Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan üçün dərin iqtisadi islahatlar ili olan 2018-ci il ÜDM-in 1,4% artması, 2,3%-lik inflyasiya və manatın məzənnəsinin sabitliyilə başa çatıb. Daha bir nailiyyət dövlət büdcəsinin gəlirlərilə bağlı proqnozun artıqlaması ilə doğrulmasıdır. Bu, dövlətə sosial sahəyə dair öhdəliklərini tam yerinə yetmirmək imkanı verib. «İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir», - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
«+» işarəsi ilə
Ötən ilin iqtisadi nəticələri kəmiyyətdən çox (əksər sahədə göstəricilər müsbətdir), keyfiyyət göstəricilərilə nəzərə çarpır. Məsələn, qeyri-neft sektorundakı 1,8%-lik artım göstərir ki, ölkə iqisadiyyatının inkişafında əsas məqsəd - neft amilindən asılılığın azaldılması - hökumətin diqqət mərkəzində qalmaqladır və bu hədəfə tədricən nail olunur. Bununla yanaşı, bu komponentin sənaye istehsalı (qeyri-neft sektorunda) və kənd təsərrüfatı kimi sektorlarında inkişaf ümumi göstəricini xeyli üstələyir - müvafiq olaraq 9,1 və 4,6%. Nəzərə alsaq ki, qeyri-neft setkorunun sabit inkişafı baxımından məhz bu iki sektor fundamental sahə sayılır, burada istənilən sıçrayışın iqtisadiyyatın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmək olar.
O da maraqlıdır ki, ötən il qeyri-neft setkoruna qoyulmuş investisiyanın həcmi ümumi kapital qoyuluşunda ciddi üstünlüyə malik olub - 17,2 milyard manata qarşı 11 milyard manat. «Bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaq», - deyə Prezident İ.Əliyev qeyd edib.
Üstəlik, bu gün Azərbaycanda öz istehsalat biznesini qurmaq daha asandır. Buna istər hüquqi prosedurların sadələşdirilməsi, istərsə yaxşı infrastruktura, vergi güzəştlərinə malik sənaye klasterlərinin mövcudluğu imkan verir. Bu gün ölkədə mövcud olan sənaye parklarında 67 rezident var ki, onlardan 40-ı fəaliyyətdədir. Sənaye parklarında reallaşdırılan layihələr üçün nəzərdə tutulmuş investisiyanın həcmi 5 milyard manatı ötür.
Qeyri-neft sektorunun inkişafı üçün son dərəcə ciddi islahatlardan biri də investisiyaların təşviqi mexanizminin işə salınmasıdır. Bu proqrama 333 layihə daxildir. Onlardan ümumi dəyəri 2,8 milyard manat olan 107-si 2018-ci ildə reallaşdırılıb.
Bu arada son dərəcə vacib olan daha bir məqam Azərbaycanın belə yatırımların böyük hissəsini öz hesabına etməsidir. Bu gün xarici borclardan asılılığı tam aradan qaldırmış Azərbaycanda kənar yatırımlar yalnız texnoloji tutumlu layihələr üçün istifadə olunur. Məhz bu siyasət nəticəsində ötən il ölkənin xarici borcu, təxminən, 4% azalaraq ÜDM-in 22,8%-dən 19%-i həcminə düşüb. Ölkənin valyuta ehtiyatında sabit artımın qeydə alındığını da düşünsək, bu göstəricinin əhəmiyyəti daha da böyüyür. Yeri gəlmişkən, Azərbaycanın valyuta ehtiyatı ötən il 3 milyard dollar artaraq, 45 milyard dollara çatıb. Beləliklə, bu gün ölkənin valyuta ehtiyatı xarici borcu dəfələrlə üstələyir və demək, onun ödənməsində hər hansı problem ola bilməz.
«Əgər hansısa ölkədə o, 50% təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19%-dir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcək», - deyə Prezident İlham Əliyev bildirib.
Bütün bu amillər dövlət büdcəsinin gəlirlərilə proqnozun artıqlaması ilə yerinə yetirilməsinə imkan verib. Bu yerdə bir vacib məqamı da vurğulamaq lazımdır. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, ötən il qeyri-neft sektorundan dövlət büdcəsinə gəlir gözləniləndən 2,4% artıq qolub. 2017-ci illə müqayisədə isə bu göstərici 4,4% çoxdur.
Kölgə iqtisadiyyatı ilə mübarizə
Dövlət büdcəsi haqda mövzunun davamı olaraq qeyd edək ki, ötən il vergi və gömrük sahələrində rəhbərliyin dəyişməsi bu sahələr üçün faydalı olub. Bu strukturların yeni rəhbərliyi qarşısında maksimal şəffaflığın təmini vəzifəsi qoyulub. Bəzi epkspertlərin narahatlığının əksinə olaraq, fiksal sahədə aparılan köklü islahatlar büdcə proqnozlarının doğrulmasına mane olmayıb. «Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu», - deyə dövlət başçısı bildirib.
Bununla yanaşı, vergi sahəsində islahatların ən böyük dalğası bu ilə təsadüf edəcək - demək olar ki, bütün növ vergilərlə bağlı ciddi dəyişikliklər var. Məqsəd isə kölgə iqtisadiyyatının miqyasının minimuma endirilməsi, fiskal sektorda şəffaflığın artırılmasıdır. «Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq», - deyə İ.Əliyev vurğulayıb.
Toplantıda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də maraqlı statistika təqdim edib: ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsi 30,9 milyard dollar təşkil edib. Burada 11,5 milyard dollar idxalın payına düşüb. Lakin 2017-ci illə müqayisədə 2,7 milyard dollar artmış idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Yəni S.Mehdiyevin dediyi kimi, idxalın tərkibində vergitutma bazası olan 1,2 milyard dollar məbləğində artıma səbəb «gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi» olub.
«Xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı tutduğu vəzifədən azad edilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək», - deyə Dövlət Gömrük Komitəsinin rəhbəri bildirib.
Biznesə «yaşıl işıq»
Lakin gömrükçülərin tam şəffaflığa nail olmasına, hələ ki, yalnız öz əməkdaşlarının yox, xarici ticarət dövriyyəsi iştirakçılarının da əməlləri mane olur. Çünki onlar bu strukturdakı inqilabi yeniliklərə uyğunlaşa bilmir. Bu gün Azərbaycanda bütün gömrük əməliyyatları elektron deklarasiya sistemilə həyata keçirilsə də, xarici ticarət iştirakçılarının ölkəyə gətirilən nəqliyyat vasitələri və digər malların real qiymətini gizlətməsi halları hələ də qalmaqdadır. Lakin S.Mehdiyev bu problemin də həlli yolunun tapılacağını deyir. «Fiskal funksiyalar həyata keçirən qurumların, o cümlədən gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki, vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş öhdəliklərin icrasında daha effektiv metod hesab olunur», - deyə o, qeyd edib. Səfərovun sözlərinə görə, bu yanaşma ilə bağlı yeni qanunvericilik aktı artıq mövcuddur.
Belə ki, xarici ticarət iştirakçılarının gömrük əməliyyatları zamanı «Yaşıl dəhliz» buraxılış sistemindən istifadə etməsi hökumət-biznes münasibətlərində «könüllü əməletmə mədəniyyəti»nin formalaşdırılması və biznes mühitinin gələcək şəffaflaşdırılması istiqamətində inqilabi dönüş olacaq.
Yəni bütün bu mexanizmlər sonda ölkədə sahibkarların daha rahat işləməsinə imkan yaratmalıdır. Ölkənin qeyri-neft sektorunun gələcəyisə məhz bundan asılıdır. Bununla əlaqədar olaraq, 2019-cu ildən yalnız fiskal deyil, həm də maliyyə və institusional sahələrdə bir sıra yeniliklər olacaq. Əvvəllər olduğu kimi, bu il də biznes subyektlərinə güzəştli kreditlərin ayrılması dava edəcək. Qeyd edək ki, ötən il, ümumilikdə, 160 milyon manat belə kredit verilib. Üstəlik, bu, əvvəllər verilmiş və ödənilmiş kreditlər hesabına həyata keçirilir.
İnstitusional dəyişikliklərə gəlincə, Prezident İ.Əliyev ölkədə yeni struktur islahatlarının olacağı anonsunu verib: «Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib». Dövlət başçısı bu gün dünyada bu prosesin əksinə getdiyini söyləyib: «İdarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər isə mütləq maksimum səmərə ilə işləməlidirlər».
«Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar», - deyə İ.Əliyev bildirib.
Beləliklə, islahatlar çarxı sürət yığıb və artıq bu il o, tam gücü ilə hərəkətə keçməlidir. Nəzərə alsaq ki, birqayda olaraq ölkənin qarşıdakı 5 il üçün iqtisadi siyasətini müəyyənləşdirən regionların sosial-iqtisadi inkişafına dair yeni - 4-cü Dövlət Proqramının icrasına 2019-cu ildə başlanacaq, demək, bu il Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin özünəməxsus başlanğıcı olacaq.
MƏSLƏHƏT GÖR: