Müəllif: İrina XALTURİNA
Yanvarın əvvəlində ABŞ ilə Çin arasında ötən il başlamış ticarət müharibəsinə son qoyulmasına hesablanmış danışıqların növbəti raundu keçirilib. Tərəflər dialoq haqda razılığa 2018-ci ilin dekabrında G20-nin Argentinada təşkil olunmuş sammiti zamanı gəliblər. Sammit çərçivəsində Çin sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında şəxsi görüş olmuş və görüşdə belə danışıqlara başlanması haqda razılıq əldə olunmuşdu. Hər iki tərəf üçün əsas stimul iqtisadi-ticari savaşın nə Pekinə, nə də Vaşinqtona sərf etməsidir. Ümumiyyətlə o, bütünlükdə dünya iqtisadiyyatının da ziyanınadır. Lakin iki ölkə arasında problem sadəcə göründüyü kimi, rüsum, ticarət balansının pozulması kimi məsələlərlə əlaqəli deyil. Bu narazılıqlar kifayət qədər qısa zamanda aradan qaldırıla bilər. Əsas odur ki, ÇXR ilə ABŞ telekommunikasiya sahəsində hegemonluğu ələ almaq uğrunda yarışır və bu sahədə liderlik tezliklə qlobal iqtisadi və siyasi rəqabətdə də liderliyin təməlinə çevrilə bilər. Digər tərəfdən nəhəng korporasiyaların sahibləri arasında heç bir rəqabətin olmadığını da düşünmək mümkündür. Çünki gəlir istər milli sərhədləri, istərsə də milli maraqları arxa plana keçirir.
Industry 4.0
«…Pekin nüfuzunu ABŞ-a da yaymaq üçün bütün strukturlarını səfərbər edib. Bu məqsədlə o, siyasi, iqtisadi, hərbi alətlərdən, həmçinin təbliğatdan istifadə edir. Çin bizim kursumuza təsir göstərmək, daxili siyasətimizə qarışmaq üçün görünməmiş fəallıq nümayiş etdirməkdədir». Bunu Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens 2018-ci il oktyabrın 4-də Hudson İnstitutundakı çıxışı zamanı bildirib. Bu cür sözlərin arxasında, əlbəttə ki, ticarət müharibəsi üçün məlum bəhanələr deyil, daha ciddi narazılıqlar dayanmalıdır. Güman ki, Vaşinqtonu, ilk növbədə, ÇXR-in yüksək texnologiyalar sahəsində sürətlə irəliləməsi narahat edir. Hər halda, bu sahədə Çin şirkətləri ABŞ şirkətləri üçün getdikcə daha ciddi rəqibə çevrilir. Bu vəziyyətdə rüsum və s. söhbətləri səbəb yox, sadəcə, mübarizə alətidir. Əsas səbəb başqadır.
Son zamanlar Çin keyfiyyətsiz və ucuz məhsul istehsalçısı adından xilas olmaq yolunda sürətlə irəliləyir. «Çin istehsalı-2025» Dövlət Strategiyası Pekinin o cümlədən yüksək texnologiyalar sahəsində liderliyə yiyələnməsini hədəfləyir. Çinin «Tencent», DJI, «Baidu», «Alibaba Group», «Xiaomi» kimi şirkətləri artıq dünya miqyasında məşhurlaşıb və istehlakçıların etibarını qazana bilib. Ölkənin əsas qüruru isə əlbəttə ki, «Huawei» və ZTE kimi telekommunikasiya nəhəngləridir. Bu gün «Huawei» dünyanın ən nəhəng mobil rabitə qurğuları istehsalçısıdır. Smartfon brendi olaraq isə o, dünyada ikinci yerə yüksəlib. Qərb Pekinin bu sahədə belə ciddi uğurlarını hökumət tərəfindən maliyyə dəstəyi, xarici şirkətlərə qarşı ayrı-seçkilik, texnologiyaların məcburi transferi və genişmiqyaslı sənaye casusluğu ilə əsaslandırır. Çin şirkətlərisə bütün deyilənləri rədd edir.
Maraqlıdır ki, Çinin texnoloji baxımdan güclənməsi alimlərin sənaye inqilabı («industry 4.0») adlandırdıqları hadisələrin astanasında baş verir. Ümumilikdə «industry 4.0» rəqəmsal iqtisadiyyata keçidi nəzərdə tutur – rəqəmsal texnologiyalar, bulud texnologiyasının bazasında süni intellekt, 3D nəşrlər, müxtəlif sahələrdə labüd olacaq yeni idarəetmə modelləri. Artıq bu dəyişikliklərin qarşısının alınması mümkün deyil və ən yaxın zamanlarda hər hansı qlobal münaqişə, yaxud təbii fəlakət baş verməzsə, bu yeniliklər özümüz və dünya haqqındakı düşüncəmizi, anlayışımızı dəyişəcək. Bununla, insan əməyinin təyinatı, ünsiyyət, siyasi və ideoloji sistem də ciddi dəyişikliklərə məruz qalacaq.
Hər şey 5G-nin başındadır
İstənilən halda, Aİ-də, ABŞ-da, Rusiya və Asiya regionunda «industry 4.0»ə hazırlıq çoxdan gedir. Lakin yeni dünya yalnız supersürətli mobil şəbəkənin (5G) işə düşməsi halında mümkündür. Məhz o, məlumatların ötürülməsi sürətini dəfələrlə artıracaq, əhatə dairəsini genişləndirəcək, bir anda çox sayda mobil qurğu arasında bağlantını təmin edəcək. Bəzi ölkələrdə 5G artıq istifadəyə verilməyin bir addımlığındadır. «Deloitte» audit şirkətinin məlumatına görə, 25 qlobal simsiz rabitə operatoru 2019-cu ildə bu xidməti istifadəyə verəcək. 2020-ci ildə isə belə operatorların sayı 2 dəfə artacaq.
İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı olan «Ericsson»da hesab edirlər ki, artıq 2024-cü ildə dünyada 5G istifadəçilərinin sayı 1,5 milyard nəfərə çatacaq. Cənubi Koreya və Çin onu 2019-cu ildə tətbiq etməyə hazırlaşır.
Bu gün əsas problem bu sahəyə aid standartların olmamasıdır. Bu, bazarda təklif olunan variantların inteqrasiyasına və yeni variantların meydana çıxmasına mane olur. «Huawei» və ZTE, həmçinin «Ericsson» və «Nokia» 5G-yə əsaslanan texnoloji infrastrukturun və standartların hazırlanması ilə məşğuldur. Çin şirkətləri bu məsələdə də bir sıra məqamlarda rəqiblərini üstələyir. Odur ki, «Huawei» avadanlıqlarının Qərbin aparıcı bazarlarına tədarükünə maneə yaradılan zaman çoxları bunu ABŞ və müttəfiqlərinin ən güclü rəqiblərinə badalaq kimi qiymətləndirib. Üstəlik, bu qadağalar və məhdudiyyətlər sırf siyasi səbəblərlə əsaslandırılır. Birincisi, təhlükəsizlik baxımından. Məsələn, «MI6»nın rəhbəri Aleks Yanger bildirib ki, «Huawei»dən olan 5G avadanlıqlarından istifadə telekommunikasiya şəbəkələrinin sıradan çıxması və casusluq riski yaradır. «Huawei» şirkətisə qurumun sahiblərinin mülkiyyətində olduğunu, heç zaman dövlət maraqlarına uyğun casusluq və diversiyalarla məşğul olmadığını bildirir. Qurum rəsmiləri deyir ki, bu, onların biznesini təhlükə qarşısına ata bilər və bu üzdən şirkət rəhbərliyi heç zaman buna getməz. Lakin deyilənlər Qərbə inandırıcı gəlmir.
İkincisi, qadağalar Amerikanın İrana tətbiq etdiyi sanksiyalarla əlaqələndirilir. Ötən ilin aprelində bu, ZTE-nin başına gəlmişdi. Dekabrın 1-də isə Kanada hökuməti eyni səbəbə əsaslanan ABŞ-ın istəyi əsasında Vankuverdə «Huawei»in maliyyə direktoru, İdarə Heyəti sədrinin müavini Men Vançjounu (Sabrina Men) həbs etmişdi. Men yalnız şirkətini maliyyə direktoru yox, həm də onun sahibinin qızıdır. Amerika hökuməti «Huawei» şirkətinin ən azı 2016-cı ildən İranla bağlı sanksiyaları pozduğundan şübhələnir.
Çin, əlbəttə ki, bu həbsi cavabsız qoymayıb. 2019-cu il yanvarın 3-də iki Kanada vətəndaşı Çində həbs olunub. Söhbət Kanadanın Çindəki konsulunun sabiq müavini, hazırda «Beynəlxalq böhran qrupu» QHT-nin böyük məsləhətçisi Maykl Kovriq və kanadalı iş adamı Maykl Speyvordan gedir. «Beijing News» yazır ki, Kovriqlə Speyvor Çinin milli təhlükəsizliyinə təhdid yaratmaqda şübhəli bilinirlər. Bunun tammiqyaslı hərbi əməliyyat, yoxsa kəşfiyyat xarakterli addım olduğu yaxın zamanda məlum olacaq. 5G texnologiyasında liderlik o qədər ciddi məsələdir ki, hər şey baş verə bilər. Hər halda, «stavka» çox yüksəkdir.
LoT-dan dosye
Bunu ən azı «IoT»un tətbiqinin gətirəcəyi dəyişikliklərin miqyasından görmək mümkün olacaq. Bu, ətrafımızdakı, demək olar ki, hər şeyin ümumdünya şəbəkəsinə qoşulmasını nəzərdə tutur – avtomobillərin, trenajorların, tibbi avadanlıqların, qapı kilidlərinin, kamera və siqnalizasiyaların, mətbəx cihazlarının, işıqlandırmanın, su sistemlərinin, kondisionerlərin, hətta geyimlərin və s. Belə mənbələrdən hər bir insan haqda nə qədər ətraflı məlumat toplamağın mümkün olacağını təsəvvür edirsinizmi? Hər insanın vərdişləri, gizli meyillərindən tutmuş, hərəkət trayektoriyasına, səhhətilə bağlı problemlərinədək. Bütün bu informasiyaları bir anda hazırlamaq, sistemləşdirmək və lazımi şəkildə istifadə etmək mümkün olacaq. Məsələn, bu məlumatlardan hər hansı siyasi məqsədlə, seçkiqabağı kampaniyalar zamanı və ya müxtəlif manipulyasiyalar məqsədilə istifadə oluna bilər. İddialara görə, bu, artıq ABŞ-dı keçirilmiş son prezident seçkisi və Böyük Britaniyada «Brexit» üzrə səsvermənin gedişində baş verib. O zaman «Facebook» sosial şəbəkəsinin milyonlarla istifadəçisinin şəxsi məlumatları «Cambridge Analytica» şirkətinin əlinə keçmiş və onlardan reklamın hazırlanmasında istifadə olunmuşdu.
Həqiqətən də, əvvəllər elektorat kobud şəkildə yaşayış yeri, təhsili, yaşı, etnik mənsubiyyəti, dini inancı üzrə kobud formada bölünürdüsə, indi, bu, sürətlə fərdi bölgüyə keçir. Artıq hər kəs lazımi namizəddə konkret seçici üçün vacib olanı görür. Yenə də, artıq buna bənzər hallar var – elə həmin «Facebook» sosial şəbəkəsi hər istifadəçi üçün onun özünə uyğun tamamilə fərdi «sima» müəyyənləşdirir.
Bununla yanaşı, belə dosye yalnız sadə insanlarla bağlı deyil, siyasətçilər, ictimai xadimlər, həmçinin onların qohumları haqda da hazırlanacaq. Bütün bunların onlara qarşı təzyiq və şantaj kimi istifadə olunacağı isə istisna deyil.
Yəqin ki, bu cür qlobal qarışıqlıqdan sonra sərhədlər, bəlkə də, milli suverenlik məsələsi belə, əvvəlki əhəmiyyətini itirəcək. Bu nöqteyi-nəzərdən Rusiyanın guya ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxilə etdiyinə dair fikirlərə müdaxilə deyil, qanunauyğun proses kimi baxmaq lazımdır. Axı, artıq şəbəkəyə qoşulmuş hər bir istifadəçi nəticəyə təsir edə bilir. Yəni hər hansı maraqlı şəxs seçkidə faktiki olaraq iştirak etmədən belə, seçicilərin seçiminə təsir göstərə bilər. Üstəlik, bu zaman həmin şəxsin hansı ölkənin vətəndaşı olduğunu heç bir fərqi yoxdur.
Nəhayət, müxtəlif ölkələrdən olan lakin ümumi maraqları daşıyan insanlar birləşə, məsələn, hansısa formada virtual muxtariyyət də tələb edə bilər. Buraya saysız-hesabsız saxta xəbər, foto və videonun vəziyyətə təxminedilməz yön verə biləcəyini də əlavə etsək, ictimai rəylə manipulyasiya etmək imkanı, həqiqətən, inanılmaz dərəcədə böyükdür.
Digər tərəfdən internetə qoşulmuş qurğuların artması ilə kibertəhlükə də böyüyür. Bu gün evdə istifadə olunan qurğularla belə, zərərli proqramların şəbəkəyə buraxılması kifayət qədər asandır. 2016-cı ilin payızında DDOS hücumlar tarixinin ən miqyaslı hücumu isə «yoluxmuş» fərdi kompüterdən deyil, IoT qurğulardan – videokamera və routerlərdən başlamışdı.
Qeyd etmək lazımdır ki, bunlar, «industry 4.0»ın gəlişilə dünyanın hazırkı siyasi və iqtisadi düzəninin üfüqündə peyda olacaq problemlərin çox az bir hissəsidir. Odur ki, məsələ sonda bütün dünyaya nəzarət edəcək şəbəkəyə rəhbərliyin kimin əlində olacağındadır.
Rəqabət varmı?
Bütün bunlarla yanaşı, Qərblə Çin arasında texnoloji rəqabətdən danışarkən «soyuq müharibə» illərinin terminlərindən istifadə mümkün deyil. Bu da dəyişən dünyanın əlamətlərindən biridir – ticarət müharibəsi sanki var, amma onu klassik mənada, tərəflərin barrikadaların fərqli tərəflərində olduğu müharibə adlandırmaq da çətindir. Məsələ ondadır ki, yeni reallığa seçmək üçün maşınlar eyni dildə danışmalıdır. Əks halda heç nə alınmayacaq. Odur ki, kooperasiya qaçılmazdır. «Huawei» şirkətinin icraçı direktoru Qo Pin deyir ki, «5G xidmətinin «Huawei» ilə işləmək istəməyən tədarükçüləri əsas oyunçulardan məhrum NBA oyununa bənzəyəcək: oyun gedəcək, lakin orada istedad, təcrübə və çeviklik az olacaq».
Bununla yanaşı, yüksək texnologiyalar sahəsində Qərbin liderliyinə şübhə yeri qoymayan bir çox iş var. Pekin bunu rədd edə bilməz. Üstəlik, Çin və ABŞ iqtisadiyyatlarının bir-birinə bağlılığı da kifayət qədər dərindir. Pekin üçün Birləşmiş Ştatlarla əlaqələrin pozulması onun inkişaf etməkdə, çiçəklənməkdə olan iqtisadi sisteminin dağıdılmasıdır. Amerika üçün isə Çinin cəzalandırılması elə öz-özünü cəzalandırmaq anlamına gəlir. Məsələn, «Apple» şirkətinin baş direktoru Tim Kuk açıq şəkildə bildirib ki, «iPhone» satışında zəifləmənin əsas səbəblərindən biri ABŞ ilə Çin arasında gedən ticarət savaşıdır. Azalan bazarlar və dolların bahalaşması isə inkişaf etmiş ölkələrə məxsus «Apple» və «Samsung» kimi şirkətlərin rəqabət qabiliyyətinə zərbə vuran daha bir amildir.
Transmilli şirkətlərin oyun qaydaları var. Onlar çox səviyyəli tədarük sisteminə malikdirlər və zehni mübadilələr həyata keçirirlər. Bu əlaqələr isə həmin şirkətlər üçün siyasətçilərin fikirlərindən daha vacib və daha qiymətlidir. Məsələn, elə həmin «Huawei» və ZTE kimi Çin şirkətləri ABŞ-da, İsveçdə, Koreyada, Almaniyada, Türkiyədə, Hindistan və Rusiyada çoxsaylı elmi tədqiqat mərkəzlərinə malikdirlər. Böyük biznes hər zaman normativlərə, tənzimləyici maneələrə müqavimət göstərəcək. Çünki qlobal gəlir onlar üçün əsas hədəfdir.
MƏSLƏHƏT GÖR: