25 Noyabr 2024

Bazar ertəsi, 18:39

QANUN ÖLSƏ DƏ, DƏFN EDİLMƏYİB

Honkonq hökuməti ictimaiyyətlə dil tapa bilmir

Müəllif:

15.07.2019

Bu ilin yaz-yay dövründə Honkonq son onilliyin ən böyük siyasi böhranı ilə üz-üzədir. Böhran Honkonq hökumətinin iki qanuna dəyişikliklə bağlı parlamentə fevralda etdiyi müraciətlə başlayıb. Söhbət «Ədalət mühakiməsindən yayınan şəxslər haqqında» və «Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında» qanunlardan gedir. Dəyişikliklər hökumətə ədalət məhkəməsindən gizlənən şəxslərin Honkonqun ekstradisiya haqda razılaşması olmayan Çinin qitə hissəsi, Tayvan və Makaoya verilməsini qanuniləşdirmək üçün lazımdır.

Hazırkı qaydalara əsasən, Honkonq Çin və Pekinin özünün tarixi torpaqları saydığı bölgələr istisna olmaqla, istənilən ölkə ilə cinayətkarların təhvil verilməsi haqda razılaşma imzalaya bilər. Bu 3 ölkə ilə məsələnin həlli üçün isə qanunvericiliyə dəyişiklik tələb olunur.

Dəyişikliklərin məhz indi qəbul edilməsi zərurətini Honkonq hökuməti «Çan Tonq-Kay işi»lə bağlı üzləşdiyi problemlərlə əsaslandırır. Tayvan Honkonqdan hamilə sevgilisini öldürməkdə təqsirləndirilən bu gəncin ekstradisiyasını tələb edir. Cinayət ötən il Taybeydə törədilib.

Lakin qanunvericiliyə dəyişikliyin daha çox Çinin qitə hissəsilə münasibətlərin tənzimlənməsi üçün lazım olduğuna heç kəs şübhə etmir.

 

Fərqli düşüncə sahiblərilə mübarizə?

«Bir dövlət - iki sistem» konsepsiyasını nəzərə alsaq, Honkonqun Çinin qitə hissəsilə hər hansı xarici dövlətlə müqayisədə daha sıx münasibət qurmaq istəyi anlaşılandır. Üstəlik, korrupsiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, müəllif hüquqlarının pozulması, kibercinayətkarlıq kimi transsərhəd cinayətlərinin artdığını da düşünsək, tərəflərin qanuni ekstradisiya prosesini müəyyənləşdirmələri zəruridir. Honkonq hökuməti də məhz bu amillərə əsaslanaraq bildirir ki, qanunvericiliyə nəzərdə tutulmuş dəyişikliklər qitədən qaçan cinayətkarların burada sığınacaq tapmasına imkan verən hüquqi boşluqların aradan qaldırılması məqsədi daşıyır. Bununla yanaşı, qanun layihəsinin Pekinin mərkəzi hökumətinin təşəbbüsü olmadığı, onun sadəcə, dəyişiklikləri «qəti şəkildə dəstəklədiyi» bildirilir. «China Daily» qəzeti yazır ki, «dəyişikliklər Honkonqda qanunun aliliyini daha da gücləndirəcək, ədaləti təmin edəcək».

Bütün bunlara baxmayaraq, ekstradisiya haqqında qanun layihəsi Honkonq ictimaiyyətinin bütün təbəqələri tərəfindən görünməmiş etirazla qarşılanıb. Ona hüquqşünaslardan tutmuş, hüquq müdafiəçilərinədək, hətta xarici investorlaradək (Pekinin tərəfdarları daxil olmaqla), hər kəs etiraz edir. Bu insanlar hesab edir ki, hakimiyyət ekstradisiya haqqında yeni qanundan fərqli düşüncədə olan şəxslərlə mübarizə məqsədilə istifadə edə bilər. Onların fikrincə, təklif olunan dəyişikliklərdə məhkəmə çəkişmələrinin ədalətli olacağına, insan haqlarının lazımi səviyyədə qorunacağına zəmanət verən şərtlər kifayət qədər deyil. Təklif olunan qanun layihəsi Pekinə Honkonqdan siyasi dissidendlərin, vətəndaş hüquqları uğrunda mübarizə aparanların və Çin hökumətini tənqid edənlərin ekstradisiyasını tələb etmək imkanı verir. Çoxlarının fikrincə, bu, əslində «bir dövlət - iki sistem» siyasətinin də sonu deməkdir.

Qanun layihəsinin əleyhdarları Çinin qitə hissəsində insan haqlarının müdafiəsi mexanizminin olmadığını bildirir. Məsələ ondadır ki, Pekin Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı 1998-ci ildə imzalasa da, hələ də ratifikasiya etməyib. Honkonq Konstitusiyasında isə bu pakt öz əksini tapır.

Honkonqun başqa ölkələrlə qüvvədə olan razılaşmalarına əsasən, hökumət ekstradisiya qərarını yalnız müvafiq hüquqi prosedurların başa çatmasından, o cümlədən məhkəmə dinləmələri və apellyasiya prosesinin bitməsindən sonra təsdiqləyə bilər. Yeni qanun layihəsinə görə isə yerli hakimlər qərar vermək üçün şübhəli şəxs haqqında sübutların kifayət qədər olub-olmadığına baxmaqla kifayətlənə biləcək. Dəyişiklik ekstradisiya prosesinə Qanunverici Şuranın nəzarətini xeyli azaldır.

Bəzi nüfuzlu biznes dairələri iddia edir ki, yeni layihənin qəbul olunacağı təqdirdə Honkonqun rəqabət qabiliyyətinə də ciddi zərbə dəyəcək. Çünki xarici investorlar Pekinin Honkonqda çalışan və ya oraya gəlib-gedən xarici vətəndaşlara qarşı istifadə edə biləcəyindən ehtiyatlanacaqlar. «Reuters» maliyyə konsultantları, bankirlər və hüquqşünaslara istinadən xəbər verir ki, honkonqlu iş adamları artıq aktivlərini ölkədən çıxarmağa başlayıb. Səbəb ekstradisiya haqqında yeni qanun layihəsinin onlarda yaratdığı narahatlıqdır.

 

Ərköyün uşaqlar

Qanun layihəsi Qanunverici Şuraya əvvəldən planlaşdırıldığı kimi, aprelin 3-də təqdim olunub. Halbuki martın 31-də ona etiraz olaraq 12 mindən artıq insan küçələrə çıxmışdı.

Bundan sonra etirazlar getdikcə genişlənməyə başlayıb. Hökumətin qanun layihəsinin qəbulunda israr etməsilə şəhərin mərkəzi küçələrinə axışan insanların sayı durmadan artıb. İyunun 9-u isə qarşıdurmaların kulminasiyası sayıla bilər. Həmin gün Honkonq küçələrinə çıxan nümayişçilərin sayı 1 milyonu ötüb. Nəticədə, polis mitinqi dağıtmaq qərarına gəlib. Bu zaman rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunub. Elə həmin gün 11 nəfər kütləvi iğtişaşların təşkili ittihamı ilə saxlanılıb.

Amma proses səngiməyib. Həftələrlə davam edən etirazlar nəticəsində Honkonq administrasiyasının rəhbəri Kerri Lam iyunun 15-də qanun layihəsinin müzakirəsinin qeyri-müəyyən vaxta təxirə salındığını bəyan edib. Bununla yanaşı, o, sənədin ölkə üçün həyati əhəmiyyət daşıdığını söyləyib, aparılacaq məsləhətləşmələrdən sonra onun təkmilləşdirilmiş versiyasının ortaya qoyulacağını deyib.

Nümayişlər haqda da danışan Kerri Lam çıxışlarında nümayişlərin miqyasını daha kiçik göstərib, polisin müdaxiləsinin müdafiə xarakterli olduğunu bildirib. Üstəlik, o, nümayişçiləri «ərköyün uşaqlar» adlandırıb. Bu isə sanki, odun üzərinə yağ töküb. Nəticədə, bəyanatın səhəri gün bu dəfə 2 milyondan artıq insanın qatıldığı mitinq başlayıb. Bu, Honkonq əhalisinin, təxminən, 30%-i deməkdir. İyulun 1-də – Honkonqun suverenliyinin Çinə verildiyi günün ildönümündə isə nümayişçilərin bir hissəsi parlamentin binasına soxularaq, oranı dağıdıb.

 

Beynəlxalq reaksiya

Qanun layihəsinin qəbulu prosedurunun dayandırılması diplomatik qalmaqallara da son qoymayıb. Honkonqda gərginliyin artması Çinlə Böyük Britaniya, ABŞ və s. ölkələr arasında söz savaşına da yol açıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, sözügedən qanun layihəsinin qəbul olunacağı təqdirdə, ABŞ Konqresi Honkonqun nə dərəcədə muxtar olduğunu nəzərdən keçirmək məcburiyyətində qalacaq. Bu isə sonda sanksiyalara əl atılması zərurəti yarada bilər. Pelosi hesab edir ki, ortaya çıxmış qanun layihəsi «Honkonqda yaşayan 85000 amerikalının təhlükəsizliyinə təhdiddir». «Ekstradisiya haqqında qanun ABŞ ilə Honkonq arasındakı kifayət qədər yaxın münasibətlərə də təhlükə yaradır. Söhbət 20 il ərzində çiçəklənmiş münasibətdən gedir», - deyə o, vurğulayıb.

ABŞ Honkonqun ikinci böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə onların arasında mal və xidmət ticarətinin həcmi 69 milyard dollar olub. Regional mənzil-qərargahı və ya ofisinin Honkonqda olduğu xarici şirkətlərin 18,3%-i məhz Birləşmiş Ştatlara məxsusdur.

Böyük Britaniya və Kanadanın xarici işlər nazirlərisə baş verənlərlə bağlı birgə bəyanat yayıb. Bəyanatda müzakirəyə çıxarılmış qanun layihəsinin qəbul ediləcəyi təqdirdə onların vətəndaşlarının da ekstradisiyası ilə bağlı problemin yaşana biləcəyi bildirilir, bunun «Honkonqdakı biznesə, həmçinin ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcəyi» vurğulanır.

G20 ölkələrinin bu yaxınlarda Yaponiyada keçirilmiş sammitində isə Çin sədri Si Cinpin bəzi liderlərin iradlarını şəxsən dinləməli olub.

Pekin, təbii ki, Honkonqun daxili işlərinə «kənar müdaxilələr»i qəti şəkildə pisləyib, bəzi xarici siyasətçi və diplomatları şəhərdə iğtişaşları qızışdırmaqda təqsirləndirib. «Bəzi qərbli siyasətçilər anti-Honkonq və anti-Çin elementlərinə açıq dəstək verir», - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: «Honkonqa aid məsələlər Çinin sırf daxili işidir. Buna heç bir xalq, təşkilat və ya şəxs müdaxilə edə bilməz».

 

Uğursuz vaxt

Pekin beynəlxalq arenada belə sərt davransa da, Honkonqda yaşananlara fəal müdaxilə etmir. Çünki o, Honkonqun strateji texnologiyalara yiyələnməsində, yuanın beynəlmiləlləşməsində və Tayvanla birlik məsələsindəki rolunu yaxşı anlayır.

Bununla yanaşı, o, məsələnini ciddiliyini də dərhal başa düşüb. Artıq aprelin əvvəlində Pekin Honkonq ictimaiyyətinin müxtəlif təbəqələrinin, o cümlədən şəhər rəhbərliyinə müxalifətdə olan qüvvələrin əhvalını öyrənməyə başlayıb. Məsələn, Demokratlar Partiyasının veteranı Ceyms To Kun-Sun jurnalistlərə açıqlamasında qitədən gəlmiş elçilərin onun kütləvi aksiyaların mümkün nəticələri haqda fikrini öyrəndiklərini bildirib. Pekin nümayəndələri nəhəng yerli işgüzar dairələrin liderlərilə də görüşüblər. Söhbət Baş Ticarət Palatası, Honkonqun Çin İstehsalçıları Assosiasiyası, Sənaye Federasiyası, İstehsalçılar, idxalçılar və ixracatçılar Assosiasiyası və s. qurumların rəhbərlərindən gedir.

Məlum olub ki, hər zaman Pekinlə dost münasibətlər tərəfdarı olan, isteblişmentin tərəfini tutan yerli işgüzar dairələr birmənalı olaraq, yeni qanun layihəsinin əleyhinədir. Bu, təbii ki, Çin hökumətini məyus edib.

Görünür, Honkonq istər yerli, istərsə də xarici biznesin maraqlarına toxunan qanuna dəyişiklik etmək üçün uğursuz vaxt seçib. Bu, Pekini beynəlxalq arenada çətin duruma salıb və onun yalnız ticarət savaşı içərisində olduğu ABŞ ilə deyil, digər Qərb dövlətlərilə də münasibətlərinə mənfi təsir göstərib.

 

İdarəetmə mexanizmi dağılıb

Nəhayət, Kerri Lam iyulun 9-da qalmaqala səbəb olmuş qanun layihəsinin «öldüyünü» bəyan edib. Lakin ictimaiyyət bunu hökumətin insanları aldatmaq cəhdi kimi qiymətləndirir. «Qanun layihəsi öldü» demək qanunvericilik dili yox, siyasi təsvirdir», - deyə Vətəndaş Partiyasından deputat Elvin Yeunq BBC-yə bildirib. O, qanun layihəsinin texniki baxımdan hələ də ikinci oxunuş prosesində olduğunu deyib.

Həqiqətən də, Honkonq administrasiyasının rəhbəri hələ etirazçıların irəli sürdüyü 5 tələbdən heç birinə əməl etməyib: qanun layihəsinin geri çağırılması, mitinqlər zamanı saxlanılmış şəxslərin azad olunması, polisin sərt davranışı ilə bağlı müstəqil araşdırma, seçki sisteminin dəyişdirilməsi və onun özünün istefası.

Demək, qarşıdurmalar hələ davam edəcək. Üstəlik, yaşanmaqda olan siyasi böhran daha da dərinləşəcək. Qanun layihəsilə bağlı yaranmış vəziyyət göstərir ki, dünyanın aparıcı maliyyə mərkəzlərindən birində idarəetmə mexanizmi faktiki olaraq, dağılıb. Görünən isə odur ki, dağılmış mexanizmin nə ilə əvəzlənəcəyini hələ heç kəs bilmir.



MƏSLƏHƏT GÖR:

298