Müəllif: Valentina REZNİKOVA, Bakı - Lənkəran – Bakı
Afişada Azərbaycanın klassik və müasir müəlliflərinin əsərləri əsasında tamaşalar, eləcə də çağdaş İran və rus dramaturqlarının pyesləri yer almışdı. Beş gün ərzində Lənkəran Dövlət Dram Teatrının səhnəsində bayram atmosferi hökm sürdü. 6 - 13 yaş arası uşaqlar kukla və dram teatrı tamaşalarına baxırdılar. Bütün bunlar I Beynəlxalq uşaq tamaşaları festivalı çərçivəsində gerçəkləşirdi. Bu mühüm və zəruri tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilmişdi. Festivalda Azərbaycandan 14 teatr, həmçinin Böyük Britaniya, Gürcüstan və İran teatrları da iştirak edirdi.
O, bu gün varsa, sabah da olacaq
Uşaqlar ən tələbkar və həssas tamaşaçı kütləsidir. Onlar böyüklərin yalan və saxtalıqlarını hiss edirlər. Buna görə, uşaq tamaşalarının aktyorları üçün hər bir çıxış bir növ peşəkar yetkinlik və dürüstlük imtahanıdır. Özü də, demək olar ki, bütün yerli teatrlar bu imtahandan keçdilər. Amma təəssüf ki, səhnə ilə zal arasında dayanıqlı dialoq qura bilməyənlər də var idi. Festivallar da məhz bunun üçün - təhlil etmək, müqayisə etmək, nəticə çıxarmaq, quruluş düşüncəsinin yeni ifadə formasını axtarmaq, Teatr adlı incəsənəti bir dəfəyə və həmişəlik uşaqlara sevdirməyin fəaliyyət dilini icad etmək üçün lazımdır.
Bu, birinci festivaldır və hələ öz yolunun başlanğıcındadır. Bəlkə də o, sonradan tematik olacaq və ya fərqli bir formata çevriləcək, lakin ölkədə çağdaş teatr prosesinin müfəssəl öyrənilməsi və bədii təhlili üçün vasitə rolunu itirməyəcək. Nədən? Erkən uşaqlıq dövründən uşaqların teatr sənətinə maraq və baxışlarının formalaşdırması üçün. Bu isə, yalnız yüksək bədii-quruluş səviyyəsində mümkündür.
Bu gün teatr tamaşalarına gedənlərin heç birindən gizli deyil ki, çox vaxt teatrlar özlərinə qarşı bədii tələb səviyyəsini aşağı salırlar, məhz bu səbəbdən də maraqsız olurlar və onlara tələb azalır. Bugünkü uşaq izləyici kütləsi gələcəkdə tamaşaçı zallarının dolu olmasının bünövrəsidir. Gələcəkdə - bu uşaqların yetkinlik yaşına çatacağı zamanlarda teatrların anşlaq populyarlığı indi gerçəkləşdirilən "teatrdan uşaqlara" strukturunun savadlı qarşılıqlı təsirindən asılıdır.
Öyrətmək, yoxsa əyləndirmək?
Festivalın tamaşa cədvəlinə əsasən belə nəticə çıxarmaq olar ki, Azərbaycan teatrı uşaqların ağıllı və xeyirxah ruhda tərbiyəsi üçün əhəmiyyətini itirməyib. Baxmayaraq ki, bəzi hallarda tamaşalar sırf əyləncə xarakteri daşıdığı üçün adamı daha yaxşısını arzulamağa vadar edir. Aydındır ki, bəzən rejissorlar izləyici kütləsi ilə oynayaraq, onu əyləndirmək istəyirlər. Bəs uşaqların buna nə dəxli var? Bəs onlar üçün bilet satın alan valideynlər necə? Çətin ki, bayağılıqla heyrətləndirmək cəhdləri kassa gəlirlərini artırsın. Əvəzində peşəkar nüfuza zərər vura bilər. Çünki onlar "tamaşa" adlanan teatr əsərini kütləvi əyləncə tədbiri səviyyəsinə endirirlər və buna qəti yol vermək olmaz. Teatr istənilən halda gerçək İncəsənət olaraq qalmalıdır və heç cür ona kütlə mədəniyyəti, o cümlədən, küçə və dalan elementləri qatmaq olmaz.
Uşaqlar üçün yerli dramaturgiya barədə
Festival həmçinin uşaqlar üçün dramaturgiyaya baxışları müəyyənləşdirməyə imkan verdi. Daha doğrusu, uşaqlar üçün yazan müəlliflərə. Konkret olaraq, pyeslər yazan. Kitab mağazasına girəndə, əgər evdə uşaqlarınız, xüsusilə də kiçik uşaqlarınız varsa, əlbəttə ki, mütləq onlar üçün maraqlı bir kitab axtarırsınız. Həm də, bir qayda olaraq, bunlar xarici müəlliflər olur. Yerli müəlliflərdən isə İnna Rüstəmova və Ləman Bağırova var. Vəssalam! Bizim ölkədə rus dilində yazan uşaq yazıçıları isə çox-çox azdır. Uşaqlar üçün pyes yazan dramaturqlar isə ümumiyyətlə yoxdur. Vaxt var idi, Rus Dram Teatrı yeni başlayan dramaturqlar üçün müsabiqə keçirirdi. Ancaq bu janr üzrə daha istedadlıları və bacarıqlıları müəyyən etmək elə də nəticə vermədi. Teatr tərəfindən buraxılan yeni başlayan dramaturqların pyes almanaxı ümidləri doğrultmadı, həm də gerçək mənzərəni göstərdi: təqdim edilən müəlliflərdən heç birinin bu ədəbiyyat janrından xəbəri yox idi.
Azərbaycan dilindən tərcümələrə gəldikdə isə, bu ədəbi fəaliyyət sahəsində vəziyyət həddindən pisdir. Rus dilinə tərcümələr yüksək bədii səviyyəyə malik deyil və orijinalın müəllif üslubunu "öldürür". Millət vəkili Elmira Axundova öz çıxışlarında bu məsələyə tez-tez toxunur, haqlı olaraq bildirir ki, yalnız bizim ölkəmizin deyil, bütün rusdilli oxucuların çağdaş Azərbaycan ədəbiyyatı haqqında təsəvvürünün olması vacibdir.
Festivalda təqdim olunan və daha çox quruluşçuların özləri tərəfindən yazılmış nağıl-pyeslər də ümidləri doğrultmur. Onların kompozisiya quruluşu zəifdir, xarakterlər zəif təsvir olunub, personajları əsas qarşıdurmanın səviyyəsinə çıxaran səbəbi və nəticə tandemi qurulmayıb, qarşılıqlı əlaqəsi məntiqi pozulub. Bu, "Göyçək Fatma" ya da (Bakı Uşaq Teatrı), "Zınqırovlu pişik"ə də (Gəncə Kukla Teatrı) aiddir, hər ikisində aktyor oyununun keyfiyyətini əla saymaq olar, amma tamaşanın dramatik əsasının işlənməsinə ehtiyac duyulur. Teatr fəaliyyəti və dramatik əsas baxımdan qüsursuz olaraq Namiq Ağayevin "Cəsur şahzadə Məlikməmməddin nağılı" tamaşası ("OL" teatrı) qiymətləndirilə bilər. Burada quruluş düşüncəsinin dayanıqlılığı və tamaşanın ünvanlandığı hədəf auditoriyasının anlayışı hiss edilir.
Beləliklə, I Beynəlxalq uşaq tamaşaları festivalı teatrlarımızın uğurlu nailiyyətlərini aşkar etməklə yanaşı, onların problemlərini ortaya qoydu və baş verənlərin gerçək mənzərəsini əks etdirdi.
Peşəkar yenilənmə
Festival önəmli və gərəkli bir proses duyğusu yaratdı. "Bizə həvalə edilən I Beynəlxalq festival önəmli və məsuliyyətli bir imtahan oldu. Əlbəttə, təcrübəsizlik üzündən prosesdə müəyyən çətinliklər oldu, amma gələcəkdə bu çatışmazlıqları nəzərə almaq üçün biz artıq onları təhlil və qeyd etdik. Amma ən önəmlisi odur ki, biz qarşılıqlı yaradıcılıq mühiti yaratmağı bacardıq. Biz rahat bir atmosfer yaratmağı bacardıq. Həm ingilislər, həm gürcülər, həm də iranlılar hələ də bizə zəng edirlər və festival günlərini teatrlar üçün ən şən və unudulmaz günlərə çevirməyə müvəffəq olmuş Lənkəran sakinlərinə bəxş etdikləri sevincə, yaradıcı münasibətə və səmimiyyətə görə təşəkkür edirlər. Ən başlıcası, festival peşəkar yenilənmə hissi yaratdı və bu, gələcək yaradıcılıq üçün böyük stimuldur! Bu, yalnız festival iştirakçıları üçün deyil, həm də uşaqlar üçün bayram idi, teatrı sevən Lənkəran sakinləri üçün isə ən dəyərli hədiyyə oldu. Bu isə, ən vacib məsələdir ",- deyə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov festivalın yekununda bildirib.
Ölkənin aparıcı tənqidçilərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun kino, teatr və televiziya şöbəsinin müdiri Vidadi Qafarov keçirilmiş festival barədə danışarkən bildirib: "Bir çox səbəblərdən ölkəmizin teatr festivallarına ehtiyacı var. Bu, ölkəmizin demək olar ki, bütün teatrlarında baş verənlərin mənzərəsini görməyə və teatr prosesinin zəif tərəflərinə diqqət yetirməyə kömək edir. Festivalın beynəlxalq olması da yaxşıdır. Bu, yalnız peşəkar təhlil-tədqiqat düşüncələrini stimullaşdırmaqla qalmır, həm də özünü ifadə üçün yaradıcı axtarışları fəallaşdırır. Təəssüf ki, festivalın ümumi adında "uşaq" sözü yoxdur. Hesab edirəm ki, bu termin qısa müddət qaytarılmalıdır. Çünki böyüklər üçün teatr uşaqlıq çağından başlayır. Ya da ki, heç başlamır. Festivalın konseptual mövqeyi də müəyyən edilməlidir. Bu, teatrlara yalnız pyes seçməkdə deyil, həm də teatr düşüncəsinin, o cümlədən gənc tamaşaçıların teatr düşüncəsinin inkişaf etdirilməsində kömək edəcək. Yaxşı ki, bu festival ölkəmizin cənub bölgəsində keçirilir. Lənkəranda yaxşı bir teatr var. Burada ölkənin tanınmış və sənətilə sevilən bir çox populyar aktyorlar var. Mədəniyyət baxımından məhz cənub bölgəsinə diqqət yönəlməsi də vacibdir. Bu region tarixi, iqtisadiyyatı, Azərbaycan, talış və rus mədəniyyətlərinin xüsusiyyətlərinin qarışdığı xüsusi etnik mədəniyyəti baxımından da maraqlıdır, Bu festivalın uzun müddət yaşamasını və ölkəmizdə ümumi teatr prosesinin təkmilləşdirilməsinə kömək etməsini istərdim".
Lənkəran sakinlərinin özləri isə bu hadisəyə regionun mədəni inkişafı üçün dövlətin göstərdiyi qayğının təzahürü kimi böyük önəm verirlər.
MƏSLƏHƏT GÖR: