Müəllif: Valentina REZNİKOVA
«Tələb olunanadək. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə». Rus avanqardçılarının bədii və mədəni baxımdan unikallığı ilə maraqlı olan əsərlərinin növbəti ekspozisiyası Bakıda bu ad altında keçirildi. Ekspozisiya Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Yəhudi Muzeyi, Rusiyanın Tolerantlıq Mərkəzi və Moskva Müasir İncəsənət Muzeyinin sıx əməkdaşlığı şəraitində təşkil olunmuşdu.
Heydər Əliyev Mərkəzi uzun müddətdir Bakı sakinlərinin və şəhərin qonaqlarının sevimli ziyarət yerinə çevrilib. Daima yenilənən ekspozisiyalar şəhər sakinlərinin həyatına mədəniyyət müxtəlifliyi gətirməklə yanaşı, həm də çox vacib maarifçilik missiyası yerinə yetirir.
Rusiya təsviri incəsənətində bu istiqamətin yaranması, inkişafı və ortadan qalxmasını əhatə edən otuzillik dövr (1900-1930) məşhur, az tanınmış və ümumiyyətlə, naməlum müəlliflərin adları ilə təqdim olunub. Avanqardçı rəssamların əsərləri sərgidə həmin dövrdə avanqardda mövcud olmuş meyillərə uyğun şəkildə yerləşdirilib ki, bu da incəsənətdə baş vermiş prosesləri anlamaq baxımından və XX əsrin əvvəllərində təsviri incəsənətdə mövcud olmuş «rus avanqard»ı təzahürünü qavramaq üçün çox önəmlidir.
"Sezanizm", "ekspressionizm", "supremizm/abstraksionizm", "kubizm/kubofuturizm", " neoprimitivizm" sıralarında Mark Şaqal, Vasili Kandinski, Kazimir Maleviç, Vladimir Tatlin, Aleksandra Ekster, Olqa Rozanova, Yuri Pimenov kimi adların olduğu məşhur rəssamların əsərləri ilə təqdim edilsə də, bu sırada həmçinin az tanınan Vladimir Baranov-Rossini (əsl adı Şulim Volf Leyb Baranov, təxəllüsü Daniel Rossinedir, rəssamdır), Roman Semaşkeviç (sovet rəssamı və belarus mənşəli qrafika ustasıdır, "On üç" qrupunun üzvüdür), Olqa Rozanova, Solomon Nikitin (XX əsrin əvvəllərində Kiyevdə yaradılmış yəhudi mədəniyyət dərnəyi "Kultur-Liqa"nın üzvüdür) və başqaları var.
Yaradıcılıq üsyanı, yoxsa XX əsrin avantürası?
Bu gün dəbdə olan "sənətkar provokator olmalıdır" ifadəsi daha çox 1900-1930-cu illərə uyğun gəlir - həmin dövr təsviri incəsənətdə yaradıcı forma axtarışı, rəng və kompozisiyalarda şifrələnmiş bədii düşüncəni çox dəqiq və dolğun çatdırmağa imkan verən axtarışlar dövrüdür. Buna üsyan və ya etiraz kimi baxmaq olar, klassik, ənənəvi incəsənətin inqilabi şəkildə ötkəm, çağdaş, lakin məzmun və formaca parlaq ifadəli incəsənətə çevrilməsi kimi baxmaq olar. 20-ci əsrin başlanğıcı - iqtisadiyyatın, texnikanın, texnologiyanın inkişaf əsridir və bu, öz qaydalarını, eyni zamanda hüquqlarını da diqtə edib.
Rusiya imperiyasından, daha sonra SSRİ-dən olan rus rəssamlar təsviri incəsənətə baxışda stereotipləri dağıdaraq, klassik incəsənətdə oturuşmuş qanunları rədd etməyə başladılar. Realizmə artıq hörmət qoymurdular. Beləliklə, rəssamlar naturalist klassik məktəbin tərəfdarları üçün yeni, anlaşılmaz bir incəsənət dili yaratdılar. İş elə gətirir ki, avanqardçıların əli çağdaş sənətdə peyda olan hər şeyə avanqard deyirlər. Hətta elə olur ki, onları sənət incisi deyil, kütləvi mədəniyyət təzahürü sayırlar. Amma söhbət bundan deyil və öz qanunları olan dövrlərdən gedir. Buna görə, biz də eyni cür yeni forma axtarışları vasitəsilə bədii özünü ifadə vasitəsi arayışı dövründə yaşayırıq. 21-ci əsrin rəssamları da yeni üslub, cərəyan, yön icad etməklə «etiraz edirlər».
«Qara kvadrat»
Kazimir Maleviçin dünyaya «Qara kvadrat»ı, sonra da «Qara dairə»ni bəxş etmiş bədii, lakin istənilən halda avantüra olan cəhdi onun suprematizm axtarışlarından qaynaqlanır və bu gün də çoxları üçün təqlid ünvanıdır. Heydər Əliyev Mərkəzində keçirilən sərgidə onun "Suprematizm. Düzbucaqlı və dairə" əsəri təqdim edilib. İlk baxışda özəl heç bir şey yoxdur: iki həndəsi fiqurdur. Vəssalam! Ancaq insanlar baxır, uzaqlaşır və yenidən rəsmə qayıdırlar. Nəsə bir şey onları çəkir.
Kazimir Maleviç Vitebskdə UNOVİS rəssamlar qrupunu yaradarkən bu barədə düşünübmü (UNOVİS - Utverditeli novoqo iskusstva – rusca «yeni incəsənətin təsdiqçiləri» deməkdir)? Çox güman ki, bəli. O, belə bir cazibə qüvvəsi proqramlaşdırmışdımı? Bəlli deyil. Onun bütün vaxtı kubofuturizmin təbii davamı olan suprematizm adlı yeni bir üslub yaratmağa sərf olunub. Lakin Maleviç axtarış yoluna təkbaşına çıxmamışdı. O, ətrafına tələbələrini toplamış, onlarla fəlsəfi mövzularda müzakirələr aparmış, onları düşünməyə, yeni incəsənətin mənasını axtarmağa məcbur etmişdi. Bu səylərin nəticəsi UNOVİS-in manifestinin yazılması olub. Onun əsasında suprematizm prinsipləri dayanıb və aydın oldu ki, bu cərəyanın rəssamlarının məqsədi "təmiz rəsm nümunəsi"nin yaradılmasıdır. Bəs bu, nədir? Burada Kazimir Maleviçin "Qara kvadrat" məqalələr toplusu kitabında yazdığı bir neçə sitatı göstərmək olar:
- Qara kvadrat mədəni sərvətin – insanın qazandığı yükün nihilist inkarının rəmzinə çevrilib...
- Və sizin anlamamağınız tamamilə təbiidir. Məgər, həmişə iki təkərli arabada gəzən insan ekspresslə gedən və ya havada uçan insanın yaşantılarını və təəssüratlarını anlaya bilər?
- İncəsənət nə işıq, nə də qaranlıq bilir, ikisi də eyni dərəcədə gözəldir və hər ikisi gözəlliyi yaradan təzadı təşkil edir; heç bir ağ, heç bir qara, heç bir sol, heç bir sağ, heç bir ön, heç bir arxa, heç bir fasad yoxdur.
- Həmişə sənətin başadüşülən olmasını tələb edirlər, amma heç vaxt öz başlarını anlamağa uyğunlaşdırmağı tələb etmirlər...
Bu bir neçə sitat sanki bütün avanqard rəssamların mövqeyini əks etdirir və yalnız ona görə göstərilib ki, Maleviç avanqard incəsənət tarixində ən odioz və ən anlaşılmaz bir fiqurdur. Həm də mütəxəssislərin yeni araşdırmalarının nəticəsindən məlum olub ki, «Qara kvadrat» heç də kətan üzərində uğursuz işini gizlətmiş rəssamın emosiya tüğyanının nəticəsi deyil, əslində müəllifin çətin yaradıcılıq axtarışlarının yekunudur. Ekspertlər deyirlər ki, Maleviç tərəfindən adi tübikdən deyil, nadir piqmentlərdən xüsusi olaraq hazırlanmış boyalar onun iki əsərini gizlədir. Rəngli əsərləri. Mütəxəssislər hətta adını açmağı bacarıblar: "Qaranlıq mağarada zəncilərin döyüşü". Amma ovsunlayıcı dərinliyə çatmaq üçün ona məhz belə qeyri-adi bir qara rəng lazım olub.
20-ci illərdən ismarıc…
Sərginin adı «Tələb olunanadək. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə»dir. Üçüncü - Rusiyada keçirilmiş ilk ikinin davamı deməkdir. Bakıdakı üçüncüdür. Bu, çox gözəldir, sərgi yalnız xoşa gəlməklə qalmadı, həm də şəhərin mədəni kontekstinə və fəzasına uyğunlaşaraq təsviri incəsənət pərəstişkarlarını sevindirdi. Həm də yəqin ki, dünyagörüşümüzün doğmalığı ilə. Biz də yaradıcılıqları milli mədəniyyət xəzinəsinə daxil olmuş avanqard rəssamlarımızla fəxr edirik. Bu, 30-cu illərə deyil, XX əsrin 60-cı və 70-ci illərinə aid olsa da, milli incəsənətimizin inkişaf tarixinin ayrılmaz bir hissəsidir. Bu rəssamların sırasında Mircavadı və qardaşı Tofiq Cavadovu, Qorxmaz Əfəndiyevi, Əşrəfi, Murad və Rasim Babayevləri, Gena Brijatuku göstərmək olar. Bu adların sırası davam etdirilə bilər. Sovet İttifaqında avanqardın sosializm realizmindən uzaq bir sənət kimi qadağan olunmasına baxmayaraq, görəsən, nə səbəbdən Azərbaycanda ardıcılları olub? Özü də yetərincə uğurlu ardıcılları.
«Tələb olunanadək»
Avanqard rəssamlarının, demək olar ki, hamısının taleləri faciəli olub. Həyatları darmadağın edilib. Çoxları yalnız indilərdə ədalətsiz unudulmuşluqdan geri dönürlər. 1919-cu il rus avanqardının zirvəsi olub. Ayrı-ayrı rəssamların əsərlərini hələ də tapmaq mümkün deyil. Bəzi əsərlər həmişəlik xaricdə naməlum adamların şəxsi kolleksiyalarında qalıb. Amma laqeyd olmayan və övladlarının adlarını Vətənə qaytarmağı vacib sayan insanlar da var. Bu, artıq tələb olunur və dönüşün vaxtı çatıb. 2016-cı ildə Moskvada Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyalarının birinci sərgisi keçirilib, ikinci sərgi isə 2017-ci ilə düşüb. Rusiyanın 17 şəhərinin müxtəlif muzeylərindən 60 əsər toplanmış və tamaşaçılara qaytarılmış. Bu əsərlər önəmli və gərəklidir. Onlarda yalnız tale, istedad, dünyagörüş özünəməxsusluğu deyil, həm də Çağ – qeyri-adi, təzadlı, idealları, baxışları və mövqeləri dəyişən qəddar çağ qorunub. Bir sözlə, İnsanda əks olunan və İnsan əks etdirən Çağ...
MƏSLƏHƏT GÖR: