb və İzi Braşo tərəfindən fransız sözü "fotorealizm"in sinonimi kimi düşünülüb. O, Brüsseldə (1973) keçirilən sərgini və kataloqu məhz belə - "Hiperrealizm" adlandırmışdı və orada işlərin əksəriyyəti Amerika fotorealistlərinə məxsus idi. Amma bu, yetmişlər idi. 60-cı illərdə Amerika rəssamları yeni texnologiyaların köməyi ilə dünyanı əks etdirərək rəsmdə və heykəltəraşlıqda eksperimentlər aparırdılar. Sən demə, sintetik materiallardan, silikon, plastik/rezindən, qarışıq texnikadan, dekordan və rekvizitdən istifadə edərək, incilər yaratmaq mümkün imiş. Lakin dünya bu işin ilk başlanğıcında duranların: Con de Andreanın, Dueyn Hensonun, Corc Seycin adlarını elə tez tanımadı. Ancaq onilliklərdən sonra bu yeni cərəyan okeanı keçərək Avropa və Asiya rəssamlarının emalatxanalarında məskən saldı.

Bu gün hiperrealizm müasir təsviri incəsənətdə ən populyar cərəyanlardan biridir. O, haqlı olaraq bütün digər sahələr və incəsənət növləri arasında görkəmli yer tutur. Sərgidəki əsərlər də bunu təsdiqləyir, onların coğrafiyası dünyanın müxtəlif yerlərindən gələn rəssamların adları ilə təmsil olunur. Diqqətəlayiqdir ki, bu əsərlər arasında Dueyn Hensonun özü tərəfindən işlənmiş olanlar da var. Məsələn, "Kovboy".

 

Cowboy with Hay. Life - size

Bürünc, polimer materiallar, qarışıq texnika, aksesuarlar. Qarşımızda tam insan boyunda, təxminən, 20 yaşlı bir oğlan var. Onun möhkəm bir bədən quruluşu var. O, 60-cı illərin Amerika vesternlərinin qəhrəmanının kostyumundadır. Əlində kəmənd var. Üzü preriyalarda yanıb, sərt allığını saxlayır, saçları yanmış üzünə bir qədər yapışmış kimi görünür. O, nədənsə sıxılmış saman bağlamasına baxaraq, fikrini cəmləyib düşünür. Uzun müddət üzünə baxdıqda adama elə gəlir ki, qarşınızda heykəl yox, gerçək bir insan var və indi yanıb qızarmış üzünü siz tərəfə döndərəcək və soruşacaq: "Nə məsələdir?" Mistika hissi sizi bir saniyə də tərk etmir. Sizə elə görünür ki, ekspozisiya otağını eksponatlar deyil, real insanlar tutublar. Onların hər birinin öz tarixi, öz xarakteri və öz taleyi var.

 

Sem Jinks. Woman and Child

Qarışıq texnologiya və materiallar. Yaşlı qadın yeni doğulan körpəni bədəninin sinəsinə basır. Körpənin əllərində və bədənində dəri görünüşü, qadının üzündəki dəri qırışları, qadının sifətinin dərisi, onun baxışları, yeni doğulan körpənin bədənini sinəsinə basan əlləri şəfqətli görünməklə yanaşı, həm də realistdir. Elə gəlir ki, qadın elə indi irəli addım atacaq və başqa otağa keçəcək. Çünki körpəni yorğana bükmək lazımdır.

 

Jamie Salmon. Lily

Silikon, piqment, akril və s. Saçlar qızın çılpaq çiyinlərinə düşür, yüngül bədii saymazlıq təəssüratı yaradır. Bu saymazlıq görkəmə xüsusi gözəllik və cazibə qatır. Tutqun dəri, bükük boyun, ümidverici baxışlar... Onun görkəmində elə bir ilkin yaradılış qadınlığı var ki, ilkin yaranış günahı kimi insanı çəkir və ovsunlayır. Kişilər məhz bu işin qarşısında uzun dayanırlar. İlk baxışdan elə bir şey deyil: bir baş, bir çiyin, bir də dağılmış saçlar, gülümsəyən cazibədar dodaqlar, anlayışlı baxışlar... Amma görünür, Lili yalnız kişilərin anladığı qadınlıq sirridir.

 

Mel Ramos. «Chiguita Banana»

Polixrom, sintetik, rezin. Bu heykəl girişində "18 +" işarəsi ilə qeyd olunan salonda yerləşir. Dənizin köpüyündən doğulmuş sevgi ilahəsi Afrodita kimi qız sevgidən doğulur. Ancaq başqa bütün işlər kimi, bunu da özünüz görməlisiniz. Çünki assosiativ düşüncə sizə interpretasiya üçün bir çox variantlar "verəcək". Bu yozumun sizə aid olması önəmlidir. Sizə və başqa heç kimə! Sərginin "18+" zalında sərgi təşkilatçılarının 18 yaşına çatmamışların baxmasını istəmədikləri daha bir neçə əsər var. Bu səbəblə biz onları təhlil etməyəcəyik, şəhərin qonaqları və sakinləri üçün interpretasiya hüququ tanıyacağıq.

 

Şəhərin qonaqlarının gözü ilə

Bizim diqqətimizi İsraildən olan bir qrup qadın turist cəlb etdi. Onlar heyranlıqla eksponatdan eksponata keçir, həyəcanla və duyğularını gizlətmədən gördüklərini müzakirə edirdilər, selfi çəkdilər, eksponatların yanında durub şəkillərini çəkdirirdilər, hər birini yetərincə diqqətlə öyrənirdilər. Budur, onlar «Kneeling Woman» heykəli ətrafında yığışıblar. Müəllif Sem Cinksdir. Bu uzanmış qız fiqurunda onları nə cəlb edib? Onun üzü hətta görünməzdir, çünki bədənini yığaraq uzanıb və ağzıüstə üzünü əlləri ilə qapayıb. Sən demə, onları dərisinin çalarları, əzələlərin canlılığı, dəstələnmiş təbii saçları, barmaqlarının dərisi, dərisindəki xırda, çətin sezilən qırışlar və s. cəlb edib. Biz üzr istəyərək bu cür heyranlığa nəyin səbəb olduğunu soruşduq. Yeddi qadından Xana adlı ən böyüyü Bakıda ilk dəfə olduqlarını və burada hər şeyin onların xoşuna gəldiyini söylədi. Heydər Əliyev Mərkəzinə baş çəkməyi hələ Tel-Əvivdə evlərindəykən planlaşdırıblarmış. Sərgi haqqında internetdən xəbər tutublar. Onlar memarlıq mükəmməlliyi kimi qəbul edilən binanın özü və sərgi ilə maraqlanıblar. Onlar Londondakı Madam Tüsso muzeyində, Sankt-Peterburqda Mum fiqurlar muzeyində olublar, lakin Bakıda gördükləri onlarda çox güclü təəssürat yaradıb, çünki burada eksponatlar yalnız real, hətta hiperreal mövcudiyyət təəssüratı yaradır.

«Mini-Azərbaycan» ekspozisiyası yalnız ölkə barədə təsəvvür yaratmaqla qalmadı, həm də dəyişikliklərin sürəti ilə israilli qadınlar qrupunu heyran qoydu. Amma onların ölkəmizə səfəri hələ bitməyib və həftə sonu onlar Şəkiyə və Qaxa səyahət etməyi planlaşdırırdılar, onlar əmin idilər ki, özləri ilə birlikdə vətənlərinə unudulmaz təəssürat hissi aparacaqlar.

 

Sərginin coğrafiyası

Bakıya gəlməzdən öncə "Hiperrealist reallıq. Canlıdan ayırd etmək mümkün deyil" sərgisi Avstraliya, Almaniya, Danimarka, İspaniya, Hollandiya və Meksikada olub. İndi sərginin coğrafiya tarixçəsinə Azərbaycan da əlavə olunub. Bu, sürətlə dəyişən bir ölkənin mədəniyyət sahəsindəki kiçik bir məqamdır. Təsviri incəsənətin yüksək səviyyədə inkişaf etdiyi və dünya İncəsənətinə həqiqi maraq göstərən bir ölkənin. O cümlədən Təsviri incəsənətə. Heydər Əliyev Mərkəzinin layihələri həm də maarifçilik fəaliyyətinə yönəlib. Axı, bu cür sərgilər ölkə, şəhər sakinlərinə və qonaqlara elə burada, ölkəni tərk etmədən dünya sənətinin şah əsərlərini görmək imkanı yaradır! Sərginin ekspozisiyasına dünyanın müxtəlif yerlərindən olan rəssam- heykəltəraşların 20 əsəri daxildir. Bu, sənətə yeni baxışı ilə sarsıdan, çaşqınlıq və maraq oyadan hiperreallıqdan duyğusal və intellektual təəssürat almaq üçün bütünlüklə yetərlidir!

Heydər Əliyev Mərkəzi və Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutu tərəfindən təşkil olunan sərgi 2019-cu il martın 10-na qədər davam edəcək. Onun açılışında Almaniya Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Lettse deyib: "Bakı çağdaş görünüş və multikultural yanaşması ilə seçilən bir şəhərdir. Belə bir şəhərdə bu sərginin açılışı təqdirəlayiqdir. Əslində bu, incəsənətin cazibədarlığının inikasıdır".



MƏSLƏHƏT GÖR:

436