25 Noyabr 2024

Bazar ertəsi, 23:54

MƏHKƏMƏ GEDİR YA ÇIXIB GEDİR?

Beynəlxalq Cinayət Məhkəməsinin dağılması perspektivi bəşəriyyətə yaxşı heç nə vəd etmir

Müəllif:

15.01.2019

«Normaların gündən-günə azaldığı müasir dünyada ən vacib olanı atacağın addımın müqabilində cəzasız qalacağına əminlikdir. Bu gün çox əməl cəzasız qala bilər». ABŞ prezidentinin (Barak Obama) Yaxın Şərq məsələləri üzrə sabiq xüsusi nümayəndəsi, hazırda Böhranların qarşısının alınması üzrə beynəlxalq qrupun prezidenti olan Robert Malli belə düşünür. O, Amerikanın «Foreign Policy» nəşrində dərc olunmuş məqaləsində diqqəti 2019-cu ilin 10 mümkün münaqişəsinə çəkir. Müəllif iddia edir ki, ABŞ-ın şəksiz qlobal hökmranlığının aradan qalxması ilə beynəlxalq düzən daha çox xaosa yuvarlanır. Bu prosesin əsas səbəblərindən biri isə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) kimi kollektiv məsuliyyət alətlərinə etinasızlıqdır.

Amma burada bir paradoks var. Məsələ ondadır ki, BCM-yə ilk etinasızlıq göstərən, əhəmiyyət verməyən elə ABŞ olub. Bəs, BCM əslində nədir və müasir dünyada onun nüfuzu nə qədərdir?

 

BCM-in yaranma tarixi

İkinci Dünya müharibəsi illərində hərbi, o cümlədən dünyaya və bəşəriyyətə qarşı cinayətlərə yol vermiş şəxslərin mühakimə olunduğu Nünberq və Tokio prosesləri beynəlxalq cinayət hüququnun formalaşmasına ciddi təsir göstərib. Məhz bu zəmində BMT Baş Assambleyasında hələ 70 il əvvəl qəbul olunmuş qətnamədə xüsusi hüquqi orqanın yaradılmasının vacibliyi bildirilirdi. Güman olunurdu ki, «bu qurum davamlı şəkildə soyqırımı və bu tipli digər cinayətlərə yol vermiş şəxslərin mühakiməsilə məşğul olmalıdır». Lakin «təcavüz» anlayışı ilə bağlı yaranmış fikir ayrılığı BMT Baş Assambleyasının bu işi yarımçıq saxlamasına səbəb olmuşdu. Özünü iki ideologiya arasında sərt mübarizə ilə göstərən ikiqütblü dünyanın «soyuq müharibə»nin reallıqları da BCM-in yaradılması məsələsinin gündəmə gəlməsinə imkan vermirdi. Bu məsələ yalnız 1980-90-cı illərdə - Sovet İttifaqının dağılması və «soyuq müharibə»nin başa çatmasından, eyni zamanda Rusiyanın yeni rəhbərliyinin, demək olar ki, bütün məsələlərdə Qərbə güzəştə getməsindən sonra yenidən gündəmə gəlib. Nəticədə, BMT BA-nın 52-ci sessiyasında Romada bu problemə aidiyyəti olan bütün dövlətlərin iştirakı ilə diplomatik konfransın keçirilməsi haqda qərar çıxarılıb. Nəhayət, 1998-ci ilin iyulunda 20 dövlət Roma Nizamnaməsini imzalayıb və bu, ilk daimi beynəlxalq cinayət mühakiməsi orqanı olan BCM-in yaradılması üçün hüquqi əsas olub.

 

Kim lehinə, kim əleyhinə?

BMT-yə aid olmayan BCM müstəqil beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Roma Nizamnaməsini BMT üzvü olan ölkələrin yalnız 121-i ratifikasiya edib. 31 dövlət sənədi imzalasa da ratifikasiya etməyib, 41 ölkə isə ümumiyyətlə, bu sənədin imzalanmasını lazım bilməyib. Maraqlıdır ki, sonuncuların arasında BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü - Rusiya, ABŞ və Çin, həmçinin Hindistan, münasibətləri çox pis olan İsraillə İran da var.

Rusiya 2000-ci ilin sentyabrında Roma Nizamnaməsini imzalasa da, onu ratifikasiya etməyib və nəticədə, BCM-ə üzv olmayıb. Bununla yanaşı, Moskva qurumla əməkdaşlıq edib, onun işində müşahidəçi üzv kimi iştirak edib. Lakin təxminən 2 il əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəsinin Roma Nizamnaməsindən də imtina etməsinə dair sənədə imza atıb. Ola bilsin ki, Putin buna Vaşinqtonun Suriya və Ukraynada baş verənlərlə əlaqədar atdığı asimmetrik addımlara cavab olaraq gedib. Üstəlik, artıq qeyd etdiyimiz kimi, ABŞ BCM-in yaradılmasına aşkar və prinsipial etiraz edən azsaylı dövlətlərdən biridir. Vaşinqton bu təşkilatın dövlətlərin suverenliyini məhdudlaşdırdığını düşünür. Amerikalıların fikrincə, BCM-ə qeyri-müəyyən, geniş səlahiyyətlər verilib. ABŞ məhz, bu səbəbdən, 2000-ci ildə Roma Nizamnaməsini imzalasa da, sonradan Rusiya kimi, ondan imtina edib. Maraqlıdır ki, sənədi imzalayan dövrün ABŞ prezidenti Bill Klinton deyirdi ki, ölkəsi yeni qurumun fəaliyyətilə tam tanış deyil və bu üzdən, o, ratifikasiya olunmur. Roma Nizamnaməsinin ABŞ-ın milli maraqlarına və suverenliyinə zidd olduğunu deyərək ondan tam imtina etmiş oğul Corc Buşun dövründə isə Amerikanın xaricdəki personalının müdafiəsinə dair xüsusi qanun qəbul edilib. Qanun Vaşinqtona BCM-in orderi ilə istənilən dövlətin ərazisində həbs olunmuş ABŞ və müttəfiq dövlət vətəndaşının azad olunması üçün hərbi güc tətbiqinə icazə verir.

Beləliklə, istənilən halda ABŞ və vətəndaşları BCM-in yurisdiksiyasında deyil. Bundan başqa, Vaşinqtonun bir sıra dövlətlərlə imzaladığı ikitərəfli sənəd onların üzərinə şübhəli bilinən Amerika vətəndaşlarının BCM-ə təhvil verilməməsi öhdəliyi qoyub. Birləşmiş Ştatlar həmin dövlətləri belə addım atacaqları təqdirdə hərbi yardımı, həmçinin istənilən dəstəyi dayandıracağı ilə hədələyir. Doğrudur, burada söhbət ikitərəfli münasibətlərdən getdiyi üçün hər hansı ciddi narazılıq bildirmək olmaz. Lakin özünü öz vətəndaşlarının belə, hərbi cinayətlərinin cəzalandırılması məsələsində demokratik və liberal dəyərlərin əsas müdafiəçisi kimi təqdim edən dövlət digər ölkələrdən daha prinsipial olmalıdır. Vaşinqton isə əksinə, buna tam zidd mövqedən çıxış edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ötən ilin sentyabrında BCM-i səlahiyyətlərini aşmaqda ittiham edərək, qurumun prokurorlarını açıq şəkildə hədələmişdi. O, həmin şəxslərə viza məhdudiyyəti qoya biləcəklərini demişdi. Boltonun iddiasına görə, BCM-in prokurorları «səlahiyyətlərindən sui-istifadə edərlərsə» və amerikalıların əməllərini araşdırmağa başlayarlarsa, ciddi cəza alacaqlar. Con Boltonun sözlərinə görə, bu halda onların ABŞ-da təqib olunması belə, mümkündür: «Biz BCM-ə və personalına Amerika qanunları çərçivəsində lazımi cavabı verəcəyik. ABŞ-ın maliyyə sisteminə uyğun sanksiyalar, cinayət sisteminə uyğun təqiblər. Eyni addımları BCM-in istintaqına yardım edən istənilən şirkət və ştatla bağlı da atacağıq». Təbii ki, analoji tədbirlər BCM ilə ABŞ vətəndaşlarının «çirkin hərəkətləri» ilə bağlı istintaqda əməkdaşlıq edən dövlətlərə qarşı da görülə bilər. C.Bolton bu yanaşmasına BCM-in ABŞ-ın suverenliyinə, milli təhlükəsizlik maraqlarına təhdid yaratması ilə əsaslandırıb.

Qeyd edək ki, bu qurum Roma Nizamnaməsinə qoşulub-qoşulmamasından asılı olmayaraq, istənilən ölkə ilə bağlı hökm çıxarır. Bundan başqa, BCM-in strukturu Amerikanın fundamental prinsiplərinə və hakimiyyət bölgüsü sisteminə ziddir. Üstəlik, BCM-in özünün adekvat məsuliyyətini təmin edəcək, yaxud lazım gəldiyi təqdirdə onun səlahiyyətlərini məhdudlaşdıracaq mexanizmlər yoxdur. Bu isə BCM-i ABŞ Konstitusiyasından üstün duruma gətirir.

Amma bütün bunlara baxmayaraq, problem başqadır: BCM Amerikanın Əfqanıstandakı hərbi kontingentinin fəaliyyətini araşdırmaq istəyir. Təxminən, 1 il əvvəl qurumun prokuroru bununla bağlı sorğu da verib. Ədalət naminə qeyd edək ki, bu araşdırma nə Kabilin, nə də Roma Nizamnaməsinə üzv olan hər hansı başqa dövlətin təşəbbüsüdür. Hər halda, Amerika hərbi kontingentinin və çoxsaylı özəl hərbi kampaniyaların özünə yer elədiyi Əfqanıstan, həmçinin hər hansı digər dövlət, çətin ki, bununla bağlı sorğu ilə çıxış etsin. Üstəlik, ABŞ öz yurisdiksiyasını bütün beynəlxalq normalardan üstün tutur. Demək, BCM Boltonun vətənpərvər adlandırdığı amerikalı hərbçilərlə bağlı araşdırmaya öz təşəbbüsü ilə başlayıb.

 

«Ağ adamların beynəlxalq məhkəməsi?»

Belə fikir ayrılıqlarının olduğu şəraitdə ayrı-ayrı dövlətlərin, xüsusilə Afrika qitəsini təmsil edən ölkələrin BCM-i tərk etmək niyyəti təəccüblü deyil. Məsələn, 2 il əvvəl Qambiya, CAR və Burundi artıq sənəddən imzalarını geri çəkiblər. Onlar bunu BCM-in qərəzliliyilə əsaslandırıblar. Artıq Keniya, Uqanda, Namibiya və Filippin də eyni addımı atmaq haqda düşünür. Onların fikrincə, Afrikada baş verənlərin araşdırılmasında xüsusi canfəşanlıq göstərən BCM Qərb dövlətlərinin hərbi cinayətlərinə lazımi diqqəti ayırmır. Bu kontekstdə Qambiyanın informasiya naziri Ş.Bojanqın fikirlərini xatırlatmaq yerinə düşər: «BCM-in yarandığı gündən bu yana suveren dövlətlərə və onların vətəndaşlarına qarşı dəhşətli hərbi cinayətlər törətmiş ən azı 30 Qərb ölkəsi var. Lakin onların heç biri buna görə məsuliyyətə cəlb olunmayıb, bir nəfərdə olsun, həbs edilməyib».

Bu arada ICC (BCM) abbreviaturası daha çox Beynəlxalq Cinayət Məhkəməsi kimi deyil, Ağ adamların beynəlxalq məhkəməsi kimi açıqlanır. Qurumdan narazı olan əksər ölkə bunu həm də BCM-in apardığı 10 araşdırmadan 9-nun məhz Afrikaya aid olması ilə əsaslandırır. Qurumun bu araşdırmaları aparması üçün ciddi əsaslarının olduğu istisna deyil. Lakin bundan narazılıq edən ölkələr diqqəti Qərb dövlətlərinin də cinayətlərinə dair saysız-hesabsız faktların olduğuna, lakin onların nəinki Roma Nizamnaməsinə, bütünlükdə beynəlxalq hüquq normalarına məhəl qoymamasına çəkir. BCM isə onlara qarşı nədənsə qəribə loyallıq nümayiş etdirir. Misal kimi, ən azı ABŞ və müttəfiqlərinin yalan ittihamlarla Əfqanıstanla İraqa girməsini göstərmək olar. 2016-cı ilin iyulunda Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer bunu etiraf etmişdi…

Qərb koalisiyası Liviyaya da eyni cür - yalan ittihamlarla girib. Bununla da, vətəndaş müharibəsi burulğanına düşən Liviya sonda ümumilikdə dövlətçiliyini itirib. BCM isə Liviyanın sabiq lideri Muammar Qəddafinin oğlu Seyf əl-İslamın ona təhvil verilməsi işinə bütün gücünü qoyur. Halbuki Liviya məhkəməsi onu 2016-cı ilin aprelində Tobrkuda elan olunmuş amnistiya ilə azadlığa buraxıb.

Bütün bunlara baxmayaraq, bu gün ABŞ ilə Rusiya arasında gedən və istər-istəməz getdikcə daha çox dövlətin cəlb olunduğu sərt qarqşıdurma fonunda BCM-in dağılması bəşəriyyətə yaxşı heç nə vəd etmir - onun fəaliyyətində müəyyən çatışmazlıqlar olsa belə. Hər halda, bu qurumun mövcudluğu ayrı-ayrı şəxslərin və dövlətlərin azğınlığına az da olsa mane olur. Dünyanın ən güclüləri bu siyahıda olmasalar da, daha doğrusu, özlərini o siyahıya salmasalar da, istisnalar var. Dövlətlərin əl-qolunun tam açılması sonda yalnız «hər kəs hər kəsə qarşı» savaşına aparıb çıxara bilər.

BMT-nin sabiq baş katibi Daq Hammarşeld bir vaxtlar deyirdi: «BMT bəşəriyyəti cənnətə aparmaq üçün yox, onu cəhənnəmdən xilas etmək üçün yaradılıb». Bu gün eyni fikri BCM haqda da söyləmək olar.



MƏSLƏHƏT GÖR:

352