23 Dekabr 2024

Bazar ertəsi, 10:59

XOCALI - BU OLUB

Azərbaycan Pantomima Teatrında müasir tariximizin faciəvi hadisələrinə aid tamaşanın premyerası olub

Müəllif:

01.04.2019

31 mart 1918-ci il – Azərbaycanlıların soyqırımı günü. Hüzn günü. Göz yaşları və acı xatirələr günü. 101 il sonra həmin gün Bakı səhnələrinin birində tamaşa oynanılır. Daha bir soyqırım hekayəsi haqqında. 25 fevral 1992-ci il. Gecə saat 23:00-dan başlayaraq Xocalı atəşə tutuldu. Torpaq dinc insanların ayaqları altında od tutub-yandı, şəhərdə bir nəfər də azərbaycanlı qalmadı. Sağ qalanlar isə öz ölkələrində köçkünə çevrildilər.

Xalq artisti, rejissor Bəxtiyar Xanızadənin Pantomima Teatrında səhnəyə qoydu müəllif tamaşası da bu barədədir. Tamaşa sərt, doğru və gerçəkçidir. Göz yaşları «qoparmaq» üçün heç bir spekulyativ üsullara yer verilməyən tamaşada izləyiilərdə mərhəmət oyatmaq üçün cəhdlərə də yer verilməyib. Adətən bu cür mövzular quruluş zamanı ifratçılıq cəhdlərinə meylləndirir. Amma bu dəfə buna ehtiyac qalmadı! Göstərilən həqiqətlərin sərt ardıcıllığı milli mənsubiyyətinə məhv edilən insanların gerçək taleyini və bu cinayəti törədənlərin əsl üzünü görməyə imkan verdi. Bir kəlmə işlətmədən 41 dəqiqə ərzində bu əhvalatı söyləyənlər isə əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva; artistlər Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahəliyev, Cavad Nuriyev idi. Tamaşanın rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Bahrux Əhmədli, plastika tərtibatçısı Bəxtiyar Xanızadə idi.

Soyqırım. Azərbaycan xalqı dəfələrlə belə hadisələrlə qarşılaşıb. Buna görə bu faciənin səhnədə göstərilməsinə kimsə laqeyd qalmır.

Tamaşa Azərbaycan və Bolqarıstan Mədəniyyət nazirliklərinin təşəbbüsü ilə, Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Bolqarıstan Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Tamaşanın premyerası fevralın 25-də Sofiyada Bolqarıstanın rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilib. Tamaşa bizim eranın 1-ci əsrində inşa edilmiş teatr salonunda göstərilib.

 

Proloq

Məşum gecənin qaranlığından qurd ulartısı eşidilir. İşıq şüaları altında hərbi geyimli adam görünür. O, bıçağını itiləyir. Aramla, qəddarcasına. Bəzən salona düşmən baxışları ilə nəzər salır. O, düşməndir. Hücuma hazırlaşır. Namərdcəsinə. Qəfil yaxalamaq üçün. Bu zaman…

 

Toy 

… Heç nədən xəbəri olmayan Xocalı sakinləri toy edirlər, şəhərdə yeni bir ailənin qurulması ilə bağlı sevinc hissi keçirirlər. Xoşbəxt gəlin və bəy təbrikləri qəbul edir. Elə gəlir ki, heç bir şey bir azdan baş verəcək bəladan xəbər vermir. Hər kəs xoşbəxtdir və hər kəs məmnundur. Axı bu ailəni qabaqda bütöv bir həyat gözləyir! O an heç kimin ağlına da gəlmir ki, bir neçə saatdan sonra o, artıq bu dünyada olmayacaq! Hətta rəqs edən qonaqlar arasında ölümcül yaralanmış gənc peyda olanda belə insanlar nə baş verdiyini anlamır. Ətalətlə hərəkət edərkən, o özü belə, artıq ölmüş olduğunu başa düşmür. Sarsılmış ev yiyələrinin və qonaqların ayaqlarının altına yıxılanda isə həyətə ilk mərmi düşəcək. Sülhə son ümidlər itir. Hər yanı xaos, ümidsizlik, çıxılmazlıq bürüyür. Həmin andan hər bir şəhər sakini düşmənin nişangahında hədəfə çevrilir.

 

Quzğunlar

Elə həmin vaxt xəncərini itiləyən həmin o kamuflyajlı adamın ətrafına quzğunlar yığılır. Tamaşa müəllifinin fikrincə, bu kütlənin siması yoxdur. Onlar qarğa görkəmlidirlər: hamısı qara rəngə bürünüb. Onlar sadəcə kamuflyajlı adamın (adımdırmı?) nəzarəti altında olan kütlədir. Onları yalnız bir istək birləşdirir - öldürmək! Daha sonra kamuflyajlı adam onları tazı kimi qaçan insanların izi ilə göndərir.

 

Qırğın 

Bu səhnə sənədli faktları sərt şəkildə sadalamaqla yalançı estetləri və ehtiyatlı mülayim vətənpərvərləri silkələyir. Ona görə yox ki, tamaşanın müəllifi gerçəkliyə qarşı günah işlədir. Yox! Bu səhnənin müdrik-estetik olmasına baxmayaraq, plastika hərəkətləri səviyyəsində Xocalı qızlarının və qadınlarının necə məhv edilməsini göstərir: ölənə qədər zolanmasını, zorlanaraq öldürülməsini, qətlə yetiriliməsini… Bu səbəbdən quruluşçu rejissor bütün qadınları qara kəfən altına yerləşdirir, döyüşçü quzğunlar onları oradan götürürlər. Tək-tək götürürlər. Sonra öldürürlər. Qara kəfən - səhnə rəmzi və eyni zamanda metaforadır. Quruluş düşüncəsini gücləndirmək üçün ifadəli bir detaldır.

 

Qurbanlar 

Onlar üç tərəfdən atəşə tutuldular, təkcə evləri deyil, ayaqları altındakı yer də yanırdı. Ümid yalnız keçilməz dağlarda idi. Cəmi bir neçə saat əvvəl dinc həyat içində olan Xocalı əhalisi ora da üz tutdu! Ac və susuz keçilməz dağlarda donmağa başladılar (fevral ayının sonu idi!). Ata, Gəlin və Bəy də, dostları, qohumları və Gəlinin rəfiqələri də burdadır. Onlar gücdən düşüblər və ümidsizdirlər. Aktyorlar öz personajların elə gözəl plastiki və psixoloji gerçəkliklə yaradırlar ki, izləyici tam əmin olur: hər şey məhz belə olub! Hər xarakter bir taledir. Hər bir Xocalı sakininin taleyi rejissorun bədii ümumiləşdirməsində öz əksini tapıb.

Durmadan ağlayan uşağını boğmaq səhnəsi bir Ananın - Xocalıya girmiş erməni qatillərindən gizlənən insanların həyatını xilas etmək naminə övladını qurban verən Ananın rekviyemidir. Bu, gerçəkdən olmuş əhvalatdır. Yazıq uşaq! Yazıq ana! O, sonra ağlını itirdi. Ölü uşağını özü ilə apardı, onun artıq bu dünyada olmadığını anlamaq, bununla barışmaq istəmədi!  Erməni quzğun ona – sağ qalmış tək insana hücum edəndə, o, qəzəbli bir pantera kimi döyüşür və öz kövrək bədəninin tam gücü ilə ona zərbələr vurur, xəncər zərbəsi alaraq yıxılana qədər dayanmır. Ancaq ölməzdən əvvəl Ana körpəsini qorumağa cəhd edərək uşağı əlləri üzərində Yaradana doğru uzadır. O, körpəsinin qorunması üçün dua edir! Bu qəddar və qorxulu dünyanı tərk edərkən, körpəsinin qorunması üçün yalvarır! Və bu zaman... Qadının əyilməzliyindən və müqavimət gücündən qəzəblənən quzğun ifrat qəddarlıqla ölü körpəyə zərbələr endirməyə başlayır. Xənçəri ataraq, uşağın başını yerə vurmağa başlayır, sanki əlində kiçik cansız bir bədən yox, böyük bir təhlükə tutmuş kimi davranır. Bütün qəddarlığını, qəzəbini, nifrətini tökdükdən sonra cəsədi bir kənara atır. Bitdi! O, bu torpağın son sahibini öldürdü! İndi buranın yiyəsi odur! Bu torpaq ondadır! Elə bu an körpə ağlamağa başlayır! Ölü körpə bu dəhşətli ədalətsizliklə razılaşa bilmir! Bu hıçqırıq Xocalı soyqırımında öldürülmüş, işgəncəyə məruz qalmış, nizələrlə deşilmiş, yandırılmış və anasının qarnında öldürülmüş uşaqlarının fəryadıdır!

 

Final

Məkana fəzadan düşən işıq şüaları altında bu qırğında məhv edilmiş bütün xocalılılar küldən baş qaldırırlar. Qədim oğuz ataları kimi üzlərini doğan Günəşə tutub başlarını qaldıraraq Uca Göyə baxırlar, sonra başlarını arxaya döndərərək sağ çiyinləri üstündən baxışlarını salonda oturanlara dikirlər. Onlar sanki soruşurlar: haçan? İstər-istəməz Robert Rojdestvenskinin şeirindəki misralar yada düşür:

- Biz çiçəklərin ətrini unutduq. Qovaq yarpaqlarının xışıltısını. Biz həm də torpağı unutduq. Görəsən, torpaq necədir? Bəs quşlar? Bizsiz oxuyurmu quşlar mahnısını? Albalı ağacları nə oldu bəs? Bizsiz o torpaqda çiçək açırmı? Buludlar uçurmu göylərdə? Bizsiz.

Bu lal suallarda hər şey ifadə edilib: qınaq, inam, ümid və quruluşçunun ismarışları – onları da Rojdestvenskinin sözləri  ifadə etmək mümkündür:

- Hamını adbaad xatırlayaq, xatırlayaq kədərimizlə... Bu, heç də ölülər üçün deyil! Dirilər üçün xatırlayaq!

Sonra Bəxtiyar Xanızadənin teatrının artisləri adət üzrə tamaşaçıya təzim etmək üçün səhnəyə çıxdılr. Sərt və kədərli baxışlara bizə baxaraq quruluşçunun əsas ismarışını açıqlayırdılar: Xocalılara və bütünlüklə azərbaycanlılara qarşı 1905, 1918 və 1992-ci illərdə baş vermiş soyqırımları unutmaq olmaz.

1992-ci ilin 25 və 26 fevralında Xocalının məhv edilməsi əhvalatını çox təsirli şəkildə təsvir edən aktyorları alqışlamaq asan deyildi. Onlar emosional yaşantı nəticəsində donmuş anın sakral dəyərin əminliklə qoruyurdular ki, kənardan gələn qəfil səs səhnə ilə zal arasında yaranmış bağlantını dağıda bilməsin.

- Uşaqlarınıza danışın ki, onları xatırlasınlar! Uşaqlarınızın uşaqlarına da danışın, onlar da xatırlasınlar!

Aktyorların  və izləyicilərin  eyni düşüncə və duyğu dalğasına köklənməsi bir xoşbəxtlikdir. Rejissorun öz düşüncəsini yetərincə dəqiq və yığcam ifadə edə bilməsi də xoşbəxtlikdir. Bu tamaşa məhz belə bir zaman anıdır. Buna görə də mümkün qədər çox insanın bu duyğu selinə köklənməsi gərəkdir. Yalnız bizim ölkəmizdə deyil. Sərt, dürüst və gerçəkçi tamaşa həm də insanları sevməyə istiqamətləndirir.



MƏSLƏHƏT GÖR:

352