23 Dekabr 2024

Bazar ertəsi, 10:43

«QƏDDAR PERSONAJIN DA ÖZ HƏQİQƏTİ VAR»

Maqsud MƏMMƏDOV: «Mənfi qəhrəmanların xarakterləri müsbətlərə baxanda dəfələrlə dərindir, buna görə də maraqlıdır»

Müəllif:

01.04.2019

O, teatra 1994-cü ilin noyabr ayında Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbəsi olan zaman gəlib. Azərbaycanın xalq artisti Fuad Poladovun sinfində təhsil alırdı. İlk başdan ətrafdakılarda qəribə təəssürat yaradırdı - heç zaman əlindəki "diplomat"dan ayrılmır, kostyum geyinir və qalstuk taxırdı ki, bu da yaradıcı teatr mühitinə xas deyildi; yaxın sovet keçmişinin məmuruna bənzəyirdi. O, öz Ustadının tövsiyəsi ilə gəlmişdi və teatrda həmişəlik qaldı, müəllimlərinin öyrətdiyi kimi kədər muzası Melpomenaya sadiqliklə və inamla xidmət etdi.

Onun fikrincə, istedadlı adam üçün bir teatr məktəbinə ehtiyac olmadığını iddia edənlər səhv edirlər. Məktəb teatr etikasının bilik və qanunlar toplusudur ki, bunu yalnız universitet divarları arasında aşılayırlar, həmişəlik olaraq seçilmiş peşəyə məhəbbət və sədaqətlə "yoluxdururlar".

Öz vaxtında, Maqsud Məmmədovu da müəllimləri məhz bununla "yoluxdurmuş"dular və o, indi onlar haqqında sönməz sevgi və minnətdarlıq hissi ilə danışır.  

İndi o, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının aktyorudur, Azərbaycanın əməkdar artistidir. Onun işləri sırasına Aleksandr Şarovskinin, İranə Tağızadənin, Boris Lukinskinin tamaşalarında oynadığı komediya, dram və faciə qəhrəmanları daxildir. Aprel ayının ortalarında onun 50 yaşı tamam olacaq.

- Şəfiqə Məmmədova mənə həyatı sevməyi və özünüifadə azadlığını öyrətdi, aktyorluq fantaziyasını inkişaf etdirməyə kömək etdi. Şahmar Ələkbərov sözü anlamağı və qiymətləndirməyi öyrətdi, başa saldı ki, hər bir sözdə nəzərdə tutulmuş mənaya əlavə olaraq sətiraltı məna da daxildir. Bu, personajın hadisəyə, problemə və ya başqa personaja münasibətini müəyyənləşdirir. Fuad Poladov aktyorluq peşəsini sevməyi öyrətdi, oradakı psixoloji xırdalıqların dərinliyini açdı ki, istənilən personajın canlı xarakteri məhz bunlardan fomalaşır. Məhz obrazın yaradılması üzərində aparılan araşdırma işi biz, yəni onun yetirmələri üçün o qədər maqnetik cazibəyə malikdir və bu, bizim peşə taleyimizi bir çox illər öncədən müəyyən edib.  

- Bu «maqnetizm»i praktiki hərəkətlər səiyyəsində necə mənimsəyirdiniz?

- Bir müəllim kimi Fuad Poladov heç vaxt avtoritar təsir göstərməyib. Əksinə, o, insan təbiətinin nüanslarını müstəqil öyrənməyi təşviq edirdi və əgər bizdən birimiz mənaca yanlış bir istiqamətə yönəlirdiksə, sakitcə, səsini yüksəltmədən, nəsihətvari tənqid etmədən təklif edirdi ki, bizim varianta müəllifin baxışına yaxın rakursdan baxaq. İnsan təbiətinə analitik tədqiq prosesinə maraqlandıraraq, o, bizi həmmüəllifə çevirirdi və biz özümüzü tələbə kimi yox, həmkar kimi hiss edirdik. Bu, yalnız öz gücümüzə peşəkar inam verməklə qalmırdı, həm də kəşf sevinci bəxş edirdi, anlayırdıq ki, bu kəşf prosesi sonsuza qədər sürə bilər. Eyni rolu bir neçə ildən çox oynadıqda belə! Mən bunu Poladovun sayəsində «Albalı bağı»nı məşq edərkən öyrəndim, daha sonra Şapur rolunu (Şarovskinin «Fərhad və Şirin» tamaşasında) oynayarkən bu davam etdi.

- O, məşq prosesində nəzəri cəhətdən diqqəti bu "nüanslara" yönəldirdi?

- Xeyr. Tədris prosesi praktiki idi. O, bizimlə birlikdə məşq edirdi, məşqlərdə xırda bir rol - ağalardan sədəqə istəyən qoca yolçunu oynayırdı. Orada onun yalnız bir ifadəsi var. Amma bizim ustadımız bu pyesin tamaşaya qoyulması üzərində iş dövründə çıxırdı və bizi məşq etdirərək həm də oynayırdı (həqiqətən oynayırdı!), yeni xırdalıqlar və detallar əlavə edirdi ki, bu da obrazı hər məşqdən sonra daha təsirli və maraqlı edirdi. Bax, mən onda peşəyə NECƏ yanaşmaq lazım olduğunu, onun nə qədər unikal olduğunu, nə qədər hörmət və heyranlığa layiq olduğunu anladım. Bunun üçün mən öz Ustadıma minnətdaram, təəssüf edirəm ki, tale onunla eyni tamaşada işləmək xoşbəxtliyi bəxş etmədi.

- Necə yəni? Siz onunla "Eddi Karbone", "Kabuslar bizim aramızdadır", "Dulları ovudan", "Əlçatmaz" kimi tamaşalarda bir səhnəyə çıxmısınız?

- Bəli. Doğrudur. Biz, dediyiniz kimi, "birlikdə çıxdıq". Amma bizim qəhrəmanlar eyni səhnədə heç zaman "görüşməyiblər". Buna görə mənim Müəllimlə tamaşa zamanı səhnədə tərəfdaş kimi oynamaq arzum çin olmayıb. Biz yanaşı olmuşuq, amma birlikdə olmamışıq. Hətta onun sonuncu tamaşası «Bliss ailəsi»ndə bu baş verməyib. Bizim personajlar yenə yanaşı olublar. Buna çox təəssüf edirəm... Çox!

- Bəs,"Çingiz xanın özü ilə apardığı sirr" adlı tamaşada birgə işiniz alınmadı?

- Çünki Fuad Poladov həmin vaxt Milli Dram Teatrında Hamlet rolunu məşq edirdi. Mən isə "Çingiz xan"da iki rol oynayırdım: mənfi qəhrəman Jalmeni və müsbət qəhrəman Kairxan. Bu, müxtəlif insan xarakterlərinin stixiyasına dalmaq baxımından maraqlı və unudulmaz bir təcrübə idi. Və burada mənim Ustadın dərslərinə ehtiyacım vardı!

- Bu təcrübə nəyi ilə maraqlıdır və məhz nəyi ilə unudulmazdır?

- Yuxarıda artıq dediyim hər şeyi ilə: təhlilin nəticələrini təcrübədə gerçəkləşdirmək, müqayisə etmək, insanı – personajı bu və ya başqa addıma itələyən səbəb və nəticələri araşdırmaq imkanı ilə. Burada sadəcə ani olaraq bir personajın (yaramazın!) bədənindən və xarakterindən başqa birinin bədəninə və xarakterinə dərhal "axmaq" lazımdır. Bu elə də asan deyildi və əyləncəli idi. Belə bir oyun imkanını mənə möhtəşəm coşqunluq bəxş edirdi!

- Siz mənfi cazibəli aktyor təəssüratını yaradırsınız, mənfi personajların rollarını oynayırsınız, amma yəqin ki, tələbəlik illərində özünüzü aşiq qəhrəman kimi təsəvvür etmisiniz və məhz bu cür rollar arzulamısınız?

- Yox. Ustadın öyrətdiyi kimi mən teatra gələndə əmin idim ki, aktyor ona rejissor və teatr tərəfindən təklif edilən hər bir rolu oynamalıdır. Ona görə də mənə mənfi personajları oynamaq təklif ediləndə, bu, məni məyus etmədi. Əminəm ki, mənfi qəhrəmanların xarakterləri daha dərindir və buna görə də müsbət qəhrəmanlardan daha maraqlıdır. Burada axtarmalı nələrsə var. Mənfi qəhrəmanda onun "mənfi" olmasına səbəb olan nələrisə tapmaq həmişə mümkündür.

- Onda söyləyin, oynadığınız 80 rolun hansıları sizin üçün əzizdir və sevimlidir?

- «Burla Xatun»dakı Şöklü Məlik obrazı əzizdir, onu «sona qədər oynaya», «sona qədər yaşaya» bilmədim, üzərində «sona qədər işləyə» bilmədim. Bu xarakterdə anlamadığım, aça bilmədiyim, tapa bilmədiyim çox şey var, ona görə canlandıra, oynaya bilmədim. «Fərhad və Şirin»dəki Şapurumu sevirəm. Mən bu xarakterin təbiətini o qədər yaxşı anlamışam və öyrənmişəm ki, səhnəyə çıxdığım hər dəfə coşqulanıram, onun düşüncələrinin, hisslərinin və sonucda əməllərinin səbəb-nəticə əlaqələrinin dünyasına dalıram.

- Yarım əsrlik həyat və 25 illik səhnə fəaliyyətiin geridə qoymusunuz. Teatr səhnəsində canlandırmaq istədiyiniz bir personaj varmı?

- Qabaqlar mənim belə bir arzum yox idi. Ancaq indi, təxminən, yeddi ildir ki, mən hey Maqbet barədə düşünürəm. Hə, hə! Məhz onunla bağlı. Bilirsiz, bu xarakterdə məni ən çox nə çəkir? Hər cəhətdən alicənab olan bu uğurlu sərkərdə hansı qüvvələrin, şərtlərin təsiri altında, kimin əməllərinin təsiri altında qaniçən vəhşi qatilə çevrilir? Onun ruhu niyə belə sındı? Hansı anda o, Şərə doğru yönəldi? Sonsuza kimi maraqlıdır...

- Son illərdə rejissorluğa marağınız bununla izah edilir?

- Mən yalnız bu barədə düşünməklə qalmıram. Daha çox personajların – xarakterlərin psixoloji və fiziki qarşılıqlı əlaqəsinə; dramaturq tərəfindən təklif olunan müxtəlif vəziyyətlərdə və ehtimal olunan hallarda insan təbiətinin təzahürünə marağım var.

- Deməli, sizin rejissorlar üçün "əlverişsiz" aktoyr kimi tanınmağınız bununla bağlıdır? Başqasının konsepsiyasına müdaxilə edib öz versiyanızı təklif edirsiz?

- Yox, heç bir halda. Mən quruluş ideyasına qarışmıram. Mən xarakterin yozumuna qoşuluram, məşq zamanı oynamalı olduğum xarakteri rejissorla birlikdə axtarıram! Buna görə də tez-tez bu və ya digər halda qəhrəmanımın davranışları, onun hərəkətlərinin motivasiyası ilə bağlı rejissorla mübahisə edirəm. Bəzən, əlbəttə, hər şeyi öz bildiyim kimi etmək istəyirəm, amma mən bir teatr adamıyam və başa düşürəm ki, tamaşada rejissorun iradəsi və qanunu hər şeydən yüksəkdir.  

- Ancaq sona kimi mübahisə edəcəksiniz?

- Yalnız rejissor yanlış olduğuma məni inandırana qədər.

- Necə düşünürsünüz, rejissorun iştirakı olmadan tamaşa qoymaq mümkündürmü?

- Yox. Bu, bir blefdir. Rejissor olmadan tamaşa yaratmaq mümkün deyil. Bunu Şarovskidən də soruşa bilərsiniz, o da sizə eyni şeyi söyləyəcək. Bu, yalnız ilk baxışdan elə görünür ki, pyesi götürmək və sadəcə oynamaq olar. Quruluşçu rejissorun birləşdirici düşüncələri olmadan, oyunçuların nə qədər yaxşı oynanmasından asılı olmayaraq, tamaşa alınmayacaq. Hə, peşəkarlar tərəfindən yaradılmış gözəl xarakterlər olacaq, amma tamaşa adlandırılan səhnə hekayəsi olmayacaq! Yalnız rejissor quruluş ideyasında ifadə edilmiş düşüncələrinin gücünə dramaturgiyanı və aktyorları birləşdirə bilər, izləyiciyə tamaşanın maraqlı bir versiyasını təqdim edər. Biz öz quruluş düşüncəsini tamaşa səviyyəsində ifadə edə bilməyən (ifadə etməyi bacarmayan) qeyri-peşəkar rejissor işi barədə danışa bilərik, lakin rejissorsuz iş barədə danışmaq mümkün deyil.

- Əks təqdirdə, yalnız pyesin illüstrasiyası və oyunçuların peşəkarlığı qalır…

- Bilmirəm ... bu barədə düşünməmişəm. Amma bəlkə də siz haqlısınız.

- Siz heç kimi bir avtoriteti qəbul etməyən insan təəssüratı yaradırsınız. O cümlədən peşəkarlar da daxil olmaqla. Niyə?

- Bu, belə deyil. Mən hüzurlu həyatımın yarısını Yura Balıyev, Əsgər Rəhimov kimi peşəkarlarla yanaşı yaşamışam. Onlardan öyrənməmək necə mümkündür? Mən öyrənmişəm. Mən onları izləmişəm, onlarla teatr və yaradıcılıq haqqında çox danışmışıq. Bu, boş yerə getməyib ki. Çox böyük təcrübə və bilik sahibi olan Şarovskinin peşəkar nüfuzunu qəbul etməmək, ondan öyrənməmək necə mümkün ola bilər? Mən öyrənirəm. Bəli, məşqlərdə onunla tez-tez mübahisə edirəm, amma bu, mənim onun peşəkar nüfuzunu qəbul etməməyimlə bağlı deyil. Belə ki, düşünmək sadəcə ağılsızlıq olar! Mübahisələr həqiqət axtarışıdır. Yaradıcılıqda, xüsusilə də səhnə yaradıcılığında, bu adi haldır.

- İldönümünüz ərəfəsində özünüz üçün nə dilərdiniz?

- Mənim üç qızım var. İstəyirəm ki, onların hər biri bu həyatda uğur qazansınlar. Peşə həyatında da. İstəyirəm ki, onların hər birinin arzuları gerçəkləşsin, hər biri öz insani və peşəkar potensiallarını həyata keçirə bilsinlər. Həm də istəyirəm ki, mənim yaradıcılıq arzum nəhayət çin olsun.

- «Maqbet» haqında?

- O, tək deyil. Məndə əbədi aktyor ideyasının heykəltəraşlıq təcəssümü var. Bir zamanlar "Mikado" və "Pel-Mel", daha sonra Bakı İşçi Teatrı dövründə teatrda olub! Köhnə fotoşəkillərə baxın, Vaxtanqov Teatrındakı Turandot heykəlinə bənzəyib. Mən də düşündüm: bugünkü teatrın fasadında Əbədi Aktyorun heykəlini qoymaq yaxşı olardı. İzləyicilərin və turistlərin diqqətini cəlb edərdi...

«1918-1920-ci illərdə "Mikado" kinoteatrının binasında (ADR dövründə) "Pel-Mel" klubu (xüsusi teatr), 1924-cü ilin yayına qədər A.B.Polonskinin rəhbərliyi altında (Dövlət Rus Dram Teatrı" yerləşirdi. 1924-cü ilin yayında teatr Azərbaycan SSR Xalq Təhsili Komissarlığının qərarı ilə ləğv edilib ki, Bakı İşçi Teatrı yeni bina əldə etsin. 24 yanvar 1937-ci il tarixdən AzSSR Xalq Komissarları Şurasının qərarı ilə binada Azərbaycan Dövlət Qırmızıbayraqlı Dram Teatrı adını almış teatr fəaliyyətini davam etdirir. Rus Dram Teatrı 11 iyun 1956-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kimi tanınır. - müəllif)

- Çalışdığınız teatr akademik statusu alıb. Həmkarlarınız üçün istəkləriniz varmı?

- İlk növbədə, prezidentə təşəkkür etmək istəyirəm. O, teatr incəsənətinə on illərlə sadiq və fədakar bir şəkildə xidmət edən çoxsaylı aktyor nəsillərinin arzusunu çin etdi. Həmkarlarım və özüm üçün arzum peşəkar baxımdan özümüzə qarşı daha tələbkar və yaradıcı olmaqdır. Teatrda yaradıcı kollektivə rəhbərlik etmək və prosesi idarə etmək asan deyil. Hər gün kiminsə iddiaları, şişirdilmiş gözləntiləri, insan duyğuları və bəzən heç əsası olmayan istəkləri qarşılaşırsan. Hər gün yaradıcı peşə insanları ilə "teatr" adlı eyni qayıqda olmaq çox-çox çətindir! Buna görə mənim öz rəhbərliyimə də arzularım var: direktor və baş rejissora - səbir, dözüm, müdriklik və çeviklik diləyirəm. Ən əsası – möhkəm arzulayıram ki, bizə dözə bilsinlər!



MƏSLƏHƏT GÖR:

375