25 Noyabr 2024

Bazar ertəsi, 20:37

«BİR KƏMƏR»LƏ BAĞLANMIŞLAR

Azərbaycan və Çin nəqliyyat-logistika və sənaye layihələrinin gerçəkləşdirilməsi barədə anlaşıblar

Müəllif:

01.05.2019

Azərbaycan və Çin bir sıra perspektivli iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər - bu niyyət Pekində yaxın günlərdə başa çatmış ikinci «Bir kəmər, bir yol» forumunun ən mühüm yekunu olub. Böyük İpək Yolu layihələri üçün əsas olan nəqliyyat və logistika komponentlərinin inkişafı ilə yanaşı, Çin işgüzar dairələri neft-qaz və neft-kimya sektorlarında, elektrik enerjisi və kənd təsərrüfatı sahələrində, həmçinin bir sıra sənaye müəssisələrinin yaradılmasında, o cümlədən Sumqayıtda şin zavodunun tikintisi məsələsində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdilər.

 

Əsrin müqaviləsi  

2013-cü ildə Çin tərəfindən təşəbbüs göstərilən "Bir kəmər, bir yol" layihəsi mövcud ikitərəfli və çoxtərəfli əlaqələrin, birgə strukturların və onların qarşılıqlı əlaqələrinin Çinin iştirakı ilə gücləndirilməsi hesabına Avrasiyada yeni iqtisadi tərəfdaşlıq mexanizmlərinin yaradılmasını və inkişafını nəzərdə tutur. Bu təşəbbüsün mahiyyəti nəqliyyat və logistika infrastrukturunun formalaşdırılması və eyni zamanda bütün Böyük İpək Yolu boyunca iqtisadi kəmərin inkişaf etdirilməsidir. Bu, ticarət-investisiya layihələrinə, həmçinin mümkün qədər çox ölkənin iştirakı ilə Çin kapitalından və xarici kapitaldan istifadə edilməsi ilə çağdaş texnologiyaların tətbiqinə əsaslanır. Bu təşəbbüs layihəyə cəlb edilmiş bütün inkişaf etməkdə olan ölkələrin və "yeni iqtisadiyyatların" texnoloji inkişafını və iqtisadi çiçəklənməsini stimullaşdırmaq məqsədi daşıyır. Bu təşəbbüsün imkanlarını qiymətləndirmək üçün yada salmaq lazımdır ki, "Bir kəmər, bir yol" layihəsinə qatılan ölkələrdə zəngin təbii sərvət ehtiyatları var, dünya əhalisinin, təxminən, 63%-i burada yaşayır və bu meqalayihənin iqtisadi potensialı, təxminən, 21 trilyon dollar səviyyəsində qiymətləndirilir.  

2017-ci ilin may ayında birinci "Bir kəmər, bir yol" forumu keçirilib və bu günə qədər layihənin gerçəkləşdirilməsinə bu və ya digər səviyyədə 124 ölkə və 29 beynəlxalq təşkilat qoşulub. 2019-cu il aprelin 24-dən aprelin 27-dək Pekində keçirilmiş ikinci, daha geniş miqyaslı forumda 37 dövlətin və hökumətin başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. "Bir kəmər, bir yol əməkdaşlığı, ortaq parlaq gələcəyin qurulması" mövzusuna həsr olunmuş bu forumda konkret hədəflər formalaşdırılıb və birinci dərəcəli birgə layihələr müəyyən edilib. Nəticədə, forumun iştirakçısı olan ölkələr ümumi məbləği 64 milyard dollar olan 283 müqavilə bağlayıblar.

2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılması haqqında anlaşma memorandumunu imzalayan Azərbaycan bu qlobal layihənin fəal iştirakçısıdır. Ölkə son dörd ildə region ölkələri ilə birgə əməkdaşlıqda çağdaş liman infrastrukturunun qurulması, dəmir yolu sektorunun modernləşdirilməsi və əlbəttə ki, beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Qars (BTQ) nəqliyyat dəhlizinin işə salınması üzrə çoxmilyardlıqlayihələri uğurla başa çatdırıb. İndi bu,birgə Azərbaycan-Çin əməkdaşlığı üçün ən perspektiv istiqamətlərdir. Bakı bu çərçivədə ölkəmizdə qurulmuş nəqliyyat- logistika infrastrukturu vasitəsilə Çindən Avropaya yük göndərilməsi üçün Çin yükdaşıyıcılarını cəlb etməklə birbaşa gəlir əldə etməklə maraqlanır.

 

Əməkdaşlığın «İpək Yolu»  

Bununla bağlı, Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştrak etmiş Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının böyük hissəsi məhz İpək Yolu layihələri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə həsr olunmuşdu. "Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq", - deyə Prezident İlham Əliyev bildirib.  

Dövlət başçısı bildirib ki, ölkədə çağdaş hava nəqliyyatı infrastrukturu yaradılıb, altı beynəlxalq hava limanı tikilib, özü də Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. Azərbaycan, həmçinin Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Prezident İlham Əliyev ölkədə çoxşaxəli dəmir yolu şəbəkəsinin olmasını bildirib ki, burada modernləşdirmə və texniki yenidən təchizatla bağlı irimiqyaslı işlər görülür. Söhbət, o cümlədən 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. O, Asiya və Avropa arasında ən keyfiyyətli və qısa quru yol marşrutudur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra bu marşrutla 184 min ton yük ötürülüb, o cümlədən yüzlərlə qatar yola salınıb. Həftədə, orta hesabla, Türkiyə, Azərbaycan və Qazaxıstan arasında iki-üç yük reysi gerçəkləşdirilir, son zamanlarda Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Rusiya ekspeditorları da bura qoşulub.

Əsasən tikinti materialları, təmizlik məhsulları, ərzaq, taxıl, pambıq və digər kənd təsərrüfatı xammalları, həmçinin polad və sink daşınır. BTQ dəhlizi boyunca yük daşımalarının inkişafı hələ erkən mərhələdədir, lakin layihənin ortamüddətli inkişaf perspektivində yüklərin nəqli ildə 3-5 milyon tona çatacaq və onun gələcəkdə ildə 15-17 milyon tona qədər çatacağı gözlənilir. BTQ layihəsində Çin, Koreya Respublikası və digər Cənub-Şərqi Asiya ölkələri daşıyıcıların iştirakının gözlənilən artımı nəzərə alınarsa, bu cür proqnozlar yetərincə əsaslı sayıla bilər. Öz növbəsində Əfqanıstandan yük daşımaları nəzərdə tutan və ötən il işə başlamış «Lapis Lazuli» marşrutuna BTQ dəmir yolu xəttinin qoşulması Azərbaycanın tranzit potensialını daha da artırıb. Buna baxmayaraq, BTQ üçün böyümənin əsas hərəkətvericisi Çindən olan daşıyıcıların bu marşruta qoşulması olmalıdır. Çünki bu gün Çin ilə Avropa arasındakı ticarətin gündəlik həcmi 1,5 milyard dollara çatıb, növbəti 5-6 il ərzində bu ticarət axınının həcmi2 milyard dolları ötəcək və tranzit yük axınının bir hissəsinin Azərbaycana cəlb olunması ilə BTQ layihəsinin önəmi tam ölçüdə açılacaq.  

Azərbaycan Prezidentinin sözlərinə görə, İpək Yolu marşrutları çərçivəsində yüklərin ötürülməsində iştirak edən ölkənin ən vacib üstünlüyü 2018-ci ilin may ayında Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni bölmələrinin istismara verilməsi olub. Artıq bu mərhələdə yeni limanın imkanları ildə 15 milyon ton yük, o cümlədən 100 min konteyner ötürməyə şərait yaradır. Daha sonra Ələt limanının imkanları ildə 25 milyon tona, o cümlədən 500 min konteynerə qədər genişləndiriləcək.

Hazırda Ələt limanının yaxınlığında yerləşən 100 hektar ərazidə azad iqtisadi zonanın (AİZ) yaradılması nəzərdə tutulur. Ələt AİZ Şimali-Cənub və Qərb-Şərqi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli qovşağında yerləşir,yüklərin ötürülməsi və işlənməsi, paylanması üzrə əsas logistika mərkəzlərindən biri olmağa iddialıdır. Gələcəkdə məhsul istehsalı, Cənubi Qafqaz, Türkiyə, İran, Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Rusiya və Çin bazarlarına xidmət üzrə birgə müəssisələrin yaradılması düşünülür.

Beləliklə, "Bir kəmər, bir yol" forumu zamanı ölkənin nəqliyyat potensialı nümayiş etdirilməsi ilə yanaşı, Çin və digər maraqlı ölkələrdən tərəfdaşların iştirak edə biləcəyi Ələt AİZ-in inkişafı çərçivəsində investisiya layihələri portfeli də təqdim edilib.

Azərbaycanın nəqliyyat sektorunda əldə etdiyi nailiyyətlər və imkanları "Bir kəmər, bir yol" forumunun iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. O cümlədən, aprelin 24-də Pekində «ADY Container» MMC(«Azərbaycan Dəmir Yolları»QSC-nin törəmə qurumu) və Çinin «Xi'an Continental Bridge İnternational Logistics Co. LTD.» şirkəti arasında nəqliyyat-tranzit sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalanıb. «Xi'an Continental Bridge İnternational Logistics Co. LTD.» şirkəti bu il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə 30 konteyner qatarı göndərməyi planlaşdırır. Bu iki şirkətin hər biri 2019-cu ildə bu marşrutla2460 konteyner daşıyan 30 konteyner qatarı göndərməyi planlaşdırır. Bu da Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bir nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsindəmühüm rol oynayacaq.

 

İqtisadiyyatın başqa sahələri də

"Bir kəmər, bir yol" layihəsi çərçivəsində nəqliyyat təşəbbüslərinin aparıcıroluna baxmayaraq, Azərbaycanla Çin arasında əməkdaşlıq bir sıra digər istiqamətlərdə də uğurla inkişaf edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,31 milyard dollar təşkil edib. Son illərdə Bakıda ardıcıl şəkildə ixrac nomenklaturasını genişləndirir, bunun üçün Çinin müxtəlif regionlarındaticarət missiyaları təşkil edilir, oralarda artıq Azərbaycanın ticarət nümayəndəlikləri işləyir, həmçinin Urumçi, Lyuçoju və Şanxay şəhərlərində ticarət evləri açılıb.

Eyni zamanda Çin sərmayəçilərini Azərbaycanda sənaye layihələrinin həyata keçirilməsinə cəlb etmək üzrə səylər göstərilir. Belə ki, Pekinə səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra iri dünya şirkətlərinin, o cümlədən aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Bu danışıqlar nəticəsində müxtəlif sahələrdə əməkdaşlıq haqqında ümumi məbləği821 milyon dollar olan 10 sənəd imzalanıb. Beləliklə, Azərbaycanın sənaye sektoruna böyük sərmayələr yatırılacaq.

"Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. İqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır", - deyə Prezident İlham Əliyev bildirib.  

Bu sözlərin bariz sübutu Pekində keçirilən forum zamanı bağlanmış müqavilələr və sazişlərdir. Azərbaycanın enerji naziri Pərviz Şahbazov və Çin enerji administrasiyasının rəhbəri Çjanq Jianxua arasında aparılan danışıqlar çərçivəsində Çin şirkətlərinin Azərbaycanın neft-qaz, neft-kimya, elektrik enerjisinin emalı sahələrində fəaliyyətinin genişləndirilməsi barədə qarşılıqlı anlaşma əldə olunub. ÇXR enerji administrasiyası Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində iştirakına kömək etməyə hazır olduqlarını qeyd edib.

Prezident İlham Əliyevlə «China National Electric Engineering» şirkətinin başçısı Çjao Xae arasında keçirilmiş görüşdə daha konkret nəticələr əldə olunub. Görüşün nəticəsində görə Pekində aprelin 25-də

Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisinə dair niyyət protokolu imzalanıb. «China National Electric Engineering»in tərəfdaşı Azərbaycan İnvestisiya Şirkəti ola bilər. İlkin məlumatlara görə, layihənin dəyəri, təxminən, 450-500 milyon dollar səviyyəsində qiymətləndirilir, layihənin icra müddəti üç il, özünü ödəmə müddəti isə beş il ola bilər. İxracata yönəldilmiş müəssisə böyük gəlir gətirəcək, yüzlərlə yeni iş yerinin yaradılmasına iman verəcək və ən azından idxaldan asılılığı azaldacaq. Azərbaycanda hazırda şin istehsal edən müəssisə yoxdur, ölkənin şinə olan illik ehtiyacı minik avtomobilləri üçün 2,5 milyon ədəd, yük maşınları üçün isə 500 min ədəddir.

Aqrar-sənaye sektorunda da birgə layihələrin həyata keçirilməsi üzrə önəmli nəticələr gözlənilir. Belə ki, Çinin nəhəng dövlət korporasiyası «China CAMC Engineering Co., Ltd.» (CAMCE) və Azərbaycanın «AS Qrup İnvestment» şirkəti strateji əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu müqaviləyə əsasən, CAMCE şirkəti «AS Qrup İnvestment»ə iki istiqamətdə – aqrar sənaye-logistika mərkəzinin yaradılmasında və logistika bazasının genişləndirilməsində maliyyə və məsləhət dəstəyi verəcək.  

Birinci istiqamət çərçivəsində «AS Qrup İnvestment»ə «AS Aqro» şirkətinin Qubada, Göyçayda və Bakıda fəaliyyətinin genişləndirilməsi planlaşdırılır, bu məntəqələrdə aqrar-sənaye - logistika mərkəzləri yaradılacaq. «AS Qrup İnvestment»in aqrar-sənaye kompleksinin ərazisində meyvə konsentratları və meyvə şirələri istehsalı kimi yeni sənaye sahələri fəaliyyətə başlayır. Çin tərəfdaşları ilə strateji əməkdaşlığın başqa bir sahəsi isə şirkətlər qrupu tərəfindən gerçəkləşdirilən logistika xidmətlərinin dəfələrlə artırılmasını nəzərdə tutur: «Fresh Logistics» şirkətinin bazası böyüdüləcək və soyuduculu yük avtomobillərinin sayı 200-ə çatdırılacaq. Həmin müqaviləyə əsasən, «AS Qrup İnvestment» və CAMCE digər istiqamətlərdə də əməkdaşlıq potensialını araşdırırlar, bunun üçün şirkət rəhbərlikləri səviyyəsində qarşılıqlı səfərlər və görüşlər planlaşdırılır.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşı kimi öz mövqelərini möhkəmləndirib – Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43% təşkil edir.

Sadalanan layihələr Çin və Azərbaycan arasında böyük investisiya, texniki, ticarət və digər sahələri əhatə edən əməkdaşlığın yalnız başlanğıcıdır.

“Bir kəmər, bir yol” layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır", - deyə Prezident İlham Əliyev Pekin tərəfindən təşəbbüs göstərilən genişmiqyaslı layihənin çoxtərəfli önəmini vurğulayıb.



MƏSLƏHƏT GÖR:

360