25 Noyabr 2024

Bazar ertəsi, 23:24

DAKİYA ƏJDAHASI AVROPANIN KEŞİYİNDƏ

Rumıniya Avropanın ümumi maraqları uğrunda simasında təbəssümlə savaşmağa hazır olsa da, bunun üçün ölmək fikrində deyil

Müəllif:

15.01.2019

Yeni il bayramından sonra Rumıniya ilk dəfə Avropa İttifaqı Şurasına (AİŞ) sədrliyə başlayıb. Söhbət Avropanın vacib qanunverici (Avropa parlamentilə yanaşı) və icraedici səlahiyyətləri olan əsas institutlarından birindən gedir.

AİŞ-in iclaslarında (onu Nazirlər Şurası da adlandırırlar) müzakirə edilən məsələnin əhəmiyyətindən asılı olaraq, Aİ üzvü olan 27 dövlətin profil nazirləri iştirak edir. Struktura sədr - ölkənin baş naziri rəhbərlik edir. Beləliklə, 2019-cu il yanvarın 1-dən iyunun 30-dək bu səlahiyyət Rumıniyanın baş naziri Viorika Dençiledədir.

2000-ci ildən Aİ-nin tamhüquqlu üzvü olan hər bir dövlət yarım il müddətinə AİŞ-ə rəhbərlik edir. Lakin indiyədək səlahiyyətlərin ötürülməsi prosesi heç zaman bu qədər çətin, qalmaqallı olmamışdı…

 

Dəyişkən əhval

Rumıniyanın Avropa İttifaqına (Aİ) qəbul edildiyi 2007-ci ildən qurum bu ölkənin daxili qanunvericiliyinin Avropa normalarına uyğunlaşdırılmasına dair tövsiyələrə nə qədər əməl etdiyini diqqətdə saxlayır. Və bu müddətdə bu məsələdə prinsipcə, hər hansı problem qeydə alınmayıb.

2017-ci ildə Rumıniya parlamentinə nəzarət və hökumət Sosial-Demokrat Partiyası (SDM) ilə Liberallar və Demokratlar Alyansından (LDA) ibarət koalisiyanın əlinə keçib. Onlar isə hakimiyyətə gəldikləri ilk günlərdən məhkəmə sistemi də daxil olmaqla, qanunvericilikdə bir sıra islahatlara başlayıblar. Bu, Rumıniyada 1989-cu il inqilabından bu yana ən miqyaslı küçə nümayişlərinə səbəb olub. Artıq 2 ildir ki, Rumıniyada bütün ölkəboyu mitinqlər bir-birini əvəzləyir.

Qanunverici və icraedici hakimiyyətin qərarları ölkə prezidenti Klaus Yohannis tərəfindən təsdiqlənmir. O, artıq hökuməti bir neçə dəfə istefaya getməyə də çağırıb. Lakin parlament ötən il iki dəfə Viorika Dençile kabinetinə etimadsızlıq təşəbbüsünü rədd edib. Məsələ ondadır ki, baş nazir SDP-nin və parlamentin Aşağı palatasının rəhbəri Liviu Draqnya tərəfindən tam dəstəklənir.

Ötən ilin yazında prezidentlə hakim koalisiya arasında münasibətlər o qədər gərginləşmişdi ki, baş nazir Dençile Yohannisin görüş təklifini belə, rədd etmişdi. Prezident isə öz növbəsində, bundan sonra SDP lideri Draqnya ilə qeyri-formal görüşlər keçirməyəcəyini bildirmişdi: «Liviu Draqnya artıq qeyri-formal dialoqun aparılması üçün tərəfdaş deyil». Prezident demişdi ki, «bundan sonra münasibətlərimiz sırf institusional xarakter alır. Odur ki, biz dost kimi görüşməyəcəyik. Artıq bir-birimizə simpatiyamız da yoxdur. Sadəcə, yüksək dövlət vəzifəsi tutduğumuz üçün dialoq aparmaq öhdəliyimiz var. Odur ki, prezident-hökumət, prezident-parlament səviyyələrində dialoq davam etdirilməlidir».

Bəlkə də, prezident Yohannisin ölkəsinin AİŞ-yə sədrlik etməsilə bağlı fikrinin dəyişməsi də bu dialoqun gedişilə bağlı olub. Hər halda, prezident bu haqda fikrini, demək olar ki, hər ay dəyişirdi.

Rumıniyanın bu vəzifənin icrasına başlamağa hazır olduğuna dair eyni dərəcədə ziddiyyətli bəyanatlar Aİ rəhbərliyindən də eşidilirdi. Avropa Komissiyasının noyabr hesabatında isə bildirilirdi ki, Rumıniya hökumətinin apardığı islahatlar hakimlərin müstəqilliyini və hakimiyyətin bölüşdürülməsi prinsipini sual altına qoyur. Bu, Rumıniyanın Aİ-yə üzv olduğu 2007-ci ildən bu yana ona ünvanlanmış ən tənqidi hesabat idi.

«Hesab edirəm ki, Buxarest hökuməti Aİ ölkələrinə sədrliyin nə demək olduğunu tam anlamayıb. Ağıllı yanaşma başqalarını da eşitməyi, öz iddialarını kənara qoymaq bacarığını tələb edir. Məndə bu mənada müəyyən şübhələr var», - deyə Jan-Klon Yunker bu yaxınlarda məsələ haqda danışarkən bildirmişdi.

Brüsselin Rumıniya ilə bağlı şübhələri o qədər dərin idi ki, AİŞ-yə iyulun 1-dən sədrlik etməli olan Finlandiya Buxaresti əvəzləməyə hazır olduğuna eyham belə vururdu.

2018-ci ilin sonuna yaxın ortaya daha bir ciddi xəbər çıxmışdı: guya Avropa Komissiyası AİŞ-yə rəhbərlik edəcəyi dövrdə Rumıniyanın idarəçilik funksiyasını ciddi şəkildə məhdudlaşdırmağı düşünür. Lakin dekabrda avropalı məmurların mövqeyi ən azı görüntü olaraq dəyişdi və onlar bir-birinin ardınca Buxarestin AİŞ-ə rəhbərlik etməyə tam hazır olduğunu söyləməyə başladılar. Ola bilsin ki, Rumıniya prezidenti də mövqeyini məhz onların təzyiqi nəticəsində dəyişib.

 

Sərt cavab

Avropa Komissiyasının məruzəsi Buxarestdə sərt qarşılanmışdı. Baş nazir Dençile Aİ liderlərinin «İttifaqın digər üzvlərinə icazəli olan işi Rumıniyaya qadağan etməsindən» təəccübləndiyini bildirmişdi: «Onlar Rumıniyanın Avropanın digər ölkələrində yolverilməz sayılan məsələlərə göz yummasını tələb edir. Biz sizin bərabərhüquqlu tərəfdaşınız olmaq istəyirik». Baş nazirin sözlərinə görə, onun hökuməti ölkənin xüsusi xidmət orqanları ilə ədliyyə orqanları arasındakı gizli sövdələşmə ilə mübarizə aparır. Onun sözlərinə görə, bu qurumlar «sübutların saxtalaşdırılması, şahidlərin yalan ifadə vermələri üçün şantaj edilməsilə məşğuldur».

Viorika Dençile nümayişçilərə qarşı sərt davrandıqlarına dair ittihamlarla da razılaşmır. Onun sözlərinə görə, jandarmeriya nümayişçilərin hökumət binasını ələ keçirməyə cəhd etdikləri üçün sərt davranmalı olub. Baş nazir hesab edir ki, Rumıniya jandarmeriyasının sərtliyi Belçika, Fransa, İspaniya, Almaniya və ya Böyük Britaniya polisinin əməllərindən fərqlənmir: «Bu ölkələrdə də qanunsuz nümayişlərin qarşısı sərt şəkildə alınır».

 

Əjdaha qeyri-bərabərliyə qarşı

Beləliklə, Rumıniya artıq 2 həftədir ki, AİŞ-ə rəhbərlik edir və bu, hələ ki, heç kəs üçün çətinlik yaratmayıb. Odur ki, Buxarestin bu vacib Avropa institutuna rəhbərlik etdiyi dövr üçün müəyyənləşdirdiyi prioritetləri bilməyin zamanıdır.

Yarım ilin şüarı belədir: «Yekdillik ümumavropa dəyəri kimi». Rumıniya rəhbərlərinin sözlərinə görə, bu, ilk növbədə, Avropa ölkələri arasında iqtisadi həmrəyliyi nəzərdə tutur və bu həmrəylik qeyri-bərabərliyin aradan qaldırılmasına, vahid bazarın inkişafına yönəlməlidir.

Buxarestdə etiraf edirlər ki, Avropa dövlətləri və regionları arasında təbii rəqabət olsa da, daha az inkişaf etmiş dövlətlərin sürətli inkişafı ümumilikdə Aİ-nin daha da güclənməsinə səbəb olacaq. Bu, daha az inkişaf etmiş regionlardan inkişaf etmiş ölkələrə işçi qüvvəsinin axınını da azaldacaq.

«Daha yoxsul regionların inkişafı həmin bölgələrdə alıcılıq qabiliyyətini artıracaq, bu isə Aİ tərkibində istehsal olunan məhsullar üçün daha cəlbedici bazarlar açacaq», - deyə baş nazir Dençile bildirib.

Lakin Rumıniya ilk baxışdan tamamilə dinc sayılacaq bu şüara kifayət qədər döyüşkən loqotip seçib – başı canavar, bədəni ilan olan Dakiya əjdahası.

Bir vaxtlar indiki Rumıniya və Moldova ərazisində dak tayfalarının yaşadığı eramızdan əvvəl V əsrə aid yunan salnamələri sayəsinə üzə çıxıb. Dakların adının «canavar» sözündən götürüldüyünə dair bir neçə fərziyyə var. Onların hər birində dakların döyüşkən, cəsur xalq olduğu deyilir. Qədim yunan salnaməçisi Herodot yazırdı ki, onlar üzərində bədəni ilan, başı canavar olan əjdaha şəkli olan hərbi bayraq altında çoxsaylı düşmənlərlə igidliklə döyüşüblər və öləndə də üzlərində təbəssümlə ölüblər.

 

Çətin dövr

Görəsən, döyüşkən daklar müasir Avropada özlərini necə aparardılar? Bunu demək çətindir. Onların yeni nəsli isə qarşıdakı yarım ildə Avropada qərarların qəbulu proseslərinin mərkəzində yer alacaq. Bu dövrdə onlar Avropa layihəsinin inkişafında, səfərbər olmasında, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsində vacib rol oynamalıdırlar.

Üstəlik, bu dövr üçün Avropa qarşısında son dərəcə çətin vəzifələr durur: «Brexit» epopeyasının başa çatdırılması, miqrasiya probleminin həlli, Aİ-nin bir çox ölkələrin razı olmadığı büdcəsinin qəbulu, yeni rəhbərliyini – Avropa Parlamenti, Avropa Komissiyası sədrlərinin seçimi, o cümlədən Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müəyyənləşdirilməsi…

Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra (martın 29-na təyin olunub) qurumun 27 üzvünün liderlərinin iştirakı ilə keçiriləcək ilk sammitinə Rumıniya rəhbərlik edəcək. Toplantının mayın 9-da ölkənin ən vacib mədəni və dini mərkəzlərindən sayılan Sibiu şəhərində keçirilməsi nəzərdə tutulur. Sammitdə «Brexit»dən sonrakı dövr, mayın 23-26-da keçiriləcək ümumavropa seçkisi kimi ciddi məsələlər müzakirə olunacaq.

 

Azərbaycanın etibarlı tərəfdaşı

Rumıniya baş nazirinin müavini Ana Birçall Bakıya ötən ilin yazında etdiyi səfəri zamanı Azərbaycanın Avropa üçün vacib strateji layihələrin reallaşdırılmasında əhəmiyyətli rol oynadığını demişdi. Onun sözlərinə görə, Buxarest bu üzdən Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsində, münasibətlərin gücləndirilməsində maraqlıdır. Bu fikir iki ölkənin hökumətlərarası komissiyasının ötən ilin sentyabrında Buxarestdə keçirilmiş beşinci toplantısında da təkrarlanıb.

Buxarestlə Bakını çoxdankı dost münasibətləri birləşdirir. Rumıniya Azərbaycanın müstəqilliyini tanımış ikinci dövlətdir (Türkiyədən sonra). O, bunu 1991-ci il dekabrın 11-də edib. Azərbaycan isə öz növbəsində, Şərqi Avropada ilk səfirliyini məhz Rumıniyada açıb. Bundan başqa, Aİ üzvlərindən Azərbaycanla strateji tərəfdaşlığa dair Birgə Bəyannaməni imzalamış ilk ölkə Rumıniyadır (2009).

Bu gün Azərbaycanla Aİ-nin birgə həyata keçirdiyi bir neçə nəhəng enerji layihəsi reallaşma və hazırlanma mərhələsindədir. Onların bəzilərində Rumıniya da fəal iştirak edir. Söhbət o cümlədən AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) qaz kəmərləri sistemi layihəsindən gedir. Bu layihə Azərbaycan qazının Rumıniyanın Konstansa limanı vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Bu arada Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlığa dair yeni sazişin imzalanması bu ilin martına planlaşdırılır ki, bu da Rumıniyanın AİŞ-ə sədrliyi dövrünə təsadüf edir. Səbəb tərəflər arasında 1996-cı ildə imzalanmış razılaşmanın müasir reallıqlara cavab verməməsidir.

Beləliklə, görünən odur ki, Rumıniya qədim Dakiya əjdahasına yeni həyat verməklə, Avropanın maraqları uğrunda simasında təbəssümlə savaşmaq niyyətindədir. Lakin o, bu yolda ölmək niyyətində deyil.



MƏSLƏHƏT GÖR:

398