22 Dekabr 2024

Bazar, 11:32

HƏR YANDA NOVRUZ

Bakılılar və şəhərin qonaqları qədim bayramı yeni konsepsiyada qarşılayacaqlar

Müəllif:

18.03.2019

Astronomik hesablamalara görə, 2019-cu ildə gecə ilə gündüzün bərabərləşdiyi an – Novruz bayramı martın 21-i Bakı vaxtı ilə saat 01:58-ə təsadüf edəcək. Həmin anda Günəş ekvator xəttini kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək, gündüz gecə ilə bərabərləşəcək.

Xalqın inancına görə, həmin gün hava soyuq olarsa, yazın sonunadək daha 40 soyuq gün yaşanır. Yox, əgər gün isti keçərsə, yaxın 40 gün də xoş hava müşahidə olunmalıdır.

Bayram günü quş dəstələrinin uçuşu müşahidə olunarsa, bu il taxıl bol olacaq. İnsanlar incikliyi, qəzəbi kənara atarsa, bütün il xoş keçər, səmanı bir anda bulud alarsa, yay və payız isti olacaq.

Novruz Azərbaycanda hər zaman böyük təntənə ilə qeyd olunur. Bu, yalnız ailədaxili təntənə deyil, həm də şəhər miqyasında xalq gəzintisi günüdür. Bu il Novruz bayramı münasibətilə 20 günlük festival təşkil olunacaq.

Bakı Turizm İnformasiya Mərkəzinin bu münasibətlə Turizm üzrə Dövlət Agentliyi ilə Azərbaycan Turizm Bürosunun dəstəyilə təşkil etdiyi tədbir şəhərin mərkəzi «Sahil» parkında martın 30-dək davam edəcək. Bu məqsədlə park lanc, ticarət, səhnələr və əyləncə zonalarına bölünüb. Festival zonası saat 11:00-dan 21:00-dək, bilavasitə bayram günləri – martın 19, 20 və 21-də isə saat 23:00-dək işləyəcək.

Festivalın gedişində parkda dulusçuların, xalçaçıların, kukla ustalarının, zərgərlərin əl işləri nümayiş olunacaq, ustad dərsləri keçiriləcək, həmçinin əl işlərinin satılacağı yarmarka təşkil olunacaq.

Festival boyunca məşhur kulinarlar milli mətbəxə aid xörəklər hazırlayacaq. Qonaqlara musiqi və digər əyləncə proqramları da nümayiş olunacaq.

Festival çərçivəsində UEFA Avropa Liqasının final zonası, futbol meydançası da yaradılacaq, idmançıların imza paylama günləri olacaq. Bu bayram günlərində ilk dəfə olaraq, Novruz personajlarının yer alacağı musiqili teatr tamaşası yeni konsepsiyada göstəriləcək.

Novruz bayramının mənşəyi bəşəriyyət tarixinin ən qədim dövrünədək gedib çıxır. O, rəsmi statusu ilk dəfə Əhəmənilər imperiyasında zərdüştilərin dini bayramı kimi qazanıb.

2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun bəşəriyyətin Qeyri-maddi irsi siyasına daxil edilib. 2010-cu il fevralın 19-da BMT Baş Assambleyasında «Dünya mədəniyyəti» gündəliyinin 49-cu maddəsinə əsasən, konsensus yolu ilə «Beynəlxalq Novruz günü» adlı qətnamə qəbul olunub. Bununla da, martın 21-i Beynəlxalq Novruz günü kimi tanınıb.



MƏSLƏHƏT GÖR:

461