23 Dekabr 2024

Bazar ertəsi, 10:15

«…MƏN BU CAHANA SIĞMAZAM»

Böyük Nəsiminin ölməzliyinin sirri nədədir?

Müəllif:

01.02.2019

Sivilizasiyaların inkişafı, bir qayda olaraq, bir-biri ilə təmasda olan müəyyən mərkəzlər ətrafında cəmləşib və insanlığın sonrakı inkişafını müəyyən edib. Bu mərkəzlərdə insan mədəniyyətinin nəsildən-nəslə ötürülməsi qırılmaz bir xətlə davam edib. Onlar "seçilmiş" insanların, yəni bir növ mediatorların – ətraf dünyaya İşıq, Bilik və Anlayış daşıyan "göndərilmişlərin ", "vasitəçilərin" köməyindən yararlanaraq yaxın əlaqələr qura biliblər. Şamaxıda doğulmuş böyük Azərbaycan şairi də dünyaya bunun üçün gəlmişdi - ümumbəşəri Sevgi və Ləyaqət carçısı, İnsanın Yaradıcı ilə vəhdətini bəyan edən İmadəddin Nəsimi!

 

«Kövnü məkandır ayətim, zati dürür bidayətim…»

Hələ ötən əsrin 70-ci illərində UNESCO xətti ilə şairin anadan olmasının 600 illiyinin bayram edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olub. Aradan 46 il keçib və indi Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili elan edilib. Böyük şairin ilk anım tədbirləri artıq keçən ilin sonunda Azərbaycanda və onun hüdudlarından kənarda – Moskvada keçirilib. Ölkəmizdə 28-30 sentyabr tarixlərində Nəsimi festivalı, Rusiya paytaxtında isə elmi-praktik konfrans keçirilib. Elə oradaca təntənəli şəraitdə böyük şairin büstü açılıb. 2017-ci il həm də şairin ölümünün 600 illiyinə təsadüf edib və Parisdə UNESCO-nun mənzil-qərargahında Nəsimi ili elan edilib.

Şairə bu misilsiz şöhrət və şərəfi digər xidmətləri ilə yanaşı onun şəxsiyyəti gətirib. O, ən yaxşı xüsusiyyətləri özündə cəm edən, öz çağının və əvvəlki dövrlərin, demək olar ki, bütün mədəniyyətləri ilə təmas quran, gələcək nəsillərə Sözün və onu əmələ gətirən hərflərin gücünü ötürə bilən bir şəxsiyyətdir.

Öz nəcib missiyası ilə Nəsimi, əsl mediator, böyük "Məsih" olub, öz ideyalarını ozamankı dünyaya yayıb. Və bu ideyalar ətrafa gözəl poeziya vasitəsilə yayılıb... Lakin bir gözəllik birdən-birə, heç nədən yarana bilərmi?!

 

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam…»

Əlbəttə ki, bu poeziya inciləri ortaya çıxmazdan öncə türk şüurunun dərinliklərində uzun bir təkamül yolu keçiblər. Şairin dahi sələfləri yad dil sistemlərində yaratmağa məcbur olublar. Çünki yadelli hökmdarların saraylarına türk poeziya nümunələri gərək deyildi. Nəsiminin istedadı "Kitabi-Dədə Qorqud" kimi dastanların, epik abidələrin qədim ənənələrinə malik mədəni irsin üzərində təkmilləşib. Şair üçün qaynaq rolunu yalnız farsdilli dahilər – Nizami və Xəqaninin yaradıcılığı deyil, həmçinin, demək olar ki, ən qədim dövrlərin (VIII-XI əsrlərdə) ərəbdilli Azərbaycan şairlərinin əsərləri də oynayıb. İslamın yayılması və Azərbaycanın ərəb-müsəlman sivilizasiyasının orbitinə keçməsi ilə ərəb dilli xilafətdə yaşayan xalqlar arasında «Quran»ın dili kimi tansmilli ünsiyyət vasitəsinə çevrildikdən sonra yaradıcı insanlar istər-istəməz iki - üç mədəniyyətin – öz mədəniyyətinin, ərəb və fars mədəniyyətlərinin daşıyıcısına çevrilirdi.

Lakin islamdan öncəki türk mirası, türk xalqlarının özlərinin söz qoşmaq qaydaları istənilən halda, yad dil örtüyündə olsa belə, özünü göstərirdi, ərəb və ya fars şeirini qeyri-ixtiyari öz xalları ilə bəzəyirdi. Bu sıraya atalar sözləri, aforizmlər, nəqaratlar, təkrirlər, istinadlar, "dedim-dedi" formalı məcazlar və s. aiddir. Sonrakı yüzilliklərdə isə türk xalqlarının malik olduğu ənənələr sadəcə yenidən öz doğma zəmininə qaytarılıb. Onlar önəmli təkmilləşməyə uğrayaraq türkdilli poeziyanın qırılmazlığını təmin ediblər.

İslamın qəbulundan sonra cəmiyyətdə baş vermiş dərin bölünməyə - "yuxarı"ların "aşağı"lardan və xalq ədəbiyyatından uzaqlaşmasına baxmayaraq, xalq ədəbiyyatı

hər hansı bir şəkildə kağız üzərində qeyd edilməsə belə yaşayırdı və əlbəttə, öz ənənələrini davam etdirirdi, ayrı-ayrı elementləri ilə klassik poeziyanı da qidalandırırdı. Əməvilər dövründən başlayaraq ərəb klassik poeziyasında, xüsusilə dəAbbasi poeziyasında (VIII-IX əsrlər) türk şeirinin xüsusiyyətləri aydın görünür: qafiyə sözlərin təbii, hamar axınında, demək olar ki, görünmür, şeirlər

nəsr kimi sərbəst səslənir. Axıcılıq üçün "təkrir"dən - şairin ayrı-ayrı sözləri təkrarlamasından istifadə edilir. Mətnləri runa şeiri poemalarına yaxın olan «Kitabi-Dədə Qorqud»da təkrirlər əsas ədəbi fəndlərdən biridir. Atalar sözləri ilə xal vurmaq - türk xalqlarının İslamdan öncəki ənənəsidir.

Artıq XIV əsrdə doğma zəminə qaytarılmış atalar sözləri və deyimlər Nəsimi yaradıcılığında özünü göstərməyə başlayır: "Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz, Cəmilə olmayan vasil cəmalın qədrini bilməz". Məsələn, ərəb şeirinə xas olmayan, yalnız 779-cu ildə (8-ci əsr – Dəməşq Əməvilərinin sonudur) rast gəlinən "təxəllüs" forması fars dilində yalnız 10-cu əsrdə peyda olub. Özü də, şair tərəfindən öz ədəbi adının qeyd edilməsi poeziyanın bütün formalarında özünü göstərir, ərəb qəsidəsindən ayrılmış müstəqil qəzəl janrında isə şeirin tamamlanması üçün pozulmaz qaydaya çevrilib.

XIV əsrdə "təxəllüs" forması artıq Nəsimidə daha çox rast gəlinir: "Nəsimi, uğur rüzgarı, könlümüzün dostu, yarı!" Şairin türkcə və farsca divanlarının olması onun iki, hətta üç dil bilməsindən xəbər verir. Ərəbcə divanının olması ilə bağlı da məlumatlar var. 1844-cü ildə nəşr olunan İstanbul «Divan»ına ərəbcə iki qəzəli daxil edilib. 2014-cü ildə Esra Kuru tərəfindən "Akademik sosial elmlər" (The Journal of Academic Sosial Science) jurnalında Nəsiminin indiyə kimi məlum olmayan iki müvəşşahı təqdim olunub.

 

«Bir gövhəri əqdəməm əzəldən

Ey gövhəra kan, kan mənəm, mən»

Nəsiminin tapılan müvəşşahları, hələ ki, öz tədqiqatçılarını gözləyir, amma bizim üçün Nəsiminin üç dildə yazması amili vacibdir, yəni faktiki olaraq biz bir ədəbiyyata malikik. "Dildən asılı olaraq ədəbiyyatın fars və ərəbə, Nəsimi ilə bağlı isə türkə bölünməsi tamamilə şərtidir, yəni tematika, zahiri formalar - hamısı eynidir, fərq yalnız dildədir", - deyə sovet şərqşünası Yevgeni Eduardoviç Bertels bildirib. Bəlkə də, şairin poeziya göylərində birdən-birə parlayan inciləri bununla izah edilə bilər, yəni heç nə anidən olmayıb…

Şair dahi sələflərində rast gəlinən üslub xəzinəsindən, həmçinin danışıq dilindən və folklor dəfinəsindən qaynaqlanan atalar sözlərindən, deyimlərdən, idiomlardan, frazeoloji ifadələrdən uğurla istifadə edib. Yüzilliklər öncəsi ərəb və fars poeziyasında rast gəlinən bu fəndlər onun qələm qardaşları tərəfindən ərəb-müsəlman mədəniyyəti adlandırılan ortaq bir axında cəmləşdirilib...

Azərbaycanın sovet dilçi alimi Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə deyib: "Nəsimi «əruz» ritmik sisteminin xüsusi bəhrlərində, öz zamanının bütün mövcud poetik formalarında qəzəl, qəsidə, məsnəvi, fəxriyyə, rübai yazıb. Hətta heca vəzninə çox yaxın şeirlər də yaradıb. Buna görə onun əsərləri Azərbaycan ədəbi dili baxımından ən zəngin və ən nüfuzlu mənbədir".

Muinəddin Əbi Nəsr Əhməd bin Əbdərrəzzaq Marağayinin «Qəsideyi-Təntərani» əsəri kimi XI əsr ərəbdilli şeir nümunələrində ərəb dilində türk xalqları ölçülərinə və ritmlərinə bağlı xüsusi qrafiki biçim və strofika istifadə edilib.

Beləliklə, biz özümüz də bilmədən, qədim köklərə malik vahid türk mədəniyyətinin dərin əlaqələrinin, əsrlər boyu davam edən ardıcıllığının şahidi oluruq. Göstərilən örnəklər poetik yaradıcılığın şifahi xalq yaradıcılığı ilə sıx əlaqələrin olmasına dəlalət edir ki, bu da özünü qəzəl, rubai və tuyuqlarda göstərir. Bununla bağlı, Y.E.Bertels yazıb ki, bu özəllik yalnız türk dilində olan şeirlərə xasdır.

Beləliklə, biz doğma mədəniyyətimizin elementlərinin əsrlər boyu yad zəminə necə hopdurulduğunu izləməyə çalışdıq. Bunu yalnız öz doğma dilini mükəmməl bilən və sonradan onun gözəl məqamlarını yenidən doğma zəminə qaytarmağa çalışan şair edə bilərdi. Əks halda, Nəsiminin öz doğma dilində yazdığı incilərin on dördüncü əsrdə ortaya çıxmasını necə izah etmək olar. Deməli, Nəsimi yaradıcılığı - uzun ədəbi inkişafın bəhrəsidir...

 

«Ərşlə fərşu kafi nun

məndə bulundu cümlə çün»

Tarixi inkişafın qırılmız gedişatı və davamlılığı Nəsiminin ana dilində incilər yazmasına gətirməyə bilməzdi. Biz ilk sevgi abidəsini Azərbaycan xalqının ucaltdığını söyləsək, yanılmarıq. Başqa heç kimin poeziya yaradıcılığının epik-lirik ənənələrində Azərbaycan ədəbiyyatının klassiklərində – Nəsiminin sələfləri, bizim dahi mütəfəkkirlərimiz - Nizamidə, Xaqanidə olan kimi ucalıq, böyüklük və üsyankarlıq yoxdur. Buna görə də Nəsimi yalnız poeziya texnikasında deyil, həm də fəlsəfi düşüncənin dərinliklərində yüksəkliklərə qalxıb. Onun böyük müəllimləri hesab edirdi ki, sevgi əgər səmimi və dolğundursa, insanın (faninin) mənliyini inkar edir, onu Yaradanın (Tanrının) varlığında əridir.

Böyük ustad İbn əl-Ərəbinin (1165-1240) gəldiyi qənaət sadədir və yalnız öz çağı ilə həmahəng səslənmir: sevgi Kainatın mövcudluğunda əsas səbəb və hərəkətverici qüvvədir, əgər sevgi olmasa idi, heç bir şey mövcud olmayacaqdı. Şübhəsiz ki, mükəmməlliyə çatan sevgi insana ölümsüzlük verir. Nəsiminin ölümsüzlüyünün sirri budurmu? Yaradan bu məqsədlə insanı Yer üzünə göndərdi ki, o, sevgi qazansın, sevməyi bacardığı qədər sevilsin.

İnsan şəxsiyyətinin ən yüksək dəyəri – Sevgi ilə müşayiət olunan yaradıcılıqdır, bu, İnsanı sevgi ildə yaratmış Tanrının yaradıcılığı ilə müqayisə oluna bilər: insan yaradıcılığının Yaradanın yaradıcılığına bənzər olması insanın tanrılaşdırılmasına, insanın və Tanrının şair sözündə vəhdətinə gətirib çıxardı, çünki yalnız şeir vasitəsi ilə Tanrı ucalığına yüksəlmək mümkündür.

 

«Mən ərş ilə fərşü kafü nunam,

Mən şərhü bəyan, bəyan mənəm mən»

XII əsr Azərbaycan şairi Nizami Gəncəvi yazırdı ki, şairin ağzında xəzinə açarı gizlənib. Tanrı - Şəxsiyyət - Yaradıcılıq (söz, hərf) eyni müstəvi üzərində düzülərək, gerçək yaradılışın (gerçəkliyin) bünövrəsini əmələ gətirir. Kainatın bütün sirlərinin hərflərdə təcəssüm etməsi postulatı orta əsr ədəbiyyatı müəlliflərinə və mütəfəkkirlərinə də xas olub və onlar hərflərin rəmzi mənasını şərh ediblər. Ancaq orta əsr Azərbaycan klassik ədəbiyyatının tədqiqatçısı Azad Rüstəmovun qeyd etdiyi kimi, «Nəsimi öz poetik təcəssümlərində diqqəti hürufizmin hərfi-rəmzi örtüyünə deyil, dərin mahiyyətinə yönəldib, onu yüksək dünyəvi əxlaq və mənəviyyat məktəbi, vətəndaş davranışının rəhbəri kimi qəbul edib. Hürufizmin ideal insanın Allah mərtəbəsinə ucalması barədə konsepsiyası Nəsimi sənətinin sehrli prizmasında daha parlaq rənglər qazanıb..."

Yaradanın "Ənə-l-həqq" yaradıcılığında təcəssüm etməsi hürufi özünüdərkinin ana xəttidir və bu özünüdərk Sevgini inkar etmədən, onu öncə görən hərflərdən və səslərdən asılı vəziyyətə salır. Nəsimi yaradıcılığı özündə ümumbəşəri məzmun daşıyaraq, humanist ideyalara xidmət edərək, ətdən və qandan ibarət canlı Yer adamını yüksəldir.



MƏSLƏHƏT GÖR:

432