Müəllif: Xəzər AXUNDOV
Xəzər regionunda dəniz və quru nəqliyyat marşrutlarınınmərkəzi olan Azərbaycan Avropa və Asiya arasında tranzit yükdaşımalarını genişləndirmək üçün yeni imkanlar axtarır. Bu vəziyyət "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) öz yük donanmasının potensialını artırmağa və Bakı Gəmiqayırma Zavodunda («Baku Shipyard») daha çox gəmi tikintisini sifariş verməyə təşviq edir. Belə ki, bu günlərdə «Baku Shipyard»ın tərsanəsindən dedveyti 7,8 min tondan artıq olan yeni «Laçın» tankerinin suya buraxılması mərasimi keçirilib
Yeni layihələr – yeni potensial
Azərbaycanın və bölgə dövlətlərinin Trans-Xəzər yük daşınmalarının genişləndirilməsi üzrə birgə layihələri – həm Xəzər dəniz limanları arasında ənənəvi neft nəqlini, həm də «İpək Yolu» dəhlizi boyunca son illərdə sürətlə artan konteyner və digər quru yük daşımaları geniş infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olub.
Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi çərçivəsində gerçəkləşdirilən layihələr Xəzər dəniz limanları arasında yük daşımalarının bir neçə dəfə artımını nəzərdə tutur, bununla əlaqədar olaraq son illər Türkmənbaşı yeni limanının inşası və Aktau limanının modernləşdirilməsi gerçəkləşdirilib. Azərbaycanda da çağdaş liman infrastrukturunun formalaşdırılması üzrə genişmiqyaslı proqram həyata keçirilib və yük donanmasının potensialı artırılıb.
"Azərbaycanda dəninz donanmasının yenilənməsi üzrə planlı iş aparılır. Xəzər dənizi bölgəsində multimodal daşımaların genişləndirilməsinə, həmçinin dəniz daşımalarının ümumi həcminin artırılmasına və sadələşdirilməsinə imkan verən yeni tankerlər və bərələr alınır", - deyə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
Nazir qeyd edib ki, elə bu məqsədlərlə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsi başa çatıb (2014-cü ildə bərə terminalı istifadəyə verilmişdi və 2018-ci ildə Ro-Ro terminalı istismara açıldı). Ələt limanında azad iqtisadi zona və bölgə üzrə ən böyük logistika kompleksi də yaradılır.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi formalaşmaqda olan Trans-Xəzər yük daşınması sisteminin ən mühüm komponentidir, çünki Xəzər dənizində ən çox sayda gəmisi olan donanmaya sahibdir, müxtəlif növdən olan 270 gəmisi var ki, onların 51-i yük gəmisidir. Xüsusən, QSC-nin neft daşıyan donanması ildə, təxminən, 7,5 milyon ton neft nəql edə bilən 22 tankerinə görə bu gün Xəzər dənizində ən güclü qurum sayılır. Qazaxıstanda və Türkmənistanda yaxın 3-7 il ərzində neft hasilatının artması nəzərə alınarsa, yaxın gələcəkdə tanker daşımalarına tələbat artacaq ki, bu da ölkəmizin ərazisindən neft tranzitinin həcmini önəmli dərəcədə artıracaq.
"Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk neft boru kəmərləri əlavə həcmlərin daşınması üçün kifayət qədər potensiala malikdir və bu sərbəst potensiallar sonrakı illərdə artacaq. Bütün bunlar yaxın illərdə Xəzər dənizində neft tankeri daşımalarının daha da artması üçün böyük perspektivlər olduğunu göstərir", - deyə ASCO-nun strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev vurğulayır.
Bu vəziyyət gəmiçiliyin öz neft donanmasını modernləşdirməsini və genişləndirməsini stimullaşdırır. Eyni zamanda ASCO bu gün tanker tikintisi sifarişlərini xaricə deyil, 5 ildən bir qədər əvvəl istismara verilmiş Bakı Gəmiqayırma Zavoduna verir ki, bu ötən illər ərzində ASCO-nun, habelə ABƏŞ neft konsorsiumunun bir sıra sifarişlərini uğurla yerinə yetirib.
Eyni zamanda «Baku Shipyard» gəmilərinin inşası və təmiri üzrə ixrac sifarişləri almaq üçün dinamik inkişaf edən Xəzər regionunda tərəfdaşlar axtarır. Xüsusilə bu cür danışıqlar Qazaxıstanın və Türkmənistanın gəmiçilik şirkətləri ilə aparılır.
"Azərbaycan yük daşımalarının gerçəkləşdirilməsi üçün dəniz donanmasının potensialını artırmaqda davam edir", - deyəiqtisadiyyat naziri Şahin Mustafayev ötən ilin sonunda bildirib. Nazirin sözlərinə görə, 2019-2020-ci illərdə «Baku Shipyard» dörd gəminin tikintisini başa çatdıracaq. Bundan əlavə, bu il zavoda əlavə daha dörd gəminin tikintisi sifariş veriləcək.
Unikal tanker
Bu proqram çərçivəsində bu günlərdə tərsanənin stapelindən yeni "Laçın" tankeri suya buraxılıb və tanker 2019-cu ilin iyun ayından istismara açılacaq. Hazırda gəminin gövdəsinin tikintisi tamamlanıb, avadanlıqların quraşdırılması və bəzi göyərtə strukturları üzrə son işlər yanalma körpüsündə aparılacaq. Odessa Dəniz Mühəndisliyi Bürosunda layihələndirilmiş, 141 m uzunluğa və 16,9 m enə malik çay-dəniz tipli tanker, dəniz daşınması zamanı 7884 ton və çay rejimində 5455 tona qədər dedveytə malikdir. Gəminin sürəti saatda 10 dəniz milinə qədər çata bilər. Bu gəminin unikallığı onunla bağlıdır ki, o, eyni zamanda neft və neft məhsullarını daşıya bilər, bunun üçün gövdəsində ümumi həcmi 9190 kubmetr olan altı ayrı yük çəni var.
ASCO-nun sifarişi ilə «Baku Shipyard»ın tərsanəsində eyni seriyalı, amma yaxşılaşdırılmış konstruksiyalı "Gəncə" (RST 12C) tipli ikinci tankerin tikintisi aparılır və 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Onların ümumi dəyəri, təxminən, 28 milyon dollar təşkil edir.
Qeyd edək ki, tankerin suya salınma mərasimində gəmiçilik yeni müqavilə bağlayaraq, Bakı Gəmiqayırma Zavodunun sifariş portfelinə oxşar xüsusiyyətlərə malik daha iki tankerin tikintisi müqaviləsini əlavə edib. Müqavilənin dəyəri, təxminən, 33 milyon dollar qiymətləndirilir, özü də tankerlərin tikintisi üçün vəsaitin bir hissəsi Azərbaycan hökuməti tərəfindən ayrılacaq. Bu tankerlərin 2021-ci ildə istifadəyə verilməsi gözlənilir.
ASCO-nun rəhbəri Rauf Vəliyev bildirib: "Yüksək rəqabət şəraitində davamlı inkişafın təmin edilməsi üçün donanmamız daim yenilənməlidir. Suya buraxılmış «Laçın» tankeri Azərbaycanı bölgənin əsas logistika mərkəzi halına gətirmək siyasətinin bir hissəsidir".
QSC sədrinin sözlərinə görə, gəmiçilik son beş ildə donanmanın yenilənməsini davam edərək, müxtəlif növ 20 yeni gəmi əldə edib. Onların arasında yük və sərnişin gəmiləri, bərələr, tankerlər, katerlər və s. var.
Bu gəmilərin əksəriyyətinin Azərbaycanda inşa ediləcəyi nəzərə alınarsa yaxın gələcəkdə «Baku Shipyard»ın işinin dayandırılması təhlükəsi yoxdur. Belə ki, bu il ASCO 100 tonluq yük qaldıran kran gəmisi, 50 tonluq ponton bərəsi, lövbər quraşdırlması üçün 120 tonluqyardımçı gəmi və s. kimi yeni gəmilərin tikintisi üçün müqavilə bağlamağı planlaşdırır.
Son zamanlara qədər tanker daşımaları üzrə aparıcı olan Xəzər dənizi hövzəsində son dörd ildə mürəkkəb siyasi dəyişikliklər və dəyişən iqtisadi prioritetlər səbəbindən prinsipcə yeni vəziyyət yaranmağa başladı. Çin, Türkiyə, Mərkəzi Asiya və Avropadan quru, konteyner və avtomobil yüklərinin daşınmasına tələbat önəmli dərəcədə artıb. Bu proses artan istiqamətdə gedir. Özəlliklə, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə konteyner daşımaları həcmi 20,6 TEU-yə çatıb (TEU - iyirmi futun ekvivalentidir), bu da əvvəlki ilə nisbətən 45,3% artım deməkdir.
Bu vəziyyət bərə və Ro-Ro tipli gəmilərə ehtiyacı nəzərəçarpacaq dərəcədə artırdı və bu gün Azərbaycan və regionun digər ölkələri bu istiqaməti fəal şəkildə inkişaf etdirirlər. Onların bəziləri artıq Bakı Gəmiqayırma Zavodunda istehsal edilir. Bu, Ukraynanın "Dəniz Mühəndislik Bürosu" MMC-nin dəstəyi ilə layihələnirilmiş CNF 18C seriyalı Ro-Pax/bərə tipli yeni kombinə edilmiş iki gəmidir. Dedveyti 5,540 ton, uzunluğu 154,5 metr və eni 17,7 metr olan Ro-Pax/bərə gəmiləri Xəzər dənizi şəraitində istismara maksimum dərəcədə uyğunlaşdırılıb. Yükün xüsusiyyətindən asılı olaraq onlar göyərtəyə ya 56 dəmir yolu sisterni, ya 46 yarımvaqon və ya 44 yük vaqonu ala bilirlər, göyərtə bölməsi isə 100 sərnişin tutur. Yeni Ro-Pax/bərə gəmilərinin sifarişçisi Xəzər Gəmiçiliyidir. Qurum 2016-cı ildə onların tikintisi üçün ümumi dəyəri 82 milyon dollar olan müqavilə imzalayıb. "İlk gəminin 2019-cu ilin sentyabrında, ikincisinin isə 2020-ci ilin yanvarında suya buraxılması gözlənilir", - deyəR.Vəliyev bildirib.
Sabit sifarişlər portfeli
Şübhə yoxdur ki, Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti yaxın gələcəkdə də belə məhsuldar olacaq: Xəzər regionu ölkələrinin və Avropa İttifaqının tranzit yük daşımalarını artırmaq üzrə planları neft tankerlərinə və müxtəlif növ quru yük gəmilərinə sabit sifarişlər portfelini təmin edəcək. Avropa Nəqliyyat və Mobillik Komissiyasının baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya rəsmi səfəri zamanı məhz bu məsələ müzakirə edilib.
Avropa və Asiya arasında dinamik artan daşıma həcmləri üçün bir növ körpü halına gəlmiş Azərbaycanın unikal coğrafi mövqeyi Avropa İttifaqı (Aİ) üçün son dərəcə önəmlidir və Aİ ölkədə yaradılan nəqliyyat infrastrukturunun imkanlarını yüksək qiymətləndirir. H.Hololeyin sözlərinə görə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi Azərbaycanı beynəlxalq nəqliyyat habına çevirib və bu hab Avropa ilə Mərkəzi Asiya ölkələri və Çin arasında multimodal yük daşınmalarını təmin edir.
"Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi regionda ən böyük daşıyıcı şirkətdir və Azərbaycanla Qazaxıstan arasında yüklərin daşınmasında mühüm rol oynayır. Bu ilin yanvar ayında Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) Avropa İttifaqı xaricində Şərqi Tərəfdaşlıq ölkələri istiqamətində, o cümlədən Azərbaycana qədər genişləndirməklə bağlı önəmli bir qərar qəbul edilib. Bu qərar qanunvericilik səviyyəsində qəbul edilib və maliyyə sahəsində əməkdaşlığı nəzərdə tutur: investisiya planı qəbul edilib və bunun çərçivəsində Azərbaycan üçün 6 layihə müəyyənləşdirilir ki, onların maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları iştirak edəcək. Burada söhbət sonrakı mərhələlər çərçivəsində logistika mərkəzlərinin yaradılması və Ələt limanının genişləndirilməsindən gedir ", - deyə H.Hololey qeyd edib.
Avropa Komissiyası tərəfindən Azərbaycan üçün irəli sürülən nəqliyyat layihələri toplam 1,1 milyard avro məbləğində sərmayələri nəzərdə tutur, onların Aİ və Dünya Bankı tərəfindən birgə hazırlanmış «TEN-T nəqliyyat şəbəkəsinə investisiyalar üzrə İndikativ Fəaliyyət Planı» çərçivəsində həyata keçirilməsi düşünülür. Bu plana beş logistika mərkəzinin yaradılması (369 milyon avro), Ələt qəsəbəsində azad ticarət zonasının təşkili (410 milyon avro) və Şərq-Qərb dəmir yolunun modernləşdirilməsi (328 milyon avro) üzrə layihələr daxildir. İlk iki layihənin dövlət-özəl tərəfdaşlığı əsasında maliyyələşdirilməsi, üçüncünün isə beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Beləliklə, Avropa İttifaqı tərəfindən Qərb-Şərq dəhlizi çərçivəsində yük daşımalarının genişləndirməsi üçün Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə layihələrin dəstəklənməsi, həmçinin ölkənin Əfqanıstandan tranzitinin artırılmasına yönəldilən «Lapis Lazuli» marşrutunda iştirakı ASCO yük donanmasının əlavə yüklənməsi üçün önəmli bir əsas olacaq ki,«Baku Shipyard»ın tərsanəsi də qurum üçün gəmilərin tikintisini və modernləşdirilməsini təmin edəcək.
MƏSLƏHƏT GÖR: