Müəllif: Kənan RÖVŞƏNOĞLU
Dünyanın diqqətində olan İstanbulda təkrar bələdiyyə seçkiləri səs-küysüz başa çatdı. Namizədlər arasında kifayət qədər böyük olduğuna görə, nəticələri hər kəs qəbul etdi, hətta hakim partiya etiraz etmədi. Artıq seçki gününün axşamı prezident Rəcəb Tayyib Ərdoğan, AKP namizədi Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik etmişdi. Martın 31-də 25 min (daha sonra etibarsız bülletenlərin sayılması nəticəsində fərq 13 minə enmişdi) olan səs fərqi iyunun 23-də 806 minə yüksəlmişdi. İstanbullular bu dəfə İmamoğlu seçimində daha qəti olmuşdular.
Artıq seçki prosesi arxada qalıb. İmamoğlu qarşıdakı 5 il ərzində Avropanın ən böyük şəhərini idarə edəcək. İstanbul seçicisinin 54,21 faizi, yəni başqa sözlə, 4 milyon 741 min 868 seçici Əkrəm İmamoğlunu dəstəkləyib. Bu nəticə İstanbulun yeni merinin başlanğıcı üçün böyük dəstəkdir. Amma qarşıda onu çətin sınaqlar gözləyir.
İstanbulun əhəmiyyəti
İstanbul bələdiyyəsi məclisində iqtidar koalisiyasının 180, müxalifətin isə təqribən 140-a yaxın üzvü var. Yəni İmamoğlunun ən ciddi müxalifəti Bələdiyyə Məclisində olacaq. İkinci ciddi problemi bələdiyyədəki iqtisadi vəziyyətdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) may ayının rəsmi rəqəmlərinə görə 500-ə yaxın firmaya 26 milyard 800 milyon lira borcu var.
İBB-nin builki büdcəsi 23.8 milyard lirədir. Buna əlavə olaraq, 2.5 milyard lirə İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri) ve 8 milyard 501 milyon lirə həcmində İSKİ (İstanbul Su Kanalizasiya İdarəsi) büdcələri ilə birlikdə İBB-nin 2019-cu il büdcəsi 34 milyard 801 milyon lirəyə çatıb. Yəni təxminən büdcənin 75 faizi qədər borc var. Bu isə yeni sədr üçün gələcəkdə ciddi problemlər yarada bilər.
Amma indi necə deyərlər, bunun zamanı deyil. İndi hər kəsi İstanbul seçkilərinin nəticələrini doğuran səbəblər və ən əsası bundan sonra nə olacağı düşündürür. Həqiqətən də, nə baş verdi ki, cəmisi bir il əvvəl prezident və parlament seçkilərini qazanan, bələdiyyə seçkilərində ümumi faiz etibarilə qalib gələn AKP və MHP-nin qurduğu Cümhur İttifaqı koalisiyasıilk dəfə İstanbul, Ankara kimi iki böyük şəhəri və Aralıq dənizi sahilindəki bütün vilayətləri itirdi. Türkiyədə nə baş verir?
Məsələ ondadır ki, İstanbul, bir qayda olaraq, Türkiyədə hakimiyyətdə olan bütün siyasi qüvvələrin, xüsusən də AKP-nin “qalası” hesab olunub. Yəni iqtidar partiyasının gücü onun İstanbul bələdiyyəsinə sahib olması ilə əsaslandırılıb. Xüsusən də, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın siyasətin olimpinə yüksəlişi 1994-cü ildə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri seçilməsi ilə başlayıb. 2002-ci ildə AKP növbədənkənar seçkilərdə qalib gələrək Türkiyədə iqtidara gəldikdən sonra da İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri postu AKP-də olub.
İndi isə bu “tilsim” qırılıb. Uzun illərdən sonra hakim partiya ölkənin iqtisadi paytaxtını itirdi. Türkiyədə 2018-ci ildə ixracatın 51 faizi İstanbuldan həyata keçirilib. Avropanın 3-cü ən böyük turist cəlb edən şəhəri olan İstanbulda ötən ilin yanvar-noyabr aylarında 78 milyard dollardan çox ixracat həyata keçirilib. Avropanın ən böyük şəhəri artıq AKP-nin deyil. Bəs, nə baş verdi ki, bir il əvvəl parlament seçkilərində 33,9 faiz səs alan CHP-İYİ Partiya-Səadət ittifaqı bir ildən sonra Səadət Partiyası olmadan İstanbulda 54 faiz səs alaraq, AKP-ni məğlub elədi. Halbuki bir il əvvəl 2018-ci ilin iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərindəAKP-MHP ittifaqı İstanbulda 53,7 faiz səs toplaya bilmişdilər.
Seçkiyə təsir edən yerli faktorlar
Əlbəttə, ilk növbədə, qalibin haqqını vermək lazımdır. Əkrəm İmamoğlu təkcə İstanbul deyil, Türkiyə siyasətinə yeni nəfəs gətirdi. Daha əvvəl mərkəzdə siyasi arenada görünməmiş, cəmisi 15-20 faiz arası ölkə vətəndaşının tanıdığı Beylikdüzü bələdiyyəsinin 49 yaşlı sədri iki seçki kampaniyasında özünü tanıtdı. Hakim siyasi elitanın sərt ritorikasına qarşı İmamoğlu qucaqlayıcı, birləşdirici yumşaq bir siyasətçi imici ilə gəldi. Və bu, öz nəticəsini verdi. İstanbul seçicisi hakim partiyanın ikinci adamını deyil, Türkiyədə cəmisi 28 faizlik elektoratı (son 10 ildə bütün seçkilərdə CHP 28 faizi keçə bilməyib) olan partiyanın təmsilçisini seçdi. Əlbəttə, burada İmamoğlunun ənənəvi sekulyar, dinə məsafəli CHP elektoratından deyil, dindar-mühafizəkar ailədən olması amili də vardı.
Amma bu qələbə yalnız İmamoğlu və komandasının uğurlarına borclu deyil. İqtisadi sahədə müəyyən uğursuzluqlar, inflyasiya, işsizliyin artması, xüsusən də İstanbul kimi dünyanın ən bahalı şəhərlərinin birində aşağı gəlirli seçicilərin bir hissəsinin müxalifətin namizədinə səs verməsi ilə nəticələndi.
Və kürd amili. Statistik araşdırmalara görə, Türkiyə əhalisinin 14,İstanbul sakinlərinin isə 15 faizə qədərini kürdlər təşkil edir. Yəni hazırkı statistikaya əsasən, İstanbulda 1,5 milyon kürd seçici var. Bu seçicilərin arasında əsasən dindar-mühafizəkar kürdlər, bir qayda olaraq, AKP-ni dəstəkləyib. Bu, AKP-nin iqtidarda olduğu 17 il ərzində bu cür davam edib. Ancaq HDP-nin, daha əvvəl BBP kimi kürd partiyalarının meydana çıxması ilə kürdlərin səslərinin böyük bir qismi bu partiyalara getdi. Baxmayaraq ki, bu partiyalar əsasən sol siyasi təşkilatlar olub. Ancaq Türkiyədə son illərdə, bir qayda olaraq, HDP-nin 10-11 faizlik səsi var idi. Belə göründü ki, kürdlər bu seçkilərdə AKP-nindeyil, CHP namizədinin yanında yer alıblar. Təbii ki, burada HDP liderlərinin, hazırda həbsdə olan partiya həmsədri Səlahəddin Dəmirtaşın çağırışı mühüm rol oynadı. Buna qarşı olaraq terrorçu təşkilat PKK lideri Abdullah Öcalanın İmralı həbsxanasından onunla görüşən bir universitet müəllimi vasitəsilə kürdləri tərəfsiz olmağa çağıran məktubu da nəticəsiz qaldı. Üstəlik, bəzi müşahidəçilərə görə, seçkilərə bir neçə gün qalmış baş verən bu hadisə, yəni kürd səsləri uğrunda AKP-CHP çəkişməsi hazırda MHP ilə ittifaqda olan AKP üçün tərs təpki verib. Milliyyətçi seçici elektoratının bir qismi hakimiyyətdən üz çevirib.
Regional və beynəlxalq amil
Türkiyə mətbuatında 23 iyun seçkiləri ilə bağlı yayılmış fotolardan biri ABŞ-ın İstanbul konsulluğunda çəkildiyi iddia olunan foto idi. Fotoda bir dəstə insan sevinclərini nümayiş etdirir. Mətbuat bu fotonun konsulluqda İmamoğlunun qələbəsinin elanı zamanı çəkildiyini iddia edir. Əlbəttə, mübahisəlidir, çünki ən azından bazar günü axşam konsulluqda o qədər insanın iş başında olması inandırıcı görünmür və bu fotonun yayılmasını daha çox təbliğat vasitəsi olaraq istifadə olunması daha məntiqlidir.Lakin hazırda ABŞ-Türkiyə münasibətləri həddən artıq gərgin olduğunuvə təbii ki, sekulyar siyasətçi İmamoğlunun qələbəsinin Vaşinqtonda məmnuniyyətlə qarşılanmasını inkar etməyə də gərək yoxdur. Vaşinqton hələ də Ərdoğanın Rusiyadan S-400 zenit-raket kompleksləri almasını həzm edə bilmir. Bu gedişlə, yəqin ki, Ankara S-400-lərə görə sanksiyalarla üzləşəcək, ya da F-35 döyüş təyyarələrini ala bilməyəcək. Üstəlik, 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra Ankara rəsmilərinin açıqlamalarından da belə anlaşılırdı ki, Vaşinqton Ərdoğanın getməsi üçün əlindən gələni edir. Əlbəttə, amerikalıların İstanbul seçkilərində nə edə biləcəyi məlum deyil, amma ən azından İmamoğlunun qələbəsinə sevindikləri dəqiqdir.
Ümumiyyətlə, bir sıra analitiklərə görə, “ərəb baharı” sonrası Yaxın Şərqdə baş verənlər siyasi islam üçün ağır zərbə oldu. İran inqilabından sonra yüksəliş dövrünü yaşayan siyasi islamçılıq 2000-ci illərin əvvəllərində parlaq dövrünü yaşayırdı. 2002-ci ildə Türkiyədə, 2006-cı ildə Fələstində seçkilərdə islamçılar qalib gələrək hakimiyyətə gəldi. Türkiyə və şəxsən Ərdoğanın liderliyində müsəlman demokratiyası modeli, hətta Qərbdə belə müsəlman aləmi üçün nümunə olaraq qəbul edilməyə başlamışdı. Hətta “ərəb baharı”nın birinci mərhələsində dinc inqilablar zamanı bir sıra ölkələrin Türkiyə modelini örnək alması müsəlman dünyasında Türkiyə modelinə olan rəğbəti göstərirdi. Ancaq tezliklə xalq inqilabları qanlı terror müharibələrinə çevrildi və Suriyada prezident Bəşər Əsədin silahlı üsyançılar tərəfindən devrilməsi planı Rusiya və İranın müdaxiləsi ilə fiaskoya uğradı, Misirdə isə inqilab nəticəsində seçkilərlə hakimiyyətə gələn “Müsəlman Qardaşlar” Hərəkatı bir ildən sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn kimi ölkələrin dəstəyi ilə həyata keçirilən hərbi çevriliş nəticəsində devrildi. Bununla da, “ərəb baharı”nın bir islam oyanışı prosesi olmadığı aydınlaşdı.
Bundan başqa, Yaxın Şərqdə islam adına, şəriət gətirmək adına aparılan amansız terror müharibəsi Türkiyədə də digər müsəlman ölkələrində olduğu kimi, siyasi islam və şəriət tərəfdarlığına ciddi zərbə vurdu.
Məsələn, Gallup Sosioloji sorğu mərkəzinin 2007-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyədə əhalinin 7 faizi tam şəriət qanunlarına keçdi, 26 faiz isə bəzi şəriət qaydalarının tətbiqini arzulayırdı.
Ancaq 2016-cı ildə yenə “Gallup” keçirdiyi sorğunun nəticələrinə əsasən, Türkiyədə əhalinin yalnız 13 faizi ölkə qanunlarında “Quran” hökmlərinə istinadın tərəfdarı olduğunu etiraf edib. Ancaq maraqlıdır ki, din siyasət və qanunlara heç bir təsirinin olmamasına, tam sekulyarlığa tərəfdar olanların sayı 2012-ci ildə 27 faizdən 2016-cı ildə 36 faizə yüksəlib.
Təbii ki, bu “oynamalar”, gərgin regional proseslər Türkiyə seçicisi və onun seçiminə də təsir etməmiş deyildi. Hansı ki, bu seçkilərdə İstanbulda özünü büruzə verdi. Əlbəttə, qeyd olunan faktorların heç biri həlledici olmasa da, hər birinin müəyyən ölçüdə təsiri oldu. Və yəqin ki, olmaqda davam edəcək.
Bundan sonra nələr ola bilər?
Əlbəttə, İstanbul seçkilərinin siyasi iqtidara öldürücü zərbə olduğunu demək çox tez olardı. İyunun 25-də partiyasının qrup toplantısında Türkiyə prezidenti deyib ki, “xalqdan gələn mesajı diqqətə” alacaqlar. Qarşıda hələ 4 ildən çox vaxt var.
Lakin qarşıdakı dövr AKP üçün ağır sınaqlara çevrilə bilər. Hakim partiya daxilində incidilmiş, qəzəbli qruplar qarşıdakı dövrdə AKP-dən ayrılıb yeni partiya yarada bilər. Seçkilərdən əvvəl eks-prezident Abdullah Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, keçmiş baş nazir müavini Əli Babacan yeni partiya qurmağa hazırlaşırlar. Artıq iyunun 10-da jurnalist, Anadolu Agentliyinin keçmiş baş direktoru Kamal Öztürk yaxın vaxtlarda Babacanın yeni partiya qurmaq üçün AKP-dən ayrılacağını bildirib. Bu baş verərsə, AKP üçün ciddi itki və parçalanma mənasına gələcək. Bu isə mühafizəkar elektoratın içərisində ciddi parçalanmaya səbəb ola bilər. Amma digər tərəfdənİmamoğlunun qələbəsi böyük mənada Türkiyə demokratiyasının imicini xilas etdi. Dünənə qədər Türkiyədə avtoritarizmin olduğu, demokratik seçkinin sıradan çıxarıldığını iddia edən qruplar indi Türkiyədəki demokratiyanı etiraf etməyə məcburdurlar. Bu, ən azı 2023-cü ildəki növbəti seçki perioduna qədər Türkiyə cəmiyyəti və hakimiyyəti üçün yaxşı immunitet olacaq.
MƏSLƏHƏT GÖR: