23 Dekabr 2024

Bazar ertəsi, 10:14

BALABAN, MUĞAM VƏ CAZ-FYUJN

Nicat MƏSİMOV: «Karnegi holl»da ilk dəfə Azərbaycan balabanı səsləndi və azərbaycanlı birinci yer tutdu»

Müəllif:

15.05.2019

Milli və klassik Azərbaycan musiqisini təbliğ etməyi qarşısına məqsəd qoymuş bir gənc və iddialı adamla ünsiyyət qürur duyğusundan başqa nəyə səbəb ola bilər? Özü də, dünya musiqi ictimaiyyətinin bəzən yanlış tanıdığı bir alətlə - Azərbaycan balabanı ilə.

Nəfəs alətlərində ifa sənəti Azərbaycanda qədim ənənələrə malikdir. Amma indiki nəslin öz mədəni köklərinə biganə qalmaması və milli irsin təbliğində maraqlı olması ölkəmizdə nəsillərin problemsiz dəyişəcəyinə və ənənələrin itirilməyəcəyinə ümidi artırır. Biz itirmirik, əksinə qazanırıq, çünki gənc nəsil öz etnik irsini peşəkar səviyyədə daha da inkişaf etdirmək, başqa millətlərin nümayəndələrinə Azərbaycan musiqisinə sevgi təlqin etmək niyyətindədir. Bu, o qədər də asan iş olmasa da, gənc ifaçı Nicat Məsimovun əlində balaban xalq çalğı aləti yeni nəfəs alır və insanların ruhunu oxşayır. Nəticə sürəkli alqışlar və zaldan yüksələn heyrət nidaları olur! Gənc sənətkarın buna cavabı isə təbəssüm və təzim olur – deməli, vəzifə layiqincə yerinə yetirilib.  

Hər konsert, müsabiqə, çıxış - yeni bir hesabat, qələbə toplusuna yeni bir töhfədir. Nicat Məsimovun adı artıq çox səhnələrdə səslənib.

O, Azərbaycanda və xaricdə müxtəlif müsabiqələrin Qran-pri və diplomlarına layiq görülüb, «Woodwinds and Brass Competition-2014» (ABŞ), “Citta di Pesaro” (İtaliya, 2016), «International Music Talent Competition Fall-2016» ( Nyu-York) kimi dünya miqyaslı müsabiqələrdə birinci yeri tutub. Amma Nicat bununla kifayətlənmir. İddiaları, özünə, öz işinə dərin inamı və əsl vətənpərvərliyi buna yol vermir. Belə görünür ki, məhz bu xüsusiyyətləri hər yaşadığı günü sevimli işinə həsr edən gənc və istedadlı ifaçıya güc verir. Sevimli işi isə ona minnətdarlıqla cavab verir.

- Bu bahar küləkli və yağışlıdır. Bu cür hava sizdə melanxoliya hissi yaratmır ki?

- Xeyr. Əksinə. Bu cür hava mənə xoş əhval və ilham verir. Bu, adamdan adama, musiqiçidən musiqiçiyə fərqlidir. Elə rəvan insanlar var ki, onlar hava şəraitindən təsirlənmirlər. Mənə gəldikdə isə, həm əhvali-ruhiyyəm, həm də hava mənim alətlə ifamın təbiətinə təsir göstərir. Amma bu yaz məni tam qane edir (gülümsəyir).

- Ancaq havaya baxmayaraq, siz peşəkar olaraq qalırsınız...

- Əlbəttə. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşam. Deyə bilərəm ki, bu, bu günə qədər mənim oxuduğum ən yaxşı məktəbdir... Düzünü deyim, bu məktəbə daxil olduğum üçün özümü xoşbəxt sayıram. Onun güclü müəllim heyəti, təhsil sistemi var, burada musiqini şagirdlərə aşılaya bilirlər. Onu bitirən hər kəs daha sonra imtahanlardan ən yüksək qiymətlər alaraq konservatoriyaya daxil olur. Buna görə mən məktəb direktoru, dirijor və Azərbaycanın xalq artisti Teymur Göyçayevdən bəhs etmək istərdim – mənim musiqidə yetişməyimdə o böyük rol oynayıb. O, öz məktəbindəki şagirdləri hər sahədə dəstəkləyir və öz gücü çatacaq səviyyədə gənc istedadları irəli çəkir.  

Yaxın dostum, müğənni Orxan Cəlilovla birgə biz 10-11-ci siniflərdə oxuduğumuz zaman Teymur Göyçayevin dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə ciddi tədbirlərdə iştirak etməyə başladıq. Etiraf edim ki, bu, asan deyildi. O vaxt 17-18 yaşımız vardı. Həmişə səviyyəni qorumağa və bizə bəslənən ümidləri doğrultmağa çalışdıq.  

Müəllimim Muxtar Abseynovun da rolu böyükdür, çünki mənim peşəkar kimi yetişməyim onun gərgin və yorulmaz işinin nəticəsidir. Üstəlik, yüksək yerlər tutduğum müxtəlif musiqi müsabiqələrində iştiraka məni o, məcbur edirdi. Bu məsələdə dəstəyə görə müəllim İlham Nəcəfova da böyük təşəkkür edirəm.  

Heydər Əliyevə həsr olunmuş musiqi müsabiqəsində Qran-pri qazandım. Amma iş elə gətirdi ki, dostumla yollarımız ayrıldı və mən Azərbaycan Milli Konservatoriyasının balaban sinfinə daxil oldum. Beləliklə, mənim müstəqil fəaliyyətim başladı. Bu, bəzi ailələrdə olduğu kimi 18 yaşından sonra uşağın sərbəst həyata buraxılmasına bənzəyir. Mən də bunu yaşadım. Məni yaradıcılıq baxımından yetişdirdilər, peşəkar təhsil və müstəqil qərarlar qəbul edə bilmək imkanı verdilər. Daha yanımda məktəbim, Teymur Göyçayev və Muxtar müəllim yoxdur. Mən heç cür ətrafımdakılara alışa bilmirdim və kontingent mənim üçün yad idi. Konservatoriyanı bitirdikdən sonra magistraturaya daxil oldum və hazırda təhsilimi orada davam etdirirəm.

- Niyə məhz balabanı seçdiniz?

- Bütün bunlar tamamilə öz-özünə alındı. Anam təhsilinə görə həkimdir, atam isə riyaziyyatçıdır. Mən atamın izi ilə getmək istədim. Ancaq uşaqlıqda məndə allergik rinit aşkar etdilər və həkimlərin məsləhətinə görə, bir nəfəs alətində çalmağa məcbur oldum. Balaban mənim seçimim deyildi, amma sonda mənim ruhuma daxil oldu və həyatımın bir hissəsinə çevrildi. Məni 3-cü sinifdən musiqi məktəbinə qəbul etdilər. Mənə musiqi təbi və ritm hissi bəxş etdilər. Daha sonra Bülbül adına müsabiqədə 1-ci yerə çıxdıqdan sonra məni, demək olar ki, musiqi ilə məşğul olmağa məcbur etdilər. Gördüyünüz kimi, indi mən və balaban ayrılmazıq (gülür).

- Yəni sizi balabanla birləşdirən hər şeyin karma olduğunu saymaq olarmı? Taleyə inanırsınızmı?

- Əlinin əlliyə. Balabanda çalmaq mənim seçimim deyildi, amma indi çox sevdiyim peşəmdir. Digər tərəfdən öz üzərimdə çox işləyirəm və yeni yüksəkliklərə çatmaq, irəli getmək üçün peşəkar inkişafım baxımından çox səy göstərirəm. İnanıram ki, insanın taleyi onun öz əlindədir. Ancaq mənimlə bağlı başqa bir gözəl hadisə baş verdi və ondan sonra mənim peşəkar karyeramda yeni bir dövr başladı. Bir dəfə konservatoriyada bir müsabiqə keçirilirdi və orada mən də iştirak edirdim. İlk turda kəsildim və bu, məni çox təəccübləndirdi. Bu günə qədər "niyə" sualına cavab tapa bilmirəm. Bu, hələ də mənim üçün sirr olaraq qalır (gülür). Bundan sonra, sözün düzü, prinsipə gedərək (baxmayaraq ki, belə şeyləri sevmirəm) ABŞ-da – «Karnegi holl»da keçiriliən bir müsabiqədə iştirak üçün müraciət etdim. Bu, klassik musiqi ifası üçün dünyanın ən prestijli meydançalarından biridir. Bu gün «Karnegi holl»da caz musiqisi və yüngül musiqi konsertləri də keçirilir. Burada pianoçu Boris Berezovski, Dmitri Matsuyev, Bill Evans, tenor saksafonçu Coşua kimi məşhur musiqiçilər çıxış ediblər. Bütün bunlar dünya musiqi dünyasının əfsanələridir. Mən keçə biləcəyimi düşünmürdüm və daha çox uğura güvənirdim. O da məni məyus etmədi. Taleyə elə də inanmasam da, əvvəl ilk turu, sonra da ikinci turu keçdim. Nəticədə, bütün dünyanın çox sayda istedadları arasında birinci (!) yeri qazandım. Axı, bu, çox heyrətamizdir - respublika müsabiqəsində birinci turdan kəsilmək və beynəlxalq müsabiqədə birinci yeri tutmaq. Ən maraqlısı odur ki, münsiflər heyətinin sədri erməni idi və balabana birinci yer verdi. Axı, siz özünün bu musiqi aləti ilə bağlı ölkələrimiz arasındakı vəziyyəti bilirsiniz. Biz alışdığımızın əksinə, o, azərbaycanlını kəsmədi. Bu müsabiqədən sonra mənim həyatımda yeni mərhələ başladı: dəvətnamələr, konsertlər, çıxışlar...

- Bu qələbədən sonra sizin daxilinizdə nələrsə dəyişdimi?

- Əlbəttə. Mən daha inamlı oldum və özümə sübut etdim ki, məni respublika müsabiqəsində birinci turda kəsməməli idilər. Bunu sübut etdim. Bundan sonra, məşğul olduğum işə daha çox inanmağa başladım.

- Deməli, hər işdə bir xeyir var?  

- Əlbəttə. Mən hətta misal da çəkə bilərəm. Konservatoriyaya girməzdən əvvəl sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim. Elə oldu ki, həqiqətən də, sevmədiyim tarix fənnindən kəsildim. Belə alındığına görə indi xoşbəxtəm. Halbuki həmin vaxt çox məyus idim.

- Doğma şəhərinizdə sizin qələbənizi necə qəbul etdilər?

- İlk dəfə idi ki, Azərbaycan balabanı Nyu-Yorkun «Karnegi holl» zalında səslənirdi və azərbaycanlı balabanla birinci yeri tutdu. Vətəndə heyran qaldılar və mənə qarşı acımasız davrananlar bir anda loyallaşdılar (gülür). Bu hadisə mənim peşəkar səviyyəmə təsir etdi, amma mən sonrakı çıxışlarımı və konsertlərimi həmin müsabiqədəki qələbəmlə bağlamıram. Rusiyada ermənilərin iştirak etdiyi müsabiqədə ikinci yeri qazandım. Birinci yer Belarusa verildi. Erməni diasporundan orada 70 nəfər var idi, bizimkilər isə 10 nəfər idi. Müsabiqənin finalında səhnəyə Azərbaycan bayrağı ilə çıxdım, baxmayaraq ki, bu icazə verilmirdi. Əlbəttə ki, buna görə cəzalandırıldım (gülür), amma ruhumdan bir şey məni bunu etməyə məcbur etdi. Balabanın etnik mənsubiyyətinə ilə bütün dünyada fikirlər haçalaşır, buna görə bizim ifanı heç kimin təkrarlaya bilməyəcəyini təbliğ etməyi və hamıya sübut etməyi özümə borc bilirəm. İtaliyada keçirilən müsabiqədə mən "İlin ən yaxşı nəfəs alətçisi" adı uğrunda birinci yeri tutdum. İtaliyan Kamera Orkestri ilə konsert verməyə dəvət almışam və dörd ildir ki, cavab gözləyirlər.

- Qərar verə bilmirsiniz?

- Bu məsələdə maliyyə böyük rol oynayır. Buna baxmayaraq, qastollara gedirəm və  balabanın imkanlarını ən yaxşı şəkildə nümayiş etdirə biləcəyim konsert çıxışlarına üstünlük verirəm. Bizim zəngin musiqi irsimizin bütün dərinliyini nümayiş etdirmək üçün.

- Azərbaycanın bir sıra musiqi nəzəriyyəçiləri və musiqiçiləri iddia edirlər ki, balabanın təbliğində biz ermənilərə uduzuruq. Siz bu baxışları bölüşürsünüzmü?

- Bunda müəyyən qədər həqiqət var. «Karnegi holl»da müsabiqəni qazandıqdan sonra mən yenidən ora dəvət oldum. O vaxt mən üçüncü kursda oxuyurdum. Ən maraqlısı odur ki, sonradan öyrəndim ki, bu dəvətin təşəbbüskarı müsabiqənin münsiflər heyətinin sədri olan bir erməni olub. Ermənilərin arasında minlərlə balabançı var, amma o, azərbaycanlını dəvət edir. Mən müsabiqəyə gəldim və heç bir çıxış və iştirak olmadan mənə birinci yer verdilər. Yalnız tədbirin sonunda çıxdı və ifa etdim. Yəni hər şey budur.

- Nə düşünürsünüz, bu nə ilə bağlı ola bilər?

- Yəqin ifa ilə. Düşünürəm, bu bir daha göstərir ki, bu alətdə biz daha yaxşı ifa edirik, çünki bu, bizim qanımızdadır.

- Başqa alətdə ifa edə bilirsinizmi?

- Bəli. Saksafonda. Həm də kamançanı öyrənə bilərəm. Bundan artığını yox. Əlbəttə ki, balabanın ticari alət olmadığını bilirəm və amma mənim peşəm gəlir gətirməlidir. Buna görə saksafonla məşğul olmağa başladım və onda ifa etməkdən böyük həzz alıram. Saksafon mənim başqa musiqiyə olan həvəsimi təmin etməyə, enerji atmağıma və təbii ki, pul qazanmağıma imkan verən bir alətdir. Əlbəttə ki, mənim saksafon səviyyəm ortadır, daha çox həvəskar sayıla bilər - klublarda, restoranlarda çıxış üçündür. Bundan əlavə, saksafonda ifa balabanda ifama, zövqümün və dünyagörüşümün formalaşmasına təsir edib. Mən caz musiqiçisi olmaq istədim, amma bunun çox çətin musiqi olduğunu anladım.

- Sizin «Instagram» səhifənizdə yerləşdirilmiş bir fotoşəkildə bir əlinizdə saksafon, o biri əlinizdə balaban tutmusunuz. Həm də öz abunəçilərinizdən soruşursunuz: "Bunlardan hansı birini?" İndi eyni sualla biz sizə müraciət edirik.

- Balaban mənim üçün birinci yerdədir, çünki o, mənim Vətənimin bir parçası, həyatın bir hissəsidir. Ailəm və balaban - bu həyatda ən vacib şeylərdir. Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində konsertim var. Caz-fyujn ifa edəcəm - caz və digər üslubun musiqi elementlərini birləşdirən bir musiqi janrıdır. Gələcəkdə bu janr və öz qrupumla dünyaya açılmaq istəyirəm. Çox böyük bir arzum var ki, balabanda caz fyujn çala bilməyin mümkünlüyünü nümayiş etdirim, bu alətin imkanları, demək olar ki, sonsuzdur. Məhz bununla Azərbaycan balabanını daha da populyar edə bilərik.

- Sizin ifanız daha çox, məsələn, saksafon musiqisinə alışmış xarici dinləyicilər tərəfindən necə qiymətləndirilir?

- Yaxın dostum Abuzər Manafzadə bir dəfə mənə zəng etdi. Vyanada təhsil alır və Vyana Konservatoriyasına daxil olan ilk azərbaycanlıdır. Nə isə mənə zəng etdi və bildirdi ki, üçsaatlıq bir konsert var. Bu balaban üçün yazılmış ilk konsertdir və onun əsl Azərbaycan musiqi aləti olduğunu sübut edir. Premyerasının ABŞ-da Kaliforniyada keçirilməsi planlaşdırılır. Konsertin məqsədi insanları bizim milli alətimizlə tanış etməkdir. Gələndən sonra mənə bildirdilər ki, mən yarım saat akkompanement və ritm olmadan – tək (solo) ifa etməliyəm. İnanın, bu, çox çətindir. Mən Azərbaycan muğamını tamamilə fərqli bir şəkildə ifa etdim, onların qavraması üçün daha əlverişli şəkildə. Daha sonra onların musiqisinə keçdim, «All of me»ni ifa etdim, muğama çıxdım və yenidən birinci ifama qayıtdım. Reaksiya gözəl oldu. Ayaq üstə alqışladılar. Bu konsertdən sonra Kaliforniyanın Monterey şəhərinin meri şəhərdə Azərbaycan bayraqları asdı. Bu, mənim üçün böyük xoşbəxlik və eyni ruhda davam etməyə təkan bəxş etdi. Mayın 25-də Bakıda bu konsertin premyerası olacaq. Fürsətdən istifadə edərək, hər kəsi dəvət edirəm.

- Sizin fəaliyyətiniz dövlət tərəfindən qiymətləndirilir?

- Əlbəttə. Məni tanıdılar və Prezident təqaüdçüsü oldum. Bundan sonra öz üzərimdə daha səylə işləməyə başladım. Mən həm də Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil oldum. 2012-ci ildə "İlin gənci" adına layiq görüldüm.

- Sizdən Azərbaycan barədə musiqi vasitəsi ilə danışmağınızı istəsələr - hansı melodiyanı ifa edərdiniz?

- Maraqlı sualdır. Konservatoriya təhsili olan musiqiçilər soruşarsa, Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasını ifa edərdim, çünki bu əsər bizim ölkənin ruhunu təcəssüm etdirir. Etnik estetikanın isə muğam vasitəsilə çatdırardım və yumşaq "Sarı gəlin"ə, yaxud "Mən səni araram"a keçərdim. Əgər siz klassikanı hiss etmək istəsəydiniz, onda Qara Qarayev, Üzeyir Hacıbəyov və Fikrət Əmirov - bizim qiymət biçilməz klassik musiqimizi çatdırmaq üçün ən yaxşı imkandır.

- Fəal təbliğatınıza və diləklərinizə görə sizə təşəkkür edirik. Yeni qələbələr gözləyirik!

- Mən də sizə təşəkkür edirəm. Sanıram ki, bu, hər bir azərbaycanlının borcudur, əgər bizim hər birimiz ümumi işə ürəyimizin kiçik bir hissəsini qoysaq, çox şey əldə edə bilərik!



MƏSLƏHƏT GÖR:

315