Müəllif: Xəzər AXUNDOV
Yatırımın geri qaytarılması böyük vaxt tələb edən, iri kapitaltutumlu layihələr üçün beynəlxalq donorlardan kreditlərin cəlb edilməsi bütün dünyada qəbul edilmiş təcrübədir. Xarici borclanma Azərbaycan üçün də vacibdir, lakin son illər hökumət bu məsələdə çox ehtiyatlı davranır. Belə mühafizəkar yanaşma ölkəmizə xarici borcun ÜDM-ə nisbəti baxımından dünyada ən əlverişli mövqelərdən birini tutmasına imkan verir. Bu strategiyanın səmərəliliyi bu yaxınlarda Bakıda başa çatmış, Azərbaycan Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən təşkil edilən «Dövlət borclarının idarə edilməsi üzrə Asiya regional forumu»nun gedişində təsdiq edilib.
Liderlər sırasında
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2018-ci ilin sonuna qlobal dövlət borcu 69 trilyon $-dan artıq olub ki, bu da dünya ÜDM-in 80 faizindən çoxunu təşkil edir. Eyni zamanda, bütün borcun təxminən 52 trilyon dollar və ya 3/4 hissəsi inkişaf etmiş ölkələrin payına düşür, uyğun olaraq inkişaf etməkdə olan ölkələrdə dövlət borcunun səviyyəsi nisbətən azdır. Amma son zamanlarda burada da böyümə meyli hiss olunur. Belə ki, 2012-ci illə müqayisədə ötən ilin sonuna inkişaf etməkdə olan ölkələrin dövlət borcu 50% artıb.
Diqqətə layiqdir ki, Azərbaycan artıq uzun illərdir ki, xarici borc göstəricisi baxımından inkişaf etməkdə olan ölkələr arasında ən yaxşı mövqelərdən birini tutur. Hətta 2008-ci ildəki qlobal maliyyə böhranı dövründə hökumət xarici borcla bağlı çox mühafizəkar siyasət aparmağa başladı: o cümlədən, dövlət qurumları tərəfindən xarici vəsaitlərin cəlb edilməsi qaydaları sərtləşdirildi, həmçinin özəl banklar və şirkətlər üçün cəlb olunan vəsaitlərin həcmi və onların ödənilmə şərtləri üzrə daha dəqiq öhdəliklər müəyyənləşdirilib. Hələ öncə 2005-ci ildə hökumət dünyanın aparıcı donoru - BVF ilə əməkdaşlığı məhdudlaşdırdı, təmasları konsultasiya və texniki yardım səviyyəsinə qədər azaltdı, fonddan borc almaqdan tamamilə imtina etdi.
Bu və bir sıra digər tədbirlər imkan verib ki, məcmu xarici borcun (total external debt) ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycan son onilliklər ərzində keçmiş sovet məkanında aparıcı mövqelərdən birini tutur. Bundan əlavə, bu parametrə görə ölkəmizin göstəricisi Mərkəzi və Şərqi Avropa bölgəsi üzrə ən yaxşı mövqelərdən birində qalıb. Beləliklə, əgər 2003-cü ildə adambaşına düşən xarici borcun məbləği adambaşına büdcə gəlirlərindən çox olubsa, 2011-ci ildə bu nisbət dəyişmiş və adambaşına düşən gəlir səviyyəsi xarici borcdan 4,2 dəfə çox olub.
Burada qeyd edək ki, xarici borclanma səviyyəsinin və artım templərinin qiymətləndirilməsi üzrə əsas meyar mütləq rəqəmlər deyil, xarici borcun ÜDM-ə nisbəti sayılır. Belə ki, beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirməsinə görə hesab edilir ki, əgər xarici borcun həcmi illik ÜDM-in 40% -dən artıq olarsa, xarici borcun dayanıqlı idarəedilməsi üçün təhlükə yaranır. Ümumiyyətlə, Avropa Birliyinə üzvlüyə namizəd ölkələr üçün xarici borcun maksimum həddi hətta ÜDM-in 60% səviyyəsində müəyyənləşdirilir.
Hələ on il qabaq bu əmsal Azərbaycanda 6-8% təşkil edirdi və 2014-cü ildə qlobal enerji böhranının başlamasına qədər 10% -lik həddi keçməmişdi. Əlbəttə ki, neft qiymətlərinin düşməsi ilə əlaqədar dövlət gəlirlərinin azalması borcalanların (əsasən dövlət orqanlarıdır) borcun ödənilməsi üçün vəsait yığmaq qabiliyyətinə mənfi təsir göstərdi, iki kərə baş vermiş devalvasiya zamanı milli valyutanın qiymət itirməsi avtomatik olaraq xarici borcların həcmini manat hesabı ilə artırdı.
Ancaq hətta yaranmış çətin şəraitdə hökumət yenə də xarici borcla bağlı düşünülmüş və ehtiyatlı siyasət nümayiş etdirdi.
Bu, xüsusilə, beynəlxalq reytinq agentliyi «Moody's»in "2019-cu il üçün MDB ölkələrində kredit qabiliyyəti proqnozu haqqında" icmalında nəzərdən keçirilib. İcmala görə, bu ilin əvvəlində ölkəmizin xarici borc səviyyəsi MDB ölkələri arasında ən aşağı səviyyələrdən biri olub. Bundan əlavə, «Moody's» ekspertləri qeyd edirlər ki, Azərbaycan və Rusiya istisna olmaqla, bütün MDB ölkələrində xarici borc ÜDM-in 50%-dən artıqdır.
Bütün parametrlər üzrə
Ölkəmizdə dövlət borcunun aşağı səviyyədə olması və onun keyfiyyətli strukturlaşması Rusiyanın reytinq agentliyi RAEX tərəfindən də bu yaxınlarda Azərbaycana verilmiş BB+ kredit reytinqi ilə sübuta yetirilir. Agentliyin hesablamalarına görə, sabit reytinq ölkənin kredit qabiliyyətinin yetərli səviyyəsini əks etdirir və digər məsələlərlə yanaşı, borcun aşağı səviyyədə olması ilə şərtlənir: 2018-ci ildə dövlət borcunun ÜDM-ə olan nisbəti 19,4% təşkil edir.
"Azərbaycanın dövlət borcu ödəniş müddəti üzrə yaxşı strukturlanıb və xarici borcun yalnız 2,3%-i qısamüddətli borclanmalara aiddir. 2016-cı ildən etibarən ölkənin beynəlxalq ehtiyatlarının həcmi durmadan artıb və 2018-ci il vəziyyətinə onların səviyyəsi 5% artaraq, xarici borc üzrə bütün xərclərdən 5 dəfə artıq olub", - deyə RAEX bildirib.
Xarici borc vəziyyətinin digər bir indikatoru xarici borcların toplam göstəricisinin illik ixrac həcminə nisbətidir, bu, ölkənin mövcud borc öhdəlikləri ödəmə qabiliyyətini əks etdirir. Dünya Bankı (DB) bu göstəricini debitor-ölkələrin təsnifatlaşdırma meyarlarından biri kimi istifadə edir. Özü də, kritik səviyyə kimi borc məbləğinin ixracın 220%-indən çox olmasını göstərirlər, optimal göstəricinin isə 132% olduğu hesab edilir. Beləliklə, 2018-ci ildə 20,8 milyard dollar dəyərində məhsul ixrac etmiş Azərbaycanda dövlət borcunun ümumi məbləği ixrac göstəricisindən iki dəfədən çox azdır.
Ölkənin ödəmə qabiliyyəti baxımından borc göstəricisinin bir il ərzində 25% və ya daha çox artması təhlükəli dəyişiklik hesab olunur. Azərbaycanda bu rəqəm ötən il artmayıb, əksinə 5% azalıb.
Suveren borclunun borc dayanıqlılığını qiymətləndirmək üçün dövlət borcunun dövlət gəlirlərinə nisbəti göstəricisi də istifadə olunur. Eyni zamanda, debitor-ölkənin 250%-dən aşağı səviyyənin saxlanması onun borca dayanıqlılığının təsdiqidir. Yəni ölkəmiz bu təhlükəli həddən də uzaqdır.
Xarici borcların geri qaytarılması və onlara xidmət göstərilməsi üzrə illik ödəniş məbləğinin illik həcminə nisbəti, eləcə də yığılmış qızıl və valyuta ehtiyatlarının həcminə nisbəti ixrac əmsalı üzrə, həmçinin ölkənin xarici borcuna xidmətə görə illik ödəniş məbləği üzrə müsbət meyil müşahidə olunur.
Azaltma strategiyası
Azərbaycanın xarici borcları əsasən infrastruktur layihələri və maliyyələşdirmə proqramları üçün beynəlxalq maliyyə institutlarından cəlb edilmiş kreditlərdən, eləcə də beynəlxalq maliyyə bazarlarında qiymətli kağızlar yerləşdirilməsi yolu əldə olunmuş vəsaitlərdən ibarətdir.
Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun (BVF), Asiya İnkişaf Bankının (AİB) və digər bir çox beynəlxalq maliyyə qurumlarının mütəxəssislərinin fikrincə, Azərbaycanın xarici borcunun cari vəziyyəti orta müddətdə hökumətə ölkə iqtisadiyyatının səmərəli kreditləşdirilməsi vasitəsi olan xarici borclardan imtina etməməyə imkan verir. Beynəlxalq maliyyə qurumlarından alınan kreditlər yalnız aşağı faiz dərəcələri və uzun qaytarılma müddətləri ilə cəlbedici olaraq qalmır, hər şeydən öncə layihələrin texniki gerçəkləşdirilməsi üçün daha mükəmməl şərait yaradır və borc vəsaitlərinin xərclənməsi üzərində şəffaf nəzarəti təmin edir. Bu xüsusilə irimiqyaslı və kapital tutarlı infrastruktur layihələrinin - elektrik stansiyalarının tikintisi, elektrik ötürmə xətlərinin, boru kəmərlərinin və yolların çəkilməsi, kanalların tikintisi və s. layihələrdə aktualdır.
"Hal-hazırda bizim xarici borcumuz olduqca aşağı səviyyədədir, ölkə ÜDM-nin təxminən 19%-ni təşkil edir, mövcud valyuta ehtiyatları xarici borcdan 5 dəfə artıqdır və lazım olan təqdirdə bütün xarici borcları il ərzində ödəməyə imkan verir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" forumunda çıxışı zamanı bildirib.
Ancaq dövlət borcunun nisbətən aşağı səviyyəsinə baxmayaraq, hökumət düşünür ki, ölkə borcun səviyyəsini daha da azaltmaq üçün tədbirləri davam etdirməlidir. Dövlət başçısı tərəfindən 2018-ci il avqustun 24-də təsdiqlənmiş "Dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli və uzunmüddətli strategiya"ya əsasən önümüzdəki illərdə önəmli məsələ həll edilməlidir - xarici borc səviyyəsi ÜDM-in 10 faizinə qədər azaldılmalıdır.
Strategiyaya görə, 2019-cu ildə Azərbaycanın xarici dövlət borcu 9,7 milyard dollara çatacaq. Lakin sonradan 2025-ci ilədək xarici borcun həcminin 6,5 milyard dollara qədər azaldılması planlaşdırılır və hökumətin hesablamalarına görə 2026-cı ilədək Azərbaycanın xarici borcu ÜDM-in 12 faizi səviyyəsinə qədər azalacaq.
Xarici valyutadan manata
Mövcud vəziyyət və hökumətin dövlət borcunun idarə edilməsi strategiyası, eyni zamanda bu sahədə aparılan islahatlar may ayında Bakıda keçirilmiş iki böyük tədbirdə müzakirə olunub. Birincisi, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun Azərbaycan Hesablama Palatasının dəstəyi ilə təşkil edilmiş iclasıdır. Burada Palatanın sədri Vüqar Gülməmmədov dövlət borclarının üzərində nəzarətin rolunu vurğulayıb ki, bu da mümkün risklərin qarşısını almağa xidmət edir və ölkənin iqtisadi təhlükəsizliyini təmin edir.
«Dövlət borclarının idarə edilməsi üzrə Asiya regional forumu»nda maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət borcunun idarə olunması strategiyasının qəbul edilməsi son illərdə aparılan islahatların mühüm bir hissəsidir. Nazirin sözlərinə görə, bu, cari ilin əvvəlinə xarici valyuta borcunun ölkənin valyuta ehtiyatlarının 24 faizinə bərabər göstəricidən 19 faizə endirilməsi mümkün olub. Bununla yanaşı, xarici valyutada dövlət borcunun ÜDM-də payını 17% azaltmaq mümkün olub və bu gün Azərbaycanın nominallaşdırılmış xarici valyuta borcu ölkənin məcmu gəlirinin yalnız 1/5 hissəsini təşkil edir.
Nəticədə, 1 yanvar 2019-cu il tarixinə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8,9 milyard dolları cüzi keçib və ötən il ərzində 5 faiz azalıb. Maliyyə nazirinin məlumatına görə, ilin birinci rübünün yekun rəqəmləri ilin əvvəlinə olan göstəricilərdən bir qədər fərqlənir, uyğun olaraq dövlət borcu ilə bağlı daha yeni məlumatların ilin birinci yarısının nəticələrinə əsasən açıqlanması planlaşdırılır.
Hesablama Palatasının dövlət borcunun təhlili şöbəsinin müdiri Vüqar İbrahimovun sözlərinə görə, bu ilin əvvəlinə olan dövlət borcunun 92%-i xarici borc (15,2 mlrd. manat), 8%-i daxili borc (təxminən 1,3 mlrd. manatdan çox) olub. 2018-ci ilin sonuna adambaşına düşən dövlət borcunun həcmi 1,654 min manat səviyyəsində qiymətləndirilir. Azərbaycanın daxili borcunun strukturunda əsas hissə 1,06 milyard manatlıq dövlət istiqrazlarının payına düşüb. Mərkəzi Bankın məcmu öhdəlikləri və digər borclar ümumilikdə 260 milyon manat təşkil edib. Beləliklə, daxili borcların 28,3% artmasına baxmayaraq, ölkənin ümumi borc strukturunda onların payı hələ də olduqca aşağıdır.
Lakin bu nisbət tezliklə dəyişə bilər və bu günlərdə elan edilmiş dövlət borcu sahəsində gələcək islahat planlarında bu vurğulanır. "Azərbaycanda dövlət borcunun idarə edilməsinin təkmilləşdirilməsi mexanizmlərinin işlənməsi planlaşdırılır və biz xarici valyutada dövlət borcunun azaldılmasını və onun milli valyutada borclarla əvəzlənməsini planlaşdırırıq: bu sxem dövlət borcunun tənzimlənməsinin dayanıqlılığını önəmli dərəcədə artıracaq", - deyə Şərifov qeyd edib və əlavə edib ki, dövlət borcunun milli valyutaya keçirilməsi mexanizminin detalları daha sonra açıqlanacaq.
Gözlənilir ki, dövlət borcunun ABŞ dollarından və ya digər beynəlxalq valyutalardana manat borclarına çevrilməsi borc dayanıqlılığının artırılmasına imkan verəcək və xarici iqtisadi şoklara qarşı daha yaxşı müqavimət göstərmək məsələsində Azərbaycanın imkanlarını gücləndirəcək.
MƏSLƏHƏT GÖR: