25 Noyabr 2024

Bazar ertəsi, 22:40

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ - VIII HİSSƏ

Alman nasistlərinin planları erməni nasistlərinin gözləntilərilə nə dərəcədə üst-üstə düşürdü?

Müəllif:

01.02.2019

Əvvəlki məqalələrimizdə əsas diqqət İkinci Dünya müharibəsi illərində erməni millətçilərinin alman nasizminə xidmətdən konkret gözləntilərinə yönəltmişdik. Yazılanların maksimum ümumiləşdirsək, bu gözləntilər birincisi, Hitler Almaniyasının SSRİ üzərində qələbəsi, ikincisi, hazırkı Ermənistan ərazisində nasist Almaniyası tipində müstəqil partiya dövlətinin qurulması ilə hakimiyyətə yiyələnmə, üçüncüsü, ermənilər üçün «həyati əhəmiyyətli ərazilər»in sərhədlərinin genişləndirilməsi idi. Sonuncu gözlənti Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini, eyni zamanda gürcülərin Borçalı rayonunun və onların «türk Ermənistanı» adlandırdığı ərazilərin də Ermənistana verilməsini nəzərdə tuturdu. Başqa sözlə, onlar hitlerçilərin hərbi gücü hesabına ermənilər üçün nasist dövləti qurmaq, orada hakimiyyəti ələ almaq istəyirdilər. 1941-ci ildə Slovakiya və Xorvatiyada olduğu kimi.

Beləliklə, biz nasistlərin xidmətlərində olan erməni millətçilərindən nə gözlədikləri haqda danışmamışıq. Bəs, görəsən, nasistlərin gözləntisi nə imiş, onlar erməni millətçilərinə necə yanaşırlarmış və ümumiyyətlə, SSRİ-nin süquta uğrayacağı təqdirdə, onlar müasir Ermənistan ərazisini necə görürlərmiş? Alman nasisitlərinin planları və maraqları erməni millətçilərinin istəklərilə nə qədər üst-üstə düşürmüş?

Bu sualın cavabı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) sənədlərində kifayət qədər ətraflı göstərilir. Söhbət barəsində əvvəlki yazılarımızda da bəhs etdiyimiz Pyotr Kamsarakanın ifadələrindən gedir. O, nasist Almaniyasının İmperiya Təhlükəsizliyi Baş İdarəsinin (İTBİ) VI idarəsinin (Təhlükəsizlik Xidmətinin xarici şöbəsi) agenti olub. Üçüncü reyxə xidmət edən erməni millətçiləri üzrə kuratorluğu məhz Kamsarakan edib.

1940-cı ilin yazında Təhlükəsizlik Xidmətilə (TX) «Daşnaksutyun» partiyasının Avropa qanadının rəhbərliyi arasında əməkdaşlıq haqda danışıqlar yeni başlamışdı. O zaman daşnaklar Üçüncü reyxin tərəfinə keçmələri üçün şərt olaraq müstəqil Ermənistan dövlətinin yaradılması tələbini irəli sürmüşdü. Təbii ki, xarici kəşfiyyatla məşğul olan TX buna qərar verə bilməzdi. Bu, nasistlərin ali siyasi-partiya rəhbərliyinin səlahiyyətinə aid məsələ idi. Üstəlik, o zaman hələ Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlamamışdı (belə plan olsa da). Odur ki, bu mövzuda diskussiyanı davam etdirmək mənasız idi. Erməni millətçilərinin də o dövr üçün nasistlər qarşısında hər hansı xüsusi xidməti yox idi. Demək, sövdələşməyə getməyə zəmin də yaranmamışdı. Beləliklə, məsələ havada qalmışdı.

Kamsarakanın ifadələrinə görə, 1940-cı ilin payızında, Vermaxtın Şimali Fransa ilə Parisi işğal etməsindən sonra daşnakların avropalı liderləri Araratyan, Camalyan, Kananyan (Dro) və Ter-Arutunyan (Njde) Berlində TX-nin rəhbəri, SS-in briqadafüreri Haynts Yost tərəfindən qəbul olunublar. O, İkinci Dünya müharibəsinin başlamasına səbəb olmuş Qleyvits təxribatının (onu «Konserv əməliyyatı» da adlandırırlar) təşkilatçılarından idi. Erməni millətçilərinin alman nasistləri qarşısındakı funksional öhdəlikləri məhz bu görüşdə müəyyənləşdirilib, rabitə qurulması, kəşfiyyat məlumatlarının ötürülməsi, buna görə mükafatlandırma da daxil olmaqla, əməkdaşlıq sistemi məhz bu zaman təsdiqlənib.

Bu qəbuldan sonra danşak liderlər nasist Almaniyası Xarici İşlər Nazirliyinin gələcək unter-stats-katibi Martin Frans Yulius Lüter (o, Avropa ölkələrindən yəhudilərin ölüm düşərgələrinə daşınmasına rəhbərlik edirdi) tərəfindən qəbul olunacaqlarını gözləyərək, daha bir neçə həftə Berlində qalıblar. Həmin vaxt Martin Frans Yulius Lüter Nasional Sosialist Alman Fəhlə Partiyası (NSAFP), TX və SS-in təbliğat və rabitə şöbəsinin rəhbəri idi. Kamsarakanın sözlərinə görə, bu qəbul baş tutmayıb və bu, o anlama gəlib ki, nasist Almaniyasının XİN-i Almaniyaya müttəfiq müstəqil Ermənistanın yaradılması ideyasına heç bir maraq göstərməyib.

Erməni millətçiləri arasında bu məsələ bir də 1941-ci ilin yayında aktuallıq qazanıb. Bu, Vermaxtın Moskvaya hücumunun pik həddinə çatdığı, Sovet ordusunun tezliklə məğlub olacağına inamın son dərəcə güclü olduğu dövr idi. Ermənilər TX ilə əlaqələrini yenidən işə salaraq, reyx rəhbərliyilə görüşməyə çalışır, vəziyyətin aydınlaşdırılması üçün buna ehtiyacın olduğunu bildirirdilər. Nəhayət, 1941-ci ilin avqustunda, erməni millətçilərinin TX-dən alınaraq müvəqqəti olaraq abver hərbi kəşfiyyatının tabeliyinə verilməsindən az sonra görüş baş tutub. Kamsarakanın bu görüşlə bağlı verdiyi ifadə deyilir: «Almanların hərbi nailiyyətlərindən ilhamlanmış Dro ilə Araratyan onlara Qafqazda gələcək dövlət düzəni haqdakı fikirlərini danışmağa başlamışdılar. Araratyan hesab edirdi ki, almanlar 3 müstəqil ölkə olan Ermənistan, Gürcüstan və Azərbaycandan federativ dövlət qurmalı və yeni dövlət Almaniyanın protektoratı kimi yaşamalıdır. Bu fikirlə Dro da tam razı idi. Lakin o, hesab edirdi ki, bu federativ dövlətin tərkibinə Şimali Qafqazın zəngin rayonları da daxil edilməlidir.

Qrefenin iştirakı ilə daşnaklar – Dro, Araratyan və Vaqan Papazbyanın bütün Qafqazın gələcək alman canişini Şikedants ilə də görüşü təşkil edilib. Baltik almanı olan Şikedants Robenberqin Şərq Nazirliyində Qafqaz xalqları ilə məşğul idi. Lakin görüş son dərəcə quru keçib. Çünki Şikedants və ətrafı Qafqazı ələ keçirəcəkləri təqdirdə orada hakimiyyəti daşnaklarla bölmək niyyətində deyildilər. Araratyan isə öz növbəsində, görüşdə özünün yazdığı broşürü Şikedantsa təqdim edib. Sovet Rusiyasındakı ermənilər haqda yazılmış antisovet broşüründə Zaqafqaziyanın digər xalqları ilə müqayisədə ermənilərin sayının qəsdən azaldıldığı bildirilirdi. Broşürü Şikedantsa təqdim edən Araratyan ondan daşnakların almanlara göstərdikləri xidmətləri unutmamasını istəyib.

Zaqafqaziyada gələcək dövlət quruculuğu ilə bağlı almanların düşüncəsi daşnakları çox pərt etmişdi. Bunu onlara Qrefenin adından mən çatdırmışdım. Almanlar kalmıkları və bütün Qafqaz xalqlarını bir inzibati idarəçilik altında birləşdirmək istəyirdilər. Dro isə hesab edirdi ki, almanlar onları lazımınca qiymətləndirmir. O, deyirdi ki, daşnaklar almanlar üçün əllərindən gələn köməyi edir, əvəzində isə heç bir zəmanət belə almır.

Oberşturmbannfürer Qrefe bir dəfə mənə dedi ki, gələcəkdə etibarlı insan olan Araratyanı Ermənistanın hansısa iri şəhərinə burqomistr təyin edə bilər. Qrefenin bu fikri Araratyanı çox məyus etmişdi. Çünki o, gələcəkdə özünü ən azı nazir görürdü».

Artıq 1942-ci ilin avqustunda 1940-cı illə müqayisədə ermənilərin təşəbbüslərinin reallaşması imkanları tam fərqli şəkil almışdı. Hitlerin 1941-ci il iyulun 17-də imzaladığı «Yenidən işğal olunmuş şərq əyalətlərində mülki idarəçilik haqqında» («Erlaß des Führers über die Verwaltung der neubesetzten Ostgebiete») fərmana əsasən, İşğal Olunmuş Şərq Əyalətləri üzrə İmperiya Nazirliyi (Reichsministerium für die besetzten Ostgebiete (RMfdbO)) yaradılmışdı. O, «Şərq Nazirliyi» kimi də tanınırdı. Müharibənin gedişində bu qurum SSRİ-nin işğal edilmiş, lakin hərbi komandanlığın məsuliyyət zonasına daxil olmayan ərazilərində mülki idarəçiliklə məşğul idi. Onun mərkəzi aparatında Qafqaz regionunun kurasiyası «15» şöbəsinə və ya 1-ci baş (siyasi) idarənin «Qafqaz» şöbəsinə verilmişdi. O isə mərkəzi Tiflisdə olan «Qafqaz» reyxkomissarlığına tabe idi. «Kuban», «Stavropol», «Gürcüstan», «Azərbaycan» baş komissarlıqları, həmçinin «Ermənistan» və «Kalmıkiya» birinci komissarlıqları bu struktura daxil idi. Eyni şey nasistlərin Dağıstan, Çeçenistan və İnquşetiyanı daxil etməyi düşündüyü Dağlı baş komissarlığına da aid idi.

Göründyü kimi, almanların Qafqazı ələ keçirdikdən sonra qurmağı düşündükləri inzibati idarəçilikdə müstəqil Ermənistandan söhbət getmirmiş. Bununla yanaşı, nasistlərin regionda nəzərdə tutduqları idarəçilik sistemində Ermənistana ikinci dərəcəli əyalət kimi, «birinci komissarlıq» statusu tanınırdısa, Azərbaycan və Gürcüstana «baş komissarlıq» kimi yüksək statusun verilməsi nəzərdə tutulurdu. Beləliklə, Hitlerin xüsusi xidmət orqanları 2 il ərzində erməni millətçiləri liderlərinin özünə vurğunluğundan, fərqli olduqlarını düşünmək xəstəliyindən özlərinə lazım olan qaydada istifadə edib.

Nasistlərin xalqları ali və aşağı irqlərə bölmək anlayışında ermənilər özlərini yubermenş, yəni ali irqə aid sayıb. Reallıq isə göstərir ki, alman nasistləri onlara üçüncü dərəcəli xalq kimi baxıb. Almaniyada hesab edirdilər ki, ermənilər nəinki öz dövlətlərini qurmağa, hətta almanların protektoratı kimi belə, idarəçilik qabiliyyətinə malik deyillər. Qafqazın digər xalqlarına isə bu hüquq tanınırmış. O vaxtadək özlərini nasistlərin sadiq ideya qulluqçusu kimi göstərə bilmiş ermənilərə almanlar sadəcə, hərbçi və ya polis xidmətlərinə görə yardımçı inzibati personal kimi yanaşıb. Bu isə nasistlərin gözündə orta və ya aşağı sinif demək idi. Nəticədə, vaxtilə özlərini alman ordusunun «quyruğunda» ciddi bir nüfuz sahibi saymış ermənilər yeni sahiblərinin münasibətindən çox məyus olsalar da, geri yolları da qalmamışdı.

Nasistlərin ermənilərə rəsmi münasibətini 1941-ci ildə Qafqazdakı imperiya canişini Arno Şikedants dilə gətirib. Həmin vaxt o, iki vəzifə tuturdu – partiyada NSAFP-nin Xarici siyasi idarəsinin qərargah rəisi, dövlətdə isə «Şərq Nazirliyi»nin İmperiya Komissarlığının reyxskomissarı.

Arno Şikedantsın soyadı bir qədər erməni soyadına oxşasa da, o, etnik erməni olmayıb. Şikedants Riqa bürgerlərindən, ostzey almanı idi. Gənc yaşlarından NSAFP-nin qurucularından olmuş Maks Ervin fon Şoybner-Rixterlə, həmçinin gələcək rəhbəri, «Şərq Nazirliyi»nin reyxsnaziri Alfred Rozenberqlə dostluq etmiş Şikedants hər zaman onların himayəsində olub. Onun 1927-ci ildə nəşr olunmuş «Xalqların həyatında sosial-parazitlik» («Sozialparasitismus im Völkerleben») kitabında yəhudilərin yaşadıqları cəmiyyətə «dağıdıcı təsiri»ndən bəhs olunur. Bundan sonra o, özünü «yəhudi məsələsi üzrə mütəxəssis» kimi təqdim etməyə başlayıb, NSAFP və «Şərq Nazirliyi»ndə onların strukturunun antisemitizm indoktrinasına cavabdeh olub.

Lakin Şikedantsın mənşəyi və tərbiyəsi üzündən (o, 25 yaşınadək Rusiya imperiyasının vətəndaşı olub) Qafqazda idarəçiliklə bağlı baxışları keçmiş vətənindəkilərin fikrindən çox da fərqlənmirdi. Fərq yalnız onda idi ki, o, bu regionda xalqların iyerarxiyasına rus pravoslav imperializmi mövqeyindən deyil, alman millətçi-sosializmi nöqteyi-nəzərindən yanaşırdı. Belə etnik iyerarxiyada isə Qafqaz xalqları arasında ermənilər nəinki birinci, heç ikinci də deyildilər.

Beləliklə, artıq 1941-ci ilin avqustunda tamamilə aydın idi ki, nasistlər SSRİ üzərində qələbə qazanacaqları təqdirdə ermənilər üçün müstəqil, özləri üçün isə müttəfiq Ermənistan dövləti (Slovakiya və ya Xorvatiya kimi) yaratmayacaq. Onların «Qafqaz» reyxskomissarlığının tərkibində belə muxtariyyət, hətta 1-ci sinif sayılan baş komissarlıq belə, yaratmaq niyyəti yox idi. Baş komissarlıqda müəyyən inzibati muxtariyyət və idarəetmə yerli xalqa verilirdi.

Nasistlər Ermənistanı məhz özlərinin birbaşa idarəçiliyi altında saxlamağı düşünürdü və onlara milli ideyalarını gerçəkləşdirmək imkanı vermək planı yox idi. Üstəlik, nasistlər bunu Avropada Üçüncü reyxə qulluq etmək üçün növbəyə düzülmüş erməni diasporunun rəhbərlərilə görüşlərində açıq şəkildə dilə gətirirdilər.

Beləliklə, ortaya tam məntiqi və qanunauyğun sual çıxır: əgər ermənilərin «Böyük Ermənistan» ideyasını gerçəkləşdirmək istəyinə birmənalı olaraq rədd cavabı verilmişdisə, Araratyanı, Ter-Arutunyanı, Kananyanı, Calalyanı, Papazyanı və Avropadakı erməni millətçilərinin digər liderlərini nasistlərə işləməyə nə vadar edirmiş?

Belə çıxır ki, onları nasistlərin tərəfinə keçməyə Ermənistanda müxtəlif dairələrin bu gün təqdim etməyə çalışdığı kimi, böyük milli arzu deyil, özlərindəki natamamlıq hissindən qurtulmaq, şəxsi mənfəət əldə etmək hərisliyi vadar edib. Çünki Avropanın sivil dövlətlərində onların bu istəyini reallaşdırmasına imkan verilmirdi.



MƏSLƏHƏT GÖR:

461