25 Noyabr 2024

Bazar ertəsi, 23:52

«İNQİLABİ» DÜZƏLİŞLƏR

Azərbaycan hökuməti misilsiz fiskal islahatlara başlayır

Müəllif:

15.12.2018

Azərbaycan yeni 2019-cu ilə, deputatlar və ekspertlər demişkən "inqilabi" büdcə zərfi ilə daxil olur. Həqiqətən də, həm ölkənin əsas sənədində, həm də paralel olaraq Vergi Məcəlləsində çoxdandır eyni vaxtda bu qədər yenilik müşahidə edilməmişdi.

Dövlət büdcəsinin özü isə ilk dəfədir ki, uzunmüddətli dövlət maliyyə idarəetməsinin yeni büdcə qaydaları əsasında hazırlanıb. Buna görə də indən belə neft qiymətlərinin azalması ilə ölkənin büdcə xərcləri azaldılmayacaq. Ümumiyyətlə, neft gəlirlərindən asılılığı maksimum azaldılması planlaşdırılır, bunun üçün digər məsələlərlə yanaşı, bu günə qədər görünməmiş vergi güzəştləri də tətbiq ediləcək.

 

Proqnoz proqnozdan çoxdur

Milli Məclisin qəbul etdiyi 2019-cu il dövlət büdcəsi layihəsində gəlirlər 23 milyard 168 milyon manat, xərclər isə 25 milyard 190 milyon manat səviyyəsində təsdiqlənib. Büdcə kəsiri 2 milyard 22 milyon manat və ya ÜDM-in 2,5%-i qədər olacaq. Ümumiyyətlə, əvvəlki illərdə olduğu kimi büdcə sosial yönümlü olaraq qəbul edilib. Kəsirin örtülməsinə gəldikdə isə, bu, özəlləşdirmə və digər mənbələrdən (daxili və xarici borclar) əldə edilən gəlirlər, həmçinin 2019-cu il yanvarın 1-nə vahid xəzinə hesabında qalan qalıq hesabına həyata keçiriləcək.

Amma bu ilin, həm də əvvəlki illərin təcrübəsinə əsaslanaraq demək mümkündür ki, 2019-cu ilin sonunda real gəlirlər proqnozlaşdırılan büdcə kəsirini aşacaq. Həm də hələ ki, ənənəvi olaraq gəlir proqnozunun çox hissəsi (59,8%-i) neft sektorunun payına düşəcək, qeyri-neft sektoru isə 40,2% təmin edəcək.

 

Yeni büdcə qaydaları

Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollar/bareldən götrülməsi ekspertlər arasında bəzi narahatlıqlara səbəb olub (2018-ci il üçün dövlət büdcəsində 55,1 dollar/barel idi). Lakin dünya neft bazarında baş verən son hadisələr, xarici iqtisadçıların və maliyyə institutlarının proqnozları bədbinliyə səbəb olmadığını göstərir, yəni gələn ilki neft qiymətlərinin hökumətimizi çətin vəziyyətə salmayacağına ümid etmək olar. Əgər hətta qiymətlər düşsə belə, büdcədə heç bir şey dəyişməyəcək, yeni büdcə qaydaları məhz buna yönəldilib. Azərbaycan maliyyə naziri Samir Şərifov parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, "neft qiymətləri aşağı düşəndə biz dərhal xərcləri azaltmalı deyilik, çünki bu, iqtisadiyyatımıza ikinci zərbəni vura bilər". Nazir əmindir ki, əgər Azərbaycan bu qaydalara əməl etsə, özünü böyük risklərdən qoruyacaq.

"Beləliklə, yeni büdcə qaydaları bir tərəfdən orta və uzunmüddətli perspektivdə xərcləmələrdə intizamın artırılmasına xidmət edir, digər tərəfdən xarici valyutanın bazara böyük həcmlərdə daxil olmasının qarşısını alır ", - deyə o vurğulayaraq bildirib ki, valyuta bazarında təkliflər optimal səviyyəyə uyğun olmalıdır və Neft Fondundan transfertlər bazarın tələbini tam örtməlidir.

Daha sonra dövlət televiziyasına bu mövzuda müsahibə verən S.Şərifov bildirib ki, həddindən artıq möhkəm manat Azərbaycan iqtisadiyyatına zərər verir, xüsusən də ixracata yönəldilmiş yerli istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir. Bu məntiqi nəticə manatın mümkün devalvasiyası ilə bağlı spekulyasiyalara səbəb oldu və dərhal Maliyyə Nazirliyinin kəskin reaksiyası gəldi: "Bu gün əldə olunmuş makroiqtisadi sabitlik və bunun gələcəkdə də qorunması məhz büdcə qaydalarına riayət olunması və Mərkəzi Bankın gerçəkləşdirdiyi monetar siyasətə büdcə siyasəti tərəfindən dəstək verilməsi ilə bağlıdır. Bu, hazırda manatın məzənnəsinin sabitliyinin qorunmasını təmin edir və bundan sonra da təmin edəcək".

Nazir bildirib ki, regional amillər də nəzərə alınmalıdır, çünki qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnələrinin titrəməsi Azərbaycanın ixrac potensialına mənfi təsir göstərir.

 

Gəlirlərin «kölgədən» çıxarılması

Bununla yanaşı, aydındır ki, ölkədə həyata keçirilən postneft iqtisadi islahatları, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin artırılması, sosial və müdafiə xərclərinin artması dövlət büdcəsinin yükünü artırır. Uyğun olaraq, dövlət büdcəsinin gəlirləri artmalıdır ki, bu da ölkədə işgüzar fəallığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması yolu ilə xarici investorların cəlbi, vergilərin optimallaşdırılması və «kölgə» kapitalının işığa çıxarılması və onun vergi bazasına daxil edilməsi yolu ilə əldə edilə bilər. "Gələn il hökumət önəmli vergi islahatları aparacaq və bu, çox cəsur addım olacaq. Bütün bunlar sahibkarları təşviq etmək üçün aparılır", - deyə S.Şərifov bildirib.

Gözlənilən vergi islahatları, həqiqətən, miqyasına görə son 10 il üzrə misilsiz sayıla bilər. Bir tərəfdən onları hətta kölgə iqtisadiyyatının miqyasını azaltmaq məqsədi ilə gerçəkləşdirilən vergi amnistiyası saymaq olar, digər tərəfdən onlar populyar vergi pozuntularına qarşı sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi olacaq.

"Vergi islahatının prioriteti neft və qaz sahəsində çalışmayan işçilərin gəlirlərinin vergiyə cəlbinə yanaşmaya köklü dəyişikliklər edilməsi, həmçinin dövlət sosial sığorta rüsumunun ödənilməsində işçi ilə işəgötürən arasında münasibətlərin tənzimlənməsi olacaq", - vergilər naziri Mikayıl Cabbarov parlamentdə çıxışında bildirib.

Sadə dillə, aylıq əməkhaqqı 8 min manata qədər olan fiziki şəxslər gəlir vergisindən tamamilə azaddırlar və bu məbləğdən artıq gəlir hissəsindən 14% vergi tutulacaq. Müqayisə üçün, hazırda aylıq gəliri 2,5 min manata qədər olanlar üçün gəlir vergisi dərəcəsi 14%, bu məbləğdən artıq üçünsə 25% təşkil edir. Bu sahədə başqa bir düzəliş gəlir vergisinə cəlb edilməyən minimum əməkhaqqının 173 manatdan 200 manata qədər artırılması olacaq və əvvəlki düzəlişdən fərqli olaraq, bu bənd bütün sahələrə, o cümlədən neft və qaz sektoruna da tətbiq olunacaq.

Dəyişikliklər həmçinin (neft-qaz sektorunda çalışmayan) fiziki şəxslərin məcburi sosial sığortaya cəlb olunmasına da təsir edəcək. Əgər özəl sektor işçilərinin aylıq əməkhaqqı 200 manata bərabərdirsə, sosial sığorta ödənişlərinin strukturu bugünkü səviyyədə qalacaq: işçi maaşının 3%-ni, işəgötürən isə 22%-ni ödəyəcək. İşçinin əməkhaqqı tələb olunan məbləğdən artıq olduqda, başqa ödəniş prinsipi tətbiq etmək təklif olunur. Beləliklə, dəyişikliklərə əsasən, işçi 6 manata və 200 manatı keçən məbləğ üçün 10 faiz, işəgötürən isə 44 manat və 200 manatdan çox məbləğin 15 faizini ödəyəcək. İqtisadi cəlbediciliyi təmin etmək üçün bu güzəştlər 7 il müddətinə tətbiq ediləcək, özü də sosial sığorta və işsizlik sığortası üzrə ödənişlər üzərində nəzarəti Vergilər Nazirliyi öz üzərinə götürəcək.

"Bizim məqsədimiz vergi bazasını vergi yükünün artırılması hesabına deyil, kölgə iqtisadiyyatının payının azaldılması hesabına genişləndirməkdir. Bu, həm də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinin həllinə aiddir", - deyə M.Cabbarov məcəllə dəyişiklərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycanda hazırda qeyri-formal məşğulluq problemi mövcuddur və bunun qarşısını yalnız inzibati metodlarla almaq mümkün deyil.

Bu islahatların müsbət təsiri göz qabağındadır - vətəndaşların gəlirlərini "ağartması", məsələn, bank sektorunun fəallaşmasına kömək edəcək. Yəni daha böyük rəsmi əməkhaqqı olan vətəndaşlar kredit üçün müraciət edə biləcəklər ki, bu da bankların artıq likvidlik problemindən xilas olmasına imkan verəcək.

 

Güzəşt dövrü

İslahatlar sadələşdirilmiş vergi sistemini də əhatə edəcək və dərəcələr unifikasiya ediləcək. Beləliklə, sadələşdirilmiş sistem üzrə vergi ödəyən paytaxt sahibkarlarının vergi yükünü azaltmaq planlaşdırılır: bu gün Bakıda sadələşdirilmiş vergi dərəcəsi şirkətin dövriyyəsinin 4%-nə, regionlarda isə 2%-nə bərabərdir, gələn ildən isə biznes subyektlərinin işlədiyi yerdən asılı olmayaraq 2%-ə bərabər olacaq. Doğrudur, sadələşdirilmiş vergi dərəcəsinin unifikasiyası bu vergi növü üzrə gəlirləri 15,3% azaldacaq. Lakin bu qərar paytaxtda kiçik biznesin fəallığının və əmək bazarının genişlənməsinə təsir göstərəcək.

Mikrobiznes subyektləri və kiçik və orta müəssisələr (KOM) üçün Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin reyestrində qeydə alındıqdan sonra 7 il müddətinə mənfəət və əmlak vergiləri, torpaq vergisi, istehsal avadanlıqları idxal edərkən əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulur. Həmin dövr ərzində kiçik və orta sahibkarlıq klasterinin təmsilçilərinin əsaslı xərclərə ayrılacaq gəlirləri də vergidən azad edilir.

Mikrosahibkarlıq subyektlərinə tətbiq edilən güzəştlərə gəlir və mənfəətlərin 75%-nin vergidən azad olması da daxildir, həmçinin bu kateqoriyada əmlak vergisi də ödəməyəcək. Mikro və kiçik sahibkarlıqla məşğul olan startaperləri, yəni yeni başlayan müəssisələri də (fəaliyyətə başlanmasından) 3 il müddətinə fiziki şəxslərin gəlir vergisini və mənfəət vergisini ödəməkdən azad etmək planlaşdırılır.

Nağdsız ödənişlərin (POS-terminal vasitəsilə ödənişlərin) ümumi pul dövriyyəsindəki payını artırmaq məqsədi ilə hökumət sahibkarlar üçün müvəqqəti güzəştlər tətbiq etməyi planlaşdırır. Eyni zamanda fiziki şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulur, məsələn nağdsız ödənişlər aparılması zamanı ƏDV-nin bir hissəsi istehlakçıya qaytarılacaq.

Vergi Məcəlləsinə düzəlişlər həmçinin kənd təsərrüfatının istehsalçıları üçün növbəti beş il müddətinə - 2024-cü ilə qədər vergi tətillərinin uzadılmasını nəzərdə tutur: kənd təsərrüfatı müəssisələri torpaq vergisi istisna olmaqla, bütün növ vergilərin ödənilməsindən azad olunacaqlar.

 

Sanksiyalar və cərimələr

Güzəştlər nəticəsində verginin müəyyən növləri üzrə gəlirləri itirən hökumət onları sahibkarlıq subyektlərinin real dövriyyəsini kölgədən çıxartmaqla kompensasiya etməyi düşünür. Burada isə işə "qamçı", yəni cərimə sanksiyaları daxil olur. Xüsusilə, Vergi Məcəlləsinə edilən düzəlişlər pul vəsaitlərinin uçotdan və operativ vergi nəzarətindən yayındırılması, həmçinin malların alınmasını təsdiq edən sənədlərin (hesab-fakturalar və s.-in) olmaması üçün tətbiq edilən sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. 1 min manatdan çox olan pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota götürülməməsinə görə tətbiq edilən maliyyə sanksiyasını 1000 manatdan çox olan məbləğin 5%-dən 10%-ə qədər artırmaq, il ərzində bu iş təkrarlanarsa 1000 manatdan çox olan məbləğin 10%-dən 20%-ə qədər artırmaq nəzərdə tutulur. Eyni zamanda gəlir və xərclərin uçota alınması qaydalarına əməl edilməməsinə görə ilk dəfə pozuntu halında uçota alınmamış vəsaitin 10%-i səviyyəsində, təqvim ilində təkrar pozuntu halında 20% səviyyəsində, üç və ya daha çox pozuntu halında isə 40% səviyyəsində sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur. Bu cür sanksiyalar, malların elektron fakturası və ya elektron vergi hesab-fakturası olmadıqda da (bu sənədlər olması Vergi Məcəlləsi ilə tələb olunarsa) tətbiq oluna bilər.

Fiziki şəxslərin gəlirlərini gizlətmək (azaltmaq) üçün şərait yaradan sahibkarlara qarşı cərimə sanksiyalarının ciddi şəkildə sərtləşdirilməsi də nəzərdə tutulur: belə bir faktın aşkar edilməsi halında 2 min manat cərimə tətbiq ediləcək, təqvim ili ərzində ikinci və üçüncü pozuntu halında cərimələr uyğun olaraq 4 min manata və 6 min manata qaldırılacaq. Müqayisə üçün, bu günə qədər bu qanun pozuntusuna görə maliyyə sanksiyası 1000 manat təşkil edir.

Aksizli malların aksiz markalanması olmadan, həmçinin xüsusi markalanmalı ərzaqların belə marka olmadan saxlanması və satışına da cərimə tətbiq edilməsi nəzərdə tutulur: əgər belə bir fakt aşkar edilərsə, malların bazar dəyəri məbləğində sanksiyalar tətbiq olunacaq, əgər bu, təkrarlanarsa, sanksiyalar iki dəfə artırılacaq.

Maliyyə təşkilatları da cəzaların sərtləşdirilməsindən kənarda qalmayacaq. Xüsusilə, Azərbaycan ərazisində xarici ölkələrdə hüquqi şəxsləri və fiziki şəxsləri tərəfindən gerçəkləşdirilən maliyyə əməliyyatları haqqında məlumatları əks etdirən elektron hesabatın gec təqdim edilməsinə və ya onu lazım olan şəkildə təqdim eedilməməsinə görə tətbiq edilən sanksiyaların 10 dəfə artırılaraq 10 min manata çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, Vergilər Nazirliyi nağdsız ödəniş qaydalarının pozulmasına görə vahid sanksiyalar tətbiq etməyi təklif edir (topdansatış ticarət malları istisna olacaq). Təqvim ili üzrə ilk pozuntu faktı aşkar edildikdə, sanksiyanın 1000 manat olması nəzərdə tutulur (hazırda 400 manatdır), təkrar pozuntu zamanı bu, 3000 manata qalxacaq ( hazırda 800 manatdır), təqvim ilində üçüncü və sonrakı pozuntu halları üçün 6 min manat (1,2 min manat) olacaq.

Amma 2019-cu ilin büdcəsi "yalnız cərimə" ilə doldurulmayacaq. Gələn il dolayı vergilər üzrə də dərəcələr artırıla bilər: Vergi Məcəlləsinə edilən dəyişikliklərdə avtobus və avtomobillər idxalına aksiz vergilərinin artırılması da planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hesab edir ki, bütün bunlar gömrük orqanlarının 2019-cu ildə 3,7 milyard manata bərabər vergi və rüsum yığımı üzrə büdcə planını yerinə yetirməsinə imkan verəcək. "Biz hətta onu aşmağa çalışacağıq", - deyə S.Mehdiyev vəd edib.

Yuxarıda bəhs edilənlər heç də 2019-cu il yanvarın 1-dən başlayan genişmiqyaslı vergi islahatının bütün detallarını əhatə etmir. Son nəticədə onların hamısı vergi yükünün optimallaşdırılmasına yönəlib və nəhayət, yerli biznesin keyfiyyətcə fərqli bir səviyyəyə gətirilməsinə, kölgə iqtisadiyyatının miqyasının azaldılmasına səbəb olmalı, vergi öhdəliklərinin şəffaf və tam şəkildə yerinə yetirilməsinə kömək etməlidir.


MƏSLƏHƏT GÖR:

392