29 Noyabr 2024

Cümə, 13:45

DƏYİŞMƏZ FORMAT

Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə nəticəyə hesablanmış substantiv danışıqları pozmaq cəhdi iflasa uğradı

Müəllif:

01.04.2019

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikola Paşinyan martın 29-da Vyanada ATƏT-in Minsk qrupu həmsədrləri vasitəçiliyi və iştirakı ilə bir araya gəliblər. Bu, Ermənistandakı hakimiyyət dəyişikliyi sonrası yaranmış bir illik fasilədən sonra tərəflər arasında ilk rəsmi görüş idi. Əvvəlcə Azərbaycan və Ermənistan liderləri 2 saatdan artıq çəkən təkbətək görüş keçiriblər. Sonra danışıqlar Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib. Görüşün bütün iştirakçıları onun konstruktiv məcrada keçdiyini bildirib. Danışıqlardan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şifer (ABŞ) birgə bəyanatla çıxış da ediblər. Sənəddə deyilir ki, İlham Əliyev ilə Nikol Paşinyan münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün addımların atılmasının vacibliyini bildiriblər. Onlar operativ əlaqə sisteminin qurulmalı olduğu deyib, bir sıra humanitar tədbirlərin görülməsi haqda razılığa gəliblər. Bundan əvvəl Düşənbədə keçirdikləri görüşü yada salan Əliyev ilə Paşinyan atəşkəs rejiminin möhkəmləndirilməsinə hazır olduqlarını da təsdiqləyiblər. Bundan başqa, Azərbaycan və Ermənistan liderləri ölkələrinin XİN başçılarına tezliklə həmsədrlərlə görüşmələrini tapşırıb, birbaşa dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Görüşdən sonra TASS-ın suallarını cavablandırmış prezident İlham Əliyev bildirib ki, Vyanada etimadın möhkəmləndirilməsi tədbirlərinə dair fikir mübadiləsi aparıblar. Onun fikrincə, danışıqlar prosesi humanitar aksiyalarla da dəstəklənməlidir. «Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq», - deyə İlham Əliyev TASS-a müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, danışıqlar prosesi nəticəyə yönəlməlidir. Azərbaycan üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.

Xatırladaq ki, danışıqlar prosesinin formatı müzakirələrin bərpası yolunda az qala əsas maneəyə çevrilmişdi. Ermənistanın yeni baş naziri Nikol Paşinyan illərdir formalaşmış formatı «inqilabın qazı ilə» pozmağa, oraya Dağlıq Qarabağda qurulmuş marionet rejimin təmsilçilərinin də cəlbinə çalışırdı. Bu isə dolayısı ilə 20 il ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyilə əldə edilmiş bütün nəticələrin sıfırlanması anlamına gəlirdi. Üstəlik, bu, danışıqlar prosesinin uzun müddət ləngiməsinə də yol açacaqdı. Lakin Ermənistan hökuməti başçısının qarışıq, inandırıcı olmayan arqumentləri nə ATƏT, nə də Avropa İttifaqı tərəfindən dəstək qazanıb. Görünən odur ki, Ermənistanın xarici işlər naziri Mnatsakanyanın Vyana görüşü ərəfəsində gizləncə baş çəkdiyi Moskva da ondan bu təklifdə israr etməmələrini istəyib. Çünki bu halda danışıqların pozulmasının günahkarı İrəvan olacaqdı və nəticədə, baş verə biləcək istənilən mənfi fəsadlara görə məsuliyyət erməni tərəfinin üzərinə düşəcəkdi.

Buna baxmayaraq, Paşinyan tərsliyindən dönməyərək mızıldamaqda davam edirdi – özünün Dağlıq Qarabağın əvəzinə danışmaq və qərar vermək səlahiyyətində olmadığını təkrarlayırdı. Baş nazir iddia edirdi ki, onların iştirak etməyəcəyi danışıqlar onsuz da nəticə verməyəcək. Lakin bu uydurma bəhanənin təhlükəli olduğunu anlayan Paşinyan sonda Vyanaya gəldi və bütün diqqətini görüşə yönəltdi.

Danışıqların nəticəsi haqda isə o, adəti üzrə qarışıq və bir qədər məyusluqla danışıb. «Danışıqlar prosesində dönüşün, inqilabın və ya hansısa fövqəladə nəyinsə baş verdiyini deyə bilməyəcəyəm. Lakin bizə gündəmimizdən, düşüncələrimizdən və məqsədlərimizdən danışmaq imkanı verən prosesin başlaması çox vacibdir. Görüşü müsbət qiymətləndirdiyimi deyirəmsə, bu, görüşdə kiminsə məğlub olduğu, kiminsə qalib gəldiyi anlamı daşımır», - deyə N.Paşinyan Avstriyadakı erməni diasporunun nümayəndələrilə görüşündə bildirib. Vətəninə qayıtdıqdan sonra isə o, «Facebook» sosial şəbəkəsində canlı efirə çıxaraq deyib ki, Vyanada «Madrid prinsipləri» adlı təkliflərin bu və ya digər maddəsinin şərh olunması məsələsini qaldırıb. Bununla da, baş nazir dolayısı ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyilə hazırlanmış danışıqlar platformasından yayına bilmədiyini etiraf edib.

Vyana görüşü iştirakçılarının qiymətləndirmələrini, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını ümumiləşdirərək, demək olar ki, Avstriya paytaxtında münaqişənin sülh yolu ilə nizamlanması prosesinin yeni mərhələsinə start verilib; atəşkəs rejiminin möhkəmləndirilməsi, etimad mühitinin yaradılması istiqamətində tədbirlərin görülməsi və humanitar addımların atılması substantiv danışıqlarla paralel aparılacaq. Bundan başqa, münaqişə tərəflərinin xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri sıx əlaqə saxlamalı, danışıqların tempini zəifləməyə qoymamalı, iki ölkə rəhbərinin növbəti görüşü üçün hazırlıq işləri aparmalıdırlar.

Vyana görüşünü beynəlxalq ictimaiyyət də müsbət qiymətləndirib. Məsələn, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada göstərdiyi səylər, onların barışığı möhkəmləndirmək cəhdləri ümid yaradır. Aİ-nin diplomatik xidmətinin bu haqda yaydığı bəyanatda deyilir: «Liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə, sülhə töhfə verəcək şəraitin yaradılmasına sadiqliyi, həmçinin konkret nəticələrin əldə olunmasına hesablanmış danışıqlarda növbəti addımlar atmağa hazır olduqlarını demələri ümidvericidir».

Məsələyə BMT-nin baş katibi Antonik Quterriş də münasibət bildirib. Təşkilatın saytında yer almış məlumata görə, o, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünü alqışlayıb. Baş katib tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi cəhdlərini, humanitar addımlar atmaq istəklərini, həmçinin münaqişənin həllinə yönəlmiş danışıqları davam etdirmək niyyətlərini dəstəkləyib.

Bütün sadalananlardan sülhə aparan yolun açıldığı və artıq diplomatlarla vasitəçilərin yekun sülh sazişi üçün tərəfləri qane edəcək forma axtardığına dair qənaətinə gəlinməsi tezdir. Təəssüf ki, bu, belə deyil. Doğrudur, deputat statusu daşıdığından, bu məqalə müəllifinin də aid olduğu siyasətçilərin nikbinliyi qoruması vacibdir. Lakin Minsk qrupu formatında aparılan danışıqların bundan əvvəlki raundlarının təcrübəsi məsələyə skeptik yanaşmağa da əsas verir. Üstəlik, Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində, hətta Vyana görüşünün getdiyi bir vaxtda Paşinyan hökumətinin bəzi nümayəndələri məsuliyyətsiz bəyanatlarla yadda qalıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Vatsiyanın Dağlıq Qarabağda verdiyi açıqlamanı xatırlamaq kifayətdir. O, Ermənistanın bir qarış da olsun, torpağı verməyəcyini iddia etməklə yanaşı, arsızcasına işğal olunmuş Füzuli rayonu ərazisində, Araz çayı yaxınlığında erməni köçkünləri üçün qəsəbənin salınacağını söyləyib. Ermənistanın müdafiə naziri David Tonoyan isə daha da irəli gedərək, Nyu-Yorkdakı erməni icması ilə görüşündə «sülh qarşılığında ərazilər» formatını bunun tam əksi olan «yeni ərazilər uğrunda yeni müharibə» formulu ilə əvəzləyib. O, «kompromislərin mümkün olduğunu, lakin heç bir güzəştə gedilməyəcəyini» bəyan edib.

Bu haqda xəbər yaymış «Amerikanın səsi» erməni nazirin səsləndirdiyi təcavüzkar plana da yer verib: «Biz səngərlərdən, daim müdafiə olunmaq vəziyyətindən çıxacağıq. Hərbi əməliyyatları düşmənin ərazisinə keçirəcək hərbi hissələrin sayını artıracağıq».

İlk baxışdan bu quru iddialara istehza ilə yanaşmaq olar. Çünki demoqrafik və maddi resurslardan məhrum Ermənistan onları reallaşdırmaq iqtidarında deyil. Bu gün Ermənistandan xüsusilə çağırış yaşında olan insanların çıxıb getməsi halları durmadan artır. Ölkənin xarici borcu ÜDM-in 60%-i kimi kritik həddə çatıb. Xaricdən alınan borc yaxın illərdə köhnə borcların ödənilməsinə gücnən kifayət edəcək. Bu üzdən onların iqtisadiyyata və büdcəyə heç bir faydası olmayacaq. Paşinyanın «erməni inqilabı»na dəstək axtardığı Brüssel və Vaşinqton da ona son dərəcə cüzi maliyyə dəstəyi göstərib. Qərb bunun səbəbini kifayət qədər açıq şəkildə ifadə edir: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycan və Türkiyə ilə sərhədlər açılmadan Ermənistana yardımların, miqyaslı birbaşa investisiyaların axınını gözləmək mümkün deyil.

Lakin Ermənistanın yeni rəhbərliyinin təhlükəli avanturizminə məhəl qoymamaq da olmaz. Ermənistanın miqyaslı və uzunmüddətli müharibəyə yetəcək resursları yoxdursa, təhlükəli təxribatlara əl atmaq imkanı var. Azərbaycanı ermənilərə sərf edən, ərazilərin heç olmasa, bir hissəsinin işğalına leqallıq qazandıracaq sülhə razılaşdırmaq mümkün olmayacaq. İndiki «nə hərb, nə sülh» şəraitinin qeyri-müəyyən müddətə uzadılması isə birincisi çətindir, ikincisi, iqtisadi və hərbi paritetin Bakının xeyrinə dəyişməsilə nəticələnir. Belə vəziyyətdə erməni liderlərdə «sonsuza qədər dəhşət içində olmaqdansa, dəhşətli son yaxşıdır» qaydasına əsaslanaraq, vəziyyəti qarışdırmaq istəyi yarana bilər. Azərbaycan məhz bunu nəzərə alaraq, hərbi qüdrətini artırır, boş yerə kişilənməklə məşğul olan erməni siyasətçilərdən fərqli olaraq, imkanlarını səs-küylü bəyanatlarla yox, real olaraq müasir silahların alınması, miqyaslı hərbi təlimlərin keçirilməsilə göstərir. Odur ki, sülh danışıqları, etimad tədbirləri və humanitar aksiyalar öz yerində, amma «barıtı da hər zaman quru saxlamaq lazımdır».



MƏSLƏHƏT GÖR:

341