25 Noyabr 2024

Bazar ertəsi, 21:36

İNTEQRASİYA VEKTORLARI

Azərbaycan və Rusiya siyasətçilərilə ekspertləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Müəllif:

01.03.2019

Fevralın 25-26-da Bakıda ənənəvi Rusiya-Azərbaycan konfransı keçirilib. O, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunub. Artıq ardıcıl olaraq 4-cü ildir ki, Rusiyanın tanınmış siyasətçiləri, deputatları, ictimai xadimləri, ekspertləri Azərbaycan paytaxtına toplaşır. Onlar azərbaycanlı həmkarları ilə birlikdə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha uyğun inkişaf yollarını axtarır, iki xalqın sosial-mədəni inteqrasiyasının vektorlarını müəyyənləşdirir.

Son konfrans Rusiyanın «Siyasi araşdırmalar mərkəzi» Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə keçirilib. Təşkilatın rəhbəri, tanınmış politoloq Sergey Markovun sözlərinə görə, belə konfransların keçirilməsi Azərbaycan və Rusiya prezidentləri tərəfindən də dəstəklənir. O, iki ölkə arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini, artıq bir nümunəyə çevrildiyini söyləyib.

Konfransa qatılmaq üçün Bakıya gəlmiş qonaqlar arasında Rusiya Dövlət Dumasının müxtəlif profilli komitələrinin üzvləri, deputatlar İrina Rodnina, Oksana Puşkina, Dmitri Savelyev, Denis Parfyonov, Aleksey Juravlyov, Lyudmila Kozlova, Viktor Zubaryov, Tatyana Tsıbizova, Mixail Yemelyanov və s. var idi.

Ötən il konfrans Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuşdusa, bu il nümayəndə heyətləri «Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bugünün inkişafı» mövzusunda müzakirə aparıblar.

 

Ortaq keçmiş

Konfrans iştirakçılarının fikrincə, o, iki xalqın tarixinin müsbət məqamlarına əsaslanır. Əlbəttə ki, toplantıda ilk növbədə, Böyük Vətən müharibəsində iştirak və xalqların faşizm üzərində qələbəyə birgə verdikləri böyük töhfələr vurğulanıb. Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin konfrans iştirakçılarına Azərbaycanda millətçilərin hakimiyyətindən sonrakı dövrdə Rusiya ilə ənənəvi əlaqələrin bərpası haqda danışıb.

«O zaman rus məktəblərini bağlamağa çalışırdılar. Ümumiyyətlə, buna bənzər çox şey baş verirdi. Lakin Heydər Əliyevin prezident seçilməsindən sonra birgə keçmişə dair yaddaş geri qayıtdı. Heydər Əliyev xalqın istəyini hiss edirdi. Xalq isə birgə tarixi əlamətdar günlərin bərpasını istəyirdi. Nəticədə, biz yenidən 9 May bayramını qeyd etməyə başladıq», - deyə M.Zabelin qeyd edib.

Rusiya Federasiya şurasının üzvü, əslən bakılı olan Lüdmila Kozlova da azərbaycanlıların ənənəvi beynəlmiləlçiliyindən danışıb: «Bakı hər zaman beynəlmiləl şəhər olub. Ruslar, azərbaycanlılar, yəhudilər – hamımız mehriban ailə kimi yaşamışıq. Gənclərimizi də məhz dostluq ənənələrilə tərbiyə etməliyik. Burada ruslara münasibətin dəyişməməsindən çox məmnunam».

Siyasi Araşdırmalar İnstitutu direktorunun müavini, Azərbaycanın Dostları Qrupunun koordinatoru Darya Qrevtsova isə Bakının Rusiyanın «Ölməz alay» ictimai təşəbbüsünə qoşulduğuna dair müsbət hadisədən danışıb.

 

Ortaq bugün

İki ölkə üçün real müasir gündəm kifayət qədər genişdir. Buraya həm qlobal iqtisadi layihələr daxildir, həm beynəlxalq nəqliyyat dəhlizləri, həm enerji sahəsində əməkdaşlıq. Hərbi ekspert, «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenko isə diqqəti Azərbaycanla Rusiya arasında getdikcə dərinləşən hərbi-texniki əməkdaşlığa çəkib. Onun sözlərinə görə, bu gün Azərbaycan Rusiya silahlarının əsas alıcılarındandır. Lakin medalın əks tərəfi də var. «Bir yandan biz Azərbaycan Ordusunun müasirləşməsinə yardım göstərir, onu müasir silahlarla təchiz edirik, digər tərəfdən müdafiə sənayesi kompleksinə aid müəssisələrimizin bundan (silah satışından) əldə etdiyi vəsait yeniliklərə, beynəlxalq silah bazarında rəqabət qabiliyyətimizin güclənməsinə imkan verir», - deyə ekspert bildirib.

O, iki ölkənin hərbi qurumları arasında, məsələn, Xəzər dənizində birgə təlimlərin keçirilməsi təklifini də səsləndirib.

«Rusiya ilə Azərbaycanın nəhəng karbohidrogen tədarükçüləri olduğunu unutmaq lazım deyil. Neft-qaz ixracı, həmçinin onların emalı büdcələrimizə ciddi gəlir gətirir. Bu, yalnız Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi yox, həm də Azərbaycanla Rusiyanın maddi-iqtisadi dayanıqlılığı məsələsidir», - deyə İqor Korotçenko qeyd edib.

Konfransın rusiyalı iştirakçıları Azərbaycanın Rusiya üçün çətin anlarda beynəlxalq arenada Moskvaya göstərdiyi dəstəyi də yada salıblar. Rusiya Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsi sədrinin müavini Mixail Yemelyanov Azərbaycan və Rusiya parlament nümayəndələrinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclaslarındakı əməkdaşlığından danışıb. Yeri gəlmişkən, ilk dəfə olaraq bu qurumun baş katibi postu azərbaycanlı Asəf Hacıyevə həvalə edilib.

«Biz Avropa Şurası Parlament Assambleyasında da sıx əməkdaşlıq edirdik. Rusiyanın AŞPA-da səsvermə hüququndan məhrum edildiyi zaman Azərbaycan tərəfinin göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. Azərbaycanlı həmkarımızın ozamankı möhtəşəm çıxışı xatirimizdədir. Halbuki özünü Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi kimi təqdim edən Ermənistanın nümayəndəsi həmin vaxt nədənsə iclasda yox idi. Biz bu ölkənin səsini eşitmədik», - deyə Yemelyanov bildirib.

O, Azərbaycan tərəfini Asiya Parlament Assambleyasının da toplantılarında fəal iştiraka çağırıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Əli Hüseynli isə öz növbəsində, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədikləri üçün rusiyalı həmkarlarına minnətdarlıq edib. «Bizim parlament diplomatiyamız dostluq nümunəsidir. Bizim dəqiq mövqeyimiz, dəqiq istiqamətimiz var və biz mübahisəli məsələlərdə belə, razılığa gələ bilirik», - deyə o, qeyd edib.

 

Ortaq gələcək

Konfrans iştirakçılarının əksəriyyəti çıxışında iki ölkənin maraqlarından irəli gələn ümumi hədəfləri vurğulayıb. Ümumi fikir bundan ibarətdir ki, maliyyə və resursla təmin olunmuş ölkələr kənardan ciddi təzyiq və təhdidlə üzləşirlər. Rusiya ilə Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə hesablanmış strateji əməkdaşlığının xarakteri isə yaxın gələcək üçün münasibətlərin vektorunu müəyyən edir.

Rusiya Dövlət Dumasının Energetika komitəsinin üzvü Viktor Zubaryev Azərbaycan və Rusiyanın enerji sistemlərinin inteqrasiyasından danışıb, xüsusilə müxtəlif nəqliyyat-logistika sxemlərində inkişaf tendensiyasını vurğulayıb.

«Bizi xüsusilə «Şimal-Cənub» nəqliyyat dəhlizinin gələcəyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, burada yaradılacaq azad ticarət zonası maraqlandırır. Bu, əməkdaşlığımızın perspektividir. Ümumiyyətlə, bizim əməkdaşlıq potensialımız nəhəngdir və gücümüz də bundadır», - deyə o, bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov isə hər iki tərəfin qürur duyacağı yeni birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb. O, hesab edir ki, iki ölkə informasiya sahəsində də fəal əməkdaşlıq etməlidir.

«Bu gün xüsusilə informasiya məkanında hər şey daha sürətlə gedir. Biz müxtəlif təxribatlara hazır olmaq üçün müəyyən konstruksiya hazırlamalıyıq. İnformasiya müharibəsi digər müharibələr qədər şiddətlidir», - deyə Fuad Axundov qeyd edib.

Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina ilə İrina Rodnina qadınlar arasında qeyri-hökumət diplomatiyasının inkişafını təklif ediblər. Onların fikrincə, bu, müharibələrin qarşısının alınması, qarşılıqlı xeyriyyə və humanitar layihələrin dərinləşdirilməsi üçün lazımdır.

Azərbaycan və Rusiya siyasətçiləri ilə ekspertləri səhiyyə, təhsil, idman, turizm, gənclər proqramları kimi sahələrdə əməkdaşlıq perspektivlərindən də danışıblar. Onlar hesab edir ki, bu, iki dost xalq arasında əlaqələri daha da gücləndirəcək.

Nümayəndə heyətləri Dağlıq Qarabağ münaqişəsinə və onun sülh yolu ilə həlli məsələsinə də böyük diqqət ayırıblar.



MƏSLƏHƏT GÖR:

378