Müəllif: Sənan ŞƏFİZADƏ
Böyük futbol Azərbaycana tam qədəm basdı. Son illər «Qarabağ», «Neftçi» və «Qəbələ» klublarının sayəsində yerli azarkeşlər Bakıda Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələləri çərçivəsində qitənin məşhur komandalarının oyunlarını seyr etməyə alışmışdı. Lakin biz öz klublarımızı nə qədər sevsək də, Avropa Liqasının final həyəcanı ilə qrup mərhələsinin oyunlarını müqayisə etmək mümkün deyil.
Nəzərə alsaq ki, Avropa Liqasının finalı 2020-ci il Avropa Çempionatının Bakıda keçiriləcək final oyunları ərəfəsində bir növ sınaq xarakteri daşıyırdı, Azərbaycan paytaxtında bu oyunu çoxdan gözləyir və ona hazırlıq görürdülər. Nəticə isə artıq göz qabağındadır. Avropa Liqasının finalı yüksək səviyyədə keçirildi və bunu azarkeşlərlə yanaşı, komandalar və UEFA rəsmiləri də təsdiqlədi.
Builki finalda ingilis futbolunun iki nəhəngi – «Çelsi» və «Arsenal»ın qarşılaşması oyuna xüsusi özəllik verirdi. Yeri gəlmişkən, Bakıda ingilis finalı amilini ayrıca nəzərə almışdılar və Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn hər azarkeşə üzərinə «Tofiq Bəhramov-1996» yazılmış, rəmzi məna daşıyan açarlıq hədiyyə edilirdi. Bu, ingilis azarkeşlərinə xatırladırdı ki, 1996-cı ildə məhz azərbaycanlı hakim Tofiq Bəhramovun obyektiv qərarı nəticəsində İngiltərə yığması Almaniya üzərində qələbə qazanaraq öz tarixində ilk və sonuncu dəfə dünya çempionluğu sevincini yaşamışdı.
Avropa Liqasının finalı Azərbaycanda keçirilmiş ən əhəmiyyətli yarışlardan biri, bəlkə də birincisi oldu. Təsəvvür edin: final 204 telekanalda canlı yayımlandı. Ümumilikdə 800 milyon insan oyunu televiziya qarşısında izlədi. Final günü sosial mediada Bakı ilə bağlı heşteqlər altında 20 mindən çox yazı paylaşıldı, 300-dən çox media nümayəndəsi oyundan reportaj hazırlamaqla Azərbaycanı dünyaya növbəti dəfə tanıtdı. Finalı canlı izləmək üçün ulduz futbolçular Luiş Fiqu, Luka Modriç, Andrey Arşavin, Fabreqas, Eydur Qudyonsen kimi isimlər Bakıya gəldi.
UEFA-nın açıqladığı rəsmi məlumata əsasən, bütövlükdə Bakı finalını 51 370 azarkeş stadiondan izləyib. Bu göstəriciyə görə Azərbaycan paytaxtı son 10 ildə finala ev sahibliyi etmiş ölkələr arasında üçüncü yerə çıxıb.
Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxdı. Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin alqışları ilə qarşılandı. Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi oldu.
İngilis futbolu elə ilk dəqiqələrdən gərgin mübarizə ilə fərqlənsə də, final matçını “topçular” və “zadəganlar” çox ehtiyatla başladılar. Matçın ilk 15 dəqiqəsində qapılar önündə real qol vəziyyəti olmadı. Hətta darıxdırıcı futbol izlədik desək yanılmarıq. Görünür, komandalar final məsuliyyətinin təzyiqi altında idilər, çünki heç kim taleyüklü son qarşılaşmada səhvə yol vermək istəmirdi.
"Arsenal" cinahdan təşkil etdiyi hücumlarla “Çelsi” nin müdafiəsini yarmağa çalışsa da, son zərbələrin qeyri-dəqiq alınması və “zadəgan”ların qapıçısının çevikliyi nəticəsində bu hücumlar uğurla nəticələnmədi.
Qarşılaşmanın 18-ci dəqiqəsində Lyakazett Arrisabalaqa ilə təkbətək mübarizədə yerə yıxılsa da, italiyalı referi Canluka Rokki penalti təyin etmədi. Baş hakim "Arsenal" futbolçularının videotəkrar sisteminə (VAR) müraciət etmək tələbləriylə də razılaşmadı. Yeri gəlmişkən Bakıdakı oyunda ilk dəfə Avropa Liqasında VAR sistemindən istifadə olundu. Ümumiyyətlə, finalda ideal hakim idarəçiliyinin şahidi olduq. Futbol diliylə desək hakim 90 dəqiqə ərzində görünmədi, yəni işinin öhdəsindən layiqincə gəldi.
Fasilə ərəfəsində əks-hücum zamanı "zadəganlar"ın forvardı Jiru topu düzgün qəbul etmədi və əla qol şansını qaçırdı.
İkinci hissədə 5 qol vurulmasaydı oyun final adına yaraşmayacaqdı. "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri də sonradan etiraf etdi ki, fasilədə futbolçularla ciddi söhbət edib. Onlardan hücuma keçməyi, uduzmaqdan qorxmamağı tələb etməklə komandaya əlavə güc verib. İkinci hissədə sanki "Çelsi" həmin "Çelsi" deyildi. Daha çox hücum edir, lazım gələndə pressinq tətbiq edirdilər. Bunun sayəsində ilk dəqiqələrdən "Arsenal"ı pis vəziyyətə düşməyə məcbur etdilər. Matçın 49-cu dəqiqəsində Palmierinin sol cinahdan hava ötürməsini Jiru başla qola çevirdi. Adətən, qoldan sonra dərhal fərq artırsa rəqib çaşqınlığa düşür. Bakı finalında da bu hisslər yaşandı. Oyunun 60-cı dəqiqəsində "Çelsi"nin yenə sol cinahdan təşkil etdiyi hücum qolla nəticələndi. Eden Azarın ötürməsini Pedro Rodriges dəqiq zərbə ilə tamamladı. Sol cinah "Arsenal"ın ən çox səhv etdiyi mövqelərdən oldu. Bu amil Sarrinin diqqətindən yayınmadı, ona görə məşqçi rəqibi öz əliylə vurdu.
65-ci dəqiqədə "Çelsi" qələbəyə bir qədər də yaxınlaşdı. Azar Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirdi. Hesabda 3 top fərqi ilə geri düşdükdən sonra "Arsenal"ın baş məşqçisi Unay Emeri matçda dönüş yaratmağa cəhd etdi, amma alınmadı. Ehtiyat skamyada çılğınlığıyla seçilən Emeri ardıcıl 2 əvəzetmə etdi. Bunlardan biri Aleks İvobi meydana daxil olandan iki dəqiqə sonra qol vurdu. Lakin Sarrini dayandırmaq çətin idi. 72-ci dəqiqədə Azar matçda son nöqtəni qoydu. "Çelsi" 4-1 hesablı qələbəylə "Arsenal"ı məğlub etməklə Bakı finalının qalibi oldu.
"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri finaldan sonra komandasının qələbəyə layiq olduğunu fəxrlə söylədi: "Çox xoşbəxtəm, məmnunam. Mükafat azarkeşlərimiz üçün önəmlidir. Bu qələbəyə layiq idik. Avropa Liqasında 15 oyundan 12-də qalib gəldik və 3 matçda heç-heçə etdik. Bu kuboka layiq olduğumuzu göstərir. Liqa Kubokunun finalında "Mançester Siti"yə məğlubiyyətdən sonra yanaşmamızı dəyişdik. Bu, mövsümdə 64-cü oyunumuz idi. Fiziki cəhətdən çətin olsa da, çalışırdıq. Fasilədə futbolçulardan daha cəsarətli olmağı xahiş etdim. İkinci hissədə, həqiqətən, çox yaxşı oynadıq. Azarkeşlər üçün maraqlı futbol sərgilədik".
"Arsenal"ın baş məşqçisi Unay Emeri də Bakıda keçirilən UEFA Avropa Liqasının finalında zəif təsir bağışladıqlarını etiraf etdi: "Çətin oyun olacağını bilirdik. Premyer Liqada da Çempionlar Liqasına düşməyə yaxın idik. Ancaq digər komandalardan geri qaldıq. İlk hissədə pis təsir bağışlamadıq. Amma fasilədən sonra rəqib imkanlarından istifadə etdilər. İlk qol önəmli idi. Bunu bacardılar və hər fürsəti dəyərləndirdilər. İkinci qoldan sonra çətin oldu. Rəqibin yaxşı oyunçuları var. Bu il hədəfə çata bilmədik. Önümüzdə yeni çağırış var. Bu gün məyusuq, amma daha güclüyük, inkişaf etməyə hazırıq. "Arsenal" böyük addır, bir çox futbolçu burada oynamaq istəyir. Yeni oyunçuların cəlb edilməsi üçün iş aparılır. Bu mövsüm hədəfimizə çatmadıq. Amma növbəti mövsümdə öz fəlsəfəmizə sadiq qalaraq daha da irəliləmək istəyirik. Bunu bacara biləcəyimizə inanırıq".
Qeyd edək ki, Bakı finalı “Arsenal”ın qapıçısı, əfsanəvi Peter Çexin karyerasında son oyun oldu. Təbii ki, futbolçu karyerasının belə başa çatmasını istəməzdi, lakin bu dörd qola görə məhz onu qınamaq doğru olmazdı. Bütövlükdə klub səviyyəsində 781, yığmada isə 124 matç keçirən Çex, dördqat çempion titulu və İngilis Premyer Liqasında dörd cüt “Qızıl əlcək” sahibidir. O, həmçinin İngiltərə Kubokunda beş qələbəyə imza atıb, Avropa Liqası və Çempionlar Liqasının medallarını qazanıb.
“Çelsi”nin ispaniyalı yarımmüdafiəçisi Pedro isə dünyada bütün əsas beynəlxalq futbol mükafatlarını qazanmış ilk futbolçu oldu. 31 yaşlı ispaniyalının aktivində Avropa Liqası və Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatında qələbələr, Avropa və Dünya Çempionatlarının medalları var.
Avropa Liqasının əsas oyununun yüksək səviyyədə təşkil olunduğunu da ayrıca qeyd etmək lazımdır. Final matçı ərəfəsində, matç zamanı və matçdan sonra Bakıda azarkeşlər arasında heç bir insident qeydə alınmadı. UEFA ekspertləri bunu az qala inanılmaz, fantastik nəticə kimi dəyərləndirdilər. Gerçəkdən də, "Arsenal"la "Çelsi"nin britaniyalı fanatları aqressivlikləri, kütləvi iğtişaşlara meyilliliyi ilə ad çıxarıblar. Amma təşkilatçılar bu məqama xüsusi diqqətlə yanaşmaqla belə halların baş verməsinin qarşısını aldılar. Qələbəni şəhərdə qeyd edən "Çelsi" azarkeşləri musiqi sədaları altında rəqs etdilər, sevinclərini bir-biriylə bölüşdülər. Bu halda da azarkeşlər arasında insident yaşanmadı, onların təhlükəsizliyi yüksək səviyyədə təmin edildi.
Oyun günü reallaşdırılan çoxlu sayda çarter reysiylə Bakıya gələn azarkeşlər xüsusi avtobuslarla şəhərin mərkəzinə eləcə də stadiona gətirildi. Matçdan sonra da 450-dən çox avtobus, eləcə də gecə saat 4-ə qədər işləyən Bakı metrosu qonaqların və şəhər sakinlərinin rahat yola salınmasına nail oldu. Matçın səhəri Bakını tərk edəcək xarici qonaqlar xüsusi avtobusla təmənnasız olaraq hava limanına çatdırıldı.
UEFA brend məhsulu olan final matçını Bakıya həvalə etməklə Azərbaycana böyük etimad göstərdi. Bu etimadı Azərbaycan layiqincə doğrultdu. UEFA prezidenti Aleksandr Çeferində finalın yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Bakıda final Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Eyni zamanda, Bakı bütün dünyaya göstərdi ki, gələn il EURO-2020-in dörd matçını da çox yüksək səviyyədə keçirəcək.
MƏSLƏHƏT GÖR: