23 Dekabr 2024

Bazar ertəsi, 09:30

VƏRƏSƏLİK

Azərbaycan xalqının mədəniyyətinin və irsinin elementi olan kəlağayının tarixçəsi yeni dövrə daxil olub

Müəllif:

15.01.2019

Bakıda «Kichik QalArt Gallery» salonunda keçirilən "Kəlağayı: Dünən - Bu gün - Sabah" sərgisi ziyarətçilərin gerçək marağına səbəb olub.

Burada onlar ipək istehsalı və əfsanəvi qadın baş örtüyü kəlağayının istehsalı texnologiyası haqqında məlumatlar da əldə edirlər. Sərginin unikallığı ondadır ki, kəlağayının öncə milli geyim elementindən sovet təbliğatının simvoluna, daha sonra isə moda aksesuarına və milli qürur mövzusuna çevrilməsi tarixçəsinə interaktiv qoşulma imkanı yaradır - bu milli qürur rəmzi 26 noyabr 2014-cü il tarixdə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu, qadın baş örtüyü kəlağayının milli qürur rəmzi və mədəni irs nümunəsi kimi populyarlaşmasında Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın gərgin əməyinin nəticəsidir.

 

Miras 

Bəs, həqiqətən, bunun özü nədir: miras? Əsrlər boyu sürən mədəni təbəqələşmə? Atalarımızın toplayıb artırdığı və bizə qoyub getdiyi irs? Biz bu mirası necə qoruyuruq? Bu sərvətin uşaqlarımıza və nəvələrimizə miras kimi ötürülməsini təmin etmək üçün nə edirik?

1990-cı illərin əvvəllərində Rəna İbrahimbəyova və Cəlil Tanrıverdiyev kökləri qədim İpək Yolu dövrünə gedən bir tətbiqi incəsənət növü imi kəlağayıları xilas etmək üçün geniş elmi və praktiki fəaliyyətə başlayıblar. Öz ətraflarında rəssamları və sənətkarları birləşdirərək, onlar kəlağayı və onun naxışlarının toxunması üçün nəzərdə tutulan ipək sapın istehsalı üzrə texnoloji proseslərin öyrənilməsi mərkəzini yaradıblar. Kəlağayı yalnız qadın baş örtüyü olmaqla qalmır. Bu, rəmzlərin, fəlsəfi önəmi olan işarələrin kodlaşdırılmış dilidir. Kəlağayı çox-çox nəsillərin sirlərini və gizlinlərini qoruyan bütöv bir elmdir. Ancaq bu məsələnin elmi tərəfidir.

Başqa məsələ də var. Qlamur məsələsi. Bu elmi yox, ticari maraqlarla bağlıdır. Və bunda pis heç bir şey yoxdur. Azərbaycan kəlağayısı yavaş-yavaş Avropa qadınlarının diqqətini və sevgisini qazanır, moda aşiqlərinin qarderobunda önəmli yerlərdən birini tutmağa başlayır.

Məsələnin üçüncü tərəfi interaktiv fəaliyyət, mühazirələr və master-klasslar vasitəsilə informasiya yönümüdür. "Kəlağayı: Dünən - Bu gün - Sabah" sərgisi Əsli Səmədova tərəfindən təşkil olunub. Məqsəd şəhər sakinləri və Bakının qonaqları arasında kəlağayını populyarlaşdırmaqdır.

 

Dünən

Bu qədim Azərbaycan sənətinin kökləri və ənənələri var. Sərgi əlçatan məlumat formatında bizə batika sənətinin necə yaranması və haradan gəlməsi haqqında məlumat verir. Azərbaycan batikasının istehsal özəllikləri nələrdir və bu sənətdə həmçinin qədim köklərə malik digər ölkələrin (Malayziya, Hindistan, Özbəkistanın) batikalarından texnoloji fərqi nədir?

İpək Yolu dövründə yaranmış bu incəsənət Azərbaycan xalqının gündəlik həyatına möhkəm bir şəkildə daxil olub, yalnız əhalinin müəyyən bir hissəsinin sənəti olmaqla qalmayıb, həm də güclü, inkişaf etmiş bir sənaye sahəsinə çevrilib. Bu inkişaf yolu ən qədim dövrdən başlayaraq, daha sonra Rusiya İmperiyası dövrünü (Tiflisdə ipək istehsalı zavodunu) və Azərbaycanın sovetləşməsi dövrünü (bütün ölkədə tanınmış Şəki şəhərindəki ipək zavodunu) dövrünü əhatə edərək zaman  strukturunda əks etdirilib.

Qadın baş ötüyü kimi kəlağayı yalnız Azərbaycanda deyil, Dağıstanda da istifadə edilib. Sərgi Azərbaycan qadınları tərəfindən kəlağayı istifadəsinin xüsusiyyətləri haqqında ətraflı məlumat verir. Məsələn, Azərbaycanın müxtəlif bölgələrində özünəməxsus naxış və bəzək üslubları, yaylıq bağlama qaydası olub.

Bu, onlayn sistemdə mükəmməl şəkildə nümayiş etdirilir, siz ekranın qarşısında dayanan və kəlağayı bağlama texnikasını nümayiş etdirən qızla birlikdə eyni şeyi təkrar edə bilərsiniz.

Burada Azərbaycan milli kostyumunda bir neçə növ baş örtüyü olduğuna dair məlumatlar verilir:

- örpək (kvadrat formalıdır, ağ, əlvan, qızılı və ya gümüşü tikmələrlə, həmçinin ipək saçaqlarla bəzədilib);

- şal (örpək ilə eyni xüsusiyyətlərə malikdir, lakin yun parçadan və ya digər növ parçadan hazırlanır);

- çarşab və çadra (düzbucaqlı formadadır, rəng toplusu məhduddur, qalın ipək də daxil olmaqla, istənilən parçadan hazırlanırdı, İslam dininin göstərişlərindən biri olub).

Təəssüf ki, sovetləşmə illərində kəlağayının önəmi primitiv səviyyəyə endirilib. Şəhər qadınları kəlağayını baş örtüyü kimi bağlamayıblar, ona qarşı keçmişin qalığı kimi davranıblar. Lakin Şəki zavodu kəlağayı istehsal edib və mağazalara verib, onları da qonaqlar suvenir kimi alıblar. Vaxtilə anadan qıza ötürülən və naxışlarının gücünə hörmət və inam bəslənən kəlağayı mirası həmin onilliklər ərzində didiklənərək məhv edilib. Doğrudur, nişan mərasimlərinə gəlinlərə kəlağayı aparmaq hələ də davam edirdi. Bəyin atası və ya bəyin özü sevdiyi qızın barmağına nişan üzüyü taxan zaman qız qaynanası verdiyi kəlağayı ilə başını və ya çiynini örtməli idi. Bu ənənə bu günümüzə qədər gəlib çatıb.

Sovet İttifaqının dağılması ilə, ipək və ipək məhsullarının (o cümlədən kəlağayının) sənaye istehsalı, demək olar ki, yoxa çıxaraq təhlükə altına düşdü. Ancaq Rəna İbrahimbəyova və Cəlil Tanrıverdiyev kimi milli irsə laqeyd olmayan bir çox insanların səyləri sayəsində bu, baş vermədi. Onlar Basqalda mərkəz yaratdılar və mərkəzin fəaliyyəti kəlağayı hazırlamaq, köhnə basma naxış formaları axtarmaq, yenilərini işləmək və s.-ə yönəldilib.

 

Bu gün

Bu gün (isti və soyuq) batika sənəti Azərbaycanda yetərincə inkişaf edir, amma Azərbaycanda ipək istehsalında fasilə yaranıb. Məsələ bundadır ki, 1 fevral 2018-ci il tarixdən Şəki İpək Kombinatı istehsalı müvəqqəti olaraq dayandırılıb - müəssisə hazır məhsulların - xam ipək parçanın satışı ilə bağlı çətinliklərlə üzləşib. Məhsulun bir hissəsi İrana və Türkmənistana satılıb. İstehlak tələbatının kəskin azalması səbəbindən məhsulun böyük hissəsi anbarlarda yığılıb qalıb.

Buna baxmayaraq, kəlağayı sənəti öz həyatını yaşayır, tətbiqi incəsənət məkanını öz peşə seçimində batikaya üstünlük verən yeni rəssam adları ilə doldurur. Milli ənənələri qoruyaraq onları çağdaş naxış ritmləri ilə dolğunlaşdıran müxtəlif kommersiya qurumları yaranır. 

Beləliklə, çağdaş kəlağayı nədir? Ona tələb var. O maraqlıdır. O, gündəlik həyatda kəlağayını sevə-sevə bağlayan, gecə geyimlərinin incisi kimi istifadə edən çox sayda Avropa qadınının qarderobunun mühüm detalına çevrilib.

Bu gün kəlağayı bağlamaq qaydası da sərgidə nümayiş olunan qədim ənənədən fərqlənir. Əgər müasir qadın incə estetik zövqə malikdirsə, əgər bədii duyğu sahibidirsə və geyimin kompozisiya xüsusiyyətlərini anlayırsa, o, mütləq cəlbedici, gözəl və maraqlı görünəcək. Məsələn, Azərbaycanın xalq artisti, Milli Akademik Dram Teatrının aktrisası Şükufə Yusifova belədir.

Çağdaş Avropa kostyumunun detalları Azərbaycan qadınlarının ənənəvi geyim elementləri ilə elə birləşdirə bilir ki, ondan gözləri ayırmaq mümkün deyil! Təmtəraq olmadan və özünü gözə soxmaq istəmədən o, müasir qadının görünməli olduğu kimi görünür: zərif, gözəl, orijinal, cazibədar. Kəlağayı onun qarderobunda yalnız gözəl detal olmaqla qalmır. Bu, milli ənənənin himnidir. Bu, onunla və onun nəslinin qadınları arasında dialoqdur. Bu, əsrlər boyu bir nəsildən-nəslə keçmiş genetik gözəllik anlayışı yaddaşıdır. Amma ən başlıcası - o, bütün bunların hamısını geyinə bilir! Hər dəfə ona baxanda onun real sənətkar olduğunu başa düşürsən.

 

Sabah

Bir qeyri-maddi mədəni irs nümunəsi olaraq kəlağayı itirdiyi mövqelərini bərpa etməyə başlayır. Kəlağayının bədii dəyəri Şərqlə Qərb arasındakı bağlayıcı həlqəyə çevrilir. Azərbaycanlıların baş örtüyü beynəlxalq status qazanır. Bu, batika texnologiyası hazırlanmış yaylığın gözəl, praktik, gigiyenik, əlverişli əşya olması ilə bağlıdır. Lakin Azərbaycan kələyağaısı dünyaya indiyə kimi hələ tam açılmayan digər dəyərlərini də təqdim edə bilər. Bunun üçün yalnız zamana yox, həm də bizi özümüzü qaytaran elmi tədqiqatlara diqqət göstərməyimizə ehtiyac var. Daha doğrusu, kəlağayının yalnız boyanmış parça olmaması barədə zamanla itirdiyimiz yaddaşın özümüzə qaytarılmasına ehtiyac var. Özü də məsələ yalnız bu unikal ənənələri olan qədim xalqın mədəniyyət tarixinin bərpası ilə bağlı deyil.



MƏSLƏHƏT GÖR:

382