25 Noyabr 2024

Bazar ertəsi, 23:55

İŞĞALDAN TƏMİZLƏMƏYƏ

Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əlamətləri görünür?

Müəllif:

01.02.2019

İsveçrənin Davos şəhərində təşkil olunmuş Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikola Paşinyan qeyri-formal görüş keçiriblər. Onun Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün irəliləyişə dair yaranmış ümidlərin davamı sayılacaq hadisə olduğunu söyləmək üçün müəyyən əsaslar var.

 

Paris və Davos əlamətləri

İlham Əliyev ilə Nikol Paşinyanın Davos görüşünün atmosferi göstərib ki, münaqişə tərəfləri liderləri arasında müəyyən qarşılıqlı inam yaranıb. Bu, əsasını onların MDB-nin Düşənbə sammiti zamanı əldə etdiyi razılaşmadan götürür.

Lakin Davos görüşündən hələ bir həftə əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Parisdə bir araya gəlmişdilər. Həmin görüşün nəticəsi münaqişənin həlli prosesilə bağlı indiyədək görünməmiş nikbinlik yaratmışdı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhram Mnatsakanyan arasında 4 saat davam etmiş danışıqlardan sonra tərəflərin çox ətraflı müzakirə apardığı açıqlanıb. Müzakirə olunmuş məsələlər arasında xalqların sülhə hazırlanması, sabit inkişaf və regional təhlükəsizlik məsələləri də olub. Münaqişə tərəflərinin konkret nəticələrin əldə olunmasına hədəfləndiklərini təsdiqləməsi isə dialoqun nə qədər ətraflı aparıldığını ortaya qoyub.

Yeri gəlmişkən, Bakı çoxdandır ki, məhz buna çağırış edirdi. Azərbaycan tərəfi uzun müddətdir deyir ki, artıq tərəflər arasında substantiv danışıqlara keçidin vaxtıdır.

Sülh prosesinin «ölü nöqtə»dən tərpəndiyini göstərən daha bir əlamət var. Söhbət maraqlı xarici güc mərkəzlərinin məsələyə reaksiyasından gedir. BMT, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr (Rusiya, ABŞ və Fransa) Azərbaycanla Ermənistanın xalqların sülhə hazırlanmasına dair əldə etdikləri razılaşmanı alqışlayıb. Beynəlxalq dairələr xüsusilə bir məqama diqqət çəkir: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazın iqtisadi potensialını artıracaq. Məsələn, Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) birgə bəyanatında «regionun iqtisadi potensialının reallaşdırılmasına yönəlmiş mümkün qarşılıqlı təşəbbüslərin vacibliyi» vurğulanır.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə regionda iqtisadi inteqrasiyanın genişləndirilməsi perspektivi pəncərəsindən də baxılır. Odur ki, ortaya belə bir nəticə çıxır: danışıqlarda Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması qarşılığında Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilir.

Məsələnin iqtisadi tərəfi, həqiqətən də, son dərəcə vacibdir. Bu, ilk növbədə, sistem böhranında boğulan Ermənistan üçün belədir. Hazırda onun Azərbaycanla əməkdaşlıq edərək təcrid vəziyyətindən qurtulmaq perspektivi yoxdur. Ermənistanın miqyaslı regional layihələrə qoşulması üçün məhz işğalçılıq siyasətindən əl çəkməsi lazımdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin yanvarın əvvəlində keçirilmiş iclasında dilə gətirmişdi: «Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır».

XİN başçılarının Paris görüşünün, həmçinin Əliyev ilə Paşinyanın Davos danışıqlarının əks-sədası göstərir ki, Bakı Ermənistanın Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalına son qoyacağı təqdirdə onun təcridini aradan qaldırmağa hazırdır. İrəvana bu mesaj ənənəvi olaraq hər il keçirilən Dünya İqtisadi Forumu çərçivəsində də çatdırılıb. İlham Əliyev Çinin CGTN (Chine Global Television Network) telekanalına müsahibəsində Ermənistan tərəfini bir şeyi anlamağa çağırıb: bütün regional layihələr İrəvandan ona görə yan keçir ki, o, Azərbaycan ərazilərini işğal edib. Dövlət başçısı deyib ki, Ermənistanın bu siyasətindən imtinası onun daha geniş beynəlxalq əməkdaşlığa cəlb olunmasına yola açacaq ki, bu da hər kəsdən çox ermənilərin özlərinə xeyirdir.

 

Nizamlama qaçılmazdır

Danışıqlar prosesinin aşkar fəallaşması kontekstində diqqəti cəlb edən daha bir məqam var: bir çox tanınmış ekspert Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini yaxın zamanlarda boşaltmasının qaçılmaz olduğunu deyir. Məsələn, Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov hesab edir ki, 2019-cu ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi qaçılmazdır. «Buna sülh danışıqları ilə nail olunarsa, lap yaxşı. Əks təqdirdə, bu işi uzağı yazda, yaxud yayda Azərbaycan Silahlı Qüvvələri görməli olacaq».

Tanınmış britaniyalı politoloq Tomas de Vaal da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivilə bağlı kifayət qədər maraqlı fikir söyləyib. Ermənistandakı hakimiyyət dəyişikliyinin, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində itkilərin sayının görünməmiş dərəcədə azalmasının sülh danışıqlarının davam etdirilməsi üçün yeni imkanlar açdığını düşünən ekspert deyib: «ATƏT-in Minsk qrupunun tərəfləri xalqları sülhə hazırlamağa çağırması, həmçinin Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Davosda baş tutmuş görüş son illərdə Qarabağla bağlı ilk xoş xəbərlərdir».

Əliyev ilə Paşinyanın Davos görüşünü «Qarabağ münaqişəsinin real olaraq həllinin başlanğıcı» adlandıran rusiyalı ekspert Yevgeni Mixaylov isə hesab edir ki, Davos danışıqları bir məqamı da ortaya qoyub: «Bu mərhələdə Ermənistan hökumətinin Qarabağ danışıqları ilə bağlı dəqiqləşdirilmiş siyasi xətti yoxdur. Görüşdə İlham Əliyev daha inamlı təsir bağışlayır, daha geniş nizamlama planı ilə çıxış edirdi. Bu fakt göstərir ki, Paşinyan üçün seçim imkanı geniş deyil. Bu, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəfləri xalqların sülhə hazırlanmasına çağırması fonunda belədir».

Münaqişənin nizama salınması prosesindəki fəallığın Azərbaycanın bəzi rayonlarının boşaldılması ilə nəticələnəcəyini regional problemlərə münasibətdə hər zaman qərəzliliyilə tanınmış ermənipərəst rus politoloqu Stanislav Tarasov da etiraf edir: «Detalların müzakirə olunmadığı iddia edilsə də, biz böyük adamlarıq və yaxşı bilirik ki, danışıqlar üçün konkret mövzu olmadıqda, müzakirələr ümumiyyətlə, aparılmır. Son aylarda isə bu proses – görüşlər saatlarla davam edir və bu, göstərir ki, ciddi müzakirələr gedir. Yəni masa üzərindəki konkret layihə ətrafında «sövdələşmə» aparılır».

Ekspert Azərbaycan və Ermənistan liderlərinin Davos görüşünün mümkün nəticələri haqda bunları deyib: «Əliyevin çox sevincli, Paşinyanın isə pərt olduğu görünürdü. Çünki bu partiyanı Əliyev qazanır. Hazırda onlar inam mexanizmlərindən danışır. İyunda Paşinyanla Əliyev Qarabağla bağlı saziş imzalayacaqlar və sazişə əsasən, erməni tərəfi bir neçə rayonu boşaltmalı olacaq».

Bütün bunların fonunda proqnozlaşdırılan perspektivlər, eyni zamanda Paşinyanın münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu göstərən istənilən fikir erməni siyasi elitasının barışmaz hissəsinin hiddətilə qarşılanır. Onların baş nazir Paşinyanın «qeyri-şəffaf» siyasətinə kəskin reaksiyası, həmçinin Ermənistanın XİN başçısı Mnatsakanyanın kifayət qədər maraqlı bəyanatına («erməni tərəfinin məqsədi Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmini, regionun statusu isə bu hədəfə nail olmaq vasitəsidir») münasibəti də bunu göstərir. Erməni «qırğılar» bu bəyanatda «böyük təhlükə» görür. Çünki bu, hədəflərə «Dağlıq Qarabağın müstəqilliyilə deyil, başqa yollarla nail olunmasına yol açmaq deməkdir».

Qondarma «DQR»in Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan nümayəndələri də Azərbaycanla kompromisin yolverilməz olduğunu deyir, erməni xalqını «ərazilərin təhvil veriləcəyi» təqdirdə dövlətçiliyin itiriləcəyilə hədələyir.

Amma aydındır ki, bütün bu qorxu və narahatlıqların arxasında Dağlıq Qarabağ regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış status-kvonun qorunub saxlanması cəhdləri dayanır.  İrəvanın durmadan Dağlıq Qarabağın danışıqlara tərəfi kimi qoşulmasına çağırışları da bununla əlaqədardır. Bu tələb regionun köklü əhalisi olan azərbaycanlılara qarşı etnik təmizləmənin aparıldığı, onların hüquqlarının pozulduğu, iradələrini ifadə etməsinə imkan yaradılmadığı bir şəraitdə irəli sürülür. Bu erməni dairələrinin ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını tənqid atəşinə tutması da təəccüblü deyil. Məsələ ondadır ki, bəyanatda «müqəddəratı təyin etmə hüququ» haqda bir kəlmə də deyilmir. Erməni təcavüzkarlar isə 25 ildir Azərbaycan ərazilərinin işğalına məhz bu «hüquq»la haqq qazandırmağa çalışır. Üstəlik, onlar «Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi» haqda danışarkən «xalq» kimi yalnız regionun erməni icmasını nəzərdə tutur, azərbaycanlı icmanın rəyi isə ümumiyyətlə nəzərə alınmır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müşahidə olunan tendensiyaya ermənilərin barışmaz hissəsinin belə reaksiyası bir daha göstərir ki, danışıqlar, həqiqətən də, həlledici mərhələyə qədəm qoyur. Amma əlbəttə ki, sülh prosesində real irəliləyişə nail olunması üçün yalnız danışıqlar kifayət deyil. Odur ki, Ermənistan rəhbərliyinin siyasi iradəsindən çox şey asılı olacaq. Məhz onların lazımi addımlar atmayacağı təqdirdə, «xalqları sülhə hazırlamaq» alınmayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bəyan edib. «Bakının münaqişənin həlli yollarını axtarmağa hazır olduğuna dair bəyanatının dəstəyə layiq olduğunu» deyən Lavrova bildirib ki, o, «erməni tərəfinin buna qarşılıq verəcəyinə» ümid edir.

Nikol Paşinyan, həqiqətən də, xalqı üçün sülh və çiçəklənmə istəyirsə, Azərbaycanla real nəticələr verəcək danışıqlara hazırdırsa, barışmaz erməniləri sakitləşdirmək üçün əziyyət çəkməlidir. Sülh yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsi halında mümkündür. İşğalın əbədi davam etməsi isə mümkünsüzdür. İşğala son qoyulması, əlbəttə ki, iqtisadiyyatı onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistanın da marağındadır. Amma bunu Ermənistanın «məxməri inqilabçı» rəhbərliyi tam anlayırmı? Bu, sülh prosesində müşahidə olunan fəallığın perspektivi haqda daha konkret danışmağın mümkün olacağın yaxın zamanlarda aydınlaşacaq.



MƏSLƏHƏT GÖR:

396