Müəllif: Sabirə ƏLƏKBƏR
Burada xüsusi bir atmosfer var. Burada təkrar-təkrar olmaq istəyirsən. Şəki öz sakit həyatı və sakinlərinin xarakterik şivəsi ilə qədim Azərbaycan şəhəridir. Emalatxana səslərinin, yuxarı istiqamətlərinin, çay daşı döşənmiş dar küçələrin, qırmızı kirəmit damlı və qədim qapılı rahat evlərin şəhəridir. Nağıl şəhəridir. Adama elə gəlir ki, əgər Şəkidə birdəfəlik qalacaqsansa, onda bu cür arzu təkrar-təkrar yaranar, burada yaşayarsansa, həyat şəhərin təkrarsız coğrafiyası kimi rahat olar.
Varislik
Şəkililər ibarəli və çox şirin danışırlar, sanki mahnı oxuyurlar. Onlar özəl etnik identifikasiya duyğusu olan bu şəhərin ruhudur. Onların bu xüsusiyyəti Şəkiyə məxsus hər şeydə - düyü unundan hazırlanmış şirin halvasında, şərbətlə örtülmüş çərəzində, bamiyəsində və pitisində özünü göstərir. Bütün bunlar Şəki camaatının xüsusi qürurla danışdıqları, ancaq sirlərini vermədikləri sülalə reseptləridir. Çox güman ki, burada elə bir ənənəvi halvaçı (qənnadı) dükanı tapmaq olmaz ki, divarda ulu babasının, babasının, atasının və oğlunun fotoşəkli, Şəkiyə məxsus gerçəkləri əsrlər boyu daşıyan dəlillər olmasın. Onlar heyrətamiz mətbəxlərinin təamlarının qoruyucularıdırlar, bəlkə də onların heç birinin ağlına başqa cür yaşamaq gəlməyib. Emosional - intiutiv səviyyədə onlar anlayırlar ki, onlara tarixin canlı daşıyıcıları kimi mühüm rol ayrılıb və məhz bu, şəkililəri şəkili edir.
Özünəməxsusluq
Bu, hər şeydə var. Şəkidə hər şeyin tarixi bir izi var və ənənələrə xüsusi hörmət görünür. Ona görə də onları yenidən dirçəltməyə ehtiyac yoxdur. Ağacdan və rəngli şüşələrdən yapışqan və mismar olmadan qədim hazırlanma texnologiyası ilə yığılmış şəbəkə, yaxud zərgərlik əşyalarının hazırlanmasının xüsusi texnikası olsun. Bütün bunları işindən xüsusi zövq alan sənətkarların usta əlləri düzəldir. Burada küçələr də peşələrə uyğun adlandırılır - Dulusçular, Zərgərlər, Halvaçılar. Onlar öz işlərini şəhərin mərkəzində - onlarla emalatxana və dükanın olduğu məhəllədə təqdim edirlər.
Bu gün kəlağayının - ipək baş örtüyünün hazırlanma texnikasının dirçəlişə ehtiyacı var və bunun səbəbi yerli əhalinin bunu unutması ilə bağlı deyil. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda baş verən iqtisadi tənəzzül üzündən onu toxumağı dayandırdılar. Ancaq bu gün də Şəki dünyada öz ipəyi ilə tanınır, çünki bu iş sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülüb. Kəlağayı burada hər addımda var, hər ölçüdə və fərqli parlaq rənglərdə təqdim edilir – qadınların, xüsusən də dəbdə olan boho üslubunu sevənlərin sevimli bəzəyidir. Adam heç təsəvvür edə bilmir ki, dünya üzrə nə qədər baş örtüyü nə vaxtsa Şəkidə olmuş yiyəsinin başında dolaşır. Böyük azərbaycanlı ruhunun bir parçası olan bir yaylıqda. Burada ipəkdən uzun milli yastıq – mütəkkə, xalça və yorğan da düzəldirlər, ipək parçadan paltar tikirlər.
Ustalıq incisi
Şəki memarlığının da çoxsaylı tarixi abidələri ilə onun sakinlərinin həssas ruhu təcəssüm tapıb. Bu şəhər haqlı olaraq memarlıq qoruğu adlanır. Başqa necə ola bilərdi ki? Yəqin ki, yalnız Şəki memarları heç bir mismar işlətmədən Xan sarayını tikə biliblər. 18-ci əsrdə tikilmiş Şəki Xan sarayı Azərbaycanın orta əsr arxitekturasının görkəmli əsəridir. Burada danışırlar ki, sarayın divarlarının tikintisi üçün qırmızı kərpic və çay daşı istifadə edilib, bunların hamısı xüsusi bir palçıqla hörülüb ki, tərkibi, təəssüf ki, unudulub.
Birinci xanlığın sarayı
Saray 1761-1762-ci illərdə Hüseyn Xan Müştaqın hakimiyyəti dövründə tikilib. Hüseyn xan Azərbaycanda ilk müstəqil xanlığın təməlini qoymuş Hacı Çələbi xanın nəvəsidir. Təxminən 30 metr uzunluğu olan saray ümumi sahəsi 300 kvadratmetrə çatan iki mərtəbədən ibarətdir, altı otağı, dörd dəhlizi və iki aynalı balkonu var. Sarayın fasadı ovçuluq və müharibə səhnələrini əks etdirən süjetli rəsmlərlə, habelə həndəsi və nəbati naxışlarla boyanıb. Mərkəzdə çox rəngli şüşə mozaikadan düzəldilmiş şəbəkə pəncərə var. Sarayın pəncərələri rəngli şüşələrdən yığılıb və açıq daş çərçivələrlə haşiyələnib. Sarayı bəzəyən şəbəkələrin hər bir kvadrat metrinə 5 ədəd, pəncərə şəbəkələrinin isə 14 ədəd kiçik hissə və rəngli şüşə düşür. Saray Qafqazın 18-ci əsr saray memarlığının ən yaxşı nümunələrindən biri və İslam Şərqinin incilərindən biri sayılır. Şəki Xan sarayının başqa bir özəlliyi var: onun bağçasında iki möhtəşəm çinar bitir. Ağacların yanındakı lövhədə qeyd olunur: yüksəkliklər 34 m, 1530-cu ildə əkiliblər.
Nəticə
Bu yaz turizm mövsümündə daha çox turist Şəkiyə can atacaq. Çünki UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən növbəti 43-cü sessiyasında Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu, Azərbaycanın və bütün Şəkinin zəfəridir. Bu, 2014-cü ilin qələbəsinin davamıdır, onda dünya ictimaiyyəti tərəfindən xüsusi qorunan ənənələr ranqına kəlağayı hazırlama sənəti, simvolikası və bağlanması daxil edilmişdi (UNESCO-nun 9-cu sessiyası).
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Şəkinin tarixi mərkəzi ilə birlikdə Xan sarayını UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi münasibətilə təbrik edib. Dövlət başçısı qeyd edib ki, «Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur».
Onun sözlərinə görə, unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.
Qeyd edək ki, "Şəkinin tarixi mərkəzinin Xan sarayı ilə birlikdə" UNESCO-nun Dünya İrs Komitəsinin siyahısına daxil edilməsi ilə bağlı aktual iş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Bu il Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsinin 15 ili tamam olur. O, şifahi xalq ədəbiyyatı və Azərbaycan musiqi irsinin qorunması və inkişafı, mədəniyyət mübadiləsi sahəsində əldə olunan nailiyyətlər, habelə UNESCO-nun ideyalarına sadiq qaldığı üçün bu mükafata layiq görülüb. Onun təşəbbüsü və dəstəyi ilə Bakıda Azərbaycanla UNESCO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirilib.
UNESCO bayrağı altında Füzulinin 500 illik yubileyi, «Kitabi Dədə Qorqud» dastanının 1300 illik yubileyi, «Leyli və Məcnun» operasının tamaşaya qoyulmasının, tanınmış alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbi tənqidçi Mir Cəlal Paşayevin 100 illik yubileyləri, həmçinin başqa mühüm hadisələr qeyd olunub.
Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Komleksinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, aşıq sənətinin, xalçaçılıq sənətinin, tarda ifa sənətinin, Novruz bayramının, dolma, lavaş, kəlağayı, Lahıc misgərlik sənətinin və çovqan oyununun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması Mehriban Əliyevanın səylərinin nəticəsidir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə UNESCO-nun mənzil-qərargahında keçirilən mədəniyyət tədbirləri, Azərbaycanın inkişafı, tarixi və mədəniyyəti ilə bağlı təqdimatlar, eləcə də bizim mədəniyyət abidələri və milli mətbəximiz haqqında nəşrlər və kataloqlar ölkəmizin tanıdılması baxımından böyük önəm kəsb edir. Belə bir dəstəklə gələcəkdə Azərbaycanda UNESCO-nun mədəni irs obyektlərinin sayının artacağı gözlənilir. Özü də, ölkədə tanınması gözlənilən çox sayda mədəniyyət obyekti var.
Ümumi irsin bir hissəsi
İndi Şəkinin tarixi mərkəzi, onun xüsusi atmosferi və Şəki Xan sarayı ümumi bəşəri irsin bir hissəsi sayılır. Bu barədə Ümumdünya mədəniyyət və təbiət irsinin mühafizəsi üzrə 1972-ci Konvensiyasında ifadə edilir. Bu sənəd Yerdə bəzi məkanların "görkəmli universal dəyər" olduğunu təsbit edir ki, onlar aşkarlanıb mühafizə edilməlidir.
Ümumdünya irsi haqqınla Konvensiyanı 190 ölkə təsdiqləyib. Hal-hazırda Dünya İrs Siyahısına 157 iştirakçı dövlətdə yerləşən 962 obyekt daxildir (745-i mədəniyyət obyektidir, 188-i təbiət obyektidir və 29-u qarışıqdır).
İndən belə ümumdünya mədəniyyət və təbiət irsinin mühafizəsi üzrə bu unikal Konvensiyanın fəaliyyəti Şəkinin tarixi hissəsini də əhatə edir. Konvensiya çağdaş dünyanın gündəmdə olan məsələlərinin həllində effektiv vasitədir və o cümlədən bu problemlər iqlim dəyişikliyi, sürətli şəhərləşmə, kütləvi turizm, davamlı sosial-iqtisadi inkişaf və təbii fəlakətlər ilə bağlıdır. Bu zaman yerli icmaların roluna xüsusi diqqət yetirilir. Azərbaycan və şəkililər buna layiqdirlər.
MƏSLƏHƏT GÖR: