Müəllif: Namiq HƏSƏNOV
Yeni ilin əvvəli amerikalı diplomat Erl Litsenberqin ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin olunması ilə yadda qaldı. ABŞ prezidenti Donald Trampın müvafiq sərəncamı imzalamasından sonra Litsenberq Bakıdakı vəzifəsinin icrasına başlayacaq. Beləliklə, ABŞ-ın Bakının Azadlıq prospektində yerləşən səfirliyinin 2008-ci ilin martından boş qalmış əsas kürsüsü yeni sahibinə qovuşacaq.
Yeni səfir kimdir?
Peşəkar diplomat Erl Litsenberq ABŞ Milli Hərbi Kollecinin məzunudur. O, bu kolleci 2006-cı ildə bitirib və dərhal ölkəsinin Qırğızıstandakı səfirinə müavin göndərilib. Onun bu Mərkəzi Asiya ölkəsindəki fəaliyyəti çox çətin dövrə təsadüf edib. Həmin vaxt Qırğızıstanda ABŞ-ın bu ölkədə yerləşən aviabazasının əleyhinə etiraz aksiyaları keçirilirdi. Lakin Litsenberq digər diplomatlarla birlikdə nəinki ölkə rəhbərliyini «Manas» hərbi-hava bazasının bağlanması fikrindən daşındırmağa nail olub, üstəlik, bazanın icarə müddəti uzadılıb. Sadəcə, onun adı dəyişdirilərək «Tranzit daşımaları mərkəzi» olub.
ABŞ-ın Azərbaycandakı yeni səfirinin xidmət siyahısı kifayət qədər məzmunludur: Qırğızıstandan sonra o, ABŞ-ın Qazaxıstan, Serbiya, Bolqarıstan və Əlcəzairdəki səfirliklərində çalışıb. Maraqlıdır ki, Litsenberq hərbi təşkilatlarda da diplomatiya üzrə işləyib. Məsələn, 2013-2014-cü illərdə o, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, daha sonra 3 ildən artıq NATO-nun Brüsseldəki mənzil-qərargahının rəhbərinin müavini olub. Bunu nəzərə alsaq, onun ABŞ Dövlət Departamentindəki yüksək statusu təəccüblü deyil. Litsenberq Hərbi-Siyasi Məsələlər Bürosunun nazir məsləhətçisi ranqında olan böyük məsləhətçisidir. Bu vəzifə diplomata ABŞ-ın hərbi-siyasi və hərbi-sənaye sahələrilə geniş əlaqələr yaratmaq imkanı verir.
Bununla yanaşı, ölkəsində Litsenberqi Şərqi Avropa və Mərkəzi Asiya üzrə mütəxəssis kimi tanıyırlar. O, rus dili də daxil olmaqla, bu və digər səviyyədə bir neçə dil bilir.
Çətin təyinat
Amerikanın Azərbaycana yeni səfir təyin etməsi prosesi asan keçməyib. Bu işə ABŞ-ın qanunverici orqanlarındakı erməni lobbisi növbəti dəfə müqavimət göstərməyə başlayıb. Diaspor Litsenberqin Azərbaycana göndərilməsinə imkan verməmək üçün siyasi dairələrlə əlaqələrini də işə salıb. Xatırladaq ki, hələ 2010-cu ildə ermənilər Azərbaycanın köhnə dostu Metyu Brayzanın Bakıya səfir göndərilməsini əngəlləməyə nail olmuşdular. Bu dəfə də erməni lobbisinin maraqlarını ifadə edən «silah» Nyu-Cersidən olan senator Roterb Menendes olub. Senatda bu münasibətlərlə təşkil olunmuş ilkin dinləmələr zamanı Menendes Litsenberqi çətin suallarla «qorxuya salmağa» çalışıb, üstəlik, ondan Azərbaycana hərbi-texniki yardımın göstərilməyəcəyinə zəmanət tələb edib. Məsələ ondadır ki, Amerika erməniləri və onların havadarları Litsenberqin ölkənin hərbi-sənaye dairələrilə əlaqələrindən narahatdırlar. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Qafqaza son səfərindən sonra isə Vaşinqtonda «Azadlığa dəstək» aktına 907-ci düzəlişin «dondurulması» məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, bu sənəd ABŞ-ın Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığını məhdudlaşdırır.
Bolton Qafqaza səfəri çərçivəsində istər Bakıda, istərsə də İrəvanda tərəfləri paritet əsaslarla Amerika silahları almağa çağırıb. Aydındır ki, Tramp administrasiyasının bu təşəbbüsü reallaşarsa, bundan qazanan yalnız Azərbaycan olacaq. Çünki Ermənistan Amerikanın bahalı, eyni zamanda yüksək dəqiqliyə malik silahlarını almaq gücündə deyil.
Digər tərəfdən ABŞ özü üçün vacib ölkə olan Azərbaycanda 2018-ci ilin martından səlahiyyətli nümayəndəyə malik deyil. Sabiq səfir Robert Sekutanın vətəninə dönməsindən bu yana bu post boşdur. Metyu Brayzanın təyinatı ilə bağlı yaşamış və Dövlət Departamentinin imicinə zərbə vurmuş hadisəni isə Vaşinqtonda da yaxşı xatırlayırlar. Odur ki, ABŞ diplomatiyasının rəhbərliyi Azərbaycana yeni səfirin təyinatı prosesini nəzərdə tutulmuş vaxtda başa çatdırmaq üçün əlindən gələni edib. ABŞ Konqresinin 115-ci sessiyasının son günündə Senat Litsenberqin Azərbaycana səfir təyin olunması təklifini təsdiqləyib.
Azərbaycanla ABŞ zaman kontekstində
Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkəmizin müstəqillik qazandığı andan başlayıb və hazırda o, çoxşaxəli xarakter daşıyır. Bu istiqamətlər arasında əsas yeri enerji sahəsində əməkdaşlıq tutur. ABŞ özünün neft şirkətlərinin vasitəsilə Azərbaycanın müasir neft-qaz sahəsinin inkişafına böyük töhfə verib. Müstəqil Azərbaycan üçün ilk neft sazişi olan «Əsrin müqaviləsi»ndə Amerika investisiyasının 47% təşkil etməsi çox şeydən xəbər verir.
ABŞ Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda həyata keçirdiyi miqyaslı transmilli layihələrdə iştirak edir. Söhbət ölkənin iqtisadi qüdrətinin əsasını qoymuş layihələrdən gedir. Bu, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xəttidir. Bu layihələr Azərbaycan karbohidrogenlərinin dünya bazarlarına çıxarılmasını təmin edib.
Bundan başqa, ABŞ «Şərq-Qərb» nəqliyyat-kommunikasiya dəhlizi layihəsinin də reallaşdırılmasında iştirak edir, Azərbaycanın iqtisadi sahədə struktur islahatları aparmasına yardım göstərir.
Azərbaycan isə öz növbəsində, ABŞ-a radikal islamçıların hücumlarına məruz qaldığı anda dəstək verib, terrorçuluğa qarşı qlobal müharibəyə qoşulub. Bakı koalisiya qüvvələrinin Əfqanıstana daşınması üçün hava məkanını açıb, Əfqanıstanda və İraqda sülhməramlı qüvvələrə dəstək olub, bu məqsədlə öz silahlı qüvvələrini Əfqanıstana və İraqa göndərib. Azərbaycan ABŞ ilə NATO xəttilə, «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində də fəal əməkdaşlıq edir.
Yeni reallıqlar və gələcəyə baxış
Son ilyarımda ABŞ-ın Azərbaycana marağı əhəmiyyətli dərəcədə artıb. Ola bilsin ki, bu, Ağ Evin Böyük Yaxın Şərq regionunda əvvəlki mövqelərini itirməsilə bağlıdır. Müasir qlobal fövqəldövlət quran Amerika indi, dünyanın müxtəlif regionlarında öz maraqlarını qorumaq məcburiyyətindədir. Lakin Vaşinqtonun qurduğu qarşılıqlı münasibətlər sistemi regionlara görə dəyişir. İstənilən halda, onun bir və ya iki vacib regionda mövqeyini itirməsi bütünlükdə sistemin çökməsilə nəticələnə bilər. Suriyadakı vəziyyət buna bariz nümunədir. ABŞ orada güclərini birləşdirmiş Rusiya, Türkiyə və İrana qarşı ortaya heç nə qoya bilmir. Bu nəhəng regional oyunçuların yaxınlaşmasına əngəl yaratmaq istəyən Vaşinqton diqqəti Cənubi Qafqaza yönəltmək məcburiyyətindədir.
Bu yerdə maneə kimi ortaya uzun illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi çıxıb. Əgər bu münaqişə ilə bağlı status-kvo əvvəllər Vaşinqtonu qane edirdisə, bu gün qlobal geosiyasi oyununu oynaması üçün onun dayanıqlı sülhə ehtiyacı var. Bu, Amerikaya bölgədə nüfuzunu gücləndirməsi üçün lazımdır.
Vaşinqton iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artan Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına dair ədalətli tələbinə məhəl qoymaya bilməz. Birləşmiş Ştatlarda erməni lobbisi nə qədər güclü olsa da, Tramp administrasiyası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə əlindən gələn yardımı göstərməyə hazırdır. Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton da regiona səfəri zamanı İrəvana açıq eyham vuraraq bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Bunun əvəzində ermənilərə demokratik islahatların aparılmasında (oxu: Rusiyanın hökmranlığının azaldılmasında) yardım vəd olunur.
ATƏT-in Minsk qrupunun həmsədri də olan ABŞ Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarına birbaşa təsir etmək iqtidarındadır. Bununla o, hər iki ölkədə mövqeyini də gücləndirəcək.
Vaşinqton, eyni zamanda özü üçün gələcəkdə Ermənistan və Azərbaycandan Rusiya və İrana qarşı istifadə etmək üçün zəmin də yaratmağı düşünür. Hər halda, Bakıya hərbi-texniki əməkdaşlıq sahəsində mütəxəssis olan Litsenberqin, Ermənistana isə Rusiya üzrə mütəxəssis Linn Treysinin səfir təyin olunmaları ABŞ-ın bu hərbi-siyasi strategiyasına tam uyğundur.
Bütün bunlarla yanaşı, Azərbaycan yaxın qonşuları və tərəfdaşları ilə münasibətlərini korlamaq istəmir. Bunu Vaşinqtonda da yaxşı anlayırlar. Prezident İlham Əliyevin fövqəldövlətlərlə münasibətlərdə yürütdüyü ölçülüb-biçilmiş xarici siyasəti və sağlam düşüncə bir şeyi əminliklə söyləməyə əsas verir: Yaxın dövr üçün Azərbaycan ABŞ ilə iqtisadi və innovativ əməkdaşlığın gücləndirilməsilə kifayətlənəcək. Bununla yanaşı, o, əlbəttə ki, Vaşinqtonla yeni hərbi-texniki əməkdaşlıq imkanlarından da maksimum yararlanmağa çalışacaq.
MƏSLƏHƏT GÖR: