Müəllif: Valentina REZNİKOVA
Heykəltəraş Mahmud Rüstəmov hesab edir ki, sərgisinə gələnlərin onun əsərlərinin adını oxumasına ehtiyac yoxdur. Çünki bu şəkildə onlar öz fantaziyalarının uçuşunu məhdudlaşdırmağa risk edirlər. Hər hansı bir sənət əsərinin təhlili müəlliflə və onun xəyal dünyası ilə ünsiyyət qurmaq yollarından biridir. Bunun üçün Azərbaycan Mədəniyyəti Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasından daha yaxşı bir yer yoxdur - bu günlərdə Mahmud Rüstəmovun «Un/published» fərdi sərgisi keçirilir. Ekspozisiyada rəssamın 1990-cı ildən başlayaraq yaradıcılığının müxtəlif dövrlərinə aid heykəltəraşlıq və rəsm əsərləri təqdim olunur.
Sülalə
Rəssamın yüzə yaxın müxtəlif əsəri rahat şəkildə Muzey Mərkəzinin dörd zalına yerləşib. Onlar sirli, çılğın və cazibədardır. Onlarda yetərincə şifrəli ismarıclar və bu ismarıcları tapmaq gərəkdir. Onun əsərlərində kimlərinsə başa düşə bilməyəcəyi çox şeylər var. Lakin onlarda ağır dağıdıcı başlanğıc yoxdur, onlarda işıq çoxdur və Həyat hissi var...
Bütün bunlar təkcə genlərlə deyil, həm də istedadla bağlıdır. Mahmud Aslan oğlu Rüstəmov 1967-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Mahmud adı ona ata xətti ilə babasının şərəfinə verilib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (heykəltəraşlıq sinfini), M.Əliyev adına İncəsənət İnstitutunu (1992) bitirib. Ömər Eldarovun rəhbərliyi altında SSRİ Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasını keçib.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Çox sayda Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Mədəniyyət və Turizm Nazirliyinin mükafatının, Gənclər və İdman Nazirliyinin "İlin heykəltəraşı" (2000) mükafatının qalibidir. Aslan və Teymur Rüstəmovlarla birgə M.Cavadzadənin qəbirüstü abidəsinin, Xocalı faciəsi (Goranboy) abidəsinin, Müslüm Maqomayevin büstünün (Həştərxan, 2011) və Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası, 2011) müəllifidir. 2006-cı ildən Rüstəmovlar sülaləsinin ailə qalereyasının – «Rustamovs Art House»un ortağıdır.
Hədiyyə
Mahmud Rüstəmov dostcanlı insandır, ünsiyyətcildir, etibarlı davranışı və açıqsözlü olması ilə hörmət qazanıb. Sahə üzrə həmkarları arasında qeyri-adi bir şəxs kimi tanınır. Genişürəklidir. Belə ki, 1999-cu ildə Böyük Britaniya, Almaniya və Fransanın səfirlikləri tərəfindən təşkil edilən ilk fərdi sərgisi zamanı bütöv seriya qrafiki işlərinin əlilliyi olan uşaqlar üçün sığınacaqda çalışan bir yaşlı xanıma bağışlayıb. Xanım bu əsərlərlə uşaqları sevindirmək istəyib. Ancaq onun heç pulu olmayıb və Rüstəmov bu işləri ona sadəcə bağışlayıb. Bir həmsöhbət kimi Mahmud Rüstəmov opponentinə özəl yanaşması və düşüncələrinin dərinliyi ilə insanları özünə cəlb edir.
- Mahmud, adətən, rəssamlar öz əsərlərini çəkərkən süjetin məzmununun, az qala, kosmosdan gəldiyini deyirlər. Bu cür açıqlamalar, demək olar ki, möhürə çevrilib. Bəs, sizin rəsm və heykəltəraşlıq əsərlərinizin sxemləri necə yaranır?
- Bilmirəm. Bu, sadəcə, sənə gəlir, vəssalam! Birdən, sən yuxudan oyanırsan və anlayırsan ki, prosesin başlayıb və heç nəyə baxmadan elə indi işə başlamalısan. Başlayandan sonra isə, özünün harada olduğunu, süjet üzrə aparan halın harda olduğunu müəyyənləşdirmək artıq mümkün deyil. Çox vaxt bilmirsən ki, iş necə qurulacaq və necə başa çatacaq.
- Bu yalnız rəsmlərə aiddir, yoxsa heykəllər də belədir?
- Bu, ümumiyyətlə, bütün yaradıcılıqla bağlıdır!
Heykəltəraş yalan danışmır. Sərgidə gəzərkən ikinci gün qonaqların hansı işlərə diqqət yetirdiyi ilə maraqlandıq. Burada, məsələn, birinin "Ponçik daşıyan quşlar" kimi epataj adı var. Hamı onun yanında dayanır və uzun müddət baxır. Gedirlər, sərginin salonlarını gəzirlər, yenidən qayıdırlar. Axı, onda özəl nə var? Ön planda yorğun halda oturan Qadının fonunda qəribə "personajlar" öz həyatlarını yaşayırlar: uzunqulaqlı dovşan, əjdaha, molyusklar və əlbəttə ki, dimdiyində ponçik olan quşlar! Təsviri yaradıcılığı sevənlər üçün gözəl intellektual rebusdur! Özəlliklə, Qadının dırnaqlarına diqqət yetirdikdə, ayaqlarının çılpaq dabanlarını davamı olduğunu görmək olur! Yırtıcıdan fərqi nədir?
"Xırda balıqlar və fillər arasındakı savaş"
İkinci ekspozisiya zalında bu adla yerləşdirilən əsərlər sırası yaradıcı təxəyyülün inkişafı və qəbul edilmiş forma konsepsiyasından kənara çıxaraq, tək bir müstəvi üzərində olmayan şeylərin mahiyyətini görmək qabiliyyəti üçün gözəl sahədir. İki gün ərzində biz anlamağa çalışdıq ki, gerçək olmayan, qeyri-real səhra və sututarların fəzasını doldurmuş görünməmiş formada canlı orqanizmlərin əks olunduğu əsər izləyicilərdə hansı təəssüratları yaradır! Sadəcə, ilk baxış təəssüratını bilmək istəyirdik. Əgər diqqətlə baxsanız, rəng xətlərinin və ləkələrinin qəribə çuğlaşmasından qəflətən insan fiqurları və üzləri, çiçəklər, filin gülən gözləri, qumdan üzə çıxan balıqlar yaranır, həm də insan təsəvvürünün başqa nələri çəkə biləcəyini görəcəksiniz! Bu maraqlı intellektual oyun başımızın üstündə xoş və aydın bir səmada üzən buludların optik oyunlarına bənzəyir!
«12 heykəl portreti»
Mahmud Rüstəmovun Qadının emosional hallarına həsr edilmiş heykəltəraşlıq əsərləri peşəkarlar və izləyicilərin xüsusi diqqətini çəkdi. On iki qadın heykəl portreti üçüncü ekspozisiya zalının mərkəzində elə yerləşdirilib ki, onların yanından diqqətsiz ötmək mümkün deyil! Bir bürünc üzdən digərinə keçərək qadın hisslərinin, duyğularının, yaşantılarının və həyəcanının təbiətcə şüurdankənar bir başlanğıcdan gəldiyini görmək olur. Məhz bu başlanğıc Qadına öz vaxtında şairlərin, rəssamların və musiqiçilərin vəsf etdiyi sirliliyi bəxş edir.
"10 000 volt"
Rəssamın 90-cı illərin sonlarında çəkdiyi qrafiki əsərdir. Rüstəmovun əsərlərinin cəlbedici olmasının sirri məhz ondadır. Baxın. Qarşımızda İnsan dayanıb. O, əllərini yuxarı qaldırıb, saçları elektrik vurmuş kimi kosmosa yönəlib. Bax, bu, Yaradıcılıqla və Kainat arasındakı qırılmaz əlaqənin dərəcəsi. İnsan (xüsusilə də Sənətkar!) Yalnız İlahi həqiqət yolunda bir Bələdçidir... Mahmud Rüstəmov bütün yaradıcı həyatı bu yolla gedir. Və axtarır. Həqiqətin mənasını və məğzini ona göstərə bilən qısa məsafəni. O nədədir? Rəssam üçün, ümumiyyətlə elə sadə fani insan üçün axtarışlardadır. Özünüzünü. Mənanı...
"Mən heykəltəraşam!"
Özü haqqında belə deyir: "Mən rəssam deyiləm, heykəltəraşam!" Əvvəlcə, bu, təəccübləndirdi. Axı, prinsipcə, heç bir fərqi yoxdur. Rəssam! Amma əgər bir rəssam özü haqqında bir rəssam deyil, heykəltəraş olduğunu söyləyirsə, bu da bir məna verir! Bəs, o məna nədir? Yəqin ki, bunu yalnız sənətşünaslar başa düşə bilirlər, amma biz sadəcə həvəskarlar kimi düşünürük: onun qrafiki və rəsm əsərlərindən heykəltəraş görünür. Çünki əsərlərin kompozisiyasına diqqət yetirsəniz, şəksiz təsvir olunan obyektin mahiyyətinə heykəltəraşın baxışını görə bilərsiniz. Hətta "Yol" jurnalında, yaxud Oqtay Mir-Qasımın "Hamının sağ olduğu vaxtlar…" adlı kitabında onun qrafik illüstrasiyalar seriyalarına baxdıqda, bu baxışı tapmaq mümkündür.
MƏSLƏHƏT GÖR: