28 Dekabr 2024

Şənbə, 13:20

ERMƏNİLƏRİ ÇEÇENİSTANA NECƏ KÖÇÜRMƏK İSTƏYİRDİLƏR?

Ərazi ekspansiyasına cəhd hər zaman regionun erməni əhalisinə xas cəhət olub

Müəllif:

01.04.2019

Postsovet ölkələrinin dövlət təhlükəsizliyi orqanlarının arxivlərindəki sənədlərlə tanış olan insan tez-tez sürprizlərlə rastlaşır. SSRİ-nin «proletar beynəlmiləlçiliyi» haqda dediklərinin nə qədər xəyal, reallıqdan nə qədər uzaq olduğunu onlarla tanışlıqdan sonra anlayırsan. Başa düşürsən ki, bu ideyanın geniş kütlə tərəfindən qəbul olunduğu haqda söylənilənlər aşkar riyakarlıq olub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində yer almış işlərdən biri bunun ən yaxşı təsdiqidir. Söhbət ermənilərin çeçenlərin Çeçenistandan deportasiyası və Şimali Qafqazda, RSFSR-in tərkibində özləri üçün muxtariyyətin yaradılması haqda 1948-ci ilə aid planından gedir.

Bu hadisələrin başlanğıcı 1945-ci il noyabrın 21-nə, SSRİ Xalq Komissarları Sovetinin (XKS) «Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması ilə bağlı tədbirlər haqqında» qərarının qəbul edildiyi vaxta gedib çıxır. 3 ay sonra – 1946-cı il fevralın 22-də Ümumrusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (ÜKbP MK) Siyasi Bürosu SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) ilə birgə hazırladığı sənədi – «Xaricdən ermənilərin Sovet Ermənistanına köçürülməsi üzrə praktiki tədbirlər haqqında» qərarı təsdiqləyib. 1947-ci il yanvarın 29-u, martın 24-ü və dekabrın 10-da isə SSRİ XKS ermənilərin «repatriasiyası» haqqında qərarlar çıxarıb.

«Erməni məsələsi»nin həlli üçün SSRİ XDİK-nin Yaxın Şərq ölkələri üzrə şöbə müdiri İ.V.Samılovskinin rəhbərliyilə xüsusi komissiya yaradılıb. Onun fəaliyyətində əsas istiqamət Yunanıstan, Rumıniya və Bolqarıstandan ermənilərin Sovet Zaqafqaziyasına köçürülməsi idi. Bununla yanaşı, İran, Livan, Rumıniya, Suriya, perspektivdə isə ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan ermənilərin «repatriasiyası» planlaşdırılırdı.

Ümumilikdə 360 min erməninin köçürülməsi və istisnasız olaraq Ermənistan SSR-in ərazisində yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin 1948-ci ilin iyununa olan məlumatda xaricdən 86 min 346 erməninin köçürüldüyü bildirilir. Statistikaya görə, onlardan yalnız bir hissəsi – 37 mindən bir qədər çoxu Ermənistana yerləşdirilmişdi. Erməni köçkünlərin üçdə ikisi Livan, Suriya, İran, Yunanıstan və Kiprdən idi. Fransa, Misir, Bolqarıstan və Rumıniyadan köçürülənlər də az deyildi. Proses SSRİ XKS-in 14 sentyabr 1948-ci il qərarı ilə məhdudlaşdırıldı.

Ermənilərin müharibədən sonra həyata keçirilməyə başlanmış «repatriasiya»sı o zaman 2 deportasiyaya səbəb olub. Birinci halda söhbət Ermənistanın bir sıra rayonlarında sıx yaşayan azərbaycanlıların 1948-1953-cü illərdə məqsədli şəkildə Azərbaycana köçürülməsindən gedir. İkincisi 1949-cu ildə Ermənistan ərazisində yaşayan ermənilərin bir hissəsinin Altay bölgəsinə köçürülməsidir. 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və digər əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi» haqqında qərar çıxarıb. Sənədə əsasən, 3 il ərzində «könüllülük» əsasında 100 min azərbaycanlının başqa yerlərə köçürülməsi nəzərdə tutulurdu. Bununla yanaşı, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlılardan boşalacaq yerlərdə xaricdən Ermənistan SSR-ə köçürülən ermənilərin yerləşdirilməsi üçün mənzillərin tikintisinə və digər işlərin görülməsinə icazə verilmişdi.

Nəticədə, 3 il ərzində Ermənistandan 144 min 654 azərbaycanlı köçürülüb. Beləliklə, sadə hesab aparsaq, məlum olur ki, Ermənistana «repatriasiya» olunmuş 1 erməniyə oradan deportasiya edilmiş 3-4 azərbaycanlı düşüb. Odur ki, bu prosesi tamamilə haqlı olaraq köçürülmə yox, deportasiya kimi xarakterizə edə bilərik. Çünki bu proses yalnız və yalnız ideoloji əsaslarla həyata keçirilib.

Lakin Kür-Araz ovalığının ərazisi bu sayda insanın köçürülməsi üçün kifayət deyildi. Üstəlik, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların real sayı nəzərdə tutulmuş sayı təxminən 1,5 dəfə üstələyirdi. Odur ki, Azərbaycan rəhbərliyinin respublikaya gələn insanları nəzərdə tutulmuş bölgədən kənara – Gəncəyə, Şəmkirə, Tovuza və Azərbaycanın digər qərb regionlarına yerləşdirməkdən başqa yolu qalmamışdı. Halbuki, bu rayonlar qaçqınları qəbul etməyə ümumiyyətlə hazır deyildi və yerli hakimiyyət orqanları Ermənistandan deportasiya olunmuş həmvətənlərinin yerləşdirilməsində ciddi əziyyət çəkirdi. Təbii ki, bu, burada yaşayan ermənilərin narazılığına səbəb olur, daim xırda məişət, təsərrüfat və s. münaqişələrə yol açırdı. Bu, tədricən artaraq əvvəl sosial, sonra isə milli zəmində problemə çevrilirdi. Bu arada Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) bütün rayon şöbələri yeni formalaşan sosiumun monitorinqinə cəlb olunmuşdular. Onların işi cəmiyyətdə sosial, milli və hətta, məişət zəmnində istənilən antaqonizmin qarşısını almaq üçün dövlət strukturlarının fəalliyyətini kurasiya etmək, belə hallar haqda mütəmadi olaraq Bakıdakı rəhbərliyi məlumatlandırmaq idi.

Xeyli sayda belə operativ məlumat hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti arxivinin fondlarında saxlanılır. Bu sənədlərdən birini oxuculara təqdim edirik. O, nəinki həmin dövrün hadisələrinə yenidən baxmağa imkan verir, həm də o zaman Azərbaycanda yaşamış ermənilərin istər-istəməz öz soydaşlarının kütləvi miqrasiyasına cəlb olunması haqda müəyyən təsəvvür yaradır.

Azərbaycan SSR DTN Şamxor rayon şöbəsinin rəisi baş leytenant Y.Nurovun Azərbaycan dövlət təhlükəsizliyi naziri general-mayor S.F.Yemelyanova yazdığı 1948-ci il 23 iyul tarixli, 720 nömrəli xüsusi məlumatda bunlar yer alıb (orijinalın orfoqrafiya və punktuasiyası olduğu kimi saxlanılıb):

«Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan Respublikasından köçürülən əhalinin qəbulu və yerləşdirilməsilə bağlı əmrinə uyğun olaraq, Şamxor rayon rəhbərliyi hazırlıq işləri aparıb. Köçkünlərin böyük işçi qüvvəsinə ehtiyacın duyulduğu Klara Setkin və Həzi Aslanov adına iri üzümçülük kolxozlarına yerləşdirilməsi qərara alınıb. Çünki almanların oradan köçürülməsindən sonra rayon bu kolxozları komplektləşdirmək imkanına malik deyildi.

Köçkünlərin bu kolxozlara yerləşdirilməsi üçün əhalinin sıxışdırılması lazım gəlib. Çünki boş evlər yox idi. Bu zaman bəzi kolxozçular narazılıq edib, bəziləri – əsasən erməni kolxozçular isə müqavimət göstərib. Bu kolxozdakı bütün evlər kolxozçuların mülkiyyəti deyil. Onlar almanların köçürülməsindən sonra kolxoza aiddir.

Bununla yanaşı, erməni kolxozçuların Ermənistandan köçürülən azərbaycanlıların Şamxor rayonunun kolxozlarına yerləşdirilməsindən son dərəcə narazı olduqlarına dair də siqnallar gəlir.

Ermənilərin azərbaycanlı köçkünlərdən narazılığının üzə çıxarılması və öyrənilməsi məqsədilə «SƏRXAN», «FƏTƏLİYEV» və «APRES» xəbərçiləri məqsədli şəkildə oraya göndəriliblər.

Nəticədə, iyulun 9-da «SƏRXAN» qonşuları Mkrtıçyan Suren və Ohanesov Rubenin sözlərini bizə çatdırıb: Klara Setkin adına kolxozun üzvləri Voskanov Ambartsum Ohanesoviç, Martirosyan Smbat Xaçaturoviç, Virabyan Sergey və digərləri erməni kolxozçular arasında Qroznı vilayətinə köçməklə bağlı təbliğat aparırlar. Bildirirlər ki, guya orada yaşamaq üçün yaxşı şərait var və fərdi təsərrüfatın inkişafına məhdudiyyət yoxdur.

Adları sadalanan şəxslər təbliğat məqsədilə belə fikirlər yayır ki, buraya köçürülən azərbaycanlılar kolxozda erməniləri sıxışdırmağa başlayacaq, son anda qanlı qisasdan belə, çəkinməyəcəklər. Guya onlar ermənilərdən çox heyiflidir.

Voskanov və yaxınları bu yolla 40 erməni ailəsini Qroznıya köçməyə razı sala bilib. Bu məqsədlə pul da yığılıb. Guya o, Voskanovun köçürülmə xahişi üçün Moskvaya getməsinə lazımdır.

«Qeros» adı ilə çağırılan gizli xəbərçi isə ermənilərin Qroznı vilayətinə köçmək istəyilə bağlı səyləri haqda bunları danışıb: «Söhbət edənlər rayon təşkilatlarının köçkünlərin yerləşdirilməsi üçün kolxozun yaşayış sahəsinin sıxlaşdırılması ilə bağlı tədbirlərindən narazılıq edir. Narazılığa səbəb heç kəsin şəxsi ev və həyətinin olmayacağı ilə bağlıdır. Çünki hər evə və həyətə köçkün ailəsi yerləşdiriləcək. Bu isə çətinlik yaradacaq, xüsusi mülkiyyət maraqlarına ziyan verəcək.

Bundan başqa, orada yerli ermənilərlə köçkün azərbaycanlılar arasında mümkün milli antaqonizmdən də danışılır. Çünki azərbaycanlılar doğma yurd-yuvalarından məhz ermənilər tərəfindən köçürülüb və onlara qarşı qəzəblidirlər.

Sadalananlardan çıxış edən ermənilər Qroznı vilayətinə köçməklə bağlı yekdil rəyə gəlib. Onlar orada möhkəmlənməyi, özlərinə sərbəst, azad həyat qurmağı düşünürlər. Guya orada köçkünlərə ehtiyac var və bu üzdən onlara əla şərait yaradırlar.

Beləliklə, həmin insanlar Klara Setkin adına kolxozun ermənilərini Qroznı vilayətinə köçməyə razı salmaq, orada özlərinə milli qəsəbə qurmaq qərarına gəliblər.

Sonda onlar 40 erməni ailəsindən köçlə bağlı razılıq alıblar. Köç planının həyata keçirilməsi üçün Nazirlər Sovetinə kollektiv müraciət də hazırlanıb. Müraciətdə köçə icazə verilməsi istənilir. Bunun üçün VOSKANOV Ambartsum vasitəçi seçilib və onun səfər etməsi üçün 500 rubl yığılıb».

Beləliklə, «SƏRXAN»ın məlumatları «Geros»un dediklərilə tam üst-üstə düşüb…

…Ermənilərin analoji millətçiliyinə Həzi Aslanov adına kolxozda da rast gəlinir. Orada da köçkünlərin yerləşdirilməsilə əlaqədar Qroznı vilayətinə köçmək tendensiyası baş qaldırıb.

Bununla əlaqədar, kolxozçu, ÜKbP üzvü ZAXARYAN Mamikon Arutyunoviç kəşfiyyat məqsədilə Qroznıya göndərilib. Lakin yerli hökumətdən ona deyiblər ki, Azərbaycan Respublikası rəhbərliyinin razılığı olmadan heç kəs köçkün kimi qəbul edilməyəcək. Bu üzdən də Həzi Aslanov adına kolxozda köç tendensiyası yatıb…

Qeyd etmək lazımdır ki, ermənilərin Çeçen-İnquşu işğal etmək, orada Qroznı vilayətinin tərkibində muxtariyyət yaratmaq niyyəti haqda da xəbərlər dolaşır. Guya ermənilərin oraya meyillənməsi bununla da bağlıdır.

Bu xəbərlərin doğru olub-olmadığı bəlli deyil, lakin istənilən halda, buna diqqət edilməlidir. Çünki bunun daşnakların ustalıqla apardığı işin nəticəsi olduğu istisna deyil».

DTN-in Şəmkir rayon şöbəsi rəisinin diqqəti Klara Setkini adına kolxozun Qroznıya kütləvi köçlə bağlı fəal təbliğat aparan şəxslərə diqqət çəkməsi təsadüf deyildi. Məlum olur ki, kolxozçu Voskanov Ambartsum Ohanesoviç vaxtilə «millətçi fəaliyyəti, intriqaçı və fitnəkar olduğu üçün partiya-komsomol işindən kənarlaşdırılıb». Şərabçı Tumasov Saak Gevorkoviç «Şamxor rayonuna 1922-ci ildə qaçqın kimi Türkiyədən gəlib», aqronom Safaryan Artazav Xalatoviç «Ermənistandan gəlmədir», Martirosyan Smbat Xaçaturoviç isə «keçmişdə daşnak yaraqlısı olub və müəyyən müddət daşnak generalı «Dro»nun dəstəsində döyüşüb». Sonuncu yuxarıda qeyd olunduğu kimi, 1942-ci ildə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və «Geros» ləqəbilə məxfi xəbərçi kimi çalışıb.

Sənədin məzmununa tam obyektivliklə nəzər saldıqda məlum olur ki, 1948-ci ildə Azərbaycanın, demək olar ki, bütün erməni əhalisi yaşayış yerindən asılı olmayaraq, RSFSR-in Qroznı vilayətinə köçmək ideyası ilə yaşayırmış. Təbii ki, erməni kolxozçular Böyük Qafqaz sıra dağlarının digər üzündə nələrin baş verdiyini kənar yardım olmadan bilə bilməzdilər. Onlara bu haqda kimsə məlumat verməli idi. Üstəlik, xəbər dildən-dilə gəzir, tez bir zamanda bir erməni qəsəbəsindən digərinə çatırdı. Halbuki müharibədən sonrakı dövrdə SSRİ-nin bütün rabitə vasitələri – poçt, teleqraf, telefon – sovet dövlət təhlükəsizlik xidmətinin ciddi nəzarətində idi. Demək, belə kütləvi istək öz-özünə yarana bilməzdi. 1940-cı illərin sonlarında Azərbaycanda yaşamış etnik ermənilər arasında bu ideya məqsədli şəkildə yayılıb.

Ümumiyyətlə, Çeçenistan ərazisi bütün XX əsr boyu erməniləri cəlb edib. Bunu bölgə əhalisinin 1897-ci ildən indiyədək olan siyahıya alınması zamanı ortaya çıxmış mənzərə də təsdiqləyir. Söhbət region əhalisinin milliyyətindən gedir. Məsələn, 1897-ci ildə Rusiya imperiyasının Qroznı mahalı ərazisində cəmi 339 erməni yaşayıb. Bu, region əhalisinin 0,2%-i demək idi. Artıq 1939-cu ildə Çeçenistanda yaşayan ermənilərin sayı 8170 (1,5%) olub. 1959-cu ildə regionun erməni icmasının üzvlərinin sayı 12 136 nəfərə çatıb və bu, artıq muxtar respublika əhalisinin 2%-i demək idi.

Beləliklə, sadə hesablamalara görə, təbii ölümlər, faşist bombardmanları nəticəsində həlak olanlar, müharibə dövrünün epidemiyası nəticəsində ölənlər nəzərə alınmadan, əksəriyyəti Azərbaycandan olmaqla, ən azı 4 min erməni çeçenlərin müvəqqəti deportasiyasından istifadə edərək məqsədli şəkildə Çeçenistana köçüb. Bu, əvvəllər, Rusiyada vətəndaş müharibəsinin yaşandığı illərdə də (1917-1921) müşahidə olunub. Reallıqda isə belə köçkünlərin sayı qeyd ediləndən dəfələrlə çox olub.

Bütün bunlar bir daha göstərir ki, ərazi ekspansiyası, köklü Qafqaz xalqlarına məxsus otlaqların, qəbirsanlıqların ələ keçirilməsi hər zaman regionun erməni əhalisinə xas cəhət olub. Üstəlik, bu fəallıq hər dəfə sosial kataklizmlər, təlatümlər dövrünə, köklü xalqların kənardan zərbə aldığı, yaşamlarının təhlükə ilə üzləşdiyi vaxtlara «təsadüf edib». Tarixdən dərs almaq bu üzdən bu qədər vacibdir.



MƏSLƏHƏT GÖR:

466