25 Noyabr 2024

Bazar ertəsi, 22:57

VENESUELA SOSİALİZMİ CAN VERİR

Ölkə fəlakətin astanasındadır, Maduro isə suqsvanqda

Müəllif:

01.02.2019

Venesuela müxalifətinin lideri Xuan Quaydo yanvarın 23-də özünü ölkənin «müvəqqəti prezidenti» elan edərək, unikal müasir ikihakimiyyətlilik sistemi yaradıb. Prezident Maduronun legitimliyi əvvəllər də sual altına düşmüşdü. Lakin bu dəfə Milli Assambleyanın yeni rəhbəri Quaydo məsələni lap kəskin qoyub: ya müxalifət Maduronun prezidentlikdən getməsinə nail olacaq, ya da tam heyətdə həbsxanaya yollanacaq.

 

“Yalançı özünsən»

Əslində, «müvəqqəti prezident» məsələsi hələ yanvarın 11-də, 2018-ci ilin mayında keçirilmiş seçkidə qələbə qazanmış Maduronun inauqurasiyasından sonra ortaya çıxmışdı - Venesuela Milli Assambleyası prezidenti qələbə münasibətilə təbrik etmək əvəzinə, onu qəsbkar elan etmişdi. Müxalifətə etinasız yanaşan Maduro isə inauqurasiyaya qatılmayan deputatları satqın adlandırmışdı.

Nəhayət, Karakasda təşkil olunmuş mitinqdə parlamentin 35 yaşlı spikeri Xuan Quaydo hərbçiləri müxalifətə qoşulmağa, vətəndaşları isə Maduroya itaətsizlik göstərməyə çağırıb. Elə həmin axşam hərbçilərdən ibarət qrup paytaxta qiyam təşkil etməyə cəhd göstərib: Milli Qvardiyanın bir neçə əməkdaşı həbs olunub, internet vasitəsilə prezidentin devrilməsinə çağırış edilib. Lakin qiyam anındaca boğulub, ölkənin müdafiə naziri Vladimir Lopes Maduronu dəstəklədiklərini elan edib.

Bu gün Venesuela müxalifətinin vətəndaşların dəstəyi baxımından problemi olmasa da, parlament hərbçilərlə hesablaşmaq məcburiyyətindədir. Venesuelada «demokratiya dövrü»ndə hakimiyyəti məhz ordu dəstəkləyib və ya dövlətə xunta şəklində məhz hərbçilər rəhbərlik edib.

Hadisələri qabaqlamağa çalışan «alternativ prezident» hazırda Maduronu dəstəkləyən hərbçilərə və məmurlara amnistiya belə, vəd edib. Məqsəd, əlbəttə ki, güc strukturlarının müxalifətə meyillənməsinə, yaxud ən azı, neytral qalmasına nail olmaqdır.

Maduro da dinc dayanmır. O, müxalifət liderilə danışıqlara hazır olduğunu bəyan edib. Halbuki bunadək prezident rəqibini «bambılı» və «əcnəbi gəda» adlandırmışdı. Quaydo isə Maduro ilə danışıqlar masasına əyləşməyi onun legitimliyinin tanınması kimi qiymətləndirir.

 

Xarici müdaxilə

Quaydo özünü «müvəqqəti prezident» elan edər-etməz, ABŞ prezidenti Donald Trampın administrasiyası onu «legitimləşdirib». Vaşinqton Quaydonu Venesuelanın yeganə legitim seçilmiş hakimiyyət orqanının rəhbəri elan edib. Bununla yanaşı, Birləşmiş Ştatlar Venesuelada yaşananlarla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb. Bir qədər sonra Amerikada təhsil almış Quaydonun özünü prezident elan etməzdən az əvvəl gizli şəkildə ABŞ-a baş çəkdiyi üzə çıxıb.

Bu, Amerikanın Karakasdakı diplomatlarına təsirsiz ötüşməyib. Maduro Vaşinqtonla diplomatik əlaqələrin kəsildiyini elan edib və Amerika səfirliyinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Amma bu yerdə ortaya hüquqi kazus çıxıb. Nəzərə alsaq ki, artıq ABŞ üçün Maduro prezident deyil, onun göstərişinə əməl olunması da məcburi sayılmır. Quaydo isə odun üzərinə yağ töküb. O, bütün xarici səfirlikləri Venesuelada qalmağa, Maduronun sözünə qulaq asmamağa çağırıb. Nəticədə, Maduro ABŞ səfirliyini ölkədə saxlamalı olub və sadəcə, onu «qarşılıqlı maraqlar ofisi» elan edib.

ABŞ-ın Venesuelada müstəsna maraqlarının olduğu sirr deyil. Amma Bolivar Respublikası da Vaşinqtonla münasibətlərdə son dərəcə maraqlıdır. Venesuela neftinin ən böyük alıcısı məhz ABŞ-dır. Məsələn, 2014-cü ildə o, Venesueladan, təxminən, 30 milyard dollarlıq neft alıb. Məsələ ondadır ki, Venesuelanın əsas ixrac məhsulu olan «qara qızıl» tərkibindəki kükürdün çoxluğu üzündən başqa ölkələrin neftayırma zavodlarında emal oluna bilmir. Amerikanın neftayırma zavodları isə Texasın bənzər tərkibli neftinə uyğun tikilib və bu, Karakas üçün ideal variantdır. Bundan başqa, Venesuelada 500-dək Amerika şirkəti fəaliyyət göstərir. Onlar geniş çeşiddə mal tədarükü ilə məşğuldur: kənd təsərrüfatı məhsullarından tutmuş, şəxsi gigiyena mallarınadək.

Beləliklə, əlaqələrin tam kəsilməsindən söhbət gedə bilməz. ABŞ-ın Maduro rejimilə bağlı kifayət qədər ehtiyatlı danışması da bununla izah olunur. Bu, Rusiyanın 2 «TU-160» strateji bombardmançısının ötən ilin dekabrında Karakasa enməsinədək belə olub. Hər halda, Rusiya ilə Venesuelanın hərbi əməkdaşlığı Vaşinqtonu narahat etməyə bilməz. Venesuelanın Arçilla bazasında Rusiya HHQ-yə məxsus bazanın açılmasına dair plan reallaşarsa, ABŞ düz «burnunun ucunda» ikinci Karib böhranı ilə üzləşəcək.

Kreml Sovet İttifaqının mirası kimi, Latın Amerikasının sosialist ölkələrinə ənənəvi dəstəyini davam etdirir. Son 20 ildə Moskva Venesuela ilə də çox isti münasibətlər qurub. Rusiyanın Karakasa ayırdığı ümumi kreditin həcmi 17 milyard dollardan artıqdır. Demək, Moskva haqlı olaraq, investisiyasının taleyindən narahatdır. Odur ki, böhranın ən kəskin vaxtında Rusiya prezidenti Vladimir Putin Maduroya zəng edib, ona dəstəyini bildirib. Rusiya XİN-nin BMT TŞ-dəki xüsusi nümayəndəsi isə ayrı-ayrı dövlətlərdən Venesuelanın daxili işlərinə müdaxilənin dayandırılmasını tələb edib.

Rusiya, Çin, İran və Türkiyə bu gün dünyada Maduronun əsas tərəfdarlarıdır. ABŞ, Kanada, Avropa İttifaqı, Yaponiya, Avstraliya və Venesuelanın Latın Amerikasındakı, demək olar ki, bütün qonşuları isə Maduronun istefasını tələb edir.

 

«Latın Amerikasısayağı» sərtlik

Xatırladaq ki, Venesuelanı hökumət əleyhinə nümayişlər, tətillər dalğası hələ 2013-cü ildə Uqo Çavesin dünyasını dəyişməsindən sonra bürüyüb. «Yeni Çe» adlandırılan Çaves xalqı necəsə səfərbər edə bilirdi. Əgər o, ictimai dəstəklə ölkəni 10 il idarə etməyi bacarmışdısa, Çavesin əvəzinə gəlmiş Nikolas Maduro buna güc yolu ilə nail olub. Ötən illər ərzində ölkədə cinayətkarlıq səviyyəsinin pik həddə çatmasına, ölkə iqtisadiyyatının faktiki olaraq iflasa uğramasına görə Maduro günahlandırılıb. Onun bu ittihamlara reaksiyası isə çox sərt olub: polis və təhlükəsizlik qüvvələri nümayişçiləri atəşə belə tutub. Bir müddət səngimiş nümayişlər neftin ucuzlaşması ilə yenidən vüsət alıb. Siyasi etirazlara sosial etirazlar da əlavə olunub və tədricən hakimiyyətin əsas dayağı olan kasıb təbəqə nümayişlərə qoşulmağa başlayıb.

Maduronun əsas məğlubiyyətisə parlament seçkisini müxalifətin qazanması olub. Bununla da, Venesuela qanunverici və icraedici hakimiyyətlər arasında ciddi siyasi böhran burulğanına düşüb. Parlamentarilər dəfələrlə prezidentə impiçment elan olunması məsələsini qaldırsalar da, Maduro Ali Məhkəmə və güc strukturlarının dəstəyi sayəsində bu mübarizədən qalib çıxıb. Əslində, müxalifətə müəyyən güzəşt etməklə, vəziyyəti idarə etmək də olardı. Lakin Maduro qarşıdurma yolunu seçib. 2017-ci ildə o, guya yeni Konstitusiya layihəsinin hazırlanması məqsədilə Konstitusiya Assambleyasını çağırıb. Çağırılmış orqan Milli Assambleya üzərində üstünlüyünü elan edib və ölkənin yeni baş prokuroruna «milli satqınlar»la məşğul olmasını tapşırıb. Bununla da, ölkəni yeni etiraz dalğası bürüyüb. Nümayişçilərlə asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda bu günədək yüzlərlə insan ölüb, saysız-hesabsız etirazçı həbs olunub.

 

Holland xəstəliyi

Venesuelanın yaşamaqda olduğu problemləri kökü Çavesin neososialist siyasətinə gedib çıxır. Üstünlüyü istehsalın effektivliyinin yüksəldilməsinə deyil, əhalinin məşğulluğunun Sovet İttifaqı qaydasında artırılmasına vermiş «Çavesçilər» işsizliyi azaltsalar da, ölkənin ÜDM-ni neftdən asılı vəziyyətə salıblar. İqtisadçılar bunu «Holland xəstəliyi» adlandırır – bir məhsulun ixracından gələn gəlirin kəskin artımı digər sektorların inkişafına mənfi təsir göstərir. Beləliklə, 2014-cü ildə enerji daşıyıcılarının ucuzlaşması Maduro hakimiyyətini əlavə pul çapına vadar edib və nəticədə, hiperinflyasiya başlayıb, qiymətlər sürətlə bahalaşıb. Əgər Çavesin 10 illik hakimiyyəti dövründə Venesuelada inflyasiya 14 dəfə artmışdısa, Maduronun 5 illik rəhbərliyi zamanı o, 14 min dəfə yüksəlib.

Venesuela hökuməti qiymət artımının qarşısını almaq məqsədilə ərzaqların bahalaşmasını inzibati qaydada məhdudlaşdırmağa başlayıb. Üstəlik, nəhəng şirkətlərin məhsullarının ekspropriasiyasına da başlanıb. Bu isə ölkədə biznesi əlverişsiz sahəyə çevirib. Nəticədə, əsas ərzaq məhsullarının kəskin qıtlığı yaranıb, nəhəng şəhərlərdəki mağazaların piştaxtaları boşalmağa başlayıb. Qeyri-hökumət təşkilatlarının məlumatına görə, bu gün Venesuela əhalisinin, təxminən, 93%-i aclıq şəraitində yaşayır. Bu gün Venesuela vətəndaşları bu üzdən ölkəni kütləvi şəkildə tərk edir. Son illər ərzində xaricə üz tutmuş venesuelalıların sayı 4 milyona yaxındır.

Hökumətin əhaliyə pulsuz ərzaq paylaması da işə yaramayıb və artıq hakim komanda narazılığın qarşısını almaq iqtidarında deyil. İnsanlar dünyana neft ehtiyatının həcminə görə 1-ci olan ölkədə ac yaşamalarını anlaya bilmir. Bütün bunlar sosial etirazı artırır və Venesuela şəhərlərində mitinqlərin miqyası gündən-günə böyüyür. Belə bir şəraitdə böhranın tezliklə həll olunacağını gözləmək çətindir. Analitiklərin əksəriyyəti hesab edir ki, ölkə fəlakətin astanasındadır. Suqsvanq vəziyyətində olan Maduronun isə hər növbəti addımı vəziyyəti daha da ağırlaşdırır.

Lakin müxalifətin də dəqiq işlənmiş iqtisadi proqramı yoxdur. «Müvəqqəti prezident» Quaydo venesuelalılara sadəcə, «çiçəklənmə» vəd edir. Populist ritorikanın cəlbediciliyi isə məlum olduğu kimi, uzun çəkmir.

Bu gün vəziyyətdən çıxış yolu «milli etimad hökuməti»nin formalaşdırılması ola bilər. Lakin qarşılıqlı lənətləmə ilə müşayiət olunan kəskin siyasi qarşıdurma bu variantı istisna edir. Belə bir vəziyyətdə, hətta, hərbi xunta təhlükəsi də venesuelalılar üçün, artıq, o qədər də qorxunc görünmür.



MƏSLƏHƏT GÖR:

358