Müəllif: Natiq NAZİMOĞLU
ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması haqda qərarı uzun illərdir müharibə burulğanında olan bu ərəb ölkəsilə bağlı bir sıra hərbi-siyasi proseslərə təkan verib. Söhbət həm də Suriya probleminin həlli prosesində vacib rol oynayan Rusiya-Türkiyə-İran üçlüyündəki qüvvələr nisbətinə bilavasitə təsir göstərən Ankaranın regional mövqeyinin güclənməsindən gedir.
Tramp nə edir?
Amerika prezidenti Donald Tramp əvvəlcə ölkəsinin Suriyadakı hərbi kontingentinin oradan mərhələli şəkildə çıxarılacağını bəyan edib. O, bu işin tezliklə başa çatdırılmasının vacibliyini bildirib və bunu Vaşinqtonun İŞİD terror təşkilatının məhvilə bağlı məqsədinə nail olduğu ilə əsaslandırıb.
Qərarının məğzini isə Tramp bir qədər sonra, Yeni ilin gəlişindən sonra yazdığı «tvit»lə açıqlayıb. O, Trampın xarici siyasi konsepsiyası ilə tam üst-üstə düşür – söhbət Ağ Ev sahibinin «bitmək bilməyən müharibələrin xoş sonluğu» haqda yazdığı daha bir «tvit»dən gedir. Tramp bu zaman xüsusilə «illər əvvəl yanlış fikir üzündən başlanmış» müharibələri nəzərdə tutub. Prezident hesab edir ki, bu savaşlarda ABŞ-ın «zəngin dövlətlərdən aldığı maddi və hərbi dəstək onların Amerikadan əldə etdikləri faydadan daha azdır».
Göründüyü kimi, bu bəyanatda prezident ABŞ-ın ən yaxın müttəfiqlərini – Avropa ölkələrini növbəti dəfə tənqid edib. Onun fikrincə, Avropa dövlətləri Amerikanın hərbi siyasətindən öz maddi və təhlükəsizlik maraqları naminə yararlanır.
Lakin ABŞ ilə Köhnə dünya ölkələri arasındakı ziddiyyətin Suriya ilə bağlı yaşanmaqda olan dəyişikliklərə bilavasitə aidiyyəti yoxdur. Üstəlik, Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılacağına dair ötən il dekabrın 19-da verdiyi bəyanatdan dərhal sonra bu məsələyə bir qədər qeyri-müəyyənlik gətirib. O, bəyanatına nəzərəçarpacaq dəyişiklik edərək, onu İŞİD terror təşkilatının tam məhvi və Vaşinqtonun kürd müttəfiqlərinin təhlükəsizliyinin təminilə əsaslandırıb. Eyni zamanda Tramp bir sıra mətbuat orqanını, ilk növbədə, «The New York Times» nəşrini tənqid edərək, onları ictimaiyyəti çaşdırmaqda ittiham edib. Ağ Ev sahibi bildirib ki, bu nəşrlər guya onun Amerika qoşunlarının Suriyadan maksimum 4 ay ərzində çıxarılmasına göstəriş verdiyini yazır. «Biz lazımi tempdə gedəcəyik. Eyni zamanda «İslam Dövləti»lə mübarizəni davam etdirəcək, lazımi və doğru olan addımları atacağıq. Bu, əvvəlki bəyanatlarımdan heç nə ilə fərqlənmir!» - deyə Donald Tramp «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb.
Prezidentin fikirlərini mətbuat katibi Mersedes Şlapp bir qədər də açıb. Onun sözlərinə görə, Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaqla, onun təhlükəsizliyini təmin etmək istəyir. Amma bütün bunlar ABŞ siyasi mətbəxinin yalnız ayrı-ayrı nüanslarıdır. Amerika administrasiyasının qoşunlarını Suriyadan çıxarmaq qərarı verməklə əslində hansı məqsədlər güddüyünü dəqiqləşdirmək çətindir. Burada prosesin hansı müddətə başa çatdırılacağının o qədər də əhəmiyyəti yoxdur.
Bir məqama diqqət yetirmək lazımdır. ABŞ-ın hərbi-siyasi rəhbərliyi qoşunlarını Suriyanın bütün obyektlərindən və rayonlarından çıxarmaq niyyətində deyil. Ölkənin cənubunda yerləşən əl-Tanfa hərbi bazasının ətrafı istisna təşkil edir. İordaniya sərhədinə yaxın bu ərazidə Amerikanın 200-dək hərbçisi qalacaq. Səbəb isə «iranlıların regionda getdikcə artan fəallığının qarşısının alınması»dır.
ABŞ-ın dövlət katibi Mayk Pompeo açıq şəkildə bildirib ki, Suriyadan Amerika qoşunlarının çıxarılması «taktikanın dəyişməsi»ndən başqa bir şey deyil. Onun sözlərinə görə, Birləşmiş Ştatlar nəinki terrorçuluqla mübarizəni davam etdirmək, həm də İranla nüfuz savaşında bütün imkanlarından yararlanmaq niyyətindədir. Hər halda, yanvarın əvvəlində İsrail aviasiyasının Suriya ərazisində İran və İranpərəst birləşmələrə məxsus mövqeləri, obyektləri bombardman edərkən ABŞ ona əbəs yerə dəstək verməyib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İsrailə elə həmin günlərdə etdiyi səfər zamanı İsrail ordusunu ABŞ qoşunlarının Suriyadan çıxmasından sonra yarana biləcək «vakuum»u doldurmağa çağırıb. Daha konkret desək, Vaşinqton İsrail aviasiyasına amerikalıların özlərinin iştirak etməyəcəyi əməliyyatlarda ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bir hissəsi kimi çıxış etmək təklifini verir.
Beləliklə, ABŞ açıq şəkildə göstərir ki, İŞİD-in faktiki məhv olunduğu bir şəraitdə diqqətini, ilk növbədə, İrana yönəltmək niyyətindədir. Vaşinqton Suriyada mövqeyini getdikcə gücləndirən Tehranın qarşısını almaq üçün İsraillə əməkdaşlığa üstünlük verəcək. Başqa sözlə, bu vəzifənin hərbi tərəfi İsrailin üzərinə qoyulacaq. Trampın ABŞ ordusunun Suriyadan çıxarılması qərarı da elə bununla izah olunur. Amerika administrasiyasının məntiqinə görə, bundan sonra koalisiya qüvvələrinin qarşısında dayanan vəzifənin əsas ağırlığını ABŞ-ın yaxın müttəfiqləri çəkməlidir. Söhbət, ilk növbədə, İsraildən gedir. O, Trampa hələlik ən azı Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıdığı üçün minnətdar olmalıdır. Bununla yanaşı, Amerika böyük Yaxın Şərq oyununda aparıcı siyasi rolu, təbii ki, özündə saxlayır. ABŞ-ın dövlət katibinin yanvarın 8-də başlamış ərəb ölkələri turnesi buna sübutdur. Onun Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir, Oman, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanına səfərlərini nəzərdə tutan turnenin əsas məqsədlərindən biri antiiran koalisiyasının yaradılmasıdır. Bunu Pompeonun özü rəsmən etiraf edib.
«Biz koalisiyanı genişləndirməliyik. Söhbət Fars körfəzi ölkələrinin, İsrailin, Avropa və Asiya dövlətlərinin iştirak etdiyi koalisiyadan gedir. Bu dövlətlər anlayır ki, dünyanın terroru maliyyələşdirən ən nəhəng dövləti bu əməlinə son qoymalıdır», - deyə o, qeyd edib.
Bəs, ABŞ-ın Tehranı heç də «terroru maliyyələşdirən ən böyük dövlət» saymayan, üstəlik, Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını çaşqınlıqla qarşılayan avropalı müttəfiqləri antiiran planına necə reaksiya verəcək? Hələlik bunu demək çətindir. Avropalılardan fərqli olaraq, Türkiyənin məsələyə yanaşması konkret və aydındır.
«Rəzil iftira»
Son həftələr Türkiyə Suriya ilə sərhədə böyük həcmdə hərbi qüvvə və texnika toplayır. Güman ki, bu, Suriyanın strateji əhəmiyyətli məntəqələrindən sayılan Mənbic şəhərinə hücum hazırlığıdır. Hazırda şəhər kürdlərin terror təşkilatlarının nəzarətindədir.
Kürd qüvvələri özlərini Türkiyənin hücumundan sığortalamaq üçün ötən ilin sonlarında rəsmi Dəməşqlə Hələbin 85 kilometrliyində yerləşən Mənbicin Suriya hökumət qüvvələrinin nəzarətinə verilməsi haqda razılıq əldə edib. Lakin hazırda orada üstünlük kürdlərə məxsus «Xalq özünümüdafiə qüvvələri» (YPG) təşkilatındadır. Bu təşkilat Demokratik Qüvvələr İttifaqına (SDF) daxildir. Ankara həm YPG-ni, həm də SDF-ni terrorçu Kürd Fəhlə Partiyasının (PKK) strukturu sayır. KİV-də yer alan məlumatlara görə, YPG yaraqlılarının bir hissəsi, həqiqətən də, mövqelərini Suriya Ordusuna təhvil verərək, şəhəri tərk edib.
Bu arada Türkiyə ABŞ-ı YPG və SDF-ə birbaşa hərbi dəstək verməkdə günahlandırır. Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması qərarı fonunda Ankaranın mövqeyi maraqlıdır. Kürd terrorçuluğunu öz təhlükəsizliyinə birbaşa təhdid sayan Türkiyə açıq şəkildə göstərir ki, o, amerikalıların gedişindən sonra Mənbici öz nəzarətinə götürmək, onu sərhəddə əvvəldən yaratdığı təhlükəsizlik zonasına daxil etmək niyyətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu açıq ifadə edib və məqsədin Mənbicin YPG-dən təmizlənməsi olduğunu bildirib. O, Amerika qoşunlarının Suriyanı tərk etməsindən sonra ölkənin şimal-şərq hissəsini qorumaq üçün «Suriya cəmiyyətinin bütün təbəqələrinin yer alacağı xüsusi qüvvələr»in yaradılması təklifini də irəli sürüb. Bununla yanaşı, Ərdoğan terror təşkilatları, xüsusilə YPG ilə əlaqəsi olan yaraqlıların üzə çıxarılması üçün «yoxlama prosesi»nə ehtiyacın yaranacağını da söyləyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması Ankaranın bu ölkənin şimalında yeni əməliyyatlar aparmasına mane olmayacaq. Məsələyə Türkiyənin müdafiə naziri Hülusi Akar da münasibət bildirib. Ankarada ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordla görüşən nazir Vaşinqtonu YPG qüvvələrini tezliklə Mənbicdən çıxarmağa çağırıb.
Bu mənada düşünmək olar ki, Ankara, nəhayət, Vaşinqtonu hələ ötən ilin iyununda razılaşdırılmış Türkiyə-Amerika «yol xəritəsi»nə əməl etməyə razı sala bilib. Sənəd kürd birləşmələrinin Mənbicdən çıxarılmasını nəzərdə tutur. Məsələ yarım il ərzində həllini tapmalı idi. Lakin Vaşinqton onu bilərəkdən uzadırdı. Trampın Suriyanı tərk etmək qərarı isə prosesi sürətləndirib və bunun fonunda Türkiyə Suriya ilə sərhəddə hərbi mövcudluğunu artırmağa başlayıb.
Bununla yanaşı, ABŞ Ankaranı Suriyada kürdləri hərbi-siyasi amil kimi tanımağa etməyə məcbur etməyə çalışır. Con Boltonun İsrailə səfəri zamanı səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Trampın məsləhətçisi bildirib ki, Vaşinqton guya «Suriya kürdlərilə vuruşan» Ankaradan kürd təşkilatlarının təhlükəsizliyinə zəmanət tələb edir. Bolton, bununla yanaşı, etiraf edib ki, YPG də daxil olmaqla, «ABŞ-ın müttəfiqlərinin müdafiəsi» «qoşunlarımızı Suriyadan çıxarmazdan əvvəl nail olmaq istədiyimiz hədəflərdən biridir».
Ankaranın Trampın məsləhətçisinin demarşına kəskin reaksiyası özünü çox gözlətməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfərə gəlmiş Boltonu qəbul etməkdən boyun qaçırıb (onu Türkiyənin Prezident Aparatının mətbuat katibi İbrahim Kalın qəbul edib). Ərdoğan isə kürd terrorçuları ilə mübarizə məsələsində heç bir kompromisə getməyəcəyini bəyan edib. Boltonun Türkiyənin Suriya kürdlərilə müharibə apardığına dair fikrini «rəzil iftira» adlandıran Ərdoğan hesab edir ki, amerikalılar belə bəyanatlarla dünya birliyinin fikrinə təsir göstərməyə çalışır.
Amma Ankara ilə Vaşinqton arasındakı fikir ayrılığı yalnız kürd məsələsilə məhdudlaşmır. Türkiyə ABŞ-ın İran siyasətilə razı olmadığını kifayət qədər açıq ifadə edir. Üstəlik, söhbət yalnız Tehrana sanksiyaların tətbiqindən yox, həm də Vaşinqtonun antiiran koalisiyası yaratmaq cəhdlərindən gedir. Ankarada hesab edirlər ki, bu, Suriya probleminin həllini xeyli çətinləşdirir. Hər halda, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun Moskvaya dekabrın 29-da etdiyi səfər zamanı səsləndirdiyi fikir çox şeydən xəbər verir: «Xoşunuza gəlsə də, gəlməsə də, İran Suriya probleminin nizama salınması prosesinin iştirakçısıdır. Mən bunu ABŞ-a və bir sıra digər ölkələrə deyirəm».
«Üçbucaq» üçün imtahan
Suriya ətrafında Donald Trampın Amerika qoşunlarının oradan çıxarılacağını bəyan etməsindən sonra yaşananlar onu da göstərir ki, Vaşinqtonun bu addımı həm də Suriya münaqişəsinə cəlb olunmuş digər oyunçular arasında parçalanma yaratmaq cəhdidir. Bu mənada Amerika Ordusunun istefada olan polkovniki Duqlas Makqreqorun Fox News telekanalına verdiyi müsahibə kifayət qədər maraqlıdır. O, ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarını «hiyləgər addım» kimi qiymətləndirir: «Biz Şimali Suriyanı mümkün qədər tez tərk etməliyik. Çünki orada kürd terrorçularına hər an hücum etməyə hazır olan on minlərlə türk əsgəri var… Rusiya isə seçim etməli olacaq. O, Türkiyəni Suriya ərazisinə buraxarsa, suriyalılarla iranlılara təsir imkanını əldən verəcək».
Amerika qoşunlarının Suriyadan çıxarılması, həqiqətən də, Rusiya-Türkiyə-İran «üçbucağı» üçün ciddi imtahan ola bilər. Məlum olduğu kimi, bu dövlətlər Astana prosesi çərçivəsində Suriya münaqişəsinin həllinin qarantı kimi çıxış edirlər. İŞİD-lə mübarizədə ciddi nailiyyət də əsasən Moskva, Ankara və Tehranın birgə səylərilə əldə olunub. İndi «üçlüy»ün möhkəmliyi Türkiyənin milli maraqlarına əsaslanaraq kürd terrorçularına zərbələr endirəcəyi təqdirdə, tərəflərin kompromisə gedə bilib-bilməyəcəyindən asılı olacaq. Məsələ ondadır ki, Suriya hökumətini dəstəkləyən Rusiya ilə İran Suriyanın bütün ərazisinin, o cümlədən kürdlərin məskunlaşdığı rayonların Dəməşqin nəzarətinə keçməsini istəyir.
Bu mənada Rusiyanın Suriyadakı hərbi bölüyünün komandanlığının qərarı da maraqlıdır. O, Mənbic ətrafında patrul xidməti aparmaq qərarına gəlib. Moskva bununla çalışır ki, Suriyanın şimalının Dəməşqin nəzarətinə keçmək şansını qoruyub saxlasın. Bu perspektivin Ankaranı nə qədər qane etdiyini isə yaxın gələcək göstərəcək. Çünki Moskva Mənbicə nəzarətin kürd təşkilatlarından alınaraq tam Suriya hökumətinə verilməsinə çalışır.
İstənilən halda, Türkiyə Suriyada probolemin tezliklə həllinə nail olunması üçün Moskva və Tehranla fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir. Türkiyənin XİN başçısı Amerika qoşunlarının Suriyadan çıxması prosesinə Rusiya və İranla birlikdə nəzarət etmək təklifini belə, irəli sürüb. Çavuşoğlu hesab edir ki, bu, «boşaldılacaq ərazilər»in müxtəlif terror təşkilatları tərəfindən tutulmaması üçün vacibdir. Onun sözlərinə görə, Ankara «suriyalılarla və bütün dünya birliyilə» Suriyadakı problemin necə həll edilməli olduğuna dair müzakirələri davam etdirir.
Bütün bunların fonunda, şübhəsiz ki, Ankaradan gələn bənzər siqnallar, həmçinin Astana prosesi çərçivəsində Rusiya, Türkiyə və İranın himayəsi altında sülh axtarışının davam etdirilməsi müharibənin əldən saldığı, qan tökülməsinə tezliklə son qoyulacağını gözləyən Suriya xalqı üçün yaxşı xəbərdir. Əvvəllər Suriya hakimiyyətini legitim saymayan bir çox dövlətin artıq reallıqla barışması da bu qəbildən olan hadisədir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri hökuməti Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etmək qərarına gəlib. Bəhreyn də analoji addımı atmağa hazırlaşır. Nəhayət, İtaliya da Suriya ilə diplomatik əlaqələri bərpa etmək qərarına gəlib. Görünür, dünya Suriya müharibəsindən heç də suriyalıların özündən az yorulmayıb.
MƏSLƏHƏT GÖR: