23 Dekabr 2024

Bazar ertəsi, 11:03

METRDƏN QISA METRAJ

Tofiq Tağızadənin bərpa edilmiş «Matteo Falkone» filmi. Ustadın 100 illiyi və rejissorun işinə 59 il sonrakı baxış

Müəllif:

15.06.2019

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan kinosunun klassiki Tofiq Tağızadənin filmi bərpa edilib. Rejissor 19 dəqiqəlik "Matteo Falkone" adlı bu qısametrajlı filmini Prospero Merimenin eyniadlı hekayəsi əsasında çəkib. Çox unikal bir iş görülüb. Filmin bərpası layihəsi Azərbaycanın ustad rejissoru Tofiq Tağızadənin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan Mədəniyyət Nazirliyi, «Azərbaycanfilm» kinostudiyası və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun dəstəyi ilə «Balans» rəqəmsal bərpa studiyası tərəfindən gerçəkləşdirilib.

 

Unikal texnologiya

Filmin təqdimatı "Nizami" kinoteatrında keçirildi. Əəlcə yarajıcı ziyalılara filmin bərpaçı heyəti tərəfindən hazırlanmış video təqdim edildi. Görüntülərdə mütəxəssislər lentin neqativinin bərpası işinin texnologiyası göstərildi və şərh edildi. Bərpa işlərini çətinləşdirən o olub ki, filmi neqativ əsasında bərpa etmək lazım gəlib, çünki ölkənin film arxivlərində yalnız neqativi qalıb, pozitiv isə Moskva kino arxivində saxlanılır. Bu gün Moskva arxivlərindən milli kino irsimizə aid bir şey almaq mümkün deyil. Buna baxmayaraq, bizim mütəxəssislərimiz unikal "Info-Suret" sistemi yaratmağı bacarıblar və onun vasitəsi ilə filmin bərpası ilə yanaşı, tam rəqəmsallaşdırılması da gerçəkləşdirilib. Zamanla yaranmış bütün qüsurlar sanki sehirli çubuqla lentdən silinir! Ekspertlərin fikrincə, mürəkkəb texnoloji bərpa prosesindən sonra film hətta orijinalından daha yaxşı vəziyyətə gəlir və çağdaş film prokatının bütün tələblərinə cavab verir. Film transkodlaşdırılır, yeni lentə köçürülür və Azərbaycan Dövlət Film Fondunun arxivinə saxlanılmaq üçün verilir.  

«Nizami» kinoteatrının salonuna həmin axşam toplaşanların hamısı Azərbaycanın itirilmiş film mirasının bərpası üçün unikal bir yerli sistemin yaradılmasının şahid oldular. Yəni indən belə Azərbaycan mütəxəssislərinin Moskva kino arxivlərinə müraciət etməsinə ehtiyac yoxdur ki, onları cavabsız qoysunlar.  

 

«Satqının atası!»

19 dəqiqəlik qısa metrajlı film rejissor tərəfindən 1960-cı ildə çəkilib. Yerli kino tarixçilərinin dediyinə görə, sovet kinematoqrafının Qızıl Fonduna daxil olmuş "Uzaq sahillərdə " (1958) filminin çəkilişində qənaət edilmiş kino lenti ilə çəkilib. Ona qədər artıq tam metrajlı filmlər - "Görüş" (1955) və "Əsl dost" (1959) çəkilmişdi. 1960-cı ildə Prosper Merimenin SSRİ-də məşhur olan, o cümlədən maraqlı sevgi intriqaları "Karmen", "Lokis", "İki qat səhv" də daxil olmaqla, 19 hekayəsi içərisindən Tofiq Tağızadə məhz "Matteo Falkone"ni seçir. Bu əsər tamamilə sovet ideoloji əxlaqına zidd olub.  

Çıxış edənlər atasını sataraq bolşeviklər tərəfindən güllələtmiş pioner Pavlik Morozovla onun arasında oxşarlıqdan danışıblar. İspan yazıçısının novellasında Fortunato adında oğlan eyni dərəcədə dəhşətli bir xəyanət edir – qaçaq inqilabçı Canetonu serjant Qambaya təhvil verir. Bu xəyanətin qiyməti isə serjanta məxsus saatdır - qapağının açılması və taqqıltısı ilə oğlanı heyran edən mexaniki saat. Saat hiyləgər oğlanın saman yığının arxasında gizlətdiyinə görə qaçaqdan aldığı puldan daha önəmli çıxdı. Oğlanın atası - Matteo Falkone əsgərlərin qaçağı apardığı dağ yolunda onlarla qarşılaşanda Canetto Sanpyerodan İspaniyada təhqiramiz hesab edilən bir ifadəni eşidir: "Satqının atası!"  

Bu əhvalat çox faciəli başa çatır: Matteo öz oğlunu dağlara aparır və öz şərəfini biabırçılıqdan təmizləmək üçün tək övladını güllə ilə ürəyindən vuraraq öldürür. Nə arvadının, nə də oğlunun yalvarışları Matteonu dayandıra bilmir. Burada sovet dövrünün senzurası, görünür ki, o dövrün ideoloji intizamının standartına zidd nələrsə görüb: dövlət maraqları fərdi maraqlardan yüksəkdir. Halbuki, senzura belə bir düşüncə ilə çox tələsib. Axı əgər düşünsək, 10 yaşlı oğlan nə edib? O, "qazanmağa" çalışıb. Atası varlıdır və varlı adamın oğlu üçün bu proses olduqca təbiidir. Axı uşaqlar böyükləri təqlid edirlər! Xüsusilə də valideynlərini. Qaçaq onun üçün "əmtəə"yə çevrildi və oğlan daha yaxşı qiymətə "yenidən satdı". Ancaq bu cür münasibətlər, həm də xarakterin xüsusiyyətləri kimi sovet kommunizmin qurucusu məcəlləsinə zidd idi!

Bu səbəbdən senzorlar oğlunu güllələmiş Matteoya qarşı əxlaqsızlığı cəzalandırmış bir qəhrəman kimi davranmalı idilər. Ancaq burda da hər şey elə də sadə və birmənalı deyil. Həqiqətən də, bu gün daha çox söyməyin dəbdə olduğu sovet əxlaqı nöqteyi-nəzərindən Matteo üçün ailəsinin yaxşı adı və oğluna aşıladığı əxlaq qanunları oğlu tərəfindən merkantil maraqlar naminə tapdanmışdı. Merkantillik, yəni qazanc istəyi sovet dövründə alqışlanmırdı. Mənəvi çöküşə bərabər tutulurdu. Beləliklə, Matteo Falkone insanın yüksək mənəviyyatı haqqında filmdir, o öz tək uşağını şəxsi qüruruna görə öldürmür, hətta sovet cəmiyyətinin oturuşmuş qaydalarından baxanda belə, ilahi ədalət qanununa görə mühakimə edir.  

 

Suallar

Görəsən, rejissor niyə məhz bu əsəri seçir? Yəqin ki, onun yalnız özü bu məsələyə aydınlıq gətirə bilərdi. Bu ziyalı insanın sovet dissident çevrələrinə aid olub-olmadığı məlum deyil, ancaq belə görünür ki, buna ehtiyacı olmayıb. Çünki onun yüksək mənəviyyat barədə çəkdiyi bütün əsərlər və kinoda qaldırdığı bütün problemlər sadəcə insanın mənəvi axtarışlarıdır. Onun yaradıcı və bədii araşdırmalarının mərkəzində İnsan dayanır. Həm də İnsana sevgi. Bütün zəiflikləri, çatışmazlıqları, bütün şübhələri və mənəvi axtarışları ilə İnsan. Çox güman ki, Merimenin bu novellası rejissorun diqqətini və marağını Matteo Falkonenin seçim problemi ilə çəkib. Axı, o, qatil, qaniçən deyil, ürəksiz manyak da deyil. O - insandır. Sadəcə, qərar qəbul etməsi lazım gələn bir insan. Doğru qərar. Bu, yalnız qəhrəman üçün deyil, Tofiq Tağızadə üçün də mənəvi seçimdir.

 

Maraqlı faktlar

Maraqlıdır ki, bu qısa metrajlı filmdə rejissorun özü də çəkilib – qaçaq Canetto Sanpyeronun rolunu oynayıb. Matteo rolunu Nodar Şaşıqoğlu, serjant Qambu rolunu Rus Dram Teatrının aktyoru Anatoli Falkoviç, əsgər rolunu isə eyni teatrın aktyoru Murad Yagizarov oynayıb. Oğlanın - Fortunatonun rolunu Ceyhun Mirzəyev, onun anası, yəni Matteonun həyat yoldaşı rolunu isə Tamilla Ağamirova oynayıb. Filmin operatoru Rasim Ocaqov, bəstəkarı Qara Qarayev, ssenari müəllifləri Tofiq Tağızadə və Nina Germandır. Yeri gəlmişkən, bu, rejissorun kino üçün ssenari yazmaq üzrə tək təcrübəsi deyil. Tofiq Tağızadə "Mən rəqs edəcəm " (1962), "Arşın mal alan" (1965), "O dünyadan salam" (1993) filmlərinin də ssenarilərinin müəllifidir.

Bir məsələ də var. Tofiq Tağızadənin yaradıcılığı yalnız Azərbaycana məxsus deyil. Sovet illərində o, SSRİ-də çox məşhur, populyar və tanınmış rejissor idi. Onun filmlərini tanıyırdılar və sevirdilər. Sovet respublikalarının kinoteatrlarınının kassalarının qarşısında onun yaradıcılığını sevən tamaşaçıların uzun növbələri yaranırdı. Bu gün belə tamaşaçı sevgisinə malik rejissorlar kult sayılır.

Tofiq Tağızadənin predmetlərin mahiyyətinə kulturoloji baxışları bu gün də maraqlıdır. Prosper Merimenin maraqlı olduğu kimi. Çünki mənəvi problemlər ilə bağlı mövzular əsla köhnəlmir. Ən azındanı İnsan sağ olduğu müddətcə...

Sovet və rus ədəbiyyatşünası, kulturoloq və semiotik Yuri Lotman Merime haqqında yazırdı ki, yazıçı mövqeyinin kəskinliyi "onun vurğulanan tərəfsizliyi, ən subyektiv baxışını nə dərəcədə obyektiv təsvir etməsi ilə bağlıdır. Avropanın fərqli bölgələrinin mədəniyyətlərində yetişmiş qəhrəmanlar üçün təbii olan gerçəklik personaj-avropalı üçün fantastika və mövhumat kimi görünür. Merime üçün "maarifləndirmə", "xurafat" anlayışları yoxdur, mədəni psixologiyaların fərqliliyi var və o, bunları xarici müşahidəçi obyektivliyi ilə təsvir edir. Hekayəçi Merime həmişə təsvir etdiyi ekzotik dünyadan kənarda olur".  

Azərbaycan kinosunun klassiki Tofiq Tağızadənin mövqeyinin kəskinliyi çox yerdə yazıçı mövqeyi ilə üst-üstə düşür. Buna görə də, öz qısa metrajlı filmini çəkən zaman o, senzorların nə deyəcəyi və düşünəcəyi haqqında fikirləşməyib. O, sadəcə Matteo Falkoneni bir insan kimi mədəni psixologiyasını araşdırıb. Özü araşdırıb və izləyiciyə bu işin ortaq müəllifi olmağı təklif edib. Çünki onun üçün bizi bu prosesə cəlb etmək və bunu təhlil etmək önəmli olub: Matteo kimi bir insanın həqiqəti nədən ibarətdir? Onun mühakimə etmək və cəzanı icra etmək hüququ varmı? Qısa metrajda, cəmi 19 dəqiqədə... Ancaq bu dəqiqələr düşündürməkdən əl çəkmir, təkrar-təkrar sual verməyə məcbur edir: Matteonun başqa yolu var idimi?..



MƏSLƏHƏT GÖR:

379