Müəllif: Cahangir HÜSEYNOV
Çin Vaşinqtonun balanssız qarşılıqlı ticarət ittihamlarına uzun müddət kifayət qədər təmkinlə reaksiya verirdi. O, ittihamlara cavab olaraq nəinki sərt tədbirlər görmür, hətta bəyanatlarında belə, çox təmkinli davranırdı. ABŞ-ın gömrük tariflərinin artırılması ilə bağlı hər qərarına Pekin güzgü effektilə cavab verir, eyni zamanda vəziyyəti masa arxasında müzakirə etməyə hazır olduğunu bildirirdi.
Bütün bu dövr ərzində danışıqlar demək olar ki, fasiləsiz davam etsə də, tarif savaşı getdikcə qızışır. Artıq iki dövlət arasında gərginliyin daha da artacağına, üstəlik, onun yalnız iqtisadi sahə ilə məhdudlaşmayacağına heç kəsin şübhəsi qalmayıb. Amerikanın yeni hərbi doktrinası da bunu açıq şəkildə ortaya qoyur. Sənəddə Çin ABŞ-ın təhlükəsizliyinə əsas təhdidlərdən biri kimi göstərilir.
Halbuki indiyədək Çin NATO üçün heç vaxt əsas mövzu olmayıb. Bu ilin aprelində isə alyansın yaradılmasının 70 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri kifayət qədər uzun müddət məhz Çinlə bağlı məsələləri müzakirə edib. ABŞ-ın vitse-prezidenti Mayk Pens çıxışında kifayət qədər açıq danışıb: «Bəlkə də, NATO-nun yaxın 10 ildə üzləşəcəyi ən böyük problem Çin Xalq Respublikasının inkişafına uyğunlaşmamız olacaq. Və biz buna uyğunlaşmalıyıq».
Cavab özünü çox gözlətməyib. Məlum olub ki, Çin də özünün hərbi doktrinasına dəyişiklik etmək qərarına gəlib. Böyük ehtimalla bilərəkdən sızdırılmış məlumata görə, sənəddə düşmənə preventiv zərbələrin endirilməsinə icazə veriləcək.
Düşmənin kim olduğunu anlamaq isə çətin deyil. Bunu gizlədən də yoxdur. Məsələn, Çinin Hərbi Elmlər Akademiyası rəhbərinin müavini Lu Yuan qəflətən bəyan edib ki, gərginliyin aradan qaldırılması üçün Cənubi Çin dənizində Amerikanın göyərtəsində 10 minlərlə hərbçinin olduğu 2 təyyarə gəmisini batırmaq kifayətdir. O, hesab edir ki, bu halda ciddi insan tələfatı ilə üzləşmiş Amerika ictimaiyyəti prezidentini təslim olmağa məcbur edəcək.
Yaxud daha bir misal. Çinin sabiq ticarət naziri Vey Tszyanqo «South China Morning Post»a açıqlamasında bildirib ki, Pekin uzunmüddətli müharibə aparmaq əzmində və gücündədir. «Çin Amerikanın fəndinə qarşı nəinki kunq-fu ustası kimi çıxış edəcək, həm də özünü təcrübəli boskçu kimi göstərərək öldürücü zərbə endirəcək», - deyə o, qeyd edib.
Bu hədə dolu fikirlər heç də yalnız xarici auditoriyaya hesablanmayıb. Məqsəd həm də ölkə daxilində döyüş ruhunun artırılmasıdır. Maraqlıdır ki, bu cür təbliğat işlərinə qəflətən başlanılıb. Mayda ölkənin əsas televiziya kanalı olan CCTV-6 müntəzəm proqramından imtina edərək, Koreya müharibəsi haqda Çinin Amerikaya qarşı necə uğurla döyüşdüyündən bəhs edən silsilə filmlərin nümayişinə başlayıb: «Qəhrəman oğullar və qızlar», «Şanqanlinq dağında döyüş», «Qəfil hücum» və s.
Eyni zamanda əhalinin uzun illər davam edə biləcək müharibəyə hazırlanmasına da başlanılıb. Məsələn, Maonun 1938-ci ildə yaponlarla müharibə zamanı etdiyi çıxışlarının məcmusu yenidən milyonlarla tirajda çap olunur. O zaman Çinin təcavüzkarı dəf etməsi üçün 7 il lazım gəlmişdi.
Artıq Çin KİV-i və sosial şəbəkələr hərbi bəyanatlarla, fikirlərlə doludur. «Weibo» saytının yazdığına görə, «Danışmaq istəyirsən? Gəl, danışaq. Döyüşmək istəyirsən? Döyüşək. Bizi ələ salmaq istəyirsən? Yuxunda görərsən!» şüarı sosial şəbəkə istifadəçiləri arasında ən populyar şüara çevrilib.
Sədr Sinin təşəbbüsü
Heç bir müharibə müttəfiqsiz qazanılmır. Bu mənada ÇXR sədri Si Cinpinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iyunun 15-də Düşənbədə keçirilmiş beşinci Zirvə Toplantısında irəli sürdüyü təşəbbüs kifayət qədər məntiqli görünür. O, Asiyanın öz təhlükəsizlik konstruksiyasını qurmalı olduğunu deyərək, bunun üçün NATO formasında birliyin yaradılmasını təklif edib.
«…Asiya ölkələrinin təhlükəsizliyinə yeni, daha geniş çərçivədə yanaşılması vacibdir. Asiya dövlətləri region üçün yaranan təhdidlərə əl-ələ cavab verməlidir. Təhlükəsizlik sahəsində yeni əməkdaşlıq region dövlətləri arasında davamlı əlaqəyə, qarşılıqlı inam prinsipinə əsaslanmalıdır», - deyə Si Cinpin bildirib.
Çin lideri analoji çağırışla qurumun 2014-cü ildə keçirilmiş əvvəlki sammitində də çıxış etmişdi. Lakin bu dəfə məsələnin yalnız çağırışla məhdudlaşmayacağını düşünmək olar.
Çin 2016-cı ildə Əfqanıstan, Pakistan və Tacikistanla hərbi blok yaratmağa ilk cəhdini etmişdi. O zaman Pekin bunun «Mərkəzi Asiya NATO-su» yox, sadəcə, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) əlavə anti-terror əməkdaşlığı olacağını deyirdi. Lakin Rusiya bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövcudluğuna təhdid sayaraq, ideyaya qəti etirazını bildirmiş, bu üzdən də təklif elə təklif olaraq qalmışdı.
Bu, Çinin yaxın qoşuları ilə təhlükəsizlik, terrorçuluqla mübarizə sahəsində birliyə ilk cəhdi idi. Bunadək Asiyada belə alyansların yaradılması təşəbbüsü ilə başqaları çıxış edirdi və Çinin həmin alyanslarda iştirakı nəzərdə tutulmurdu. Əksinə, belə birliklərin yaradılması zərurəti iqtisadi və hərbi baxımdan sürətlə inkişaf edən Çinin regionun digər ölkələri üçün təhlükəyə çerilə biləcəyilə əsaslandırılırdı.
Uğursuz cəhdlər
Daha dəqiq desək, Asiyada İkinci Dünya müharibəsindən sonra yaradılmış ilk hərbi bloklar regionda kommunizm təhdidinə qarşı formalaşdırılıb. Yalnız SSRİ-nin süqutundan sonra diqqətlər Çinə yönəlməyə başlayıb.
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı (SEATO). 1954-1977-ci illərdə mövcud olub. Adına baxmayaraq, orada əsasən regiondan kənarda yerləşən, lakin bu bölgədə maraqları olan dövlətlər yer alıb – Avstraliya, Fransa, Yeni Zelandiya, Pakistan, Böyük Britaniya, ABŞ, Filippin və Tailand. Kommunizmin Cənub-Şərqi Asiyanı bürüməsini əngəlləmək məqsədilə yaradılmış SEATO iflasa uğramış layihə sayılır. Çünki üzv dövlətlər arasındakı münaqişələr və mübahisələr Silahlı qüvvələrdən birgə istifadəyə hər zaman mane olub.
Mərkəzi Müqavilə Təşkilatı (CENTO). Bağdad Paktı və ya Yaxın Şərq Müqaviləsi Təşkilatı (METO) kimi də tanınmış qurum 1955-ci ildə İran, İraq, Pakistan, Türkiyə və Böyük Britaniya tərəfindən yaradılıb və 1979-cu ildə buraxılıb. Yeri gəlmişkən, 1958-ci ildən Tehranda CENTO-nun Nüvə Elmləri İnstitutu yerləşir.
Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QSD, eyni zamanda QUAD kimi də tanınır). 2007-ci ildə yaradılmış qurumda Hindistan, ABŞ, Yaponiya və Avstraliya yer alıb. Onların əldə etdiyi diplomatik və hərbi razılaşmalar Çinin iqtisadi və hərbi qüdrətinə qarşı yönəlmişdi. 2013-cü ildə Avstraliyanın Çinin ciddi təzyiqləri qarşısında birliyi tərk etməsilə, təşkilat dağılıb.
ABŞ ilə Hindistan 1992-ci ildən «Malabar» adlı birgə hərbi təlimlər keçirir. Zaman-zaman bu təlimlərə Yaponiya ilə Avstraliya da qoşulur. 2017-ci ildən isə QSD-nin bərpası haqda danışıqlar aparılır. Üstəlik, indi ona Vyetnamla İndoneziya da maraq göstərir.
QSD Çin üçün kifayət qədər açıq meydan oxumaqdır. Lakin Pekin hələ ki, onun təşkilatçılarına ayrı-ayrılıqda təzyiqlər göstərməklə təsir edə bilir. Regionun Çini özünə təhdid sayan digər ölkələri də məhz bu səbəbdən QSD-yə qoşula bilmir. Hər halda, 14 müxtəlif dövlətlə 22 117 kilometrlik sərhədə malik Çin demək olar ki, bütün qonşuları ilə ərazi münaqişəsi yaşayır.
Asiya NATO-sunun əleyhinə 3 məqam
Regionun Hindistan və Yaponiya kimi nəhəng ölkələri son illər ABŞ ilə Asiyada təhlükəsizliklə bağlı çoxtərəfli alyansın yaradılmasına hazır olduqlarını dəfələrlə bəyan ediblər. Onlar hesab edirlər ki, «Çinin artmaqda olan hərbi qüdrəti qarşısında balans naminə» Asiyada NATO-nun analoqu olacaq birliyin yaradılmasına ehtiyac var. Pekin isə bu cəhdlərin iflasa məhkum olduğuna əmindir. Çinlilərin belə düşünməsi bir neçə səbəbdən irəli gəlir. Birincisi, Birləşmiş Ştatlar özünün iştirakı ilə Asiya NATO-sunun yaradılmasına heç zaman ciddi yanaşmayıb. Hər halda, o, burada da əsas xərcləri üzərinə götürmək istəmir. Doğrudur, Vaşinqtonun Asiya-Sakit okean regionundakı müttəfiqləri son illər hərbi xərclərini xeyli artırıb və 2020-ci ilə o, təxminən, 553 milyard dollar təşkil edəcək. Lakin 2019-cu il üçün yalnız ABŞ-ın hərbi büdcəsi 725,5 milyard dollardır.
İkincisi, ABŞ-ın Asiya regionundakı müttəfiqlərilə bir çox fikir ayrılığı, o cümlədən ərazi mübahisəsi var.
Üçüncüsü, Çin investisiyasından, onunla ticarətdən ciddi şəkildə asılı olan bir çox dövlət təhlükəsizlik üzrə çoxtərəfli formal öhdəliklərdən qaçır və bundan sonra da qaçacaq. Çünki Çin Asiya-Sakit okean regionunun, demək olar ki, bütün dövlətlərinin ən nəhəng ticarət tərəfdaşıdır.
Amerikanın strategiya və təhlükəsizlik mərkəzlərindən birinin eksperti Robert Menninq hesab edir ki, bu gün Asiya-Sakit okean regionu ölkələrinin əsas qorxusu məhz Çinlə ABŞ arasında seçim etmək məcburiyyətində qalmaqdır. Çinin artan nüfuzu qarşısında ABŞ-ın regionda mövcudluğu ilə sığortalanmaq başqadır, böhran və ya hərbi münaqişə zamanı tərəflərdən hansının yanında olmaq başqa. Məsələn, Cənubi Çin dənizində, Çin-Hindistan münaqişəsində, Tayvan və ya Koreya yarımadası ətrafında yaşananlarda və s.
Amma Çin də regionda ABŞ-ın iştirakı olmadan miqyaslı hərbi blok yaratmaq qərarına gələrsə, eyni dilemma qarşısında qalacaq.
MƏSLƏHƏT GÖR: